Yumurta dünyada ən çox istifadə edilən əsas qida maddələrindən biridir. Bunun əsas səbəbi isə onun asanlıqla əldə edilə bilməsi, ana südünə ən yaxın protein tərkibli, eyni zamanda tərkibinin vitamin və mineral baxımdan zəngin olmasıdır.
Bu qida insan orqanizminin normal inkişafı üçün zülal, amin turşuları, makro və mikroelementlərlə, eyni zamanda xeyli sayda vitaminlərlə zəngindir. Yumurta sarısının tərkibində xolesterol, yağda həll olunan vitaminlər (məsələn, D və E vitaminləri) və əvəzolunmaz yağ turşuları var. Yumurtada göz sağlamlığı üçün vacib olan iki antioksidant, lutein və zeaxanthin yaşlanma ilə bağlı daha çox rast gəlinən katarakta və makula degenerasiyası kimi bəzi göz xəstəliklərindən qorunmağa kömək edir. Bunlar gözün tor qişasında toplanan və xüsusilə yumurta sarısında bol olan güclü antioksidantlardır. Həmçinin A vitamini çatışmazlığı da korluğun əsas səbəblərindən biridir və yumurta A vitamini baxımından da zəngindir.
Beyni inkişaf etdirir
Yumurta yaxşı xolesterolu yüksəltməklə ürək xəstəliklərindən qoruya bilir və beyin inkişafı üçün vacib xolin ehtiva edir. Xolin insan üçün son dərəcə vacib bir qida maddəsidir. Bədən hüceyrə membranlarını qurmaq üçün xolin istifadə edir və o, beyində siqnal molekullarının istehsalında da rol oynayır. Körpənin sağlam beyin inkişafını dəstəkləmək üçün hamiləlik dövründə xüsusilə vacibdir və bu baxımdan yumurta əla xolin mənbəyidir. Yumurta sarısında olan xolin həm də süd vəzisi xərçəngini azaldır, şiş əmələ gəlməsinin qarşısını alır.
Yumurta əsas amin turşularını ehtiva edən yüksək keyfiyyətli protein mənbəyidir. Zülallar insan orqanizminin təməl materiallarıdır. Onların əsas funksiyası hər növ toxuma və molekulları qurmaq, gücləndirmək, təmir etmək və ya dəyişdirməkdir. Bir yumurtada təxminən 6,3 qram yüksək keyfiyyətli protein var. Bir çox digər qidalar yumurtadan daha çox zülal ehtiva etsə də, yumurtanın tərkibindəki zülal orqanizmin optimal böyüməsi və saxlanması üçün lazım olan doqquz əsas amin turşusunu ehtiva edir və çox yüksək keyfiyyətlidir.
Müntəzəm istehlak zamanı yumurta insan orqanizmində sümüklərin möhkəmlənməsində böyük rol oynayır. Bu xüsusiyyəti ilə böyümə və inkişafı sürətləndirir. İrəli yaşda osteoporoz riskini azaltmaqda təsirlidir.
Bu şəfalı qida əzələlərin inkişafında təsirli olan zülal sayəsində bədəndəki əzələ kütləsinin artmasına da kömək edir.
Gündə neçəsini yeyək?
Uzun illərdir ki, insanlara yumurta istehlakını məhdudlaşdırmaq və həftədə maksimum 2-6 yumurta istehlak etmək tövsiyə olunur. Hazırda isə bəzi elmi araşdırmalar gündə 1-3 yumurta yeməyin yaxşı xolesterolun və qanda lutein və zeaksantin kimi antioksidantların artması kimi sağlamlığa faydalarını ortaya qoyub. Ancaq gündə 3-dən çox yumurta istehlakı ilə bağlı heç bir araşdırma aparılmadığı üçün bunun təhlükəsiz olub-olmadığı məlum deyil.
Yumurtanın faydalarından yararlanmaq üçün həm də onun istehlakı zamanı müəyyən məsələlərə diqqət etmək lazımdır. Məsələn, çiy və ya az bişmiş yumurtalarda qabıqlardakı məsamələrdən daxil ola bilən bakteriyalar, həmçinin çiy yumurtada salmonella bakteriyası ola bilər. Buna görə də yumurtanın bu cür istehlakı məsləhət deyil. O cümlədən qabıqları çatlamış və ya vaxtı keçmiş yumurtalardan da istifadə etməyin.
Yumurta əsas qida allergenləri hesab edilən 8 növ qidadan biridir. Bu səbəbdən o, yumurta və ya tərkibində yumurta olan qidalara qarşı allergiyası olan insanlarda həyati təhlükə yarada bilər.