13 Iyun 2024 16:44
679
PARLAMENT
A- A+

ADA Universitetinin “Xarici Siyasət Proqramı”nın iştirakçıları Milli Məclisdə olublar

 

İyunun 13-də ADA Universitetinin “Xarici Siyasət Proqramı”nda iştirak edən bir qrup gənc diplomat Milli Məclisdə olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, sədr müavini Sevinc Fətəliyeva və komitənin üzvü Asim Mollazadə tələbələrlə görüşüblər.

ADA Universitetinin təmsilçisi Aygün Hacıyeva görüşdə “Xarici Siyasət Proqramı” barədə qısa məlumat verib. Bildirilib ki, 2018-ci ildən bu günədək 70-ə yaxın ölkədən olan 116 diplomat bu proqramda uğurla iştirak edib.

S.Seyidov Azərbaycan parlamentinin strukturu, fəaliyyəti, beynəlxalq əlaqələri barədə tələbələrə ətraflı məlumat verib. Parlamentin beynəlxalq diplomatiya sahəsindəki uğurlu fəaliyyəti haqqında danışılıb, qanunverici orqanımızda 103 ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyət göstərdiyi bildirilib. Milli Məclisin 17 beynəlxalq parlament təşkilatı ilə uğurlu əməkdaşlığından söhbət açan komitə sədri diqqətə çatdırıb ki, hazırda parlament TÜRKPA, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Asiya Parlament Assambleyası da daxil olmaqla üç beynəlxalq parlament qurumuna sədrliyi həyata keçirir.

Regionda yaranmış yeni reallıqlardan söz açan S.Seyidov Prezident İlham Əliyevin cari ilin fevralın 14-də keçirilən andiçmə mərasimində ölkəmizin xarici siyasət kursu ilə bağlı söylədiyi nitqindəki strateji seçiminə diqqəti çəkib. Komitə sədri vurğulayıb ki, dövlətimizin başçısının çıxışı zamanı səsləndirdiyi “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır” fikri ölkəmiz üçün strateji məqsəd və vəzifələri müəyyən edir.

Azərbaycanın tarixi, mədəniyyəti, multikultural dəyərləri barədə danışan komitə sədrinin müavini Sevinc Fətəliyeva və deputat Asim Mollazadə ölkəmizin yürütdüyü daxili və xarici siyasətin prioritetləri haqqında danışıblar, parlamentə seçkilərin keçirilməsi qaydaları, siyasi partiyaların və qadınların parlamentdə təmsilçiliyi, həmçinin onların cəmiyyətdəki rolu haqqında qonaqlara məlumat veriblər. Deputatlar gənc diplomatlarla keçirilən belə görüşlərin əhəmiyyətini qeyd ediblər.

Söhbət zamanı Ermənistanla ikitərəfli əsasda davam edən sülh danışıqları, Azərbaycanın neokolonializmə qarşı nümayiş etdirdiyi barışmaz mövqeyi, ölkəmizin bu ilin noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibi seçilməsi barədə də tədbir iştirakçılarına məlumat verilib.

Görüş diplomatları maraqlandıran mövzuların müzakirəsi ilə davam edib, onların sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video