16 Avqust 2024 09:16
157
Mədəniyyət
A- A+

"Yad et məni..."

 

Abdulla Şaiqin mənzil-muzeyində ədəbiyyat tariximizin şanlı səhifələri eksponatlaşıb

 

Muzeylərin yerləşdiyi əraziləri müqəddəs məkan hesab edənlər yanılmayıblar. Çünki orada tarixi keçmişimiz yaşayır və qorunur. Muzeylərdə saxlanılan hər kiçik eksponat ötüb keçmiş tariximizi araşdırmaq, öyrənmək baxmından əvəzsiz, dəyərli maddi-mənəvi xəzinədir. Buna görə də keçmişimizi öyrənmək istəyəndə ilk olaraq üz tutduğumuz ünvanlardan biri də  muzeylər olur. Çünki tarix burada olduğu kimi qalır.

Nə vaxt vərəqləsən həmin səhifədir, həmin sənədlərdir, həmin hadisələrdir. Ölkəmizdə dəyərli eksponatlarla zəngin olan muzeylərimiz çoxdur. Ziyarətçilər tarixi şəxsiyyətlərin, yazıçı və şairlərin də muzeylərinə böyük maraq göstərir, onların həyat və fəaliyyətini nəzərdən keçirir, keçmişimizin nümunələrini sevə-sevə öyrənir, sonra da sevə-sevə öyrədirlər.

 

4 otaqda 9 min eksponat

 

Avqustun isti günlərinin birində böyük Azərbaycan klassiki, nasir, dramaturq Abdulla Şaiqin adını daşıyan səsli-küylü küçə ilə onun mənzil-muzeyinə yaxınlaşıb, yaşadığı dövrdə ədəbiyyatımıza zəngin bədii irs bəxş etmiş görkəmli maarif, mədəniyyət xadiminin müqəddəs məkanını ziyarət etdik. Qapını açıb muzeyə daxil olanda sanki keçmişlə üz-üzə gəldik. Elə həmin an xəyallarımız bizi ötən illərə apardı.

Muzeydə sakitlik hökm sürürdü. "Danışan" yalnız tarixə şahidlik etmiş eksponatlar idi. Bu eksponatları da muzeyin böyük elmi işçisi Elimnaz Məmmədli "danışdırırdı". Böyük maraqla baxdığımız bu eksponatlar həm Abdulla Şaiqin həyatının, həm də ədəbiyyat tariximizin qiymətli səhifələri idi.

Elimnaz xanım danışdıqca öyrəndik ki, muzeyin yerləşdiyi binanın da tarixi bir əsrdən çoxdur. Bu gün də forması və əzəməti ilə zamana meydan oxuyan bina 1905-ci ildə tikilib. 1914-cı ildə A.Şaiq anası, qardaşı və bacısı ilə bu mənzilə köçmüş, bir müddət sonra isə ailə qurmuş və 1957-ci ilin dekabrına kimi bu ünvanda yaşamış, yazıb-yaratmışdır. Abdulla Şaiqin bir vaxtlar yaşadığı bina özü də tariximizin bir parçasıdır.

Muzeyin yaradılma təşəbbüsü A.Şaiqin böyük oğlu, görkəmli ədəbiyyatşünas, akademik Kamal Talıbzadəyə məxsus olub. Azərbaycan Nazirlər Sovetinin qərarı ilə 1990-cı ildə yaradılan bu muzey 1991-ci ilin dekabrından fəaliyyətə başlayıb. Həmin tarixdən muzeyin qapıları Şaiqsevənlərin üzünə açılıb. Muzeyin direktoru, Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə bu müqəddəs məkanı yeni eksponatlarla daha da zənginləşdirmək üçün daim axtarışlar aparır.

Dörd otaqdan ibarət olan muzeydə 9 mindən çox eksponat saxlanılır. Birinci otaq A.Şaiqin şöhrətinə həsr olunub. Otaq "Şaiqanə yad et!" adlanır. Guşəyə şairin yaradıcılığını, şəxsiyyətini yüksək qiymətləndirən dövrünün məşhur ziyalılarının, ədibin bilavasitə ünsiyyətdə olduğu insanların, yaradıcı dostlarının, tələbələrinin şəkilləri qoyulub. Üzümüzə boylanan bu şəkillər sanki bir anlıq dil açıb Abdulla Şaiq haqqında danışmaq istəyir. A.Şaiqin yağlı boya ilə çəkilmiş portreti elə ilk baxışdan qəlbimizi sehirlədi. Portretə maraqla baxdığımızı görən bələdçi bildirdi ki, ziyarətçiləri heyran edən bu rəsm əsərini rəssamlar Qafar Seyfullayev və Tofiq Kərimov çəkiblər.

Muzeyi gəzdikcə sanki eksponatlar qarşımızda geniş cığır açaraq bizi ədibin yaradıcılığının dərinliklərinə aparır. Bələdçidən öyrənirik ki, A.Şaiqin əsərləri türk, ingilis, fars, rus, fransız, polyak, tacik, özbək, Ukrayna, türkmən, gürcü, eston və başqa dillərə tərcümə edilərək çap olunub. İngilis dilində olan Azərbaycan poeziyasının antologiyasına A.Şaiqin "Nişanlı qız", "Zamanın inqilabçılarına", "İrəli", "Həpimiz bir günəşin zərrəsiyiz", "Dağlar sultanı" şeirləri salınıb. Həmçinin antologiyada Abdulla Şaiqin həyat və yaradıcılığı haqqında oxuculara geniş məlumat verilib.

 

BMT Abdulla Şaiqdən necə bəhrələnir?

 

Abdulla Şaiq həm də Azərbaycanda milli təhsilin əsasını qoymuş ziyalılardan biridir. O, 1907-ci ildən başlayaraq bir-birinin ardınca müxtəlif dərsliklər hazırlayıb nəşr etdirmişdir. Dərs vəsaitlərinin yoxluğu azmış kimi, həmin illərdə milli dildə təhsil də qadağan edilmişdi. Ötən əsrin əvvəllərində uşaqların yaş dövrlərinə, psixoloji xüsusiyyətlərinə uyğun olaraq sıralanmış maraqlı mətnlər və materiallar verilmiş "Uşaq gözlüyü", "Gülzar", "Türk çələngi", "Milli qiraət kitabı", "Ədəbiyyat dərsləri", "Gülşəni-ədəbiyyat" (fars dilində), "Qiraət kitabı" dərslikləri muzeydə saxlanılır. Bu kitablar uşaqlara və gənclərə bilik verməklə yanaşı, onlarda milli mənlik şüuru, böyüklərə hörmət, təbiətə qayğı və digər müsbət keyfiyyətlər də formalaşdırmışdır. Həmin dərsliklər bu gün də bədii və mənəvi dəyərini özündə qoruyub saxlayır.

Eksponatlara baxanda "Azərbaycan Respublikasında insan inkişafı haqqında hesabat - 1995" kitabı da diqqətimizdən yayınmadı. BMT-nin İnsan İnkişafı Proqramının Azərbaycandakı sabiq koordinatoru Paulo Lembo həmin kitaba A.Şaiqin 1910-cu ildə yazdığı "Həpimiz bir günəşin zərrəsiyiz" şeirini ingilis dilində epiqraf kimi vermişdir. Paulo Lembo kitabı ədibin oğlu Kamal Talıbzadəyə təqdim edərkən demişdir ki, Abdulla Şaiqin bu şeiri BMT-nin fəaliyyətinin bütün proqramını ifadə edir. Mahnı ruhunda yazılmış şeirdə insanlığa səmimi bir yanaşma var. Şaiqin fikrincə, bütün bəşəriyyət əslən qardaş yaranmışdır. İnsanlar hamısı bir günəşin işığından əmələ gəlmiş, bir ananın - təbiətin qoynunda böyümüşlər. Dil, din, məkan, peşə ayrılığı, insanlar arasında düşmənçilik onların özləri tərəfindən sonradan yaranmışdır. Şair demək istəyir ki, insanlar mehriban, dost olsa, həmişə bir-birinə kömək etsə, bu bəşəri qardaşlıq onları səadətə qovuşduracaq.

Eksponatlar "danışdıqca" öyrənirik ki, A.Şaiq özü yazıb-yaratmaqla bərabər, həm də dünya ədəbiyyatının nadir incilərini, Firdovsinin "Şahnamə"sini, N.Gəncəvinin "İsgəndərnamə" poemasının "Şərəfnamə" hissəsini, C.Ruminin "Məsnəvi"sini, Şekspirin "Maqbet" faciəsini, Daniel Defonun "Robinzon Kruzo" romanını, Puşkinin, Lermontovun, Nekrasovun və dünyaca məşhur olan başqa yazıçıların əsərlərini ana dilimizə çevirmiş, Azərbaycan oxucusunun ixtiyarına vermişdir.

Ədibin yaradıcılığı hələ sağlığından bu günə qədər alimlərin, tədqiqatçıların diqqətini özünə cəlb etmişdir. Ona görə də bu böyük şəxsiyyətə həsr olunmuş yüzlərlə namizədlik və doktorluq dissertasiyaları, monoqrafiyalar yazılmışdır. Muzeydə tanınmış ədəbiyyatşünas alimlərin Abdulla Şaiq haqqında yazdıqları fikirlər, rəylər də qorunub saxlanılır. Ona həsr olunmuş "Şaiqanə yad et!" kitabına 70-ə qədər müəllifin xatirələri toplanıb.

 

Ot kökü üstə bitər...

 

Muzeydəki maraqlı eksponatlardan biri də A.Şaiqin nəsil şəcərəsini göstərən rəsmdir. Şəcərənin tərtibatçısı ədibin oğlu Kamal Talıbzadədir. Onun tarixi çox-çox qədimlərə gedib çıxan nəsil şəcərəsinin eksponatına qısa nəzər salanda öyrəndik ki, A.Şaiqin atası Axund Mustafa Şərq mədəniyyətinə dərindən bələd olan din xadimi olub. O, Tiflis qazisinin müavini, Zaqafqaziya Ruhani İdarəsində Şeyxülislamın müavini vəzifələrində çalışıb. Ruhani idarəsinin nəzdində fəaliyyət göstərən "Rüşdiyyə məktəbi"ndə dərs deyib, bir neçə şəriət dərsliyinin müəllifi olub.

Muzeydə nümayiş olunan xalça da özündə çox dəyərli mənaları ifadə edən sənət əsəri idi. Bələdçi məlumat verdi ki, xalça 2007-ci ildə usta Afət Mahmudova tərəfindən muzeyin sifarişi ilə toxunub. Ədibin oğlu Kamal müəllim həmişə deyirmiş ki, məni heç vaxt atamdan ayırmayın. Ona görə xalça üzərində onların şəkli yanaşı  həkk olunub. Onun kənarındakı medalyonlarda A.Şaiqin "Həpimiz bir günəşin zərrəsiyiz" şeirindən, "Gözəl Bahar", "Tülkü Həccə gedir", Köç" və s. əsərlərindən ibarət  obrazlar xalçaya xüsusi yaraşıq verir, məna yükünü artırır.

A.Şaiqin şəxsi əşyalarını da maraqla seyr etdik. Ədib yazdığı "İki şam ağacı" romanına özü illüstrasiya çəkib. Elimnaz Məmmədli deyir ki, eksponatlar böyük ədibin maraqlı rəsmlər çəkdiyini də sübut edir. Deməli, onun çox gözəl əl qabiliyyəti olub.

Abdulla Şaiq 1956-cı ildə anadan olmasının 75 illiyi münasibətilə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunub. Ədib Ali Sovetə iki çağırış deputat seçilib. Muzeydə bunu təsdiq edən vəsiqələr etibarlı şəkildə qorunur. Maarif Nazirliyinin qərarı ilə "Qabaqcıl maarif xadimi" nişanı ilə təltif edilən A.Şaiq 1945-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Qafqazın müdafiəsinə görə" medalına da layiq görülüb.

Abdulla Şaiqin yemək masası və onun ətrafındakı oturacaqlar sadəliyi ilə diqqətimizi cəlb edir. Bələdçidən öyrənirik ki, A.Şaiqin ailəsinə məxsus olan bu masanın arxasında Azərbaycanın görkəmli şair və yazıçıları, sənətkarları Hüseyn Cavid, Məhəmməd Hadi, Cəlil Məmmədquluzadə, Bülbül, Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı, A.Musaxanlı, Səməd Vurğun, H.Mehdi, M.M.Seyidzadə, Mikayıl Müşfiq, Əhməd Cavad və digər ziyalıları oturmuşlar. Bələdçi onu da dedi ki, bu evə ən çox qonaq gələn Hüseyn Cavid olub. Bu anlarda Azərbaycanın tarixi şəxsiyyətlərinin bu evə gəldiyi və masa arxasında oturduğu zamanlar gözlərimiz qarşısında canlanır. Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük töhfələr vermiş bu insanların səsi sanki qulağımıza gəlir. Həmin an, həmin dəqiqə fikirləşirik ki, doğrudan da, Abdulla Şaiqin mənzil muzeyi xalqımız üçün müqəddəs məkandır. Çünki burada ədəbiyyat tariximizdə böyük imzaları olan dahi insanların pozulmayan izləri qalıb.

 

08.40-da dayanan saat...

 

 

Həyatının 34 ilini fasiləsiz olaraq pedaqoji fəaliyyətə sərf etmiş Abdulla Şaiq bir gün də olsun müəllimlik işindən ayrılmamışdır. Müəllimlik fəaliyyətini yazıçılıqdan üstün tutmuş ədib həmişə peşəsilə fəxr etmişdir. Gimnaziyada ana dili müəllimi işləyən A.Şaiq dövrün istedadlı şairləri M.Ə.Sabir, A.Səhhət, M.Hadi və H.Cavidlə tanış olmuşdur. Həmişə onlarla dostluq etmişdi. Üstündən çox illər ötüb keçsə də, muzeydəki şəkillər həmin dövrü, bu dostluğu, bu səmimiyyəti özündə qoruyub saxlayır. Yəqin ki, hələ bundan sonra da yüzillər boyu saxlayacaq. Abdulla Şaiq xatirələrində qeyd edir ki, Sabirlə Səhhət Bakıya gələrkən tez-tez onun İçərişəhərdəki mənzilinə yığışarmışlar. Məhəmməd Hadi də bu görüşlərdə iştirak edərmiş. Bu dahi insanların söhbətləri o qədər səmimi və maraqlı olurmuş ki, səhərin açılmasını belə hiss etmirmişlər. Sabaha qədər uzanan bu söhbətlər isə təbiidir ki, ədəbiyyatın, yaradıcılığın mərkəzindən keçərmiş.

"Şaiq Nümunə Məktəbi"nin məzunları ustadlarının yolunu davam etdirmiş, dövrünün tanınmış ziyalılarından olmuşlar. Onun şagirdləri arasında T.Ş.Simurq, R.Axundov, Niyazi, Ə.Bədəlbəyli, M.Hüseyn, C.Cabbarlı, M.Müşfiq, B.Talıblı və başqa görkəmli şəxsiyyətlərin adlarını çəkmək olar.

Abdulla Şaiqin əsası da oturacağa söykənili vəziyyətdə qalmışdı. Həmişə maraqla oxuduğumuz əsərlərini bax, bu sadə masa arxasında yazıb. Onun nurlu qəlbindən süzülmüş əsərlər dünyaya, kitabların səhifələrinə bu masadan pərvazlanıb. Masanın üstündə şairin əlyazmaları da qalıb. Əlyazmaların yanındakı qələm sanki mələk kimi masanı əbədi qoruyur. Bundan başqa, muzeydə Abdulla Şaiqin geyimləri və başqa şəxsi əşyaları da saxlanılır.

Böyük maraqla tamaşa ediləsi eksponatlar o qədər çoxdur ki, hansına baxacağını bilmirsən. Vaxt da dayanmadan gedir, saatın əqrəbləri fasiləsiz hərəkətdədir. Artıq eksponatlara baxmağa başladığımız vaxtdan bir neçə saat keçib. Vaxtı dəqiqləşdirmək üçün divardan asılmış saata baxırıq. Amma deyəsən saat işləmir, əqrəbləri dayanıb, zamanı düz ölçmür. Saat erkən səhər zamanını göstərir. Vaxtı dəqiqləşdirə bilmədiyimizdən çaşbaş qaldığımızı görən bələdçi deyir ki, divardakı saat işləmir, o, Abdulla Şaiqin ölüm tarixini göstərir. Böyük ədib 1959-cu il iyulun 24-də səhər saat 08.40-da vəfat edib. Həmin anda da divardan asılan saatın əqrəbləri dayandırılıb...

Abdulla Şaiqin yalnız əşyalarını, fəaliyyət nümunələrini deyil, həm də ruhunu, nəfəsini yaşadan bu mənəviyyat məbədinin hər guşəsindən sanki ədibin bu sözləri səslənir: "Yad et məni - şairanə yad et!"

Əlbəttə, xalqımız böyük ədibi yalnız bu muzeydəki dəyərli yadigarlarla deyil, həm də bir əsrdir insanlarımızı hələ də təsirləndirən, formalaşdıran, mənəviyyatını zənginləşdirən əsərləri ilə yad edir, daim də yad edəcək...

Eksponatlarında zamanın dayandığı, sakitliyin hökm sürdüyü muzeydən ayrılırıq. Sanki bir zamandan başqa bir zamana keçirik. Bayırda zaman dayanmayıb, ətraf səs-küylüdür. Burada vaxt ayaq saxlamadan irəli dartınır, sabahlara əl uzadır. Muzeydə maraqla baxdığımız eksponatlardan aldığımız xoş təəssürat uzun müddət bizi tərk etməyəcək.

Keçmişi öyrənmək üçün zamanı eksponatlarında donduran muzeylərdən yolumuzu tez-tez salmalıyıq. Həm dünənimizi, həm tarixi şəxsiyyətlərimizin ömür yollarını yaxından öyrənmək, həm də keçmişlə gələcəyin arasında olan zaman məsafəsini müəyyənləşdirmək üçün...

 

Vahid MƏHƏRRƏMOV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video