16 Avqust 2024 08:32
183
CƏMİYYƏT, COP29
A- A+

Gözəlləşən Bakı 

 

Yenidən qurulan Nizami Gəncəvi parkında keçmişlə bu günün vəhdəti duyulur

 

Elə bir dövrə gəlib çatmışıq ki, daim təmiz hava, sağlam qida axtarışındayıq. İqlim dəyişmələri demək olar ki, əksər sahələri əhatə edir və nəticədə bundan canlılar zərər çəkir. Amma ətraf mühitə, qlobal istiləşməyə təsir edən amillər arasında da xüsusi yeri antropogen təsirlər tutur. Bu baxımdan iqlim dəyişmələri ilə mübarizədə üzərinə öhdəliklər götürən dövlətlərlə yanaşı, hər bir vətəndaş da öz məsuliyyətini dərk edərək təbiəti maksimum qorumalı, qlobal istiləşməni sürətləndirən proseslərin qarşısının alınması üçün əlindən gələni etməlidir.

Təbii ki, yaşıllıq sahələri, meşə massivləri bu xüsusda mühüm rol oynayır. Çünki "ağciyər" adlandırılan meşələr bol oksigen yaratmaqla istixana qazı emissiyalarını azaldır. Bu baxımdan bizi oksigenlə təmin edən yaşıllıqların qorunması, yeni sahələrin yaradılması, xüsusən şəhərlərdə parkların salınması xüsusi əhəmiyyətə malikdir.

Üz tutduğumuz budəfəki "yaşıl ünvan" da son illərdə yenidən qurulan, dahi şairin adını daşıyan Nizami Gəncəvi parkıdır. Vaxtilə baxımsız vəziyyətdə olan, "Luna park" adı ilə məşhur olan ərazidə əsaslı yenidənqurmaya zərurət yaranmışdı. Bakının yaşıllaşdırılması, abadlaşdırılması istiqamətində görülən davamlı işlər, Prezident İlham Əliyevin bu məsələlərə xüsusi diqqət və qayğısı sayəsində bu ərazi də "yaşıl mədəniyyət" və istirahət parkına çevrilib.

 

"Nizami ili"nə "yaşıl töhfə"

 

Bu ərazidə abadlaşdırma işləri Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli sərəncamına əsasən həyata keçirilərək, yeni park salınıb. 2021-ci ilin dekabrında isə yenidənqurma işlərindən sonra Prezident

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda yaradılan şəraitlə tanış olublar.

2021-ci il Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə "Nizami ili" elan olunduğundan istirahət parkının yenidən qurularaq ilin sonunda istifadəyə verilməsi rəmzi məna daşımaqla, həm də dahi mütəfəkkirin 880 illiyinə xüsusi töhfə idi.

Xətai rayonunda 11,2 hektar ərazisi olan parkda paytaxt sakinlərinin və şəhərin qonaqlarının səmərəli istirahəti üçün hər cür şərait yaradılıb. Elə buna görədir ki, nəinki Ağ Şəhər sakinlərinin, həm də kənar ziyarətçilərin də diqqətini cəlb edir.

Bura Nobel qardaşları tərəfindən XIX əsrin sonlarında Qara Şəhərin sərhədində şirkətin işçiləri üçün salınmış yaşayış kəndi "Villa Petrolea" ərazisində yerləşən, Bakının ən qədim parklarından biri hesab olunur. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra isə park Nizami Gəncəvinin adını daşımağa başlayıb. Parkda uzun illər fəaliyyət göstərən "Luna park" əyləncə mərkəzindən sonra ərazi daha da baxımsız vəziyyətə düşmüşdü. İndi isə görülən işlər parkın əvvəlki vəziyyətini görənlərin təəccübünə səbəb olur. Xüsusən yaşıllıqların bəxş etdiyi təmiz hava, sərinlik, digər tərəfdən sakitlik adamı ərazidən uzaqlaşmağa qoymur. Görülən işlər nəticəsində parkın ərazisindəki bir və ikimərtəbəli inzibati binalar əsaslı təmir olunub. Burada süni göl də yaradılıb. 1938-ci ildən mövcud olan amfiteatr və yay kinoteatrı bərpa edilib. Yay kinoteatrının qarşısında çay daşlarından qədim tipli yeni qala divarı tikilib. Onu da qeyd edək ki, 1955-ci ildə ekranlaşdırılan, müğənni Rəşid Behbudovun baş rol aldığı "Bəxtiyar" filminin səhnə kadrlarının da burada lentə alındığı bildirilir.

Parkda iki fəvvarə kompleksi və müasir işıqlandırma sistemi də qurulub. Ərazi boyunca müasir söhbətgahlar, müxtəlif ölçülü oturacaqlar düzülüb. Balacaların istirahəti və oynaması üçün uşaq əyləncə kompleksi də yaradılıb. Səhər saatları olmasına baxmayaraq, uşaqlar üçün ayrılmış hissədə oynayan balacaların gülüş səsləri bizi elə o istiqamətə çəkir. Valideynləri ilə bərabər yaşıllıqlar qoynunda dincəlmək üçün gələn parkın balaca sakinlərinin əhvalının yüksək olması onların buranı sevdiklərindən xəbər verir.

Yenidənqurma zamanı ümumilikdə park ərazisində abadlıq işləri aparılıb, minlərlə ağac, kol, bəzək bitkisi əkilib. Yaşıllıqların qorunması üçün hər gün səhər saatlarından onların suvarılması həyata keçirilir. Yay aylarında suvarılmanın daha tez bitməsi üçün  işə daha erkən başlanılır. Elə biz parkın ərazisinə daxil olanda da mövsümi çiçəklərin, ağacların yeni suvarıldığının şahidi olduq. Parkda yenidənqurma işləri görülərkən sağlam həyat tərzi sürənlər də unudulmayıb. Onlar üçün idman qurğuları quraşdırılmış xüsusi ərazi ayrılıb. Beləliklə, park salınarkən kiçikdən-böyüyə hər kəsin asudə vaxtını səmərəli keçirməsinin nəzərə alındığı aydın görünür.

Ərazinin qədimliyini simvolizə edən əsas məqam isə parkda Nobel qardaşlarının ev-muzeyinin olmasıdır. Muzey özəl investorların vəsaiti hesabına "Bakı Nobel İrsi Fondu" tərəfindən bərpa edilib.

 

Müasir parka şahidlik edən tarixi məkan

 

Nobel qardaşları Azərbaycana ilk dəfə 1871-ci ildə gəliblər. Azərbaycana gəlmə məqsədləri isə Sankt-Peterburqda silah istehsal edən fabriklərini keyfiyyətli ağacla təmin etmək idi. Onları dəmirağac əldə etmək üçün Lənkəran bölgəsinə yönləndirmişdilər. Amma Lənkərana getməmişdən əvvəl Robert Nobel Bakının Balaxanı, Suraxanı və Qara Şəhər ərazilərindən keçdikdə hər yerdə neft quyuları görərək şəhərin neftlə zəngin olduğunu anlayır. Sankt-Peterburqa geri qayıdan Robert bu barədə qardaşı Lüdviqə məlumat verir. 1874-cü ildə R.Nobel yenidən Bakıya gəlib ərazilər alaraq elə həmin ildən neftin çıxarılması ilə məşğul olur. Qara Şəhərdə işə başlayan Robert evini də bu ərazidə tikməyə qərar verir. Bugünkü Ağ Şəhər ərazisində yerləşən evin tikintisinə 1882-ci ildə başlanılır və 1884-cü ildə iş başa çatır.  Daha sonra Nobel qardaşları onlara çalışanların övladları üçün birotaqlı məktəb tikir. Həmin dövrdə bu məktəbdə bir müəllim və 6 şagird olur. 1904-cü ildə Nobel qardaşlarının Balaxanı, Suraxanı, Bibiheybət və Qara Şəhərdə çalışan işçiləri təhsil almaq istəyən övladlarının sayı artdığı üçün Lüdviq Nobelin oğlu Emmanuel Nobelə müraciət edərək yeni məktəbin tikintisinə ehtiyac yarandığını bildirirlər. Atasının ölümündən sonra biznesi idarə edən Emmanuel məktəbin tikintisinə maliyyə ayırır. Həmin təhsil ocağı bu gün Xətai rayonunda fəaliyyət göstərən, Prezident İlham Əliyevin tapşırığı ilə müasir standartlara uyğun yenidən qurulan 56 saylı orta məktəbdir. 

İndi isə qayıdaq tarixi məkana...

Parkın ərazisində fəaliyyət göstərən 140 yaşlı muzeyin direktoru Fuad Qasımov bizə işləri barədə ətraflı məlumat verir. Altı otaqdan ibarət olan muzeyin girişində Nobel ailəsinə məxsus qədim sandıq xüsusilə diqqətimizi çəkir. Eyni zamanda otaqlarda Nobel qardaşlarına aid fotolar, qədim mebellər, royal və digər əşyalara rast gəlirik.

F.Qasımov bildirir ki, binanın muzey kimi fəaliyyətə başlaması Prezident İlham Əliyevin tapşırığı ilə Toğrul Bağırova həvalə olunmasından sonra baş tutub. "Toğrul Bağırov 2003-cü ildə Nobel qardaşlarının varislərini birləşdirən Nobel ailələri cəmiyyəti ilə birlikdə "Bakı Nobel İrsi Fondu"nu yaradıb. Bu fond Stokholmda Nobel Fondunda qeydiyyatdan keçib. Muzeyin bugünkü vəziyyətə gətirilməsində Toğrul bəyin xüsusi xidmətləri olub. Yararsız, baxımsız vəziyyətdə olan bina onun təşkilatçılığı ilə bərpa olunaraq əvvəlki halına qaytarılıb. Nobel qardaşlarına, ailəsinə məxsus əşyalar da onun vəsaiti ilə alınaraq muzeyə gətirilib", - deyə o qeyd edir.

2005-2007-ci illərdə restavrasiya olunan ikimərtəbəli bina 2008-ci ildən muzey kimi fəaliyyətə başlayıb. Direktor qeyd edir ki, muzeydəki əşyaların bəziləri Nobel ailəsi tərəfindən hədiyyə olunub. Qeyd edək ki, açılış mərasimində Nobel ailəsi də iştirak edib. Sadə interyerə malik evi gəzdikdən sonra isə bağçaya çıxırıq. Evin həyətində söhbətgah, fontan, darvazanın girişində isə at heykəlləri yer alır. Evin demək olar ki, əksər otaqlarında at fiqurlarına, rəsmlərinə rast gəlmək mümkündür. Bu da həmin dövrdə nəqliyyat vasitəsi kimi istifadə olunan ata xüsusi diqqətdən, maraqdan irəli gəlir. Həyətə çıxış üçün ikitərəfli pilləkənlərin bitdiyi mərkəz hissədə isə Alfred Nobelin şərəfinə ucaldılan heykəllə rastlaşırsan.

Elə də geniş olmayan bağçanı seyr etdikdən sonra evə geri qayıdırıq. Binanın bütün otaqlarını gəzdikdən, Nobel qardaşlarının Bakıdakı fəaliyyət tarixinə nəzər saldıqdan sonra sağollaşıb yenidən Bakının müasir görkəminə uyğun qurulan "yaşıl park"a doğru addımlayırıq...

Elə bu parkda da keçmişlə bu günün vəhdəti duyulur. Bakı neftinə ilk sərmayə qoyan Nobel qardaşlarından qalan bu tarixi bina isə ərazidəki dəyişikliklərin, inkişafın tək və əsas şahididir.

Əsmər QARDAŞXANOVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video