2024-cü ildə dünya üzrə elektrik avtomobillərin satışı 2023-cü illə müqayisədə 25 faiz artıb.
AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Rho Motion” araşdırma şirkətinin illik hesabatında qeyd olunub. Məlumata görə, 2024-cü ildə dünyada 17,1 milyon elektrik avtomobil satılıb.
Qeyd edilib ki, Avropa bazarında elektrik avtomobil satışları 2024-cü il 2023-cü ilə nisbətən 3 faiz azalaraq 3 milyona enib. Avropada ilin sonuna doğru İngiltərə bazarı 400 mindən çox satılan elektromobil ilə Almaniyanı qabaqlayıb. Almaniyada 2023-cü ilin sonuna doğru elektrik avtomobil subsidiyalarının ləğvindən sonra 2024-cü ildə satışlar azalıb.
Bundan başqa, elektrik avtomobillərə tətbiq edilən vergi endirimlərindən sonra ABŞ və Kanada bazarlarında satışlar 9 faiz artaraq 1,8 milyona yüksəlib. Təkcə ABŞ və Kanada bazarları ötən ilin dekabr ayında 185 mindən çox elektrik avtomobil satışı ilə ili ən yüksək göstərici ilə başa vurub. Şimali Amerika bazarı son bir ildə ardıcıl olaraq orta hesabla 10 faiz artıb.
Şirkətin hesabatında, həmçinin qeyd olunub ki, ötən il Çində elektromobil satışları 40 faiz artaraq 11 milyona çatıb. Belə ki, ötən il dünya üzrə elektrik avtomobil satışının yarıdan çoxu Çində olub. 2024-cü ildə ölkədə elektrikli avtomobil satışlarının üçdə birindən çoxu BYD modellərinin payına düşüb ki, bu da onu ən çox satılan elektrikli avtomobil markasına çevirib.
Ümumilikdə, ötən il elektrik avtomobil satışının 11 milyonu Çində, 3 milyonu Avropada, 1,8 milyonu ABŞ və Kanada bazarlarında, 1,3 milyonu isə dünyanın digər hissələrində baş verib. Dünyanın digər yerlərində elektromobillərin 1,3 milyonluq satış həcmi belə 2023-cü ilə nisbətən 27 faiz artım deməkdir.
“Rho Motion” şirkətinin meneceri Çarls Lester bildirib ki, 2023-cü ildə elektrik avtomobil satışları rekord həddə çatdıqdan sonra 2024-cü ildə tendensiya davam edib.