Bahar sanki təbiətin ümid fəslidir. Yenidən oyanır, canlanır. Günəş də Yer üzünə bu fəsildə daha hərarətlə gülümsəyir. Canına hopan istilik torpağa can verir. İliyə işləyən soyuğun, şaxtanın, qarın sovuşduğunu duyan bənövşələr çüçərir, ağaclar tumurcuqlayır. Ancaq bütün bunlar birdən-birə baş vermir. Odur ki, Azərbaycan xalqı qədim zamanlardan yalnız təbiətin bahara qovuşduğu günü bayram etməyiblər.
Təmtəraqla qeyd olunan Novruz bayramına qədər keçirilən dörd çərşənbə bayramının da hər birinin öz mənası, özünəməxsus adət-ənənəsi var. Yaradılışın dörd mərhələsini - su, od, külək və torpağı təcəssüm etdirən çərşənbə bayramları təbiətə baharın gəlişindən xəbər verir.
"Oğru üsgü", "doğru üsgü" və "ilin axır çərşənbəsi"...
Baharın gəlişini böyük ümidlə, səbirsizliklə gözləyə-gözləyə qışı mərhələlərə bölüb günləri, həftələri, ayları sayan, sıralayan ulularımız qırx gün davam edən Böyük çilləni yola saldıqdan sonra daha soyuq və sərt olan Kiçik çilləni qarşılayıblar. Kiçik çillənin ardınca da dəli-dolu küləkləri ilə əsib-coşan bir ay ömürlü Boz ay gəlir. Ancaq Böyük çillədən sonrakı həftələrin, yəni Novruza qədər olan bir ay iyirmi günün hər çərşənbəsi qədimdə müəyyən mərasimlərlə qeyd olunub.
İnanca görə, Kiçik çillənin ortasında insanlar bərəkət rəmzi sayılan Xıdır Nəbi bayramında xüsusi mərasimlər təşkil edir, qovut çəkir, qovurğa qovururlar. Baharın ilk müjdəçisi Xıdır Nəbinin gəlişi ilə təbiət tədricən oyanmağa başlayır. Xıdır Nəbi bayramından sonra yalançı çərşənbə gəlir. Görkəmli folklorşünas Məmmədhüseyn Təhmasib bu barədə yazıb: "Böyük bir səbirsizliklə yazın gəlməsini gözləyən qədim azərbaycanlı əkinçi böyük çilləni yola saldıqdan sonra yerdə qalan bir ay iyirmi günü, yəni yeddi həftənin hər çərşənbəsini bayram edirdi. Bunlardan birinci üçünə "oğru üsgü", ikinci üçünə "doğru üsgü", sonuncusuna isə "ilin axır çərşənbəsi" deyirdi. Bu çərşənbələrin hərəsinin özünə görə adət və ənənələri, rüsumat və dəbləri var idi.
Tədqiqatçı qeyd edib ki, bu adət və dəblər qışın mümkün qədər tez çıxması üçün vaxtilə icra edilən sehr və əfsunların indi qismən unudulmuş, qismən də başqa təsirlərin nəticəsi olaraq qarışmış qalıqlarından ibarətdir: "Bu sehr və əfsunlar vasitəsilə qışın tez çıxması üçün altı çərşənbə hazırlıq görmüş xalq, nəhayət, son çərşənbə günü bir yerə toplaşaraq onu elliklə yola salır, yeni ili, yəni yazın ilk gününü isə elliklə bayram edir".
Məmmədhüseyn Təhmasibin araşdırmaları belə nəticə ortaya çıxarıb ki, "oğru üsgü" adı altında qeyd etdiyi oğru (yalançı) çərşənbənin sayı üç olub.
Araşdırıcı Şakir Albalıyev bildirib ki, hazırda bu çərşənbələrdən "doğru üsgü" adı ilə qeyd edilən üç çərşənbə və bir də sonuncu ilin axır çərşənbəsi öz mərasimi aktuallığını qoruyub bayram şəklində el arasında sürdürülməkdədir: "Bir də bəzi bölgələrdə yerdə qalan "oğru üsgü" adlandırılan üç çərşənbədən biri ümumiləşdirilmiş halda "yalançı çərşənbə" adı altında zəif şəkildə keçirilir. Əgər "doğru üsgü" ifadəsini doğruçu - həqiqi çərşənbələr kimi qəbul edib, hazırda böyük təmtəraqla keçirdiyimiz su, od, yel və torpaq çərşənbələri olduğunu nəzərə alsaq, onda "oğru üsgü" istilahının da doğrunun əks qütbü olan yalan, yalançı kəlməsi ilə əvəz olunduğu qənaətinə gələrik".
Adına uyğun qeyd olunan çərşənbə
Araşdırıcılar bu qənaətdədirlər ki, Novruzu bir bayram kimi özünəqədərki ilaxır çərşənbə bayramlarından təcrid edilmiş şəkildə araşdırmaq olmaz. Tədqiqatlardan məlumdur ki, Azərbaycan xalqı tərəfindən düzənlənən hər bir ayin və mərasimlər qışın, necə deyərlər, üzüyola, rəhimli olması, mümkün qədər soyuğunu, şaxtasını, qarını az etməsi və tez çıxması üçün icra edilib. Tədqiqatçılar vurğulayıblar ki, qədim zamanlardan insanlar ayinlər, mərasimlər keçirərək, yazın gəlişinə hazırlıq görüblər. Respublikamızın bir sıra regionlarında doğruçu çərşənbə hesab olunan dörd çərşənbədən qabaq yalançı çərşənbələr də qeyd edilib. Hesab ediblər ki, yalançı çərşənbə doğruçu çərşənbənin gəlişinə zəmin hazırlayır. Bu mənada Novruz bayramından qabaq qeyd edilən dörd çərşənbədən - su, od, külək və torpaq çərşənbələrindən əvvəlki çərşənbə yalançı çərşənbə sayılır.
Adət-ənənəyə görə, yalançı çərşənbədə ocaq qalansa da, alovu gur olmur. Belə ki, həmin gün günəş batar-batmaz adamlar öz həyətlərində səssiz-küysüz, azacıq saman, küləş yandırırlar. Alovu aldadıcı olan yalançı çərşənbə evlərdə qurulan süfrələrdə də hiss olunmur. Belə ki, doğruçu çərşənbələrdən - dörd ilaxır çərşənbələrdən fərqli olaraq, yalançı çərşənbədə evlərdə xüsusi yeməklər, şirniyyatlar bişirilmir, ayrıca bayram qazanı asılmır.
Ancaq adı yalançı olsa da, əslində gətirdiyi xəbər doğrudur. Belə ki, yalançı çərşənbə insanlara qışın ömrünün bitməsinə, yaza təslim olacağı vaxta sayılı günlər qaldığının müjdəsini verir.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"