20 Yanvar 2022 00:47
1856
Mədəniyyət
A- A+

20 Yanvar faciəsi bədii ədəbiyyatda

 

Xalqların müstəqillik və milli azadlıq uğrunda mübarizə  yolunda baş verən tarixi hadisələr - üsyanlar, inqilablar, münaqişələr, müharibələr ədəbiyyatın, yaradıcı insanların  hər zaman müraciət etdiyi mövzulardandır.

“Kitabi Dədə-Qorqud”dan, “Koroğlu”dan, Nizamidən, Füzulidən üzü bəri nəsrdə, poeziyada, hətta musiqi və rəssamlıqda bunlara dair onlarca nümunə göstərmək mümkündür.

Tarixdə baş verən ictimai-siyasi hadisələri və digər fəlakətləri xalq necə yaşayıbsa, yaradıcı insanlar həmin hadisələri bədii ifadə vasitələri ilə gələcək nəsillərə elə də çatdırmağa çalışıblar. Bu mənada ötən əsrdə, yəni 32 il bundan öncə - 1990-cı il yanvarın 20-də sovet qoşunlarının əli ilə Azərbaycan xalqının müstəqillik hərəkatını boğmaq məqsədilə törədilən şənbə faciəsi xalqımızın qan yaddaşından heç vaxt  silinmir və qələm sahiblərimiz bu faciəyə böyük maraq göstəriblər.

Həm qürur, həm də ürəkağrısı ilə qeyd etdiyimiz  20 Yanvar faciəsi  Azərbaycan ədəbiyyatında istər nəsrdə, istərsə də poeziyada zaman keçdikcə daha dolğun görünür. O müdhiş şənbə gecəsində dinc əhalini, günahsız insanları qanına qəltan edənlər, eləcə də bu qırğına “fərman” verənlər nifrətlə xatırlanır.  Yaşından və cinsindən asılı olmayaraq şəhidlik zirvəsinə yüksələn azadlıq arzulu insanlar isə ehtiramla anılır. Qanlı Yanvar gecəsinə 32 illik zaman məsafəsindən baxanda o günlərin müdhişliyi, vahiməliyi ilə yanaşı, insanların yenilməzliyinin, azadlıq səsinin heç bir imperiya qüvvələri tərəfindən batırıla bilməyəcəyinin şahidi oluruq. Xalqımız öz azadlığı və müstəqilliyi uğrunda  mübarizə meydanlarında mətinlik və əyilməzlik göstərdi. Əhali tanklar, zirehli texnika və müasir silahlarla təchiz edilmiş sovet qoşunları ilə əliyalın mübarizəyə çıxmaqla bu yolda şəhid olmaqdan belə dönməyəcəklərini təsdiqlədi.

O müdhiş şənbə gecəsinin reallıqları Xalq yazıçısı Anarın, Çingiz Abdullayevin, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Qabilin, Nəbi Xəzrinin, Fikrət Qocanın, Cabir Novruzun,  Xəlil Rza Ulutürkün, Mədinə Gülgünün, Məmməd Aslanın, Tofiq Mütəllibovun, Şahmar Əkbərzadənin, Nüsrət Kəsəmənlinin və digər vətənpərvər söz və qələm sahiblərinin elegiyalarında, etiraz ruhlu şeirlərində və publisistik əsərlərində öz əksini tapıb. Yazıçı-dramaturq Tamara Vəliyevanın 20 Yanvar hadisələrindən bəhs edən “Mənim ağ göyərçinim” tamaşası 1999-cu ildən müxtəlif teatrlarda səhnələşdirilib.

20 Yanvar  faciəsinin qan izləri, qurumayan göz yaşları ədəbiyyatımızda daim öz aktuallığını qoruyub və qoruyacaqdır. Çünki bu, günahsız, əliyalın insanlara qarşı törədilmiş faciədir. Hər kəsə məlumdur ki, bu faciə baş verdikdən sonra şairlərimiz, yazıçılarımız qələmə sarılaraq xalqımızın fəryadını dünyaya car çəkdilər. Xalq şairi Qabilin “Mərsiyə”si, Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeiri, Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması, Nəriman Həsənzadənin “Şəhidlər xiyabanı” adlı şeiri, Rafiq Səməndərin “Şəhidlər” kitabı işıq üzü gördü. Xalq şairi Zəlimxan Yaqub, Nəbi Xəzri, Cabir Novruz, Xəlil Rza Ulutürk, Məmməd Araz, Sabir Rüstəmxanlı, Fikrət Qoca və digər ədiblərimiz də  20 Yanvar faciəsindən yazdılar. Yazdılar ki, gələcək nəsillərimiz bu faciəni heç bir vaxt unutmasınlar.

Bu illərdə işıq üzü görən bir çox bədii və araşdırma yazılarda da 20 Yanvar faciəsinin mahiyyətindən bəhs olunur. Azərbaycan Milli Kitabxanasından verilən məlumata görə, son 5 ildə Azərbaycan və rus dillərində qanlı Yanvar hadisələri ilə bağlı onlarca nəşr kitabxanaya təqdim edilib. Yazıçı Vahid Məhərrəmovun “Qanlı gecə, qanlı tarix: 20 Yanvar faciəsi haqqında”, Niftalı Şıxların “Dünyamızın 20 Yanvar faciəsi”, Məzahir Süleymanzadənin “20 Yanvar: güllələnmiş qəzet”, Mədinə Qasımovanın “Ağla, qərənfil, ağla” və “İ mertvıe pobejdayut” (“Ölülər də qalib gəlir”), Şəmkir Təhməzlinin “1990-cı il Qanlı Yanvar izləri” və faciədən bəhs edən digər əsərlər kitabxananın fondunda yer alıb. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Türk xalqları ədəbiyyatı” şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova 20 Yanvar hadisələri zamanı şəhid olan gənc şair Ülvi Bünyadzadənin ədəbi irsinə ön söz və şərhlər yazaraq nəşr etdirib. Qanlı Yanvar gecəsindən bəhs edən bu əsərlərin ideya qayəsinin kökündə o dayanır ki, 20 Yanvar hadisələrinin təfərrüatlarını hər bir azərbaycanlı mütləq bilməli və unutmamalıdır.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsinin və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.

Bu əsərlərlə tanışlıqdan  o da məlum olur ki, Azərbaycan dövləti və xalqı öz şəhidlərini heç vaxtı unutmur. 20 Yanvar hadisələri nəticəsində şəhid olmuş ailələrinin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”. 

Ulu Öndər Heydər Əliyevin fərmanı ilə  “20 Yanvar şəhidi” fəxri adı təsis edildi.  Heydər Əliyevin şəxsi təşəbbüsü və sərəncamı ilə 1998-ci il avqustun 5-də Bakı şəhərindəki Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldıldı. 2010-cu ildə Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi inşa olundu. Kompleksin üzərində faciə zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olundu.  Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, onların ailələrinin qayğısına qalınmasına xüsusi diqqət göstərir. Uğurlu sosial siyasət nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb.

Bədii əsərlərdə şəhidlərin ölməzliyini və müqəddəsliyini vəsf edən obrazlar yaradılıb. Poeziyada, nəsr və ya səhnə əsərlərində 20 Yanvar faciəsi aparıcı mövzuya çevrilib. Lakin yenə də bu mövzunun ədəbiyyatda işıqlandırılmasına ehtiyac var.

Yazıçı, deputat Aqil Abbasın fikrincə, ədəbiyyatda, jurnalistikada 20 Yanvar faciəsi daim təbliğ olunur. Amma ədəbiyyatda, xüsusən nəsrdə hələ də istənilən səviyyədə hadisələrin təfərrüatını əks etdirən mükəmməl bir əsər yazılmayıb.

Ədəbiyyatşünas, tənqidçi Rüstəm Kamal isə deyir: “Ola bilsin ki, xalq tarixin bir çox konkret faktlarını və hadisələrini unutsun, ancaq həmin hadisələr, qəhrəmanlar, şəhidlər bədii mətndə əksini taparsa, millət öz tarixini o əsərlər əsasında bərpa edə bilər. Ona görə də 20 Yanvar faciəsinin ədəbiyyatda əks olunmasına daha geniş  ehtiyac var”.

Filologiya elmləri doktoru, professor Vaqif Yusifli bildirir: “Düzdür, ortada Sabir Əhmədlinin “20 Yanvar” hekayələri, Arif Abdullazadənin “Qanlı yaddaş” romanı, İsi Məlikzadənin povesti var. Amma faciə  poeziyada olduğu kimi nəsrdə dolğun şəkildə əks olunmayıb. Publisistikada isə 20 Yanvar şəhidlərinin hər biri və yaxud bir rayonun, bir kəndin şəhidləri haqqında çoxlu yazılar var. Rafiq Səməndərin, Hidayətin və başqa publisistlərin əsərləri çap olunub. Arzu edərdik ki, xalqımızın tarixində həmişəlik qalacaq, şəhidliyi qəhrəmanlığa çevirən, xalqın özünü dərk etməsinə səbəb olan belə bir mövzunu daim işıqlandıracaq əsərlər yazılsın”.

20 Yanvar 1990-cı il yaddaşlara qanla yazılıb. Təbii ki, minilliklərin imperiya boyunduruğundan qurtarmaq o qədər də asan deyildi. Azadlığın verilmədiyi və zorla, qan bahasına alındığını da bura əlavə etməklə deyə bilərik ki, 20 Yanvarda xalqımızın yaşadığı müsibətlər və faciələr, qürur və iftixar mənbəyi, milli oyanış, birlik və əsl həmrəylik gününə aid əsərlər bundan sonra da yazıçı və şairlərin, habelə tədqiqatçıların maraq dairəsində olacaq.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video