Ölkədə seçkiqabağı situasiya gərginləşir
Almaniyada seçki kampaniyası demək olar ki, kansler Olaf Şoltsun "işıqfor koalisiyasının" dağıldığı gün başlayıb. Bu proses dekabrın 16-da Bundestaqın kanslerə etimad göstərməkdən imtina etməsindən sonra növbədənkənar seçkilərə yol açıb. Bir gün sonra Almaniyanın əsas siyasi partiyaları seçicilərə öz seçki proqramlarını təklif ediblər.
Bundestaqda təmsil olunan yeddi partiyadan (CDU/CSU bloku, SPD, Yaşıllar, FDP, AfD, Sol Partiya və SSV) yalnız ilk dördünün gələcəkdə siyasi cəhətdən Almaniya hökumətinin bu və ya digər birləşmədə real iştirakçısı olmaq şansı var.
Müdafiə siyasətində və Rusiyanın Ukraynaya qarşı müharibəsinə münasibətdə dörd tərəfin mövqeləri bir-birinə yaxındır. Onların hamısı Bundesverə xərclərin artırılmasının və Rusiyanın hücumunu dəf etmək üçün Ukraynaya hərbi yardımın davam etdirilməsinin tərəfdarıdır.
Eyni zamanda CDU/CSU blokundan kanslerliyə namizəd Fridrix Merts də Olaf Şolts kimi hesab edir ki, Almaniya heç bir halda bu müharibəyə cəlb edilməməlidir. Fərq bu məqsədə çatmaq yollarındadır. Məsələn, Şolts Berlin Kiyevə alman silahlarını Rusiya ərazisinin dərinliklərində vurmağa icazə verərsə və ya Ukraynanı TAURUS qanadlı raketləri ilə təchiz etməyə başlayarsa, Rusiya ilə münaqişənin kəskinləşməsindən ehtiyatlanır. Merts isə hesab edir ki, Kreml yalnız gücü başa düşür: "Güc aqressiyanı dəf edir, zəiflik isə təcavüzə dəvətdir".
Həm Merts, həm də "yaşıllar"ın kanslerliyə namizədi Robert Habek Almaniya hökumətinin başçısı vəzifəsinə seçilərsə, Berlinin mövqeyinə yenidən baxacaqlarını və Kiyevi uzunmənzilli TAURUS qanadlı raketləri ilə təchiz edəcəklərini vəd verirlər. Amma alman liberalları dəfələrlə bu cür tədarüklərin lehinə çıxış ediblər. Bu tələb FDP-nin seçki proqramında da var.
Təbii ki, siyasi partiyaların seçki kampaniyasının diqqət mərkəzində ölkədəki iqtisadi böhran və ondan çıxış yolları da var. Burada bir tərəfdən, sosial demokratlar və "yaşıllar"ın, digər tərəfdən isə, mühafizəkarlar və liberalların yanaşmalarını diametral şəkildə əks hesab etmək olar.
Sosial demokratlar və "yaşıllar" əmindirlər ki, yalnız dövlət iqtisadiyyatı durğunluq və tənəzzüldən çıxara bilər. Bundan əlavə, daxili tələbi artırmaq üçün SPD minimum əməkhaqqını saatda 15 avroya qədər artırmaq, o cümlədən ərzaq üçün ƏDV-ni 7 faizdən 5 faizə endirmək, fərdi mənzil bazarında kirayə haqqının artımı limitini qeyri-müəyyən etmək, yaşlı insanlara qayğı qiymətlərini dondurmaq, pensiyaların kəsilməsinin qarşısını almaq və gənc ailələr üçün müavinətlər tətbiq etmək niyyətindədir.
Büdcə imkanlarının ciddi şəkildə məhdud olduğunu nəzərə alaraq, sosial demokratlar Almaniya Konstitusiyasına daxil edilmiş və dövlət borcunun artımını cilovlamaq üçün nəzərdə tutulmuş "borc əyləci"ni faktiki olaraq ləğv etmək istəyirlər. "Yaşıllar" da bu qaydanı ləğv etməklə yanaşı, həm də alman "milyarderləri"nə (Almaniyada 249 nəfər belə insan var) və onların miraslarına vergilərinin artırılmasını, aşağı və orta gəlirlilərə isə ekoloji cəhətdən neytral enerjiyə keçid nəticəsində yaranan artan xərcləri kompensasiya etmək üçün xəzinədən "iqlim pulu" - əlavə ödəniş olunmasını tələb edirlər.
Əslində, sosial demokratlar və "yaşıllar"ın seçki proqramları iki partiyanın hökumət koalisiyasının dağılmasından əvvəl həyata keçirməyə çalışdıqları, lakin üçüncü tərəfdaş - liberal FDP-nin müqaviməti ilə üzləşdikləri siyasətin davamıdır.
CDU/CSU blokundan olan mühafizəkarlar gələcək hökumətə Fridrix Merts başçılıq edəcəyi təqdirdə ictimai-siyasi və iqtisadi kursu kökündən dəyişəcəklərinə söz verirlər. Başlanğıc üçün, Olaf Şoltsun "işıqfor"unun təşəbbüsü ilə qəbul edilmiş bəzi qanunları ləğv etməyi planlaşdırırlar. Bunlar, marixuananın leqallaşdırılması, mənzillərin isidilməsinin bərpaolunan enerji mənbələrinə keçirilməsi, Almaniya vətəndaşlığını əldə edərkən ikinci vətəndaşlığı saxlamaq hüququ və digərləridir.
Amma indiki hökumətin siyasətindən əsas fərq büdcə intizamına və vergi alətlərinə kökündən fərqli yanaşmadır. CDU/CSU da FDP kimi almanların gələcək nəsillərinin ödəməli olacağı dövlət borcunu artırmağı qəbuledilməz hesab edir.
Mühafizəkarlar vergiləri sahibkarlar üçün maksimum 25 faizə endirmək, gəliri ildə 80 min avrodan çox olan (hazırda 67 min avro təşkil edir) şəxslərdən isə maksimal vergi (42 faiz) tutmaq niyyətindədirlər. CDU/CSU əmindir ki, vergi yükünün azaldılması iqtisadi artıma təkan verəcək və bu da öz növbəsində büdcəyə vergi daxilolmalarının artmasına səbəb olacaq.
FDP daha da radikal vergi güzəştləri təklif edir. Sosial demokratlar və "yaşıllar"ın təşəbbüsü ilə yoxsullar və işsizlər üçün tətbiq edilən, habelə Ukraynadan olan qaçqınların da aldıqları "vətəndaşlar üçün pul" (Bürgergeld) adlanan səxavətli sosial müavinətlərə liberallar və mühafizəkarlar skeptik yanaşırlar.
CDU/CSU və FDP Almaniyanın sosial yardım sistemində köklü islahatlar keçirməyi planlaşdırır, müavinətlərin azaldılmasına imkan verir və əmək qabiliyyətli insanları başqa şəhərə köçürməyi tələb etsələr belə, vakansiyaları tutmağa məcbur edir. Bundan imtina edənlər isə müavinətlərdən tamamilə məhrum olacaqlar.
Mühafizəkarların və liberalların fikrincə, qeyri-qanuni immiqrasiya mövzusuna oxşar yanaşma nəticəsində büdcəyə əhəmiyyətli qənaət ediləcək. Hər iki tərəf qaçqın axınının məhdudlaşdırılması üçün sərt tədbirlər görməyə söz verir ki, bu da büdcə yükünün azalmasına səbəb olacaq.
"Yaşıllar" isə tamamilə fərqli mövqedədir. Onlar, məsələn, üçüncü ölkələrdə (yəni Aİ-dən kənarda) sığınacaq axtaran şəxslərin müraciətlərinə baxılması prosedurunun həyata keçirilməsinə qarşı çıxırlar, baxmayaraq ki, belə bir imkan artıq Aİ ölkələri tərəfindən təsdiq edilmiş miqrasiya kompromisində öz əksini tapıb.
Siyasi qeyri-sabitlik və iqtisadi böhran hazırkı Almaniyanın xüsusiyyətləridir. Bir vaxtlar lokomotiv adlanan ölkə, bu gün cırıltılı arabaya bənzəyir və 2024-cü ilin sonunda məyusedici nəticələr göstərir. Maliyyə sisteminin zəifliyi xroniki xarakter alıb. Bu barədə Almaniyanın İqtisadi Tədqiqatlar İnstitutu məlumat yayıb. Onlar qeyd ediblər ki, ölkədə biznes mühiti indeksi 2020-ci ilin may ayından bəri ən aşağı səviyyəyə düşüb.
Bu göstərici bazarda mövcud vəziyyətin qiymətləndirilməsini əks etdirir və təxminən on minlərlə müəssisənin sorğusu əsasında hesablanır. Onlar 2025-ci illə bağlı da son dərəcə bədbindirlər.
Almaniya iqtisadiyyatı ciddi böhran yaşayır. Ötən ay inflyasiya yenidən sürətləndi. Bu fonda Federal Bankın ekspertləri ÜDM-in azalacağını proqnozlaşdırıblar.
Rizvan CƏFƏROV,
"Azərbaycan"