25 Avqust 2024 09:05
892
CƏMİYYƏT
A- A+

"Gəl sənə Laçınımı göstərim..."

 

Şərqi Zəngəzurun qədim diyarı Şəhər Gününü möhtəşəm təntənə ilə qeyd edir 

 

Şərqi Zəngəzurun giriş qapısı, uca dağların qoynundakı cənnətməkan Laçındayıq... 
İsti avqust ayı olsa da, Laçında dumanlı-çənli, yağmurlu hava var bu gün... 
Tərtəmiz dağ havası oksigen deposudur sanki...
Kəklikotunun bihuş edən rahiyəsi ətrafa yayıldıqca adamın ruhunu oxşayır...
Həkəri çayını keçib şəhərə doğru yüksəkliyə qalxdıqca elə bil rəssamın peyzajına tamaşa edirsən...
Laçın bir ayrı mənzərədir, baxdıqca adamın ürəyi dağa dönür.
Bir anlıq fikirləşəndə ki, bu boyda əzəməti Zəfərimizin memarı İlham Əliyev cəmi 7 aya ərsəyə gətirib, qürurlanırsan, fəxarət hissi keçirirsən. 

 

İlham Əliyev Laçını cənnətə döndərib

 

Şəhərin küçələri Zəfər bayrağımıza bürünüb. Laçın Şəhəri Gününə hazırdır. İllər sonra doğma yurdlarına qayıdan laçınlılar xoş əhvali-ruhiyyədədirlər. Bu da hər kəsin bayram ovqatında olduğunu hiss etdirir. Qarşımıza çıxan insanlar mehribanlıqla salam verir, bizi evlərinə dəvət edirlər... 
Yolun lap kənarındakı evin küçə qapısında dayanan orta yaşlı bir kişi qürurla  bizə yaxınlaşıb, "Ərəbzəngi" kimi  yolumuzu kəsərək ərklə deyir:
- Əlinizdəki fotoaparatdan, dəftər-qələminizdən sizi jurnalistə oxşadıram. Atamın ruhu haqqı bir stəkan kəklikotulu çayımı içməsəniz, sizi heç yerə getməyə qoymaram. Adım Gündüzdür... Bu ev də heç adi ev deyil. Qarabağın xilaskarı, bu Vətəni cənnətə döndərən İlham Əliyevin özü də bu evdə olub... 
Gündüz kişinin israrlı təklifi ilə razılaşmaqdan başqa carəmiz qalmadığını hiss edib, söhbəti çay süfrəsi arxasında davam etdiririk. Öyrənirik ki, beş nəfərdən ibarət Təhməzovlar ailəsı doğma yurda dönən ilk 20 ailədəndir. Ailə 31 illik köçkünlük həyatını Pirəkəşküldə hərbi şəhərciyin yataqxanasında dar, şəraitsiz otaqlarda keçirib. 
Ailənin başçısı, Gündüzün anası İpək xanım deyir: "Yaxşı ki, keçmişə qayıtmaq olmur. Əgər mənə desələr ki, keçmişi istəyirsən, yoxsa gələcəyi, məmnuniyyətlə gələcəyi seçərdim. Keçmişdə nə gördük ki? Ölüm, qan-qada... Qardaş-qardaşa silah qaldırırdı. Ermənilərin gündə bir kəndimizi işğal etməsini bir kənara qoyaq, qardaş qırğınının bir addımlığındaydıq. O illəri yada salanda adam az qalır ki, dəli olsun. Nə yaxşı ki, Allah Heydər Əliyevi bu millətə bəxş etdi. Nə yaxşı ki, Heydər Əliyev bu xalqa sahib çıxdı... 
Laçından əliyalın, ayağıyalın, bir yaylığımızı götürüb çıxmışdıq. Göydən od ələnirdi. Cavanlarımız bizi - namuslarını qorumaq üçün canlarını düşmənə sipər etmişdilər. Düşmən evimizi, illər boyu zülmlə topladığımız nəyimiz vardısa, oda qalamışdı. Buradan çıxarkən dönüb geri baxanda yalnız yanan evlərimizin tüstüsünü görürdük. 
Eşidəndə ki, Laçına qayıdırıq, gözlərim önündə o mənzərə təkrar canlandı. Anaların ahından, qız-gəlinlərin naləsindən qulaq tutulurdu. Düzünü deyim ki, qayıtmaq istəmirdim. Deyirdim, gəlib o xarabalıqları görüb, o illərin acı xatirəsini təkrar yaşayacağam. İndi bir ətrafa baxın, Laçın cənnətdir. Bu yaraşıqlı, gözəl evləri, güllü-çiçəkli həyətimizi görəndə gözlərimə inanmadım. Dedim ki, İlahi, bu nə hikmətdir, sən mənə bu dünyada sağ ikən cəhənnəmi də, cənnəti də göstərdin. 30 il bundan əvvəl biz həyatımızda cəhənnəm əzabı yaşadıq. 30 il bundan əvvəlki Azərbaycanla indiki Azərbaycanı müqayisə etsək, fərq elə cənnətlə cəhənnəm qədərdir. Heydər Əliyevin oğlu İlham Əliyev bizə bu dünyada cənnəti də göstərdi. Bundan sonra ölsəm də, dərdim yoxdur.
Söhbətə  Gündüz Təhməzov qoşulur. Şuşa işğal edildikdən sonra Laçın mühasirəyə düşmüşdü. Ermənilər həm Şuşa tərəfdən, həm Gorus istiqamətindən, həm də Zabux tərəfdən şəhərə hücum edirdilər. Dığ kəndində yerləşdirdikləri  uzaqvuran toplarla şəhəri artilleriya atəşi altında saxlayırdılar. Ordu deyilən bir şey yox idi. 
Laçın işğal olunan gün biz od-alovun içində, ayaqyalın, sahibsiz canımızı götürüb dədə-baba yurdumuzu tərk etmək məcburiyyətində qalmışdıq. Hara gedəcəyimizi, nə edəcəyimizi kimdənsə soruşmağı belə bilmirdik. Allah sanki bizi sınağa çəkirdi. Buradan birtəhər Pirəkəşkülə getdik, orada hərbçilərin yataqxanasında yerləşdik... 
Heydər Əliyev yarımçıq qalmış işlərini İlham Əliyevin tamamlayacağını demişdi. Maşallah, oğul belə olar. Ata vəsiyyətini birə-bir yerinə yetirdi… Torpaqları işğaldan azad edib bu torpaqları cənnətə döndərdi.   
İndi Laçında öz evimizdəyik. O evdə ki, 31 il əvvəl burada ürəyimizi qoyub getmişdik. Deyirlər ki, dövlət başçısını yuxuda görən adamın evindən bərəkət əskik olmaz. Həyatımız yuxu kimi olsa da, gördüklərimizə hətta özümüz inanmasaq belə, dövlətimizin başçısı evimizdə qonağımız oldu. Bu evin açarlarını özü bizə təqdim etdi. Bizə ən xoş arzularını çatdırdı. Artıq evsiz-eşiksiz deyilik. İndi bizə daha "qaçqın" deyən də yoxdur. İlham Əliyev Laçını gülüstana döndərib. Dünyanın hər yerindən turistlər axışıb Laçına gəlir. Turistlərin gəlişi dolanışığımıza da yaxşı təsir edir.

 

"Belə bir evimizin ola biləcəyini xəyal etmirdik"

 

Ailənin böyük övladı Həsən keçmişi xatırlayır: "Gözümüzü dar, heç bir şəraiti olmayan otaqda açmışıq. Elə bilirdik ki, dünya özü o dar otaqdan ibarətdir. İnsan gördüyünə inanır. Nənəm, valideynlərim Laçından, onun gözəl təbiətindən danışanda bizə çox qəribə gəlirdi. Elə bilirdik ki, valideynlərimizin təsvir etdiyi gözəlliyi yalnız kinolarda görmək olur. Ona da hansısa xarici ölkədə çəkilmiş filmlərdə rast gəlmək mümkündür. 
Xəyal belə edə bilməyəcəyimiz gözəl evimiz var. Həyətimizdə yaradılan şəraiti görəndə özümüz də təəccübləndik. İnanın,  burada yaşadığımızın ili tamam olsa da, bu evin, bu gözəlliyin bizim olduğuna hələ də inana bilmirik. Biz gerçək mənada özümüzü cənnətdə hesab edirik. Sinif yoldaşlarımıza, dostlarımıza şəkillər çəkib göndəririk. Dostlarımıza deyirik ki, biz Laçında yox, cənnətdə məskunlaşmışıq. İndiyə kimi özümüzü perspektivsiz, dünyanın ən imkansız uşaqları hesab edirdik. Elə zənn edirdik ki, yaşadığımız o həyat ömürlük bizə yoldaşdır. İndi dünyanın ən xoşbəxt uşaqlarıyıq. Prezidentimiz həyatımızı dəyişdi, bizi xoşbəxt etdi. Bu, borcu ödənilməz, haqqı verilməz böyük bir işdir. Gözəl evimiz, cənnətə bənzər Laçınımız var. Şəhər gününü qeyd etməyə hazırlaşırıq. Bu, cənnətməkan yurdun vətəndaşı olduğumuz üçün çox qürurluyuq. Bizə bu gözəlliyi verdiyi üçün Prezidentimizə minnətdarıq".
Söhbətimizi Gündüzün həyat yoldaşı Arifə xanımla davam etdiririk...
- Pirəkəşküldə şəhid Həsən Qorçiyev adına Səfyan kənd orta məktəbində müəllim işləmişəm. Problemlər, şəraitsizlik olan yerdə nəinki işləməyə, adamın yaşamağa belə həvəsi olmur. Laçına gəldikdən sonra özümdə çox böyük enerji, işləmək həvəsi hiss edirəm. Şagirdlərimə Azərbaycan Ordusunun qüdrətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən, qəhrəman əsgərlərimizin döyüş şücaətindən, işğaldan azad olunmuş torpaqlarımızda gedən abadlıq, quruculuq işlərindən danışıram.
Bayrama - Laçın Şəhəri Gününü qeyd etməyə hazırlaşırıq. Respublikanın müxtəlif yerlərində yaşayan bütün laçınlılar bu gözəl gündə Laçında olmaq istəyirlər... İnsanlar maşın-maşın axışıb bura gəlirlər. Mehmanxanalarda yer tapmaq mümkün deyil... Son günlər təsərrüfat mağazalarında ən çox satılan "şiş", "manqal" olub... 
Prezidentimizə minnətdarıq. Bizi evli-eşikli, yenidən laçınlı etdiyi, bu gözəllikləri təkrar  qaytardığı üçün...
Qonşu həyətdən manqal tüstülədikcə, ətrafa yayılan kabab iyi adama "gəl-gəl" deyirdi. Bu arada qonşudan səs eşidildi:
- Gündüz, mamaoğlu, sən Allah,  qonaqlarını da götür gəl bizə. 
- Qisməti qaçırmayın...

 

"Evimin açarlarını Qarabağın xilaskarı şəxsən özü mənə təqdim edib"

 

Gündüz izahat verir ki, qonşuluqdakı ev dayısı oğlu Elxan Qaraşovundur. Ötən il mayın 28-də doğma yurda qayıdan ilk 20 ailədən biri də Elxanın ailəsidir. Laçında ən nümunəvi, geniş, yaraşıqlı evlərdən biri də onun evidir. Bizi mehribanlıqla, köhnə tanışı kimi qarşılayan Elxan Qaraşov evini göstərərək deyir:
- Qaçqınlıq dövründə Bakının Nizami rayonunda yataqxanada yaşamışıq. İnanın ki, hər gün Laçını, evimizi yuxuda görürdüm... Evimdə ermənilər məskunlaşmışdı. Laçın azad olunandan sonra tam təmir edilib.... 
Bu evin əsas dəyəri ondadır ki, açarlarını Qarabağın xilaskarı, hörmətli Prezidentimiz İlham Əliyev özü mənə təqdim edib. Sizə qəribə gəlməsin, yataqxana həyatından sonra bir müddət bu saraya alışa bilmirdik. Mənə elə gəlirdi ki, kim isə gəlib deyəcək "çıxın buradan. Bu ev sizin deyil". Allah dövlətimizi var etsin. Prezidentimizi qorusun. Bu həyatı yaşadığımız üçün ona borcluyuq. Oğlum Rəsulun evlənmək, mənim də baba olmaq vaxtımdır. Artıq heç bir dərdimiz yoxdur. Tezliklə bu həyətdə  elə bir toy edəcəyik ki, sədası hər yerə yayılacaq...
Söhbətə Elxanın ömür-gün yoldaşı Yeganə müəllim qoşulur: 
- İngilis dili müəllimiyəm. Laçın 2 nömrəli məktəbində və Zabuxda dərs deyirəm. Hərdən fikirləşirəm ki, yaşadığımız  qaçqınlıq həyatı da bir imtahanmış... Çox şükür, hər şey arxada qaldı. Bu cənnət diyarda, belə gözəl şəraitdə yaşayırıq. Hər açılan sabah şükr edirik. Laçın Şəhəri Gününü qeyd edəcəyik. Bu, bizim üçün ən yaddaqalan bir bayramdır. Keçən il Mehriban xanım ad gününü  bizimlə bir yerdə keçirdi. Laçında əsl çal-çağır idi...
Bizə bu gözəlliyi bəxş etdiyi üçün Prezidentimizə minnətdarıq. Bu torpaqları qansız, qadasız azad edib, qısa müddətdə belə cah-cəlal yaratmaq böyük hünər istəyir. O da bizim Prezidentimizdə var. Allah onu daim var etsin!

 

"Dövlətimlə, Prezidentimlə fəxr edirəm"

 

Qonağı olduğumuz Mirzəyevlər ailəsi də şəhərə ilk köçənlərdəndir. Evin böyüyü Rəşad Mirzəyev "Laçın Abadlıq Xidməti"ndə çalışır. Rəşadın iki qızı var: Fatimə və Zəhra. Ömür-gün yoldaşı Ülviyyə xanım müəllimdir. 
Rəşad deyir ki, Laçın təbii istehkamdır, təbii qaladır. Belə bir alınmaz qalanı Prezidentimiz güllə atmadan geri qaytardı. İllərlə üstümüzdə olan ağır yükü götürdü. Üzümüzün qarasını təmizlədi.
- Prezidentimlə qürur duyuram. Dövlətimlə fəxr edirəm. Laçında gedən abadlıq-quruculuq işlərini ermənilər görür. İllərlə dağıdıb xarabazarlıqlara çevirdikləri torpaqlarda bu mənzərəni görən ermənilər artıq anlayırlar ki, biz torpağın sahibi olduğumuz üçün qururuq, yaradırıq. Bu torpaqlara yenidən həyat veririk. Görünür, ermənilər buradan gedəcəklərini bilirlərmiş. Ona görə dağıtmaqla, talamaqla məşğul olublar. Heç vaxt xəyal edə bilməzdim ki, Laçın bu qədər gözəlləşə bilər, biz nə vaxtsa belə gözəl şəraiti olan evlərdə, cənnətlə müqayisə oluna biləcək bir məkanda yaşayacağıq. Bunu bizlər üçün  xilaskar Prezidentimiz etdi. Bizə  bu dünyada cənnəti yaşadır. Dövlətimlə fəxr edirəm. İlham Əliyev kimi Prezidentimiz olduğu üçün qürur duyuram.  
Rəşadın həyat yoldaşı Ülviyyə Cəfərova söhbətə qoşulur:
- Laçının həsrətini çox çəkmişik. İndi də yatanda yuxuda Laçını görürəm... Bu gözəllikləri seyr etməkdən doymuram. Laçın təbiətlə insan zəkasının yaratdığı bir gözəllik tablosuna bənzəyir. Bu gözəllikləri biz laçınlılara bəxş edən dövlətə, onun Prezidentinə min alqış.  Laçın şəhər 2 nömrəli məktəbdə şagird birliyinin rəhbəri işləyirəm. Məktəbdə şagirdlərimə, evdə isə övladlarıma deyirəm ki, biz layiqli vətəndaş olmaqla yanaşı, yaxşı əməllərimizlə vətənə xidmət etməliyik. Nə vətənin, nə bizə bu həyatı yaşadan dövlətin, nə də həyatını Azərbaycanın quruculuğuna həsr edən Prezidentimizin borcunu verə bilərik. Ömrü boyu Prezidentimizə minnətdar olacağıq.
Rəşadın qızları Fatimə ilə Zəhra deyirlər ki, Laçın haqqında valideynlərindən, məktəbdə müəllimlərdən çox eşidiblər: "Buraya ilk dəfə gələndə düşündük ki, yəqin valideynlər bizimlə zarafat edir. Yəqin hansısa Avropa ölkələrindən birinə səyahət etmişik. 
Burada Allahın və insanların əlləri ilə yaradılan möcüzəni, gözəllikləri görüb təəccüblənirdik. Bakıda olan sinif yoldaşlarımızla, rəfiqələrimizlə telefonla əlaqə saxlayanda bizim Laçında olduğumuza inanmırlar. Bəlkə də haqlıdırlar. Az bir vaxtda  bu gözəlliyi yaratmaq üçün gərək möcüzə baş versin. Amma bu möcüzə yox, həqiqətdir. Bu gözəlliklər Prezidentimizin öz vətəndaşlarına olan sevgisinin ifadə formasıdır. Dövlətimizlə, dövlətimizin başçısı ilə fəxr edirik. Çalışıb yaxşı oxuyacaq, bu vətənə olan borcumuzu layiqli vətəndaş olmaqla qaytaracağıq. Bizə verilən fürsətdən istifadə edib bütün laçınlıları şəhər günü münasibətilə təbrik edirik.

 

2026-cı ilədək Laçına 12 min nəfər sakinin köçürülməsi planlaşdırılır

 

Beləcə şəhərdə bir neçə ailənin qonağı olub, səmimi fikirlərini öyrəndik. Laçındakı yenidənqurma, əhalinin məşğulluğu, müasir yeni infrastrukturlar, şəhərə köç ilə bağlı ətraflı məlumat almaq üçün Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə baş vururuq. 
Laçın rayonunda Azəbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyevlə söhbətimiz əsnasında bəlli olur ki, Laçın Şəhər Gününə hazırllıqlar gedir. Ötən ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Böyük qayıdışı təmin edəcək dövlət proqramına əsasən, indiyədək Laçın şəhərində 552 ailə məskunlaşıb. Ümumilikdə isə Zabux və Sus kəndləri və Laçın şəhərinə indiyədək 828 ailə, təxminən 3069 nəfər sakinin köçürülməsi təmin edilib. 
Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarındandır.  Artıq Həkəri çayında astana və göl yaradılıb. Gölün üzərində asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb, kotteclər tikilib. 
Bütövlükdə qısa müddət ərzində Laçın şəhərində 411 fərdi yaşayış evi və 40 mənzil, o cümlədən 75 qeyri-yaşayış binası inşa edilib. 
Laçın rayon 2 nömrəli tam orta məktəbinin 510 şagird yeri var, məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. 
Ötən il avqustun 25-də Laçın rayonunda "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub. Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi olan "Hoçazfilm" studiyası Laçın şəhərində iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülüb. Studiya Laçın başda olmaqla, ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaqla regional audiovizual mərkəz kimi fəaliyyət göstərəcək. 
Şəhərdən bir qədər aralıda yerləşən Zerti kəndində böyük sənaye sahəsi yaradılıb. Orada əhalinin məşğulluğu üçün bir çox müəssisə fəaliyyət göstərir. Laçına geri qayıdan sakinlərin burada işlə təmin edilməsi prosesi reallaşır.
2024-cü ildə şəhərin tikintisinin növbəti fazası işə başlayacaq. Hüseyn Quliyev deyir ki, yeni yaşayış məntəqələrinin salınması, yol infrastrukturunun qurulması nəzərdə tutulur. 
Əhalinin dövlət xidmətlərinə əlçatanlığının asanlaşdırılması üçün şəhərdə DOST və "ASAN xidmət" mərkəzlərinin yaradılması nəzərdə tutulub. 2026-cı ildək Laçına 12 min nəfər sakinin köçürülməsi planlaşdırılır.  2025-ci ilin əvvəlində isə Qorçu hava limanının açılması gözlənilir.  

 

Prezident 7 dəfə Laçına səfər edib

 

Laçının tikinti-quruculuq işlərini daim diqqətdə saxlayan Prezident İlham Əliyev mütəmadi olaraq Şərqi Zəngəzura səfərləri zamanı bu cənnətməkana da baş çəkir. Hər səfərində dövlət başçısı hansısa obyektin təməlqoyma və ya açılış mərasimində iştirak edir. Prezidentin Laçına ilk səfəri 2021-ci il yanvarın 14-də olub. Həmin gün Güləbird kəndində Azərbaycan bayrağını ucaldan İlham Əliyev su-elektrik stansiyasının açılışını da edib. 
Prezidentin ikinci səfəri 2021-ci il avqustun 16-da olub. Bu səfər zamanı dövlət başçısı Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub. 
2022-ci il iyun ayının 26-da Prezident Şərqi Zəngəzura səfəri çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi, "Qorçu" elektrik yarımstansiyasında görülən işlər, "Həkəriçay" su anbarı layihəsi və Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olub. 
2022-ci il sentyabrın 21-də Prezident Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanış olub,  Laçın şəhərində Azərbaycan bayrağını ucaldıb, Laçın şəhərində inşa ediləcək "Laçın" qovşaq yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib.
2023-cü il mayın 28-də Laçına səfəri çərçivəsində doğma yurdlarına qayıdan laçınlılarla görüşən dövlət başçısı yeni mənzillərin açarlarını onlara təqdim edib. Bununla yanaşı, Laçın şəhərinin Baş planının təqdimatı olub, 
2023-cü il 25-26 avqust tarixlərində Prezident "Azərenerji"nin "Mişni" və "Alxaslı" Kiçik Su-Elektrik stansiyalarının açılışını edib, Laçın Beynəlxalq Hava Limanında aparılan işlər, Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi ilə tanış olub, mehmanxana kompleksinin təməlqoyma mərasiminə qatılıb, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin, "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayon 2 nömrəli tam orta məktəbin, "Həkəri Balıq Təsərrüfatı"nın açılışlarını edib. 
Dövlət başçısı Laçının Zabux kəndində görülmüş işlərlə tanış olub və sakinlərlə görüşüb, Laçın şəhərində keçirilən "Laçın Şəhəri Günü" münasibətilə bayram şənliklərində iştirak edib.
Bu il Prezident mayın 10-da Laçına səfər edərək Sus kəndində görülmüş işlərlə tanış olub, sakinlərlə görüşüb və həmçinin  "Azərenerji" ASC-nin "Zabux" və "Qarıqışlaq" Kiçik Su-Elektrik stansiyalarının (KSES) açılışlarında iştirak edib. 
Bütün bunlar bir daha onu göstərir ki, dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prosesini daim diqqətdə saxlayır və Böyük qayıdış konsepsiyasının tez bir zamanda reallaşması üçün əlindən gələni əsirgəmir. 
Yenidən qurulan Laçın şəhəri həqiqətən də möhtəşəmliyi ilə göz oxşayır. Avqustun 26-da şəhər gününü qeyd edən Laçın düşmənə göz dağı verir. 
Buraya qonaq gələn geri dönmək istəmir. Amma bizim bu maraqlı reportajı hazırlamaq üçün Bakıya dönməyimiz mütləq olduğu üçün məcburən geri qayıdırıq. Amma xoş təəssürat, sevinc dolu hisslərlə...

 

Rəşad BAXŞƏLİYEV,
Elşən QƏNİYEV,
"Azərbaycan"
Bakı-Laçın-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video