Yanar qazın ram edilməsi təkcə ağır sənayedə, metallurgiyada və elektrik enerjisinin istehsalında inqilabi dəyişiklik yaratmadı. Həm də məişətimizdə böyük yeniliyə səbəb oldu. Canımızı ocaq külündən və tüstüsündən, odun doğramaqdan və daşımaqdan qurtardı.
Düşünmək belə çətindir ki, bu gün məişətdə təbii qaz olmasaydı, insanlar necə yaşayardı? Çünki qaz təkcə isti xörək və çay deyil, o həm də evin istiliyidir. Xüsusən qışın sazağının aydın sezildiyi aprel ayında, Albalılıq kimi küləklərin cövlan etdiyi, dənizə yaxın bir ərazidə.
Aprelin 5-də evin qazı kəsiləndə ilk ağlımıza gələn sayğaca yüklənən vəsaitin qurtarması oldu. Yoxladıq, hələ xeyli pul vardı.
İkinci fikir sayğacın bloka düşməsi oldu. Blokdan çıxarmağın ən asan yolunun hesaba əlavə vəsait daxil etmək olduğunu bilirdik. Üç dəfə, hər dəfə bir manat köçürdük. Amma sayğac tərslik edərək yenə açılmadı.
Vaxt itirməmək üçün Qəza xidmətini - 104-ü yığdıq. Sən demə, əsas vaxt itkisi elə həmin nömrəyə düşmək üçün cəhdlər zamanı baş verir.
Başı belə cəncələ düşmüşlər məsləhət gördülər ki, 185-i də yığaq. Dayanmadan 104 və 185 nömrələrini yığdıq. Nəhayət, böyük xoşbəxtlik... bizə cavab verdilər. Daha doğrusu, xeyli sorğu-sual etdilər. Sonra qeydə aldılar.
Sayğacın şəklini çəkib onlara göndərməyimizi istədilər və tezliklə gəlib baxacaqlarını bildirdilər.
5 aprel 2025-ci ildə səhər-səhər başımıza gələn bu vaqiənin günlərlə yox, hətta həftələrlə uzanacağı ağlımıza belə gəlməzdi...
Sayğaca əl vurmaq, onu təmir edərək nizama salmaq təhlükəli addım olardı... Çünki abonent tərəfindən sayğaca kənar müdaxilə qadağandır və belə bir hal yüksək cərimə ilə nəticələnir.
Gözləməkdən başqa yol yox idi. Günortayadək gələn olmadı. Yenidən zənglərə başladıq. Bu dəfə Qəza xidməti günün ikici yarısında gələcəyini bildirdi. Yenə verdikləri söz yalan çıxdı.
Təkrar müraciətdə isə aprelin 6-da səhər gələcəklərini söylədilər. Başqa nə edə bilərdik? Amma soyuqda qalmaq da olmazdı.
Şəhərə qayıdaraq aprelin 6-da - bazar günü yenidən geriyə döndük. Yenə aldatdılar! Yenə telefona əl ataraq dayanmadan zəng çaldıq. Nəhayət, cavab verdilər!
Daha doğrusu, "ibtidai istintaq"a başladılar...
Neçə dəfə zəng vurmuşuq, hansı nömrəli telefonlarla əlaqə yaratmağa çalışmışıq, kimlər zəng vurublar...
Bütün suallara dolğun cavablar verdikdən sonra yenidən "şirin vəd" aldıq. Amma bu vəd də əvvəlkilərdən fərqlənmədi. Yenə gələn olmadı.
Aprelin 6-da günün ikinci yarısında telefon zənginə cavab verəndə isə başqa söz dedilər. Daha doğrusu, həqiqəti söylədilər: "Altılıq" smart sayğacımız yoxdur...
Odur ki, sayğacı dəyişə bilməyəcəklər. Bəs nə etməliyik? Sayğac dövlət tərəfindən vətəndaşa pulsuz verilir. Vətəndaş ona müdaxilə edə, özü başqa sayğac alıb dəyişə bilməz. Yalnız "Azəriqaz"ın işçilərini gözləməlidir.
"Azəriqaz" isə deyəsən smart sayğaclarını mexaniki sayğaclarla dəyişmək fikrinə düşüb. Odur ki, smart sayğacları yoxdur. Maraqlıdır, niyə "smart"dan geriyə - mexanikiyə qayıdırlar?
Axı geriyə doğru inkişaf olmur.
İkincisi, sayğac verməli olanların sayğacı yoxdursa, ya zəlzələdən, ya da vəlvələdən bunun abonentə nə dəxli var? Pulunu veribsə, qazını almalıdır.
Amma heç bizə doğru addım ataraq vəziyyətdən müvəqqəti çıxmaq üçün bir təşəbbüs belə göstərmədilər. Dedik, neyləməli, bir həftə də gözləyərik. Hadisələr növbəti şənbə və bazar günləri - aprelin 12-də və 13-də eyni ssenari ilə davam etdi. 104-ə fasiləsiz zəng, cavab verənin sonsuz sorğu-sualı, əvvəlcə günün birinci, sonra isə ikinci yarısında köməyə gəlmək barədə boş vədlər və s.
Ən əsası gözləntimiz - operativ və məsuliyyətli davranış, çağırışlara dərhal reaksiya verərək, zəruri tədbirlər görmək isə olmadı...
Boş sözdən, arxayın danışmaqdan və yalan vəddən başqa bir şey görmədik. Odur ki, konkret fakt əsasında jurnalist araşdırması aparmaq qərarına gəldik. Və bütün baş verənləri xronoloji qaydada qeydə aldıq.
Qaz həm də yanğın deməkdir! Ondan betəri partlayışa da səbəb ola bilər!
Elə bir həftə yoxdur ki, elektrik naqillərində qısa qapanma və ya qaz sızmasından partlayış baş verməsin, evlər yanmasın, insanlar ciddi yanıq xəsarətləri almasın, dünyalarını dəyişməsinlər.
Yəqin ki, bunu ən yaxşı bilənlər yanğınsöndürənlər və bir də qazpaylayanlardır.
Yanğınsöndürənlər iş-işdən keçəndən sonra - yanğın və partlayış baş verəndən sonra hadisə yerinə gəlirlər. Qazverənlər isə hadisələri qabaqlaya, fəlakətlərin qarşısını ala bilərlər. Bu şərtlə ki, çağırışlara operativ reaksiya verərək gəlsinlər, qaz sızmasının və digər nasazlıqların qarşısını dərhal alsınlar! Amma həmişə belə edirlərmi?!
Birdən ağlımıza gəldi ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi var. Bəlkə ora müraciət edək, onlar hüququmuzu qorumaqla dərdimizə bir çarə qılsınlar. Sən demə, bu xidmət şənbə və bazar günləri işləmir. Yəni şənbə və bazar günləri istehlakçıların hüquqları qorunmur.
Gülməli deyilmi? İstehlakçı olur, amma hüququ qorunmur.
Ruhdan düşmədik, həftənin birinci günü - aprelin 14-də bu xidmətlə də əlaqə saxladıq. Bildirdilər ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Azəriqaz"la bağlı şikayətlərə baxmır. Bu sahəyə nəzarət edən Enerji Məsələlərini Tənzimləmə Agentliyidir.
Ümidlə üz tutduq həmin agentliyə. Zəngimizə cavab verən Mustafayeva soyadlı əməkdaş şikayətimizi tam dinlədikdən sonra məsələnin tez bir zamanda həll olunması üçün işə başlanılacağını vəd etdi.
Əvvəlki vədlərdən bir nəticə görmədiyimizdən xanım Mustafayevanın "tez bir zamanda"sını dəqiqləşdirmək məqsədilə problemin neçə saata həll ediləcəyini soruşduq.
Mustafayeva sayğacdəyişmə prosesinin günlərlə çəkə biləcəyini söylədi. Hətta onu da əlavə etdi ki, bu şikayətin həlli 15 təqvim günündə olunmalıdır. Ehtimal ki, məsələnin həlli ən yaxşı halda 2-3 gün çəkər.
Təəccüblüdür! Vətəndaş pulunu ödədiyi qazı ala bilmir. "Azəriqaz" həftələrlə min bir bəhanə və boş vədlərlə süründürməçilik edir, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu məsələnin onlara aid olmadığını söyləyərək Enerji Məsələlərini Tənzimləmə Agentliyinə yönləndirir, bu agentlikdən isə bildirilir ki, sayğac quraşdırılması 2-3 gün, hətta 2 həftə də uzana bilər.
Yeri gəlmişkən, Mustafayeva onu da söylədi ki, bu şikayəti Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də qeydə alıb həll edə bilərdi, çünki bu məsələdə istehlakçı hüququ pozulub, sadəcə olaraq bizim agentik daha operativ olduğu üçün bu növ şikayətləri bura yönləndirirlər.
Absurd deyilmi?!
Tez-tez müxtəlif televiziya kanallarında uzaq kəndlərdə qazsızlıqdan əziyyət çəkən və evlərini baha qiymətə aldıqları odunla isitmək məcburiyyətində qalan insanların şikayətini seyr edirik.
Bəzən isə evlərinin qarşısından qaz xətti keçənlərin və həmin xətdən evə fərdi boru çəkdirməyə imkanı olmayanların narazılığını eşidirik. Hər dəfə də "Azəriqaz"ın nümayəndələri onlara şirin vədlər verirlər. Amma eyni zamanda güzəştə getmirlər: pulun yoxdursa, soyuqda qal!
Vəzifəsi abonentə sayğac quraşdırmaq olan "Azəriqaz" buna əməl etmirsə, onda günahkar kimdir? Yenə də abonent?
Ölkə vətəndaşına belə soyuq, laqeyd və məsuliyyətsiz münasibəti ilə qurum nəyə nail olmaq istəyir?
Dövlət vətəndaş məmnunluğuna çalışır və bu yolda mümkün olan hər işi edir. Bəs "Azəriqaz"çılar nəyə kökləniblər?
Öz fəaliyyətsizlikləri səbəbindən qazsız qalan abunəçilərin narazılığına?
Görünür, bu üsul "xalqa xidmət"in təzə növüdür.
Bəs pulunu verib qazını ala bilməyənləri kim müdafiə etməlidir? Yoxsa bundan ötrü daha bir yeni xidmət də yaradılmalıdır. Belə getsə, xidmət qurumları çox olacaq, əsl xidmətin özü isə yoxa çıxacaq.
Hələ də müraciətimizin nəticəsini gözləyirik. Vətəndaş pulu ödəməyəndə qazı kəsilir, sayğaca toxunanda cərimələnir...
Olsun, müqavilə öhdəliyi belədir.
Bəs müqavilə öhdəliyini pozaraq keyfiyyətsiz, yaxud ümumən qaz verməyən, sıradan çıxmış sayğacı dəyişməyərək, abonenti qazsız qoyaraq müqavilə öhdəliyini pozan "Azəriqaz"ın cəzası nə olur? Heç nə? Yoxsa bu sahədə inhisarçı olduğuna görə istədiyini edə bilər?!
Jurnalist araşdırması isə davam edir.
Söz "Azəriqaz"ındır.
Bəxtiyar ƏZİZLİ,
"Azərbaycan"