İran mediası İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) istinadən xəbər verir ki, bazar ertəsi gecə Tehran İordaniyadakı ABŞ bazalarına raket hücumu təşkil edib. İİKK hücumun ABŞ-nin Larak adasına hücumlarına İranın cavabı olduğunu açıqlayıb. Amerika ordusunun İranın Larak adasına raket hücumunu ABŞ rəsmisi təsdiqləyib. Bu, iyulun sonundan bəri ABŞ-nin İrana ilk hücumlarıdır.
Bazar ertəsi gecə İran mediası İİKK-nın Larak adasına hücuma cavab olaraq Tehranın ABŞ-nin İordaniyadakı Kral Hüseyn və Əl-Əzraq bazalarına raket hücumu təşkil etdiyini bildirən bəyanat dərc edib. AFP agentliyinin məlumatına görə, İİKK "texniki infrastrukturu və düşmən qırıcı mövqelərini" hədəf aldığını və zərbələrin "ciddi ziyana" səbəb olduğunu bildirib.
Öz növbəsində İordaniya hava məkanında raketləri ələ keçirdiyini təsdiqləyib: "Hava hücumundan müdafiə sistemləri bazar ertəsi səhər saatlarında Krallığın hava məkanına daxil olan 8 raketi ələ keçirib". Bu barərə dövlət xəbər agentliyi "Petra" İordaniya silahlı qüvvələrinin bəyanatına istinadən bildirib.
ABŞ Mərkəzi Komandanlığının sözçüsü Tim Hokins ABŞ-nin İrana hücumlarını izah edərkən bildirib ki, ABŞ ordusu "İslam İnqilabı Keşikçiləri Korpusu qüvvələrinin Hörmüz boğazına dəniz minaları daşıyan raketlər atmağa hazırlaşdığını" müşahidə edib.
Bu, Prezident Donald Trampın iyulun sonlarında Tehrana qarşı hərbi əməliyyatları dayandırmasından bəri ABŞ-nin İrana ilk məlum hücumudur. Vaşinqton bu ayın əvvəlində Boğazın əsas gəmiçilik zolağını minalardan təmizləməyi başa çatdırdığını iddia etmişdi.
Larak adası sahildən kənarda, əsas Bəndər Abbas limanına yaxın yerdə və qlobal gəmiçilik üçün həyati əhəmiyyətli gəmiçilik yolu olan Hörmüz boğazında yerləşir. İran hazırda tankerləri yoxlamaq üçün adanın yanından keçməyə məcbur edir və bəzi məlumatlara görə, gəmilərdən hər keçid üçün ödəniş istəyir.
Rizvan CƏFƏROV,
"Azərbaycan"