25 Avqust 2024 09:10
1049
SİYASƏT
A- A+

Örnəyə çevrilən milli məram

 

Azərbaycan dövlətinin öz tarixinin ən qüdrətli dövrünü yaşaması tək ölkəmizdə deyil, regionda və dünyada qəbul olunan həqiqətdir. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən 21 ildə nail olunan sosial-iqtisadi yüksəlişdən başlamış, Azərbaycanın qlobal miqyasda söz sahibinə, regionun nəqliyyat qovşağına çevrilməsinə və kosmik kluba daxil olmasına qədər qazanılan hər bir möhtəşəm nailiyyət bu reallığı təsdiq edən mühüm siyasi uğurlardır. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, bu qələbənin davamı olaraq ərazi bütövlüyümüzün tam bərpa olunması, tarixi yurd yerimiz olan Qarabağda iki əsr əvvəl başlamış mənfur erməni separatizminə son qoyulması isə uğurlarımızın möhtəşəm zirvəsidir. 

 

Dövlət və vətəndaş naminə

 

Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasi kursunun nəticəsində tariximizə həkk olunan hər bir uğur və qürurdoğuran hadisə  həm də müasir Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın Ulu Öndəri Heydər Əliyevin ideyalarının təntənəsi, həyata vəsiqə alması deməkdir. Heydər Əliyev respublikamızı hər zaman zirvələrdə, torpaqlarımızı isə azad görmək istəyirdi. Cənab Prezident İlham Əliyev bunu təmin etməklə həm də Ulu Öndərin arzusunu çin etdi, vəsiyyətini yerinə yetirdi.
Beləliklə, xalqımız tariximizin dinamik sosial-iqtisadi inkişafla əlamətdar olan şanlı dövrünü, ən əsası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə mərhələsini şərəflə, layiqincə başa vurdu.  Və indi biz haqlı olaraq daxil olduğumuz yeni inkişaf mərhələsindən və bu mərhələdəki məsuliyyətimizdən, qarşımızda dayanan vəzifələrdən bəhs edirik.  
Bu mərhələdə əsas hədəflərdən biri  azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışıdır. Ötən 4 ilə yaxın dövrdə Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərinin miqyası olduqca əzəmətli və qürurvericidir. 
Bununla yanaşı,  yeni çağırışlar əsasında sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, "yaşıl enerji"yə keçidin sürətləndirilməsi, insan kapitalının inkişafı, inklüziv və müasir innovasiyalara əsaslanan intibah tariximizin yeni mərhələsinin əsas hədəfləri sırasında yer alan milli vəzifələrdir. Qeyd edilən bu istiqamətlər üzrə proseslərin uğurlu gedişi perspektivdəki nailiyyətlərdən xəbər verir.  
Belə dönəmdə sosial statusundan, siyasi və dini mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlının qarşısında dayanan ən mühüm vətəndaşlıq vəzifəsi respublikadakı inkişaf proseslərinə dəstək vermək, Prezident İlham Əliyevin siyasi kursu ətrafında daha sıx səfərbər olmaqdır. 
Bu kontekstdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mükəmməl örnəyə çevrilən fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Həm vətəndaş, həm şəxsiyyət, həm də bir məmur kimi Azərbaycanın siyasi-ictimai həyatında çox mühüm rol oynayan xanım Mehriban Əliyevanın fəaliyyət sferası əhatəli və məzmunludur. Onun Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini, Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, ICESCO-nun Xoşməramlı səfiri kimi daşıdığı böyük missiyanın mərkəzində yalnız dövlətə və insanlara xidmət məramı dayanır. Mehriban xanım Əliyevanın hər bir təşəbbüsü, layihəsi, addımı məhz dövlətimiz, xalqımız və insanlıq üçündür. Onun cazibədar uğur hekayəsini şərtləndirən və eyni zamanda ona xalqın rəğbətini qazanmağa əsas verən amillər də bu missiyanın möhtəşəm nəticələridir. 

 

Yüksək mənəvi idealların daşıyıcısı

 

Mehriban xanım Əliyevanın xalqımızın maraqlarına xidmət edən ictimai fəaliyyəti ötən əsrin 90-cı illərindən başlayır. Hələ 1995-ci ildə onun yaratdığı Azərbaycan Mədəniyyət Fondunun əsas məqsədi milli incəsənətimizi inkişaf və təbliğ etdirmək, xarici ölkələrdə daha geniş tanıtmaq idi. Elə bu məqsədlərin özü Mehriban xanım Əliyevanın daşıdığı yüksək mənəvi təcəssümüdür və milli-mədəni dəyərlərimizə nə qədər bağlı olduğunu göstərir.  Bu sırada  hörmətli Mehriban Əliyevanın təşəbbüsləri ilə Azərbaycan muğam sənətinin, xalq musiqisinin qorunması, inkişafı, təbliği istiqamətində görülən işləri, milli və mədəni dəyərlərimizin UNESCO-nun irs siyahısına salınmasını xüsusi qeyd etməliyik.
Böyük elm xadimi, akademik Arif Paşayevin və tanınmış şərqşünas alim Aida xanım İmanquliyevanın ailəsində dünyaya göz açan, ruhunda milli qürur və iftixar mənbəyimiz olan böyük ədibimiz Mir Cəlal Paşayevin və Nəsir İmanquliyevin mənəvi gücü dayanan, Ümummilli Liderimiz Heydər Əliyevin və Zərifə xanım Əliyevanın daim yanar ocağından nur alan, Prezident İlham Əliyev kimi həyat yoldaşı olan xanım Mehriban Əliyevanın malik olduğu mənəvi ideallar da başqa cür ola bilməzdi.
Ötən əsrin 90-cı illərinin ortalarından bəri genişmiqyaslı, sistemli, ardıcıl layihələrlə milli mədəniyyətimizi dünyada təbliğ edən Mehriban xanım Əliyevaya Azərbaycan cəmiyyətində dərin ehtiram qazandıran, dünyaya daha yaxından tanıtdıran mühüm cəhətlərindən biri isə onun  xeyriyyəçiliyi, qayğıkeşliyi, insanlara təmənnasız yaxşılığı, nəcibliyi, maddi dəstəyə ehtiyacı olanların hər zaman yanında olması, vətəndaşların sosial məsələlərinə olduqca həssas münasibətidir. Xeyirxahlıq, mərhəmət və şəfqət kimi anlayışlar onun həyat fəlsəfəsinin ayrılmaz hissəsidir. Təsadüfi deyil ki, sevimli Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunu Azərbaycan və onun hüdudlarından kənarda məhz xeyirxahlıq məbədi kimi tanıyırlar. 
Heydər Əliyev Fondu qarşıya qoyduğu məqsədlərin əhəmiyyətinə, miqyasına və sanbalına görə Azərbaycanda, ümumiyyətlə isə, Cənubi Qafqazda analoqu olmayan qurumdur. Əsas məramı Ulu Öndər Heydər Əliyevin ideyalarının yaşadılması, irsinin davam etdirilməsi olan fond fəaliyyətə başladığı 2004-cü ilin  may ayından ötən dövrdə reallaşdırdığı layihə və proqramlarla Azərbaycanda müxtəlif istiqamətlərdə həyata keçirilən dövlət siyasətinin daha böyük uğurlar qazanmasına, cəmiyyətimizdə yüksək əhvali-ruhiyyənin və vətəndaş məmnuniyyətinin təmin olunmasına layiqli töhfələr verməkdədir.
Heydər Əliyev Fondu yarandığı ilk gündən insanlara qayğı və təmənnasız xidmət məramını prioritet vəzifə kimi qarşıya qoyan Mehriban xanım Əliyeva öz təşəbbüslərini əhalinin aztəminatlı təbəqələrinə, xəstə və valideyn himayəsindən məhrum olmuş uşaqlara, qocalara və ehtiyacı olanlara kömək göstərilməsinə yönəldir. Müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların yenidən sağlam həyata qayıdışı üçün Bakıda Psixonevroloji Uşaq Mərkəzinin, Talassemiya Mərkəzinin, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin, Autizm Spektr Pozuntulu Uşaqlar üçün Bərpa Mərkəzinin və onlarla müxtəlif xəstəxanaların inşası, uşaq evlərinin, qocalar evlərinin bərpası və ya yenidən qurulması, "Talassemiyasız həyat naminə" və  "Diabetli uşaqlara ən yüksək qayğı" layihələri çərçivəsində müxtəlif tədbirlərin təşkili, indiyədək Heydər Əliyev Fondunun çoxsaylı insanların müalicə xərclərini öz üzərinə götürməsi, onların müalicə üçün xarici ölkələrin tibb müəssisələrinə göndərilməsi Mehriban xanım Əliyevanın milli genefondumuzun qorunması ilə bağlı əvəzolunmaz xidmətlərinin, həm də onun insan sevgisinin, nəciblik və mərhəmət kimi ülvi dəyərlərə malik olmasının göstəricisidir.  
Ötən 20 ildən artıq müddətdə Heydər Əliyev Fondunun xətti ilə ölkəmizin dörd bir yanını əhatə etməklə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində yüzlərlə məktəb binasının inşası, o cümlədən uşaq bağçası, internat evləri və xəstəxana binalarının tikintisi və ya yenidən qurulması,  tarixi, mədəni və dini abidələrin bərpası Mehriban xanım Əliyevanın təhsilimizin, milli genofondumuzun və tarixi irsimizin qorunmasına və inkişafına yönəlik vətəndaşlıq mövqeyindən xəbər verir. 
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi məzmunlu, tutumlu  tədbirlər isə erməni yalanlarının ifşa edilməsində, Xocalı soyqırımının dünyada tanıdılmasında mühüm rol oynamaqla, xarici siyasətimizin daha böyük uğur qazanmasına xidmət edib. Bu işdə Mehriban xanım Əliyevanın təşəbbüsləri  hər birimiz üçün həm də vətəni sevməyin mükəmməl örnəyidir.
Bütövlükdə xeyirxahlıq və mərhəmət ünvanına çevrilən, hər bir azərbaycanlının qürur yeri, fəxri və vüqarı olan Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qarşıya qoyduğu məqsədlərin həyata vəsiqə alması işində bundan sonra da yeni-yeni zirvələr fəth edəcək, doğma Azərbaycanın adını hər zaman layiqincə ucaldacaq.

 

Ən  fədakar silahdaş

 

Qeyd etdiyimiz kimi, Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyət sferası çox genişdir. Hələ 2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmiş Mehriban xanım Əliyevanın millət vəkili kimi fəaliyyəti parlament tariximizin şərəfli səhifəsidir. Seçicilərə diqqət və qayğısı, təmsil etdiyi ərazilərin sosial problemlərinin həlli yönündə gördüyü misilsiz işlərlə əsl millət vəkilliyinin nümunəsini yaradan Mehriban xanım Əliyeva Milli Məclisin müzakirəsinə təqdim etdiyi layihələrlə qanunvericiliyimizin təkmilləşməsinə böyük töhfələr verib. 
Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyin və Azərbaycanda siyasi sferada qadınlara olan etimadın xüsusi göstəricisi kimi Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini təyin olunması isə bütövlükdə partiya qarşısında dayanan vəzifələrin uğurla həyata keçirilməsinə, siyasi partiyada humanizm prinsiplərinin daha da güclənməsinə, partiya yaranan gündən bu günə qədər xidmətdə fərqlənmiş fəal üzvlərin, dövlətçi gənclərin layiqincə qiymətləndirilməsinə yol açıb. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ən fədakar silahdaşı olan  Mehriban xanım Əliyevanın partiyanın ali rəhbərliyində təmsil olunması YAP-ın gücünü daha da artırıb, cəmiyyətin ictimai-siyasi həyatında qadın fəallığı ənənələrinin inkişafına təkan verib. 
Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin ona həvalə etdiyi bütün vəzifələri uğurla yerinə yetirərək Azərbaycan dövlətinin beynəlxalq imicinin yüksəlməsinə ləyaqətlə xidmət edib. "Eurovision" mahnı müsabiqəsində olduğu kimi, I Avropa Oyunlarında və IV İslam Həmrəyliyi Oyunlarında Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi qısa müddət ərzində ən yüksək təşkilatçılıq nümunəsini ortaya qoyub.
Bütün bunlarla yanaşı, Mehriban xanım Əliyevanın Azərbaycan idmanının inkişafında da böyük xidmətləri var. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban Əliyevanın səmərəli fəaliyyəti ölkəmizdə bu idman növünün inkişafına layiqli töhfələr verir. Olimpiya Oyunlarında medal qazanmış idmançılara Heydər Əliyev Fondunun fərdi təqaüdçüsü adının verilməsi də idmanın inkişafına diqqət və qayğısının, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə verilən töhfənin bariz nümunəsidir.

 

Ali dövlətçilik məqamı

 

Mehriban xanım Əliyevanın 2017-ci ilin fevral ayında Birinci vitse-prezident təyin olunmasında da buna qədər dövlətimiz və xalqımız naminə gördüyü işlər böyük rol oynadı. Vətənə layiqli xidmət missiyasının müəllifi olan Mehriban xanım Əliyeva Prezident İlham Əliyev tərəfindən Birinci vitse-prezident vəzifəsinə təyin olundu. Bu, təsadüfi bir təyinat deyildi, uzun illərdən bəri ölkəmizin, eləcə də dünyanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan çox hörmətli xanım Mehriban Əliyevaya ümumxalq rəğbətindən, cəmiyyətin sosial sifarişindən irəli gələn qərar idi. 
2017-ci il fevralın 21-də keçirilən Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev demişdi: "Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldim və bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir". 
Mehriban xanım Əliyevanın ölkəmizin Birinci vitse-prezidenti kimi ötən 7 ildən artıq fəaliyyət dövrünün reallıqları Prezident İlham Əliyevin əminliyinin təsdiqi olmaqla yanaşı, onun kadr siyasətində nə qədər müdrik olduğunu  sübut edir.  Çünki Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyevanın missiyası Prezident İlham Əliyevin həyata keçirdiyi dövlətçilik kursunun prinsip və şərtlərinə uyğun olaraq respublikamızın inkişafına, beynəlxalq əlaqələrinin genişlənməsinə və sosial məsələlərə yönəlib. 
Bu təyinat həm də islahatlar prosesinə böyük dəstək ola biləcək bacarıqlı təşkilatçı, yüksəksəriştəli rəhbər kimi xanım Mehriban Əliyevanın peşəkar imkanlarından dövlət idarəçiliyində də istifadə zərurətinə əsaslanırdı. Ölkə vətəndaşlarının böyük sevinc və rəğbətlə qarşıladıqları bu təyinat respublikamızda aparılan islahatların məntiqi davamı olmaqla ölkədə yeni tarixi reallığın başlanğıcını qoydu. Ümummilli Lider böyük Heydər Əliyev məktəbinin layiqli yetirmələrindən olan Mehriban xanım Əliyeva Birinci-vitse prezident kimi Azərbaycanda dövlət quruculuğu prosesinin modernləşməsinə və davamlı islahatlarla təkmilləşməsinə böyük töhfələr verir. Digər tərəfdən, Mehriban xanım Əliyevanın idarəçilik üslubu dövlət aparatının daha da yenilənməsinə, mükəmməlləşməsinə xidmət edir. 
Xüsusilə qeyd etməliyik ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunduğu ilk günlərdən artıq məlum idi ki, sosial qayğıya ehtiyacı olan insanlara diqqət onun fəaliyyətində prioritet istiqamət təşkil edəcək. Bu mənada,  xanım Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi öz vəzifəsinin icrasına məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasından, Aprel döyüşlərində sağlamlığını itirmiş qəhrəman hərbçilərimizin yüksək texnologiyalara əsaslanan protezlərlə təmin olunmasından başlaması onun əsl vətəndaşlıq missiyasından, xüsusən sosial məsələlərə olan həssas münasibətindən xəbər verdi. 
Koronavirus pandemiyasının şiddətli dövründə isə xanım Mehriban Əliyevanın həm Birinci vitse-prezident, həm də Heydər Əliyev Fondunun prezidenti kimi bu problemlə mübarizəyə verdiyi töhfələr bir daha onun həyat fəlsəfəsinin dövlət və xalqa xidmət məramından ibarət olduğunu nümayiş etdirdi. Xanım Mehriban Əliyevanın təşəbbüsləri ilə Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən xeyriyyəçilik minlərlə ailəyə, ahıl insanlara böyük maddi və mənəvi dəstək oldu.
Azərbaycan ictimaiyyəti Mehriban xanım Əliyevanın ən yüksək milli dəyərlərin daşıyıcısı olmasına, eyni zamanda Birinci vitse-prezident kimi bu vəzifəni layiqincə həyata keçirməsinə  44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə bir daha şahidlik etdi. 
Vətən müharibəsinin davam etdiyi günlərdə kənd və şəhərlərimiz azad olunduqca Mehriban Əliyevanın tarixi qələbələrimizlə bağlı həssas münasibətinin şahidi olduq. Birinci vitse-prezident özünün müraciətləri və sosial şəbəkələrdəki paylaşımları ilə Azərbaycan xalqının haqq və ədalət uğrunda mübarizə apardığını dünya ictimaiyyətinin diqqətinə çatdırdı.  Hələ müharibənin ilk günlərində Mehriban xanım Əliyevanın rəsmi "İnstaqram" səhifəsində ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşımında deyilirdi: "Bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi-qəlbdən təbrik edirəm. Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!" Bu, Mehriban Əliyevanın timsalında Azərbaycan qadınlarının sevinci və duası idi…
Zəfərimizlə başa çatan Vətən müharibəsi Mehriban Əliyevanın öz vətəninə nə qədər bağlı olduğunu göstərdi, onun yüksək vətənpərvərlik keyfiyyətlərini bir daha təsdiq etdi. Mehriban Əliyeva şəhid analarının yanında oldu, qazilərimizin şəfqət alması üçün əlindən gələni əsirgəmədi.  Döyüşlərdə yaralanmış qəhrəman əsgər və zabitlərimizin müalicəsini birbaşa nəzarətinə götürməsi xalqımızın dərin rəğbəti ilə qarşılandı.

 

Qarabağın bərpasına möhtəşəm töhfələr

 

Vətən müharibəsindən sonra dövlətimiz öz inkişaf tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu mərhələdə də xanım Mehriban Əliyeva Prezident İlham Əliyevin inkişaf siyasətinə layiqli töhfələr verir və bunun ən bariz nümunələrindən  biri Heydər Əliyev Fondu tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləridir.  
Əvvəlcə onu qeyd edək ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza səfərləri zamanı Mehriban xanımın yolboyu etdiyi çəkilişlər ermənilərin vandallığını dünyaya çatdırdı. Prezident İlham Əliyev düşmənin torpaqlarımızda törətdikləri vəhşiliklər  barədə bu görüntülər vasitəsilə məlumat verirdi. 
Bu səfərlərdə Mehriban xanım Əliyevanın iştirakı onun torpaqlarımızın bərpası istiqamətində nümayiş etdirdiyi fəal vətəndaşlıq mövqeyindən irəli gəlirdi. Heydər Əliyev Fondu hazırda işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında yaxından iştirak edir, tarixi və dini abidələrin, məscidlərin bərpası ilə bağlı layihələr həyata keçirir. Fondun dünyada tanınan loqosuna indi işğaldan azad edilmiş ərazilərimizdə tez-tez rast gəlmək mümkündür. Bu nişan fond tərəfindən Qarabağda dirçəliş, bərpa-quruculuq qayəsi ilə aparılan bir çox işlərin müəlliflik tanıtımı kimi diqqət çəkir. 
Fondun Qarabağ və Şərqi Zəngəzurda reallaşdırdığı layihələrin əhatə dairəsi olduqca genişdir. Ötən 4 ilə yaxın müddətdə onların bir qismi tam icra olunub. Belə ki, Şuşada dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı, Mamayı məscidlərinin, Mehmandarovların malikanə kompleksi ərazisindəki məscidin, Mehmandarovların malikanəsinin, "Şirin su" hamamının, Şuşada Yaradıcılıq Mərkəzinin, Zəngilan məscidinin, Ağdam Cümə məscidinin bərpası məhz Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib.
Prezident İlham Əliyevin ən fədakar silahdaşı olaraq Mehriban xanım Əliyevanın vətənə xidmətinin daha bir nümunəsi Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləridir. Başqa cür desək, Mehriban Əliyeva həm də bu gün Qarabağ və Şərqi Zəngəzurdakı möhtəşəm quruculuğun baş müəlliflərindən biridir.  Heydər Əliyev Fondu  isə işğaldan  azad edilmiş ərazilərimizin bərpasına hələ çox töhfələr verəcək və bütün bunlar Mehriban Əliyevanın vətən sevgisinin təcəssümü kimi Qarabağın və Şərqi Zəngəzurun bərpası tarixinə yazılacaq.
Mehriban xanım Əliyevanın mükafatları çoxdur. Ən ali mükafatı isə respublikamızda mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə verilən "Heydər Əliyev" ordenidir. Bu, Azərbaycan dövlətinin Mehriban xanım Əliyevanın fəaliyyətinə və xalqımız qarşısındakı xidmətlərinə verdiyi ən yüksək qiymətin göstəricisidir.

 

Naxçıvan nümunəvi uğurlara imza atacaq

 

Mehriban xanım Əliyevanın dövlətə və xalqa xidmət məramının mükəmməl nümunəsini ölkəmizin qədim tarixə malik dilbər güşəsi kimi Naxçıvan Muxtar Respublikasının timsalında da görmək mümkündür. Onun müxtəlif vaxtlarda Prezident İlham Əliyevlə birlikdə Naxçıvana səfərləri muxtar respublikada yüksək ehtiramla xatırlanır. Bu səfərlər zamanı xanım Mehriban Əliyeva dövlətimizin başçısı ilə birlikdə çoxsaylı obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etmiş, Əshabi-Kəhf ziyarətgahında olmuşdur. Mehriban xanım Əliyevanın 2008-ci ildə Türkiyənin ozamankı Baş naziri vəzifəsində çalışan Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə xanım Ərdoğanla birlikdə Naxçıvan Dövlət Universitetində olması, 2009-cu ildə Prezident İlham Əliyevlə birlikdə Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyində iştirakı muxtar respublikanın tarixində yaddaqalan əlamətdar hadisələrə çevrilmişdir.
2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılaraq istifadəyə verilən Məhdud Fiziki İmkanlı İnsanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi Mehriban xanım Əliyevanın muxtar respublikaya böyük hədiyyəsidir. Mərkəzin imkanlarından Naxçıvan şəhəri daxil olmaqla, muxtar respublikanın bütün rayonlarında yaşayan məhdud fiziki imkanlı sakinlər istifadə edirlər.
Naxçıvan ictimaiyyəti Mehriban xanım Əliyevanın bu diyara olan yüksək diqqət və qayğısını Vətən müharibəsi və sonrakı illərdə də yaxından hiss etdi.  Belə ki, 44 günlük Vətən müharibəsində Naxçıvandan olan şəhid ailələrinə və qazilərə xanım Mehriban Əliyevanın göstərdiyi yüksək diqqət və qayğını, Heydər Əliyev Fondunun hər bir şəhid və qazi ailəsinə yaxından köməyini qədirbilən naxçıvanlılar heç vaxt unutmayacaqlar.
Hazırda Naxçıvan öz inkişafının yeni dövrünə qədəm qoyub. Son illərdə həyata keçirilən ciddi islahatlar muxtar respublikanın hərtərəfli inkişafına dinamizm gətirib, cəmiyyət həyatının bütün sahələrində canlanma yaradıb. Sözsüz ki, uzun illərdir blokadadan əziyyət çəkən Naxçıvan öz inkişafının yeni mərhələsində də müzəffər liderimiz, möhtərəm Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti və qayğısı ilə nümunəvi uğurlara imza atacaq.
İstər Birinci vitse-prezident, istər Heydər Əliyev Fondunun prezidenti və digər sahələrdəki fəaliyyəti göstərir ki, Mehriban xanım Əliyeva dövlətə və dövlətçiliyə son dərəcə bağlı və sadiq insandır. Dövlətçilik idealları onun üçün müqəddəs dəyərlərdir. Təsadüfi deyil ki, xanım Mehriban Əliyeva Yeni Azərbaycan Partiyası, xüsusilə  milli dövlətçilik yolunda xidmətləri olan insanların, gənclərin əməyini hər zaman qiymətləndirir, onları, sözün əsl mənasında, qoruyur, fəaliyyətlərinə dəstək verir, yüksək vəzifələrə irəli çəkir. Biz bugünkü həyatımızda bunun əyani şahidləriyik. Xalqımızın Mehriban Əliyevaya olan yüksək ehtiramının səbəblərindən biri də budur.
Humanizmi, insanların problemlərinə həssas münasibəti, nəcibliyi və qayğıkeşliyi ilə xanım Mehriban Əliyeva həm də bir əsl vətəndaş nümunəsi ortaya qoyur. Məhz bunlar Mehriban xanım Əliyevanı cəmiyyətin nümunəvi vətəndaş idealına çevirib. Təlqin etdiyi bu mənəvi dəyərlər, eyni zamanda dünyada sülhə və mədəni dəyərlərin qorunmasına, sivilizasiyalararası dialoqa verdiyi töhfələr Mehriban xanım Əliyevaya beynəlxalq aləmdə də böyük nüfuz qazandırıb. Odur ki, biz xanım Mehriban Əliyevanın dünyanın sülh və insanlıq adına ən böyük beynəlxalq mükafatlarının da laureatı olacağına ürəkdən inanırıq.
Xalqın dərin etimad və ehtiramını qazanan Mehriban xanım Əliyeva  Prezident cənab İlham Əliyevin fədakar silahdaşı kimi bundan sonra da Azərbaycanın inkişafına layiqli töhfələr verəcək. Bu şərəfli yolda Mehriban xanım Əliyevaya böyük uğurlar arzu edirik!

Bəxtiyar  ƏSGƏROV,
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video