25 Avqust 2024 09:20
859
İDMAN
A- A+

İdman missiyası

 

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva təhsil, mədəniyyət, səhiyyə sahəsi ilə yanaşı, ölkəmizdə idmanın inkişafında da səmərəli, uğurlu fəaliyyəti ilə diqqət çəkib. I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq yarışların təşkilatı işlərinə rəhbərlik edən Mehriban Əliyevanın ortaya qoyduğu nümunə Azərbaycanın həm də idman ölkəsi olduğunu dünyaya çatdırıb. 
Bir sözlə, Azərbaycanın birinci xanımı idmana qayğı ilə yanaşması baxımından da çoxsaylı uğurların müəllifi olaraq tanınır.

 

Gimnastikada yüksəliş mərhələsi

 

Mehriban xanım Əliyeva 2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçiləndən bu sahədə uğurlu inkişafın əsası qoyuldu. Mehriban xanımın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına olan münasibət istər ölkə daxilində, istərsə də dünyada əsaslı şəkildə dəyişdi.
Azərbaycanda gimnastikanın yaranma və inkişaf tarixi ötən əsrin 40-ci illərinə təsadüf edir. Bu idman növünün qısa müddət ərzində xeyli populyarlıq qazanması tezliklə təşkilatlanmaya təkan verdi. 
1956-cı ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) yaradıldı. Azərbaycan müstəqillik qazandıqdan sonra 1993-cü ildə milli federasiya Beynəlxalq Gimnastika Federasiyasına, 1996-cı ildə isə Avropa Gimnastika İttifaqına üzv qəbul olundu.
1990-cı illərin əvvəllərində idmanda baş verən tənəzzül gimnastikadan da yan ötməmişdi. Azərbaycan gimnastları beynəlxalq yarışlarda çox zəif çıxış edir, sonuncu yerləri tuturdular. Beynəlxalq gimnastika təşkilatları ilə əlaqələr yox dərəcəsində idi. 2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının növbəti hesabat-seçki konfransı ərəfəsində real vəziyyət belə idi. Həmin il oktyabrın 7-də isə Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra ölkəmizdə bu idman növünün yeni inkişaf mərhələsi başlandı. 
Gimnastika Federasiyasının yeni seçilmiş rəhbərliyi ilk növbədə ölkə gimnastikasının imkanlarını öyrəndi. Bundan sonra Azərbaycan Gimnastika Federasiyası öz gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Bu istiqamətlər respublikada gimnastika bölmələrinin fəaliyyətinin gücləndirilməsi, məşqlər üçün yaxşı şəraitin yaradılması, Azərbaycan çempionatlarının yüksək səviyyədə təşkili və keçirilməsi, AGF-nin beynəlxalq əlaqələrinin qurulması, dünya və qitə federasiyaları ilə əməkdaşlığın gücləndirilməsi, Azərbaycanda bədii gimnastika üzrə beynəlxalq yarışların keçirilməsi, Afina Olimpiya Oyunlarına lisenziya qazanılması, respublikada gimnastika üzrə mütəxəssislərin, məşqçi və hakimlərin yetişdirilməsi, onların öz bilik və bacarıqlarının təkmilləşdirilməsi idi. Eyni zamanda respublikanın regionlarında gimnastika bölmələrinin yaradılması, yalnız bədii gimnastikanın deyil, digər növlərin də inkişaf etdirilməsi, Azərbaycan gimnastlarının beynəlxalq yarışlarda daha çox iştirakının təmin edilməsi, gimnastikanın maddi-texniki bazasının gücləndirilməsi, gimnastikanın təbliğ olunması qarşıya vəzifə qoyuldu.
Çox tezliklə gimnastika sahəsində mühüm canlanma hiss olunmağa başladı. Respublika çempionatlarının və birinciliklərinin təşkili və keçirilməsindəki çatışmazlıqlar tezliklə aradan qaldırıldı. İdmançıların beynəlxalq səviyyəli yarışlara qatılması üçün şərait yaradıldı. Məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində ölkə gimnastikası özünün yeni inkişaf mərhələsinə qədəm qoydu.

 

Mötəbər turnirlərin dəyişilməz ünvanı

 

Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva Beynəlxalq Gimnastika Federasiyasına bədii gimnastika üzrə dünya kubokunun mərhələ yarışının Azərbaycanda keçirilməsi ilə bağlı müraciət etdi. Beynəlxalq Gimnastika Federasiyası Afinada keçirilmiş 74-cü konqresində dünya kubokunun "A" kateqoriyalı mərhələsinin 2003-cü ilin avqustunda Azərbaycanda keçirilməsi barədə qərar qəbul etdi. Belə mötəbər yarış ilk dəfə idi ki, Azərbaycana salınırdı. Bu, Azərbaycan gimnastikasının ölkənin müstəqilliyi illərində əldə etdiyi ilk böyük uğur oldu və bədii gimnastika tariximizə parlaq bir səhifə kimi yazıldı.
2003-cü ilin aprelində dünya kubokunun mərhələsinin təşkilinə hazırlıqla tanış olmaq üçün Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi, baş katib Norbert Buşe, baş katibin müavini Andre Quisbuhler və bədii gimnastika üzrə texniki komitənin rəhbəri xanım Egle Abruzzinidən ibarət nümayəndə heyəti Azərbaycana gəldi. Beynəlxalq qurumun ölkəmizə gəlmiş nümayəndə heyəti səfər zamanı paytaxtın idman kompleksləri, gimnastikanın maddi-texniki bazası ilə tanış oldular. Bu tanışlıq mövcud şəraitin mötəbər beynəlxalq yarışın Azərbaycanda keçirilməsi üçün hər cür yararlı olduğuna qonaqları əmin etdi.
2003-cü ilin avqustunda Bakıda 17 ölkə təmsilçilərinin iştirak etdiyi bədii gimnastika üzrə dünya kubokunun mərhələsi çox yüksək səviyyədə keçdi. Azərbaycana gəlmiş qonaqlar və idmançılar ölkəmizdən xoş təəssüratlarla ayrıldılar.
Ümumiyyətlə, son 20 ildə Bakı bir çox beynəlxalq gimnastika yarışlarına evsahibliyi etdi. 2004-cü ildə Heydər Əliyev adına İdman-Konsert Kompleksində bədii gimnastika üzrə dünya kubokunun mərhələ yarışı keçirildi. Dünya kuboku idman tariximizdə layiqli izlər qoydu. 
2005-ci ilin mayında Bədii Gimnastika üzrə 27-ci Dünya Çempionatı Bakıda keçirildi. Həmin il Bakıda dünya kubokunda "A" kateqoriyasına malik AGF Kuboku uğrunda yarış da təşkil olundu.  
Mehriban xanımın rəhbərliyi ilə 2007-ci ilin iyununda Bədii Gimnastika üzrə 23-cü Avropa Çempionatı da parlaq nəticələrlə Bakıda keçirildi. Yarışlarda dünyanın 32 ölkəsindən 186 gimnast iştirak etdi. 2014-cü ildə isə Bakı yeni tikilmiş Milli Gimnastika Arenasında 30-cu Avropa çempionatını qəbul etdi.Turnirdə qitənin 30 ölkəsindən 250-dən çox gimnast yarışdı. 
2018-ci ildən bu günə kimi  Bakıda idman gimnastikası üzə dünya kubokları, həmçinin batut gimnastikası, tamblinq və ikili-mini batut üzrə Avropa çempionatı, bədii gimnastika üzrə "AGF Junior Trophy" adlı beynəlxalq turnir, bədii gimnastika üzrə dünya kuboku və gənclər arasında Avropa üzrə Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışları təşkil edilib. 
 

Azərbaycan Avropa Oyunlarının standartını müəyyənləşdirdi

 

2015-ci ilə nəzər yetirdikdə isə, diqqətçəkən ən böyük idman hadisəsi, sözsüz ki, tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarının Bakıda keçirilməsi idi. Ölkəmiz 2 ildən çox davam etdirilən yüksəksəviyyəli hazırlıq işlərindən sonra Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının mübarizə apardığı bu idman yarışını layiqincə təşkil etməklə tək özünün deyil, "köhnə qitə"nin idman tarixinə möhürünü vurdu. Çünki indiyədək yalnız Avropa ölkələrinin təmsil olunduğu bu cür möhtəşəm idman yarışması keçirilməmişdi.
İlk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında qəbul edilib. AOK Baş Assambleyasının qərarı səsvermədə iştirak edən 48 nəfərdən 38-nin səs çoxluğu ilə qəbul edilib. 
Prezident İlham Əliyev 2013-cü il 17 yanvarda "I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sədrliyi ilə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb.
Bu tipli oyunlar üçün 7-8 il zaman verilsə də, Azərbaycanın Avropa Oyunlarına hazırlıq üçün cəmi iki il yarım vaxtı vardı. Olimpiadanın keçirilməsində böyük təcrübə mövcuddur və Beynəlxalq Olimpiya Komitəsi, demək olar ki, hər bir sahə üzrə öz göstərişlərini verir. Mövcud təlimatlarda hər bir istiqamət üzrə müəyyən edilmiş metodiki qaydalar var. I Avropa Oyunları üçün isə heç bir təlimat və təcrübə yox idi. Belə olan halda bütün məsuliyyət, təşkilati məsələlərin yoluna qoyulması Azərbaycanın öz üzərinə düşürdü. 
AOK-un qəbul etdiyi qərardan keçən müddətdə oyunlara hazırlıq işlərinin sürəti və miqyası gözlənilməz səviyyədə artmışdı. Mehriban xanım Əliyevanın başçılıq etdiyi Təşkilat Komitəsinin apardığı gərgin və məqsədyönlü işin səmərəsi göz önündə idi. Avropa Oyunlarının keçiriləcəyi idman qurğularının tikintisi və təkmilləşdirilməsi işi dünya standartlarına uyğun və yüksək keyfiyyətlə aparıldı. Cəmi iki il yarımdan da az vaxtda 5 yeni idman kompleksi tikilərək istifadəyə verildi. Bunlar Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Bakı Su İdmanı Sarayı və Veloparkdır. 
Yarışların keçirildiyi digər idman qurğuları isə tamamilə yenidən quruldu, ən müasir standartlara uyğunlaşdırıldı. Qısa müddətdə bu qədər işin görülməsi, həqiqətən, gərgin və fədakar zəhmət tələb edirdi. Lakin ölkəmiz ən yüksək formada bunun öhdəsindən gəlməyi bacardı. Bakıda yeni infrastrukturun yaradılması və oyunların təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsi göstərdi ki, Təşkilat Komitəsi hazırlıq işlərini göstərilən vaxtdan da əvvəl yüksək səviyyədə başa çatdırmaqla misli görünməmiş bir uğura imza atdı.
Bu uğurların qazanılmasında, sözsüz ki, Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın xüsusi rolu vardı. Prezident İlham Əliyevin dediyi kimi, Təşkilat Komitəsi tərəfindən hər bir xırda məsələ ilə bağlı işlər yüksək səviyyədə görüldü. Mehriban Əliyeva bu oyunların keçirilməsinə çox böyük töhfə verdi. Dövlət başçısı Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban xanım Əliyevanı "Heydər Əliyev" ordeni ilə təltif etdi.

 

Uğur estafeti IV İslam Həmrəyliyi Oyunlarında davam etdirildi

 

Mehriban xanım Əliyevanın "Bakı-2015" ilə başlatdığı uğur estafeti "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında da davam etdi. 2017-ci ilin mayında paytaxtımız müsəlman aləminin idman mərkəzinə çevrildi. İslam dünyasının idman həyatı üçün əlamətdar olan "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları çox böyük uğurla yekunlaşdı. 
2015-ci il sentyabrın 18-də Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzaladı. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi qarşıya qoyulan vəzifələri uğurla həyata keçirdi. Ölkə rəhbərliyinin diqqət və qayğısı, Təşkilat Komitəsinin yüksək təşkilatçılığı sayəsində IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə baş tutmasına lazımi şərait yaradıldı.
Təşkilat Komitəsinin 2 il ərzində məqsədyönlü fəaliyyəti digər təşkilatlara örnək oldu. Bakının 16 idman arenasının hər biri yarışlara yüksək səviyyədə hazırlandı və digər zəruri təşkilati tədbirlər həyata keçirildi. Müsəlman ölkələrinin federasiya nümayəndələri, ən yaxşı idmançıları, şəhərimizin qonaqları Bakıda aparılan hazırlıq işlərindən, onlar üçün yaradılan ideal şəraitdən, insanlarımızın qonaqpərvərliyindən, bir-birindən modern idman arenalarından, xüsusən də təntənəli açılış və bağlanış mərasimlərindən heyrətə gəlmişdilər.

 

Uğurlu fəaliyyətə layiqli qiymət

 

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ərəfəsində isə Azərbaycan gimnastikası adına daha bir xoş xəbər gəldi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yüksək mükafatı ilə təltif olundu. 
Bu qərar FIG Şurasının Bakıda keçirilən iclasında qəbul edildi. 2020-ci ildə Tokioda keçirilən XXXII Yay Olimpiya Oyunlarına hazırlıq dövründə FIG-nin ali orqanlarının ilk dəfə Bakıda keçirilən bu iclasında Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe və vitse-prezidentlər, Şuranın Konqres tərəfindən seçilmiş üzvləri, qitələrin gimnastika federasiyalarının, FIG-nin texniki komitələrinin prezidentləri və digər vəzifəli şəxslər iştirak etmişdilər.
Tədbirdə çıxış edən M.Vatanabe Azərbaycan Gimnastika Federasiyasının gördüyü işlərdən ətraflı söhbət açıb, gimnastikanın təbliği və inkişafı, ən müasir beynəlxalq standartlara uyğun gimnastika arenalarının tikintisi və təchizatı, idmançı və məşqçilərə göstərilən qayğı və onlar üçün yaradılan şərait, yarışların yüksək səviyyədə təşkili baxımından federasiyanın fəaliyyətini xüsusi qiymətləndirdi. Azərbaycan Gimnastika Federasiyasının prezidenti, ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə FIG-nin yüksək mükafatı ilə təltif olunduğunu bildirdi.
Beləliklə, I Avropa və IV İslam Həmrəyliyi Oyunlarında Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi qısa müddət ərzində ən yüksək təşkilatçılıq nümunəsini ortaya qoydu. Həmin oyunlar bütün məziyyətləri ilə müstəqil Azərbaycanı dünyaya yenidən tanıtdı, ölkəmizin təbliğində olduqca müstəsna rol oynadı. Bu baxımdan Mehriban xanım Əliyevanın ən yüksək mükafatlarla təltif olunması onun layiqli və mənəvi haqqıdır. 
Göründüyü kimi, bu gün Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını hamılıqla şərəf və qürur hissi ilə seyr ediriksə, bütün bu nailiyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasəti dayanır. Məhz bu idman siyasətinin nəticəsidir ki, Azərbaycan gimnastları getdikcə uğurlarının sayını artırmağa, nailiyyətlərini daha da yüksəltməyə başlayıblar. Elə Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında əldə edilən nailiyyəti göstərmək yetərlidir. Yəni gimnastikaya qayğı siyasəti XXXIII Yay Olimpiya Oyunlarında da qazanılan nəticədə özünü göstərdi. Belə ki, Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası "Paris-2024"də 5-ci pilləni tutaraq tarixi nəticəyə imza atdı. Bu nailiyyətlə Azərbaycan bir çox böyük dövlətləri qabaqladı və bir ilkə imza atdı.  
Birinci vitse-pezident Mehriban Əliyeva sosial şəbəkə hesabında bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edərək onların uğurlarını çox yüksək dəyərləndirdi: "Əhsən! Sizinlə fəxr edirəm! Əziz gimnastlar, sizin zəhmətiniz, mətanətiniz və ən yaxşı olmaq istəyiniz sayəsində əldə olunan tərəqqi göz qabağındadır! Məharətinizə, qələbə əzminizə və ən mürəkkəb elementləri zərifliklə yerinə yetirdiyinzə görə sağ olun! Sizə yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram! Sizi sevirəm!"
Gənclik və idman bir-birini tamamlayan məfhumlardır. Müasir gənclərin hərtərəfli formalaşması, rəqabətə davamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Gənclərimiz tək idmanda deyil, bütün sferalarda aktiv rolu ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi sahələrdə də mühüm rol oynayırlar. Bütün bunlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanların, yüksək diqqət və qayğının nəticəsidir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video