14 Fevral 2023 11:33
2801
SİYASƏT
A- A+
14 Fevral – Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

14 Fevral – Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür


Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarımız bu gün hava məkanımızı tam gücündə qorumağa qadirdir

 

 

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günüdür. Azərbaycan Hərbi Hava Qüvvələri Silahlı Qüvvələrimizin xüsusi qoşun növüdür. Yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşdırılması ötən əsrin 90-cı illərinə təsadüf edir. 1992-ci il fevralın 14-də Milli Ordunun Hərbi Hava Qüvvələri (HHQ) ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan bu tarix Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur. 1994-cü ildə atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və Hava Hücumundan Müdafiə Qoşunları təşkil edib. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.

Onu da qeyd edək ki, Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.

AZƏRTAC xəbər verir ki, bu gün ən müasir təyyarə və helikopterlə arsenalını zənginləşdirən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları Azərbaycan səmasını tam gücü ilə qorumağa qadirdir.

Son iyirmi ildə ölkəmizdə müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edilib və onun aviaparkı müasirləşdirilib.

Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində H.Z.Tağıyev qəsəbəsindəki hərbi aerodrom modernləşdirilib. Eyni zamanda hərbi aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib və təmir edilib.

Pilotlarımızın beynəlxalq təlimlərdə iştirakı onların uçuş və döyüş hazırlığını daim artırmaqdadır

Azərbaycan müstəqillik qazandığı gündən hazırkı dövrədək HHQ daim inkişaf etməkdədir. HHQ-nin pilotlarının beynəlxalq təlimlərdə iştirakı onların uçuş və döyüş hazırlığını daim artırmaqdadır. Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuş keçirmiş pilotlar sayılır. Pilotlarımız, əsasən, Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə və digər ölkələrin müvafiq ixtisasartırma kurslarında və təlimlərdə iştirak edirlər.

Azərbaycan Ali Təyyarəçilik Məktəbi 1998-ci ildən müasir standartlara uyğun tədris keçməklə gənc zabitləri hazırlamaqda davam etməkdədir. HHQ-də kifayət qədər peşəkar zabit kadrlarının olması kadr potensialının parlaq inkişafından xəbər verir. Gənc zabitlərin digər ölkələrdə təşkil olunmuş beynəlxalq təlim və kurslarda iştirakı, hərbi akademiyalarda təhsil almaları onların peşəkarlığının günüdən-günə artmasına şərait yaradır. Qardaş Türkiyə Respublikası ilə HHQ-nin təlimləri Azərbaycan hərbi pilotlarının NATO standartlarının öyrənilməsinə, onların döyüş hazırlıqlarının artırılmasına və ikitərəfli münasibətlərin daha da yaxınlaşmasına səbəb olub. Azərbaycan hərbi pilotları Avropa dövlətləri ilə hərbi təlimlərin keçirilməsinə hazırlıqlarını inkişaf etdirirlər. Mütəmadi olaraq Azərbaycanda “TurAz Qartalı” birgə taktiki-uçuş təlimləri keçirilir.

Bu gün Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrinin flaqmanı olan Heydər Əliyev adına Hərbi İnstitutda da müxtəlif ixtisaslar üzrə peşəkar zabitlər hazırlanır. Onlar hərbi xidmətin çətinliklərinin öhdəsindən layiqincə gələrək respublikamızın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda hər bir əmrə hazırdırlar. Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunları, Hərbi Dəniz Qüvvələri fakültələrində aviasiyanın döyüş idarəetməsi, eləcə də dənizçi ixtisasları üzrə peşəkar zabitlər, təyyarəçilər, şturmanlar, mexaniklər, silahlanmanın müxtəlif sistemləri üzrə mütəxəssislər, aviasiya xidmətləri, radiotexniki vasitələr üzrə mühəndislər hazırlanır.

Hərbi şahinlərimiz paradlarımızda qüdrətlərini nümayiş etdiriblər

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə 2018-ci il iyunun 26-da Bakının Azadlıq meydanında hərbi parad keçirilib. 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikaların nümayiş olunduğu həmin paradda Prezident, Ali Baş Komandan İlham Əliyev deyib: “Son illər ərzində ən müasir texnika və silahlar alınıbdır. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri – bütün bunlar bizim hərbi gücümüzü artırır. Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”.

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdikləri paradda Hava Hücumundan Müdafiə silahları sistemləri kolonunun keçidi də olub. Kolona müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı, “Zəfər” ordenli general-leytenant Ramiz Tahirov başçılıq edib. Tribuna önündən modernləşdirilmiş “OSA-1T”, “S-125 TM”, “BUK-MB”, “İldırım” zenit-raket komplekslərinin, “S-300 Favorit” sistemlərinin keçidi olub. Ardınca İkinci Qarabağ müharibəsində Zəfərin əldə edilməsində çox mühüm rol oynayan “Orbiter-1KM” - “İti qovan”, “Orbiter-2B”, “Orbiter-3B”, “Orbiter-4”, “Aerostar–BP”, “Heron” pilotsuz uçuş aparatları (PUA), eləcə də ən müasir PUA-lar - “Bayraktar-TB2”, habelə “Hermes-450”, “Hermes-900”, “Quzğun” və “Harop” PUA-ları nümayiş olunub.

Eləcə də həmin paradda bundan başqa, Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu olub. “Qarabağ” ordenli polkovnik Həsən Əlövsətovun rəhbərlik etdiyi “Mİ-17” hərbi nəqliyyat-desant helikopterləri cütlüyü Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə Bakı buxtasının üzərindən uçaraq Zəfər paradının iştirakçılarını salamlayıb. Bunun ardınca Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Rəşad Nadirovun başçılığı ilə “Mİ-35” hücum helikopterləri qrupunun uçuşu olub. Polkovnik-leytenant Rəhim Quluzadənin başçılığı ilə “LAHAT” və “SPAYK” uzunmənzilli raketləri ilə silahlanmış “Mİ-17” helikopterlərinin və “Qarabağ” ordenli polkovnik Zaur Rüstəmovun rəhbərliyi ilə “MİQ-29” çoxməqsədli qırıcı təyyarələr qruplarının uçuşları da maraqla qarşılanıb. Zəfər paradında döyüş təyyarə və helikopterlərinin çıxışını müasir silahlarla təchiz olunmuş “Su-25” hücum və hava dəstək təyyarələr qrupu tamamlayıb. Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadənin başçılıq etdiyi qrupun səmada Azərbaycanın dövlət bayrağının təsvirini yaratması üçrəngli şanlı bayrağımızın daim yüksəklərdə dalğalanacağını təcəssüm etdirib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin “SU-25” və “MiQ-29” qırıcı təyyarələri və hərbi helikopterləri ötən ilin mayda “TEKNOFEST Azərbaycan”nda pilotaj uçuşlarını həyata keçirib, hava şousu nümayiş etdiriblər.

Vətən müharibəsində Qələbənin qazanılmasında hava şahinlərimizin böyük rolu olub

Vətən müharibəsində zəfərin başlanğıcı olan Aprel döyüşlərində Hərbi Hava Qüvvələri düşmənə uğurlu zərbələr endirib. Döyüşdə Mi-24 helikopterin üç pilotu - Təbriz Musazadə, Əbu Bəkir İsmayılov və Urfan Vəlizadə qəhrəmancasına şəhid olublar.

Hava şahinlərimizin, pilotlarımızın İkinci Qarabağ müharibəsində Qələbənin qazanılmasında böyük rolu olub. HHQ-nin hərbi qulluqçuları qəhrəmanlıq və şücaət nümunələri göstəriblər. Vətən müharibəsində HHQ tərəfindən düşmənin hava hücumundan müdafiə sistemini məhv etmək məqsədilə “Qarabağ mücrüsü” adlı xüsusi əməliyyat planı hazırlanıb. Bu, hərbçilərimizin düşmənin fikrini yayındırmaq üçün müxtəlif variantları idi. Düşmənin bütün növ zenit-raket komplekslərini işə salmağa vadar etmək üçün mövcud aviasiya vasitələri havaya qaldırıb kütləvi aviasiya zərbəsi imitasiya edildi. Həmin imitasiya vasitələri düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına daxil olmadan müxtəlif manevrlər ediblər. İkinci tədbir kimi, düşmənin fəndi başa düşməməsi üçün Dövlət Sərhəd Xidmətinə məxsus, göyərtəsində pilot olmayan, “kukruznik” kimi tanınan AN-2 təyyarələri düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına yönləndirilib. Plan uğurla icra olunub və Vətən müharibəsinin ilk günlərində Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının birgə fəaliyyəti nəticəsində düşmənin hava hücumundan müdafiə sistemlərinin 70 faizi sıradan çıxarılıb. “Bayraktar”, “Harop”, “Sky Striker” zərbə dronları düşmən hədəflərini anında məhv edib.

İkinci Qarabağ müharibəsində bir neçə pilotumuz Vətən Müharibəsi Qəhrəmanı medalı ilə təltif olunub. Bundan başqa, onlardan iki nəfəri eyni mükafata ölümündən sonra layiq görülüb. Həmin müharibədə Dövlət Sərhəd Xidmətinin pilotlarından iki nəfər ilk günlərdə şəhidlik zirvəsinə ucalıblar.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu sahəsində islahatlar həyata keçirilib, yüksək pilotaja malik pilotlar yetişdirilib. Bu gün dövlətimizin başçısının diqqət və qayğısı sayəsində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı yüksəldilir, aviabazaların maddi-texniki təminatı gücləndirilir, uçuş və texniki heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür.

HHQ-nin şəxsi heyəti Vətən müharibəsində olduğu kimi, bundan sonra da Ali Baş Komandanın istənilən döyüş əmrini hər an yerinə yetirməyə hazırdır.

Xalqımız əmin ola bilər ki, bu gün silah sistemləri və hərbi texnikalarımızla Azərbaycanın hava məkanı düşmənin istifadəsindəki istənilən texnika və silah növlərindən, hava və yerüstü zərərvurma vasitələrindən etibarlı şəkildə qorunub və bundan sonra da qorunacaq.

Hərbi Hava Qüvvələri günü münasibəti ilə bu sahədə təmsil olunan bütün hərbçilərimizi təbrik edir, onlara aydın fəza arzulayırıq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İrana müraciət edib: “Masaya qayıdın və razılaşma əldə edin”

01:17
08 İyun

İran yenidən İsrailə hava zərbələri endirib

23:48
07 İyun

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

22:23
07 İyun

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

20:58
07 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

20:13
07 İyun

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub  

19:43
07 İyun

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır

19:31
07 İyun

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub 

18:59
07 İyun

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb  

18:47
07 İyun

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

18:42
07 İyun

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq  

18:15
07 İyun

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq  

18:14
07 İyun

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib  

17:51
07 İyun

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

16:47
07 İyun

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb  

15:11
07 İyun

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

14:06
07 İyun

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var  

13:32
07 İyun

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm

12:57
07 İyun

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

12:49
07 İyun

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

11:50
07 İyun

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək  

11:47
07 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!