"Hər şey hər yerdə və dərhal" filmi ilin ən yaxşısı oldu
Amerikanın Kino Sənəti Akademiyasının təsis etdiyi, dünyanın ən nüfuzlu kino mükafatı olan "Oskar" mükafatının təqdimatı 1928-ci ildən keçirilir. Film sənayesində bədii və texniki dəyər səviyyəsinə əsasən verilən mükafatın məhz belə adlandırılması akademiyanın direktoru Marqarit Herriklə əlaqəlidir. O, fiquru ilk dəfə gördükdə - "Bu fiqur mənə necə də dayım Oskarı xatırladır", - deyir.
70 il ərzində təqdimetmə mərasimi martın sonunda, aprelin əvvəllərində keçirilsə də, 2004-cü ildən fevralın sonu, martın əvvəllərində keçirilir. Filmlərin "Oskar"a namizəd olması üçün 3 əsas şərtə cavab verməsi vacibdir. Onlardan birincisi, filmin 40 dəqiqədən uzun olması; ikincisi, Los-Anceles sərhədləri daxilində ən azı bir dəfə pullu nümayiş olunması; üçüncüsü isə filmin ən azı yeddi gün ard-arda nümayiş etdirilməsidir. Mükafatı kimin qazandığı son ana qədər tamamilə məxfi olan mərasimdə nəticəni yalnız hesablama aparan və gizlilik andı içən iki nəfər bilir. Məxfiliyin qorunmasını hər il "Price Waterhouse" şirkəti öz üzərinə götürür.
"Oskar" mükafatının 95-ci təqdimat mərasimi martın 12-də Los-Ancelesdə yerləşən "Dolby" teatrında keçirilib və 2023-cü ilin ən yaxşı filmləri müəyyən edilib.
"İlin ən yaxşı filmi" nominasiyasında "Hər şey hər yerdə və dərhal" ("Everything everywhere all at once") seçilərək, ümumilikdə 7 "Oskar" qazanıb. O, paralel kainatlarda bir qadının şərlə mübarizəsindən bəhs edir. Absurd komediya, elmi fantastika, Şərq döyüş sənəti, fantaziya və cizgi filmi elementlərini əhatə edən filmin rejissorları Dan Kvan və Daniel Şeynert "Ən yaxşı rejissor" adını qazanıblar. Filmdəki rollarına görə Mişel Yeo "Ən yaxşı aktrisa", Ke Hui Kuan "Ən yaxşı ikinci plan aktyoru", Ceymi Li Körtis isə "ən yaxşı ikinci plan aktrisası" nominasiyasında "Oskar"a layiq görülüblər. Uğurlu film, habelə "Ən orijinal ssenari", "Ən yaxşı montaj" nominasiyalarının da qalibidir.
Budəfəki müsabiqədə "Balina" ("The Whale") filmindəki roluna görə "Ən yaxşı aktyor" Brendan Freyzer seçilib. İlin ən qeyri-adi və təsirli filmlərindən biri hesab edilən film kiçik bir mənzildə yaşayan, çoxdan görüşmədiyi qızıyla yenidən əlaqə qurmağa çalışan, həddindən artıq kök bir müəllim haqqındadır. Film həmçinin "Ən yaxşı qrim və saç düzümləri" nominasiyasının da qalibidir.
Dünya kinosunda ən çox gəlir gətirən filmlərin müəllifi kimi tanınan rejissor Ceyms Kameronun "Avatar: Su yolu" ("Avatar: The way of Water") "Ən yaxşı vizual effektlər" kateqoriyasında "Oskar" mükafatına layiq görülüb.
"Pinocchio Guillermo del Toro" "Ən yaxşı animasiya filmi" kateqoriyasında "Oskar" mükafatını qazanıb. İtalyan yazıçısı Karlo Kollodinin "Buratinonun sərgüzəştləri" nağılı əsasında çəkilmiş cizgi filmi əsl oğlana çevrilən taxta oyuncağın başına gələn macəralardan bəhs edir.
"Ən yaxşı xarici dildə film" nominasiyasının qalibi rejissor Edvard Bergerin çəkdiyi "Qərb cəbhəsində dəyişiklik yoxdur" ("No change on the western front") filmidir. O, alman yazıçısı Erik Mariya Remarkın Birinci Dünya müharibəsi illərindən bəhs edən eyniadlı romanı əsasında çəkilib.
Kinorejissor Sara Polli "Qadın söhbətləri" ("Woman talking") filmi ilə "Ən yaxşı uyğunlaşdırılmış ssenari" üzrə "Oskar"a layiq görülüb. O, mükafatını qəbul edərkən filmə ilham verən 2018-ci ildə eyniadlı romanı yazan kanadalı həmyerlisi Miriam Tousa da təşəkkürünü bildirib.
"Ən yaxşı səsləndirmə" nominasiyasında "Top Gun: Maverick", "Ən yaxşı qısametrajlı sənədli film" "Fil pıçıltısı" ("Elephant whispers"), "Ən yaxşı qısa animasiya filmi" "Oğlan, Köstəbək, Tülkü və At" ("Boy,Mole, Fox and Horse") və "Ən yaxşı orijinal musiqi" nominasiyası üzrə isə "Naatu Naatu" mahnısı ("RRR: The Revolution Roars Near") qalib olub.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"