01 Sentyabr 2024 08:50
83
Mədəniyyət
A- A+

Zülmətdə parlayan ziya

 

Pedaqogika üzrə elmlər doktoru Zəhra Muradovanın "Zülmətdə parlayan ziya - Qazax Müəllimlər Seminariyası" adlı kitabı işıq üzü görüb. 
Müəllif bu elmi-metodik vəsaitdə seminariyanın təşkilatçıları, ilk müəllimləri, tələbələri, eləcə də qadın məzunları barədə geniş məlumat verib. Eyni zamanda oxuculara seminariyanın qədim binasının yenidən bərpa olunması və onun nəzdində fəaliyyət göstərən ADA Universitetinin Qazax mərkəzinin təlim prosesi ilə də tanışlıq imkanı yaradıb.
Kitabın "Qazaxda ilk maarif ocağının yaranması" bölümündə Qazax Müəllimlər Seminariyasının təsis edilməsinəqədərki tariximizə qısa nəzər salınıb. Müəllif qeyd edib ki, zaman keçdikcə Azərbaycanın uzaqgörən və xalqın taleyini düşünən maarifpərvər şəxsiyyətləri təhsilə yenilik gətirməyə, onun mahiyyətində əsaslı dəyişikliklər etməyə çalışırdılar.
1876-cı ildə K.D.Uşinskinin layihəsi əsasında Gürcüstanın Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyası (Qori Seminariyası) açıldı və Cənubi Qafqazda ibtidai sinif müəllimi hazırlayan orta pedaqoji təhsil müəssisəsi kimi fəaliyyət göstərdi. Həmin seminariyanın Tatar və digər şöbələrində lisan (dilçilik) dərsi deyən böyük maarifpərvər və ədəbiyyatşünas Firidun bəy Köçərli 1917-ci ildə, çar hökuməti devrildikdən sonra həmin şöbəyə inspektor təyin olundu. Tatar (Azərbaycan) şöbəsinin Qazax şəhərinə köçürülməsini məqsədəuyğun hesab edən və bu istiqamətdə müvafiq işlərə başlayan Firidun bəy Köçərli bir sıra çətinliklərlə qarşılaşdı. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasından sonra həmin çətinliklər aradan qaldırıldı.  AXC-nin xalq maarif naziri Nəsib bəy Yusifbəylinin imzaladığı qərara əsasən, Qori Seminariyasının Azərbaycan (tatar) şöbəsi Qazaxa köçürüldü. 
"Onlar xeyirxahlıq üçün doğulmuşdular" bölməsində Azərbaycan tarixində xeyriyyəçilik fəaliyyətləri ilə tanınmış missionerlərdən söz açılıb. Qazax Müəllimlər Seminariyasının fəaliyyəti, azərbaycanlı uşaqların maariflənməsi üçün imkanı yetdiyi qədər kömək göstərən, 17 otaqlı imarətini belə seminariyaya bağışlayan Məşədi İbrahim ağa Kosalıdan, Qazax kəndlərindən və digər bölgələrdən təhsil almaq üçün gələnlərin yaşayış yerlərini təmin etmək məqsədilə mənzilini təmənnasız olaraq yataqxana kimi verən İsrafil ağa Kərbəlayevdən, "təhsilin milliləşdirilməsinə onun məzmunundan başlamaq" ideyasını irəli sürən görkəmli maarifpərvər Firidun bəy Köçərlidən, Cümhuriyyət hökumətinin maarif naziri Həmid bəy Şahtaxtinskidən bəhs olunub. "Azərbaycan dilində yazılan ilk dərslik" adlı bölmədə müəllif 1882-ci ildə Tiflisdə "Qafqaz Kitabı Ticarəti" nəşriyyatında dərc olunan "Vətən dili" kitabı barədə məlumat verərək yazıb: "Bu kitab həmin dövr üçün çox gərəkli dərslik hesab edilirdi".
Kitabın sonrakı - "Qazax Seminariyasında təlim və tərbiyə məsələləri", "Seminariyada sinifdənxaric və məktəbdənkənar işlər", "Seminariyanın təhsilin inkişafında rolu", "Bir ocaqda iki maarif ziyası", "Qazax Müəllimlər Seminariyasının yetirmələri", "Qazax Müəllimlər Seminariyasının qadın məzunları" adlı bölmələrində müəllif Qazax Müəllimlər Seminariyasının milli təhsilimizin inkişafında səmərəli fəaliyyətini, əvəzsiz rolunu diqqətə çatdırıb.
Kitabın "ADA Universitetinin Qazax Mərkəzi" bölümündə bir vaxtlar xeyriyyəçi Məşədi İbrahimin seminariyaya bağışladığı, təxminən 130 yaşlı binanın bərpasından sonra, 2022-ci ilin oktyabrında ADA Universitetinin Qazax Mərkəzinin fəaliyyətə başlamasından bəhs edilib.

Z.FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video