Vətən müharibəsindən sonra Azərbaycanda ordu quruculuğu prosesi yeni müstəviyə qədəm qoyub və daha geniş vüsət alıb. Təsadüfi deyil ki, bu gün Silahlı Qüvvələrimizin adı dünyanın ən güclü orduları sırasında çəkilir. Ordumuzun bu səviyyəyə yüksəlməsinin təməlində isə ötən illər ərzində bu sahədə həyata keçirilən mühüm islahatlar, planlı və ardıcıl şəkildə həyata keçirilmiş işlər durur.
Bu il fevralın 7-də keçirilən prezident seçkilərində yenidən xalqımızın yekdil qərarı ilə dövlət başçısı seçilən İlham Əliyevin də hər zaman vurğuladığı kimi, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür.
Müasir ordu quruculuğu
Torpaqlarımızın işğal altında olduğu dövrdə ordu quruculuğu Azərbaycan dövlətinin qarşısına qoyduğu bir nömrəli prioritet idi və bu istiqamətdə hazırlıq işləri görülürdü. Bütün bunların nəticəsidir ki, şanlı ordumuz cəmi 44 gün ərzində istər havada, istərsə də quruda düşmənin canlı qüvvəsini, hərbi texnikasını darmadağın edərək Zəfər qazandı. Eyni zamanda Azərbaycanın adını həm də ilk "smart müharibə" aparan ölkə kimi dünyanın hərb salnaməsinə qızıl hərflərlə həkk etdi. Hər ötən gün Azərbaycan Silahlı Qüvvələri daha da güclənir. Son üç il ərzində həyata keçirilən islahatlar, yeni silahlı birləşmələrin yaradılması, müasir silahlar və texnika ilə təchizat, hərbi təlimlər və sair ordumuzun döyüş qabiliyyətini yüksəldən əsas amillərdir.
Xatırladaq ki, 2024-2031-ci illərdə milli təhlükəsizlik və müasir ordu quruculuğu sahəsində yeni hədəflər müəyyənləşdirilib. Bunlar - Azərbaycanın bütün sahələrdə təhlükəsizliyinin, suverenliyinin, ərazi bütövlüyünün və konstitusiya quruluşunun hər cür təsirlərdən qorunması, müasir müdafiə sənayesi və infrastrukturun davamlı inkişaf etdirilməsi, milli təhlükəsizlik potensialının artırılması, dövlətin müdafiə qabiliyyətinin daha da gücləndirilməsidir. O da təsadüfi deyil ki, dövlət büdcəsindən ən çox vəsait də məhz ordu quruculuğuna ayrılır.
Vətən savaşında qüdrətini döyüş meydanında göstərən Azərbaycan Ordusunun maddi-texniki bazası da bu gün ən müasir standartlar səviyyəsinə çatdırılır. Eyni zamanda da Silahlı Qüvvələrimizin arsenalı Azərbaycanın müdafiə sənayesinin istehsal etdiyi hərbi texnika və silah-sursatlarla yanaşı, dost ölkələrdən, xüsusilə qardaş Türkiyənin hərbi sənayesinin məhsulları, o cümlədən də silahlı pilotsuz uçuş aparatları ilə daha da zənginləşdirilir.
"Akıncı" - düşmənin daha bir qənimi
44 günlük Vətən müharibəsində ölkəmiz müasir hərbi sənayeyə malik Türkiyənin "BAYKAR Texnoloji" şirkətinin "Bayraktar TB2" pilotsuz uçuş aparatlarından məharətlə istifadə etdi, düşmənin mövqelərini, hərbi və canlı qüvvəsini məhv etdi. Vətən müharibəsindən sonra isə qardaş ölkə Türkiyə daha bir yeni PUA-sını məhz Azərbaycandan dünyaya tanıtdı. 2022-ci il mayın 26-29-da Bakıda ilk dəfə keçirilən "TEKNOFEST-Azərbaycan" festivalında Türkiyə "Akıncı" adı verdiyi PUA-sını dünyaya nümayiş etdirdi. Qeyd edək ki, "Akıncı" Azərbaycana Türkiyənin Təkirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxaraq Gürcüstan üzərindən keçməklə təxminən 2 min kilometr məsafəni qət edərək gəlmişdi.
Bu il fevralın 9-da isə Türkiyənin "Baykar" şirkətinin "Akıncı" hücum PUA-sı Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində silahlanmaya qəbul edildi. Bununla bağlı keçirilən mərasimdə Prezident İlham Əliyev və oğlu Heydər Əliyev, "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar "Akıncı" hücum PUA-larının uçuşunu izlədilər. "Akıncı" hücum PUA-sının havaya qalxmasını izlədikdən sonra idarəetmə məntəqəsinə gələn İlham Əliyev PUA-nın idarəolunmasını praktiki həyata keçirdi. PUA-nın yerə enməsini izləyən Prezident uçuş vasitəsinin üzərinə xatirə imzasını çəkdi.
"Akıncı" PUA-ları digər vasitələrlə birlikdə döyüş əməliyyatlarında vəziyyətə radikal təsiretmə imkanlarına malikdir. "Bayraktar TB2" PUA-larının sonrakı nəsli hesab edilən "Akıncı" həm də Türkiyənin hərbi sənayesinin sürətli inkişafının göstəricisidir. Əgər "Bayraktar TB2"-lər taktiki PUA hesab edilirsə, "Akıncı" PUA-ları operativ, taktiki və strateji vəzifələrin yerinə yetirilməsi üçün nəzərdə tutulur.
"Akıncı" PUA-ları Azərbaycan və Türkiyəyə qarşı olan qüvvələrə gözdağı, güc birliyinin nümayişidir. Bu həm də onun göstəricisidir ki, hərbi sahədə bütün istiqamətlərdə hərbi potensialını artıran, o cümlədən arsenalını gücləndirən Azərbaycan Ordusu istənilən güclərə qarşı layiqli mübarizə apararaq qalib gəlmək qüdrətində, əzmindədir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"