25 Avqust 2024 09:25
958
SİYASƏT
A- A+

Daşkənddə Azərbaycan-Özbəkistan münasibətlərinin yeni kitabı yazıldı

 

İki ölkə arasında iqtisadi əməkdaşlıq müttəfiqlik müstəvisinə keçir

 

Azərbaycanla Özbəkistan arasındakı dostluq və qardaşlıq münasibətlərinin tarixi qədimdir. İllərin dolanbacları və keşməkeşləri belə bu səmimi münasibətləri poza bilməyib. Doğrudur, bəzən müəyyən səbəblərdən dolayı bu münasibət dalğalı olub. Amma o, iki qardaş xalqın arasında heç bir sərhəd yarada bilməyib. 
İndi Azərbaycanla Özbəkistan dünyaya dostluq, qardaşlıq, əməkdaşlıq nümunəsi sərgiləyir. Hər iki dövlət arasında yaranmış yeni münasibətlərin kökündə dövlət başçılarının dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşlərində qəbul edilən qərarlar, imzalanan sənədlər dayanır. Bu sənədlərin əsasında milli-mənəvi, mədəni əlaqələrin, iqtisadi münasibətlərin inkişafı sürətlənir, əmtəə dövriyyəsi artır, nəqliyyat və energetika sahəsində əməkdaşlıq möhkəmlənir. Azərbaycan-Özbəkistan arasındakı mövcud iqtisadi münasibətlər hər iki dövlətin strateji müttəfiqliyi müstəvisinə qaldırılaraq tərəflərə fayda gətirir. 
Qeyd edək ki, hər iki dövlət başçısının əvvəlki illərdə imzaladığı sənədlər əsasında hazırlanmış proqramların, layihələrin səmərə verdiyi aydın hiss olunur. Bu, xüsusilə ticari anlaşmalarda qabarıq görünür. Dövlət Statistika Komitəsinin məlumatına görə, 6 ay ərzində Özbəkistandan 10,7 milyon dollar dəyərində saflaşdırılmış misdən məftillər, borular və borucuqlar, 9,45 milyon dollar dəyərində trikotaj parçalar, 6,5 milyon dollar dəyərində avtomobillər üçün kuzovlar, 4 milyon dollar dəyərində quru nəqliyyat vasitələri üçün mühərriklər, 3,4 milyon dollar dəyərində televiziya rabitəsi üçün qəbuledici aparatlar, yenə də eyni dəyərdə kondinsionerlər, 2,3 milyon dollar dəyərində toxuculuq materiallarından hazır xovlu/xovsuz örtüklər alınıb. 
Azərbaycandan isə Özbəkistana 14 milyon dollar dəyərində məhsul ixrac edilib. Bu, 3,25 milyon dollarlıq alüminium ərintiləri, 2 milyon dollar dəyərində ağ şəkər, 1,2 milyon dollar dəyərində təzə alma, 1,1 milyon dollar dəyərində badam və meşə fındığı, 605,5 min dollar dəyərində lak və boyalar, 560 min dollarlıq minik avtomobili, 520 min dollar dəyərində polietilen, 434 min dollar dəyərində xam neft və neft məhsulları, 297 min dollar dəyərində qurudulmuş noxud, 268 min dollarlıq nişasta və digər məhsullardır. 
Son iki ildə Prezident İlham Əliyev Özbəkistana 5 səfər edib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə ölkəmizdə 4 dəfə qonaq qolub. İlham Əliyevin növbəti - beşinci səfəri özünün geniş spektri ilə fərqləndi. Prezidentlərin Daşkənd görüşündə çoxtərəfli münasibətlər ətraflı müzakirə edildi, o cümlədən iqtisadi sahələr üzrə ticarət, sənaye kooperasiyası, energetika, nəqliyyat və aqrar sektorlarda əlaqələri genişləndirmək üçün qarşılıqlı fəaliyyət proqramı müəyyənləşdirildi, əmtəə dövriyyəsini artırmağın zəruriliyi vurğulandı. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatında bu barədə fikirlərini belə söylədi: "Bugünkü əmtəə dövriyyəsini iki dəfə artırmaq üçün bütün əsaslar mövcuddur. Obrazlı desək, biz sıfırdan başlamışıq və indi bu səviyyəyə çatmışıq. Göstəriciləri dəfələrlə artırmaq üçün bütün əsaslar var. Razılığa gəldik ki, növbəti ili "Özbəkistan-Azərbaycan iqtisadi kooperasiyası ili" elan edək və bununla yanaşı, artıq dediyim kimi, 20 əsas istiqamət üzrə proqram qəbul olunsun. Danışıqlar əsnasında konkret kooperasiya layihələrinin üzərində dayandıq. Bu ərəfədə biznes-forum məhsuldar şəkildə keçirildi, onlarla müqavilə və saziş imzalandı. Bu gün bizim biznes nümayəndələri ilə ayrıca görüşümüz olacaq. Bu da ilk dəfədir. Birlikdə mühüm layihələrə start verəcəyik - bu, mehmanxanaların, tekstil klasterlərinin, tikiş fabriklərinin qurulması, inşaat materiallarının istehsalı və digərləridir. Bildiyiniz kimi, belə layihələrin həyata keçirilməsi üçün 500 milyon dollar kapitalı olan birgə investisiya şirkəti fəaliyyət göstərir. Üçüncü ölkələrdə perspektivli layihələrdə iştirakı nəzərdən keçirmək üzrə razılığa gəldik".
Azərbaycan-Özbəkistan əlaqələri özündə həm də regional aspektləri əks etdirir. Bu kontekstdə xüsusi olaraq nəqliyyat-tranzit marşrutları diqqət çəkir. İki ölkənin razılaşdırdığı layihələr paralel şəkildə həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionu üçün geniş imkanlar açır. Məhz bu səbəbdən budəfəki Daşkənd görüşündə prezidentlərin müzakirə etdiyi məsələlərdən biri də nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən Trans-Xəzər dəhlizinin inkişafı üçün birgə səylərin artırılmasının davam etdirilməsi, regionlararası əlaqələrin potensialından maksimum istifadə olunması, eləcə də kooperasiya üzrə yol xəritəsini qəbul etmək oldu. 
Dövlət başçılarının müzakirə etdiyi məsələlər arasında bir layihəni Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında xüsusi vurğuladı. Bu, işğaldan azad edilmiş Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılmasıdır. "Bu, xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzidir" - deyən İlham Əliyev daha sonra bildirdi: "Biz həmişə - istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik. Mən bu gün bu barədə danışmışam, Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib. Bir il əvvəl, avqustun 23-də biz Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışında olduq. O, artıq Özbəkistanda çoxlu sayda belə məktəblər tikib və eynisini bizdə də inşa etdi. Artıq mənə məlumat veriblər ki, orada 500 şagird təhsil alır, amma tezliklə bu məktəbdə nəzərdə tutulduğu qədər şagird olacaq. Çünki keçmiş məcburi köçkünlərin qayıdışı prosesi uğurla davam edir".
Prezidentlərin hər iki ölkənin işgüzar dairələri ilə görüşlərinin sonunda Azərbaycanda və Özbəkistanda birgə layihələrin icrasına başlanmasını bildirən rəmzi düyməni basmaları çox mətləblərə işarədir. Bunun nə olduğunu Prezident İlham Əliyev belə ifadə etdi: "Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Zənnimcə, əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq".

Züleyxa ƏLİYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video