Hazırda Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ölkənin ərazisinin 10 faizdən çoxu xüsusi mühafizə olunan təbiət ərazilərinin payına düşür. Yeni milli parkların yaradılması, mövcud olanların genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilir.
Məlum olduğu kimi, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında "Zaqatala-Balakən bioloji rezervatı"nın və Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun bazasında geoparkların yaradılması təşəbbüsləri irəli sürülüb. Hər iki layihə icra olunmaqdadır. Eləcə də İlisu Dövlət Təbiət Qoruğuna Milli Park statusunun verilməsi və Axar-baxar dağ silsiləsində yeni milli parkın yaradılması üçün işlər görülür. Bundan əlavə, Acınohur çölündə milli parkın yaradılması da planlaşdırılır.
Zaqatala və Balakən ərazisində ilk dəfə olaraq yaradılacaq biosfer rezervatı (qoruğu) bu bölgələrin sosial-iqtisadi inkişafına sanballı dəstək verəcək. Hazırda layihə istiqamətində işlər davam etdirilir. Bu həm qoruq, həm də milli parkın xüsusiyyətlərini özündə birləşdirən bir məkan olacaq. Bu ərazilərin milli park kimi xüsusi mühafizə rejimi mövcuddur, yəni burada nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növləri qorunacaq. Məkan turistlər üçün açıq olacaq, ekoloji turizm üçün hər cür şərait yaradılacaq. Qoruqdan fərqli olaraq, burada istehsalat zonası da fəaliyyət göstərəcək. Belə ki, sözügedən zonada orqanik məhsulların istehsalı nəzərdə tutulub.
Xatırladaq ki, Zaqatala Dövlət Təbiət Qoruğu respublikamızın ən qədim qoruqlarındandır, 1929-cu ildə Zaqatala və Balakən inzibati rayonlarının ərazisində, Böyük Qafqaz sıra dağlarının mərkəz hissəsinin cənub mikroyamaclarında yaradılıb. Onun yaradılmasında başlıca məqsəd meşələrin əvəzedilməz su və torpaqqoruyucu xüsusiyyətlərini saxlamaq, aşağı zonada yerləşən yaşayış məntəqələrini və əkin sahələrini seldən qorumaq, Böyük Qafqazın cənub yamacının təbii kompleksini, bitki və heyvanat aləmini mühafizə etmək olub. Qoruqda 1000-dən artıq bitki növünə təsadüf edilir. Əsas meşə təşkil edən növlər fıstıq, palıd, vələs, cökə, göyrüş, şabalıd, qoz, qaraçöhrə, qarmaqvari şam və s.-dir.
İki yeni milli parkın yaradılmasının yaxın vaxtda yekunlaşacağı gözlənilir. Onlardan biri İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq İlisu Milli Parkıdır. Hazırda həmin istiqamətdə işlər başa çatmaq üzrədir. Digəri isə Acınohur çölündə yaradılacaq Bozdağ Milli Parkıdır ki, bununla bağlı da işlər aparılır. Həmin milli park Samux, Yevlax və Qax inzibati rayonlarını əhatə edəcək.
Xatırladaq ki, bazasında İlisu Milli Parkı yaradılan İlisu Dövlət Təbiət Qoruğu 42 ildir fəaliyyət göstərir. Bu qoruq Böyük Qafqazın cənub yamacında (Qax rayonu), Zaqatala və İsmayıllı qoruqlarının arasında 700-2100 metr hündürlükdə yerləşir. 2003-cü ildə Nazirlər Kabinetinin qərarı ilə ərazisi genişləndirilib.
Qoruğun təşkil edilməsində məqsəd nadir və məhv olmaq təhlükəsi qarşısında olan bitki və heyvanları qorumaq və artırmaq, meşələrin əvvəlki vəziyyətini bərpa etmək, torpaqların eroziyaya uğramasının və sel hadisələrinin qarşısını almaq və s. ibarətdir.
Qoruğun adı Qax rayonundakı İlisu kəndinin adı ilə bağlıdır. Həmin kəndin adı isə onun yaxınlığındakı kükürdlü suyu olan bulaqdan gələn iy ilə əlaqədar olaraq "iyli su" mənasından yaranıb.
İlisu qoruğunda endemik, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növləri çoxdur. Ərazidə Şərq fıstığı, Qafqaz vələsi, Şərq palıdı, Litvinov tozağacı, Trautvetter ağcaqayını, kollardan quşarmudu, itburnu, böyürtkən, dovşanalması, topulqa, yabanı gilas, zoğal, moruq və digər bitkilər yayılıb. Giləmeyvəli qaraçöhrə və Radde ağcaqayını Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilib.
Qoruğun ərazisində 5 dəstəyə aid olan 35 növ məməli, 12 növ sürünənlər yaşayır. Quşların isə 11 dəstəyə aid olan 90-a qədər növü yayılıb. Onların təxminən 60-ı sərçəkimilər dəstəsinə aiddir. Qoruğun aşağı sərhədindən Kürmükçay axır.
Ölkəmizdə ekologiyanın qorunması prioritet məsələlərdəndir. Odur ki, təbiətin bizə bəxş etdiyi gözəllikləri və sərvəti mühafizə etmək, biomüxtəlifliyi zənginləşdirmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Başlıca məqsədlərdən biri həm də gələcək nəsillərə bu gözəlliklərlə yanaşı, sağlam ekoloji mühit bəxş etməkdir.
Flora SADIQLI,
"Azərbaycan"