Bakıda tarixi-memarlıq abidələrinin bərpası və qorunması haqqında Prezident İlham Əliyevin 18 avqust 2006-cı il sərəncamında yazılıb: "Xalqımızın milli sərvəti olan İçərişəhər Azərbaycanda hələ yüz illər bundan əvvəlki şəhərsalma sənətinin əzəmətli təzahürüdür. Burada ucaldılmış Qız qalası, qala divarları və Şirvanşahlar Sarayı Kompleksinin şöhrəti dünyaya yayılmışdır. Orta əsrlər şəhər mədəniyyətinin təcəssümü kimi kompleksə daxil olan məscidlər, karvansara, zorxana, bazar meydanı və digər tikililər mühəndis-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğurur".
Son illər Azərbaycana, o cümlədən Bakıya gələn turistlər ölkəmizi daha dərindən tanımaq üçün qədim abidələr, müzey və tarixi yerlərlə yanaşı, Bakıətrafı kənd və qəsəbələrdəki tarixi tikililəri də ziyarət edirlər. Abşeronun bu ünvanlarına səyahət qonaqlarda böyük maraq doğurur. Səyahətçilər arasında əcnəbi vətəndaşlarla yanaşı, ölkəmizin yaxın və uzaq bölgələrindən gələnlər də olur.
Bu günlər müxbirimizin də qatıldığı səyahətçilər Abşeronun qədim kəndlərindən olan Bülbülə və Əmircanda olmuşlar. İştirakçılar qəsəbələrin məskunlaşma tarixi, əhalisi, iqtisadiyyatı və bu günu haqqında dolğun məlumatlar almış, Bülbülənin tarixi abidələri olan "İmamzadə"yə, məscidlərə və köhnə hamama baş çəkmişlər. Onlara bu tarixi abidələr haqqında geniş açıqlama verilmişdir.
Abşeronda ən qədim tikili olan "İmamzadə"nin bir hissəsini xeyriyyəçi Hacı Mübariz öz vəsaiti hesabına bərpa etdirmişdir. Bildirilmişdir ki, 677-735-ci illərdə burada beşinci İmam Mühəmməd Baqirin övladı Mühəmməd Sadiq yaşamışdır. Ərazidə onun xanımı, həmçinin nökəri dəfn olunmuşdur. Onların Bülbülə torpağında dəfn olunması bu yerlərə ehtiramı daha da artırmışdır.
Abidənin yaxınlığında olan, XVII əsrin əvvəllərində Şah Abbasın fərmanı ilə Şeyx Nəcməddin tərəfindən inşa edilən Cümə məscidinin sovet hakimiyyəti zamanında - 1934-1936-cı illərdə sökülməsi ziyarətçilərdə məyusluq doğursa da, məscidin müstəqillik illərində bərpası və "İmamzadə"də aparılan yenidənqurma işləri onlarda xoş ovqat yaratmışdır.
Bundan başqa, kənddə 1855-ci ildə yazıçı, alim və ictimai xadim Abbasqulu ağa Bakıxanov tərəfindən inşa etdirilən məscid, 1915-ci ildə tikilən Qəriblər məscidi, habelə 1902-ci ildə Məşədi Vəlican tərəfindən tikilmiş hamam səyahətçilərin böyük marağına səbəb olmuşdur.
Bakının ən böyük abidələrindən biri də milyonçu Murtuza Muxtarovun 1908-ci ildə Əmircan kəndində tikdirdiyi məsciddir. Bununla yanaşı, XIV əsrin əvvəllərində tikilən Nizaməddin məscidi də Bakının ən qədim tikilisi hesab edilir. Məscidin köhnə hissəsi Əmir Hacı Nizaməddin tərəfindən təmir etdirilmişdir. Məxəzlərə görə, elə o dövrdən qədim Xilə kəndi bu əmirin şərəfinə Əmir Hacan kimi tanınmağa başlamışdır. Hazırda Əmircan qəsəbəsi kimi tanınan bu kəndin qədim abidələri dövlət tərəfindən qorunur.
Suraxanıdakı XVIII yüzilliyə aid "Atəşgah" Dövlət Tarix-Memarlıq Qoruğu abidəsinə səyahət də maraqlı olmuşdur. Kompleksin ərazisində atəşpərəstlik məbədində qazıntılar, habelə bu qiymətli tarixi-memarlıq abidəsinin keçmişi haqqında iştirakçılara maraqlı bilgilər verilmişdir. Aparılan qazıntılar zamanı müəyyən olunmuşdur ki, abidə atəşpərəstliyin daha qədim (2-3 min il) məbədinin üzərində ucaldılmışdır. Abidə Şirvan-Abşeron memarlıq ənənələrini özündə əks etdirməklə bu məktəbin bariz nümunələrindən sayılır.
Abşeronun özünəməxsus fərqli xüsusiyyətlərə malik Qala kəndində gördüklərindən duyğulanan ziyarətçilərə elə gəldi ki, bu yaşayış məskəni əsrlərin tikinti-memarlıq incəsənətini özündə əks etdirən, yüksəksəviyyəli tikinti texnikasına malik, tarixin daşlarda həkk olunmuş izidir. Qala kəndinin usta və memarlarının müxtəlif dövrlərdə yaratdığı müdafiə, dini, mülki, xatirə və məişət tikililəri bu gün kəndin məğrurluq simvoluna çevrilmişdir.
Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisi 200 hektardan çoxdur. Qoruq İdarəsi tərəfindən 243 tarixi-memarlıq abidəsi, o cümlədən 1 qala, 5 məscid, 3 hamam, 3 ovdan, 2 türbə, 200-dən artıq yaşayış və təsərrüfat tikilisi, sərdabələr kompleksi mühafizə olunur.
Rəhman SALMANLI,
"Azərbaycan"