08 Avqust 2024 10:09
1113
SİYASƏT
A- A+

Kəlbəcərdən Xankəndiyədək...

 

Qarabağ və Şərqi Zəngəzur bölgələrində ilk parlament seçkiləri keçiriləcək 

 

Sentyabrın 1-də ölkəmizin müstəqillik dövründə sayca 7-ci parlament seçkiləri keçiriləcək. Bu, həm də ərazi bütövlüyümüzün, suverenliyimizin tam təminatından sonra işğaldan azad edilmiş Qarabağ və Zəngəzurda təşkil edilən ilk parlament seçkiləridir. 

Onu da qeyd edək ki, bu seçkilər Qarabağ və Şərqi Zəngəzurda müstəqillik tarixində reallaşacaq ikinci seçki olacaq. İşğaldan azad edilən torpaqlarımızda ilk seçki bu il fevralın 7-də keçirilib. Azərbaycan xalqı ilk dəfə olaraq qalib ölkənin qalib vətəndaşı kimi ilk prezident seçkilərində iştirak edib. Xalq Zəfər Seçkiləri adlandırılan bu seçkilərdə Böyük Qələbənin memarı olan İlham Əliyevə yenidən etimad mandatı verərək növbəti 7 il müddətinə onu özünə lider seçib.

Ən mühüm məqam isə odur ki, neçə illərdən sonra Qarabağ və Şərqi Zəngəzurda Zəfər Seçkisinin qüruru yaşanıb.

 

İşğaldan azad olunan ərazilərdə 34 daimi məntəqə yaradılıb

Əlbəttə ki, suverenliyimizin təmin edilməsi kimi tarixi şəraitdə ilk dəfə məhz prezident seçkiləri keçirilməsinin özünün də böyük rəmzi mənası var. Bu baxımdan, seçkilərin keçirildiyi 7 fevral təqvimi şanlı salnamələrimizə tarixi gün kimi yazılıb.

Ümumiyyətlə, son 4 ildə Cənubi Qafqazda baş verən proseslərə sosial-siyasi aspektdən yanaşdıqda Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və işğala, separatizmə son qoyması ilə regionda tamamilə yeni geosiyasi reallıqlar yaratdığı aydın şəkildə görünür. Şanlı Zəfərlə həm də ölkəmiz üçün yeni inkişaf mərhələsinin əsası qoyulub. Təbii ki, bununla da siyasi sistemin yeni dövrə uyğunlaşdırılması üçün artıq çox ciddi proseslərə start verilməsi zərurəti yaranıb. Bu zərurət də ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini şərtləndirib. Artıq fevral ayında ilk seçki keçirilib, indi isə Azərbaycan növbədənkənar parlament seçkilərinə hazırlaşır.

MSK-nın sədri Məzahir Pənahov bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda 34 daimi məntəqə yaradılıb. Məcburi köçkünlər 574 məntəqədə səs verə biləcəklər. Onların sayı isə 399 min 56 nəfərdir.

Xatırladaq ki, fevralın 7-də keçirilən prezident seçkilərində Qarabağ və Şərqi Zəngəzurda 26 daimi, 21 müvəqqəti (səyyar) seçki məntəqəsi yaradılmışdı. Sonradan daimi seçki məntəqələrinin sayı 34-ə yüksəlib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov həmçinin bildirib ki, parlament seçkilərində 1000 məntəqədə veb-kameralar quraşdırılacaq.

 

26 siyasi partiyanın 25-i parlament seçkilərində iştirak edir

Ümumiyyətlə, MSK-nın təsdiqlədiyi təqvim planına əsasən seçkilərə hazırlıq davam edir. Artıq namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsi ilə bağlı müəyyən edilmiş müddət başa çatıb. Yəni seçki kampaniyasının ilkin mərhələsi uğurla yekunlaşıb. Xatırladaq ki, namizədin qeydə alınması üçün seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi iyulun 13-dən başlanmışdı. Təbii ki, seçki kampaniyalarının əsas mərhələlərindən biri namizədlərin seçkiqabağı təşviqatının həyata keçirilməsidir. Seçkiqabağı təşviqatın aparılması isə avqustun 9-da başlayacaq. Sabahdan start götürəcək kampaniya avqustun 31-i saat 08:00-da dayandırılacaq.

Digər parlament seçkilərində olduğu kimi, budəfəki seçkilərdə də ölkədə fəaliyyət göstərən siyasi partiyalara bərabər imkanlar yaradılıb. İlk dəfə ölkədəki 26 siyasi partiyanın 25-nin namizədliyi qeydə alınıb.

Mərkəzi Seçki Komissiyasından qəzetimizə verilən son məlumata görə, indiyədək 1508 nəfər namizədlik üçün müraciət edib. Onlardan 1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub. 1420 nəfər imza vərəqəsi alıb, imza vərəqəsi qaytaranların sayı isə 1196 nəfərdir. Avqustun 7-dək 1000 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün indiyədək 19 beynəlxalq qurumdan və 32 ölkədən 123 nəfər akkreditə olunub.

İndiyədək 33037 nəfər yerli müşahidəçi akkreditasiyadan keçib. Qeyd edək ki, bu say günbəgün sürətlə artır. 33037 yerli müşahidəçinin 5620-si MSK-da, 27417-si dairə seçki komissiyalarında qeydə alınıb. 33037 yerli müşahidəçidən 10719-u siyasi partiyaların, 3038-i isə QHT-lərin təmsilçiləridir.

Dünən MSK tərəfindən seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı da açıqlanıb. Belə ki, 125 dairə üçün açıq və qapalı yerlər müəyyənləşdirilib. Ümumilikdə cəmi 5113 görüş yeri ayrılıb. Onlardan 3259-u açıq, 1854-ü isə qapalı yerlərdir.

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatıb. Seçki Məcəlləsinin 101.1, 101.2-ci maddələrinə əsasən, səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi prosesi səsvermə gününə azı 25 gün qalanadək başa çatmalıdır. Növbədənkənar parlament seçkiləri ilə bağlı bu proses 2024-cü il avqustun 7-dək olan dövrü əhatə edib.

 

Parlament seçkiləri Azərbaycanın suveren gücünün təntənəsi olacaq

Növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində müxtəlif statuslu seçki iştirakçıları üçün fərqli istiqamətlər üzrə layihələr davam etdirilir. Yeni hazırlanan "Müşahidəçilər üçün yaddaş" kitabçası da bu prosesin tərkib hisssədir. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsinin məlumatına əsasən, layihənin reallaşdırılmasında başlıca məqsəd Milli Məclisə seçkiləri izləyəcək müşahidəçiləri məlumatlandırmaq, sərbəst fəaliyyətlərini daha da təkmilləşdirmək və onlara metodiki kömək göstərməkdir. Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrdə Seçki Məcəlləsinin əsas aidiyyəti müddəa və anlayışlarının izahı verilib, müşahidə aparılmasının prinsipləri əks olunub, eləcə də müşahidəçilərin hüquq və vəzifələri aydın şəkildə göstərilib. Yaddaş kitabçası Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında tərtib olunub.

"Müşahidəçilər üçün yaddaş" kitabçasını aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən əldə etmək olar.

Bir sözlə, gerçəkləşdirilən çoxsaylı irimiqyaslı layihələr onu deməyə əsas verir ki, parlament seçkiləri tam demokratik, ədalətli və şəffaf keçiriləcək. Seçicilər onlar üçün yaradılmış geniş imkanlardan səmərəli istifadə edərək azad və sərbəst şəkildə öz konstitusion hüquqlarını reallaşdıracaqlar. Parlament seçkiləri həm də Azərbaycan dövlətinin qüdrətinin, suveren gücünün təntənəsi olacaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video