Hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu Öndər Heydər Əlirza oğlu Əliyevdir. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev tarixin ən çətin, məsuliyyətli anlarında xalqını sevərək hifz edən, milli mövcudluğunu qoruyaraq xilaskarlıq missiyasını uğurla yerinə yetirən görkəmli şəxsiyyət və qüdrətli dövlət xadimi olmuşdur. Taleyin hökmü ilə iki dəfə bu çətin və şərəfli vəzifəni üzərinə götürən Ümummilli Lider hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqımızın köməyinə çatmış, respublikamızı böyük bəlalardan xilas etmişdir.
Heydər Əliyevin adı daim Azərbaycan vətəndaşlarının və dünya azərbaycanlılarının qəlbində qürur və fərəh hissi yaratmışdır. Dünya ölkələrində də Ulu Öndəri tanıyanlar və haqqında eşidənlər onu böyük sevinc və məhəbbətlə yad edirlər. Heydər Əliyevə olan bu sevgi onun öz xalqına və dövlətinə sədaqətlə xidmət etməsi ilə bağlıdır. Onu da qeyd etmək lazımdır ki, bu sevgi və məhəbbəti qazanmaq heç də asan olmamış, çox çətin və mürəkkəb bir şəraitdə uzun müddət uğurla həyata keçirilən davamlı və məqsədli fəaliyyətin nəticəsində əldə edilmişdir. Belə ki, Heydər Əliyevin ilk dəfə 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi respublikamıza rəhbərlik etdiyi dövrdə apardığı hərtərəfli və əhatəli işlər, onun özünə və ətrafındakı rəhbər işçilərə qarşı olan tələbkarlığı, yüksək işgüzarlığı və idarəetmə bacarığı sayəsində Azərbaycanın iqtisadiyyatı möhkəmləndi. Neft-maşınqayırma və kimya sənayesi, kənd təsərrüfatı və digər sahələrdə respublikamız ittifaqda öncül sıraya çıxdı, istehsal etdiyi rəqabətqabiliyyətli məhsulları 65 xarici ölkəyə ixrac edərək nəinki SSRİ-də, həm də beynəlxalq aləmdə tanınmağa başladı. Bu dövrdə respublikamızda bir çox nəhəng zavod tikilib istifadəyə verildi, bəzi sənaye müəssisələri yeni texnologiya ilə təmin edilərək modernləşdi. Emal sənayesinin inkişafı, xüsusilə kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin tikilməsi geniş vüsət aldı. Regionlarda üzüm, meyvə və tərəvəz emalı zavodlarının, çay və tütün emalı fabriklərinin, habelə ət kombinatları və süd, yun emalı zavodlarının, quşçuluq fabriklərinin və heyvandarlıq komplekslərinin tikilib istifadəyə verilməsi kənd təsərrüfatının sənaye əsasında inkişafı ilə yanaşı, respublikamızda yüngül və yeyinti sənayesinin yüksəlişinə də güclü təkan verdi. Üzüm istehsalı 2 milyon tonu ötərək respublikamız ittifaq miqyasında birinci yeri tutdu, ilk dəfə olaraq 1 milyon tondan çox strateji məhsul olan pambıq istehsalına nail olundu. Azərbaycan qısa müddət ərzində iqtisadiyyatın bütün sahələrində Sovet İttifaqında geridə qalmış bir respublikadan qabaqcıl yerə çıxdı. Xüsusilə kənd təsərrüfatında məhsuldarlığın artırılmasında, maşınqayırma və kimya sənayesinin inkişafında çox uğurlu nəticələr əldə olunaraq, ölkəmizdə müasir aqrar-sənaye kompleksi yaradıldı. Bütün bunlar respublikamızın gələcəkdə müstəqil dövlət kimi fəaliyyət göstərməsinə və inkişafına yönəlmiş tədbirlər idi. Ümummilli Lider Heydər Əliyev həmin müddətdə Azərbaycanda həyata keçirdiyi taleyüklü tədbirlərin mahiyyətini belə xarakterizə edirdi: "Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirdim. Məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara bunu nə üçün etdiyimi demirdim... Amma mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin". Həyata keçirilən bu geniş və əhatəli tədbirlər onu deməyə əsas verir ki, artıq keçən əsrin 80-ci illərinin əvvəlində Azərbaycan müstəqil dövlət kimi yaşamaq üçün bütün potensiala malik idi. Bu məsələlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında" sərəncamında da özünün əhatəli əksini tapmışdır. Sərəncamda qeyd edilir: "1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır". Bu, Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi ağlasığmaz nəhəng işlərə və əldə edilən nəticələrə verilən ən yüksək və real qiymətdir.
Təbii ki, müstəqil dövlətin yaradılması üçün müstəqil iqtisadiyyatın qurulması kifayət deyildi. Bunun üçün milli şüuru oyatmaq lazım idi. Ötən əsrin 70-ci illərindən başlanan milli-mədəni dirçəliş, özünüdərk, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə zəmin yaratdı. Məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi ki, iqtisadiyyatın və milli-mədəni həyatımızın yüksək inkişafını gələcəkdə də davam etdirmək, müasir çağırışlara uyğun idarəetmə qabiliyyəti və savadı olan gənc kadrların yetişdirilməsi ön plana çəkildi. Bu məqsədlə hər il yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin ən nüfuzlu universitet və ali məktəblərində təhsil almaq imkanı qazandı.
Azərbaycan Respublikasının qısa müddət ərzində əldə etdiyi dinamik inkişaf və Heydər Əliyevin Azərbaycanda qazandığı uğurlu nəticələr onun ittifaq rəhbərliyində təmsil olunmasına zəmin yaratdı. Ulu Öndər 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olundu. Bu vəzifədə işlədiyi müddətdə (1982-1987) Heydər Əliyev ən çətin problemlərin həlli ilə məşğul olaraq tezliklə ittifaqda böyük nüfuz qazandı, özünün yüksək dövlətçilik və idarəetmə qabiliyyətinə malik olmasını sübut etdi. Bununla yanaşı, xalqımızın fəxri olan Heydər Əliyev həmin illərdə öz doğma diyarı ilə daim maraqlanır, Azərbaycanın bütün sahələrdə daha da qüdrətlənməsi üçün əlindən gələn köməyi əsirgəmirdi.
İttifaq rəhbərliyindən məlum səbəblərdən uzaqlaşdıqdan sonra Heydər Əliyev öz vətənində xalqı ilə birlikdə olmaq üçün 1990-cı il iyulun 22-də Naxçıvana gəldi. Həmin vaxtlar blokada şəraitində olan Naxçıvan həm ermənilərlə müharibə edir, həm də yaranmış iqtisadi çətinlikləri aradan qaldırmağa çalışırdı. Belə bir vəziyyətdə tanınmış siyasi xadim, həmişə vətəni və xalqı üçün həvəslə çalışmış Heydər Əliyev Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi fəaliyyət göstərməsi naminə əsl mücadiləyə qalxdı. Onun müstəqillik uğrunda əzmkarlıqla mübarizə apardığını görən Naxçıvan əhalisi Heydər Əliyevi 1990-cı ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikasına və Azərbaycan SSR-in Ali Sovetinə deputat seçdi.
1990-cı il noyabrın 17-də muxtar respublikanın Ali Sovetinin birinci sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə doğma Azərbaycanımızın üçrəngli bayrağı qaldırıldı və bununla da həmin vaxtdan müstəqilliyimizin ikinci dəfə əsası qoyuldu. Bundan başqa, onun təklifi ilə muxtar respublikanın adından "Sovet Sosialist" sözləri çıxarıldı və Naxçıvan MR Ali Soveti Ali Məclis adlandı. Habelə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Onu da qeyd etmək lazımdır ki, Sovet İttifaqının çox sərt və məşəqqətli qaydalarının mövcudluğu şəraitində belə qərarların qəbul edilməsi böyük cəsarət tələb edirdi. Heydər Əliyev belə yenilməz cəsarət sahibi olması ilə fərqlənirdi.
Heydər Əliyev parlamentin sessiyalarında Dağlıq Qarabağ problemi ilə əlaqədar Bakı rəsmilərinin yeritdiyi siyasəti və Moskvanın mövqeyini kəskin tənqid edir, SSRİ-nin tezliklə dağılacağını bəyan edirdi. Lakin həmin vaxtlar ölkəyə rəhbərlik edən səbatsız iqtidar bu fikirlərə məhəl qoymur, Kremlə sədaqət nümayiş etdirirdi. Buna baxmayaraq Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının yaradılması üçün mübarizəsini açıq formada əzmlə davam etdirirdi. SSRİ-nin saxlanmasına dair 1991-ci ilin 17 mart tarixində Sovet İttifaqının ərazisində keçirilən refendumda Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası iştirak etmədi. Naxçıvan əhalisi Heydər Əliyevə böyük inam və ümid bəsləyərək onun muxtar respublikaya rəhbərlik etməsini arzu edirdi. Xalqın bu istəyi 1991-ci il sentyabrın 3-də reallaşdı və Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçildi. Bununla da nəinki Naxçıvanı muxtar respublika kimi, həm də Azərbaycanın müstəqil dövlət kimi məhv olmasından qurtarmasının təməlini qoydu. Eyni zamanda muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görüldü və iqtisadiyyatda dönüş yaradılması məqsədilə islahatlar, xüsusilə torpaq islahatı başladı.
Keçən əsrin 90-cı illərinin əvvəli dünya tarixinə SSRİ kimi nəhəng bir ölkənin heç bir xarici müdaxilə olmadan dağılması tarixi kimi daxil oldu. İttifaq respublikaları bir-birinin ardınca öz müstəqilliklərini elan etdilər. Azərbaycan Respublikası da 1991-ci il 18 oktyabr tarixində özünün dövlət müstəqilliyi aktını qəbul etdi. Təəssüf ki, Azərbaycanın ikinci dəfə əldə etdiyi müstəqilliyin ilk illərinə təsadüf edən dövr müasir tariximizdə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xarakterizə olunur.
Belə ki, ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəlində Azərbaycan həlli çətin görünən problemlə üzləşdi. Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətində separatizmin güclənməsi və bunun əsasında Ermənistan-Azərbaycan münaqişəsinin getdikcə müharibə xarakteri alması, azərbaycanlıların öz doğma obalarından didərgin düşməsi, torpaqlarımızın dalbadal işğalı baş verdi. Bütün bunlar o dövrün adi mənzərəsi idi və respublika rəhbərlərinin dəyişməsi ilə nəticələnirdi. Müstəqil dövlət kimi yenicə formalaşmağa başlayan respublikamızda Ali Sovetin sədri vəzifəsi boş olduğundan həmin vəzifəyə seçki keçirilməsi üçün 1992-ci il mayın 18-də sessiya çağırıldı. Sessiyada mən Ali Sovetin deputatı kimi çıxış edərək bu vəzifəyə görkəmli dövlət xadimi, böyük dövlətçilik və idarəetmə təcrübəsinə malik, həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin namizədliyini təklif etdim. Bu təklifin səsə qoyulması üçün Heydər Əliyevin razılığı tələb olunduğundan Naxçıvana telefon açıb Heydər Əliyevlə danışmaq qərara alındı. Lakin çoxsaylı cəhdlərimizə baxmayaraq Naxçıvanla əlaqə yaratmaq mümkün olmadı və təklif keçmədi. Bütün bunlar televiziya vasitəsilə birbaşa yayımlandı. Vəziyyətin belə alınması Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyası rəhbərlərinin Azərbaycan Respublikasında rəhbərliyə gəlməsi ilə nəticələndi.
Bundan bir müddət sonra Naxçıvanda Heydər Əliyevin rəhbərliyi ilə müstəqilliyin qorunub saxlanması istiqamətində aparılan əhatəli işlərin daha geniş vüsət alması fonunda Azərbaycanda hərc-mərcliyin və xaosun getdikcə güclənməsi, idarəetmədə özbaşınalığın genişlənməsi müşahidə olunurdu. Naxçıvanda müstəqilliyin möhkəmləndirilməsi istiqamətində görülən siyasi, hərbi və iqtisadi fəaliyyətin Azərbaycanda da həyata keçirilməsinin zəruriliyi Heydər Əliyevin ətrafında birləşən böyük bir siyasi qüvvənin formalaşmasına ehtiyac yaratmışdı. Bu məqsədlə 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər tanınmış ziyalısı "Səs" qəzeti vasitəsilə Ulu Öndərə "Azərbaycan Sizin sözünüzü gözləyir" deyə müraciət etdi. Görkəmli dövlət xadimi Azərbaycan ziyalılarının müraciətinə oktyabrın 24-də "Yeni müstəqil Azərbaycan uğrunda!" çağırışı ilə başlayan cavab verdi və 1992-ci il noyabrın 21-də Naxçıvanda konfrans keçirildi. Konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.
Heydər Əliyevin Naxçıvanda qazandığı uğurları gözü götürməyən AXC-Müsavat hakimiyyəti Azərbaycanda qayda-qanunu bərpa etmək, Dağlıq Qarabağ müharibəsində dönüş yaratmaq əvəzinə Naxçıvanda silah gücünə çevrilişə cəhdlər edib, Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq istəyirdi. Ancaq bu cəhdlərin heç biri baş tutmadı. Çünki əhali öz doğma oğlunun arxasında möhkəm dayandı, Heydər Əliyevin dahi şəxsiyyət olması bir daha təsdiq olundu. Bununla da bütün Azərbaycan xalqı Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışını səbirsizliklə gözləyir və bu görkəmli dövlət xadiminə böyük ümidlər bəsləyirdi.
Bu dövrdə ölkədə separatçı qüvvələrin fəallaşması, Gəncə qiyamının alovlanması ilə vətəndaş müharibəsinin başlanması və respublikanın parçalanma təhlükəsinin artması nəticəsində xalqın və müstəqil Azərbaycan dövlətinin gələcəyi sual altına qoyuldu. Bax, belə bir ümidsiz siyasi, sosial, iqtisadi və hərbi şəraitdə, dövlətçiliyimizin müqəddəratının həll edildiyi 1993-cü ilin vahiməli iyun günlərində xalqın təkidli tələbləri və iqtidarın məcburiyyət qarşısında qalıb davamlı xahişi ilə Heydər Əliyev Bakıya gəldi və iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi.
Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə müstəqil Azərbaycanı məhv olmaq fəlakətindən xilas etməsi xalqımızın həmin qərarı qəbul etməsində nə qədər ədalətli və uzaqgörən olduğunu sübut etdi. Çünki dövləti tarixi burulğanlardan xətərsiz çıxarıb xilas etmək, sabit və ardıcıl inkişaf yoluna çıxarmaq üçün rəhbərdən böyük siyasi iradə və qətiyyət, çevik və dərin ağıl, zəngin təcrübə, başlıcası isə xalqa tükənməz sevgi tələb olunurdu. Bütün bu xüsusiyyətləri özündə cəmləşdirən Ulu Öndər Heydər Əliyev dünyanın güc mərkəzlərinin iradəsinə qarşı çıxaraq, onların Azərbaycan üçün hazırladıqları məkrli planları alt-üst etdi, xalqımızı və dövlətimizi qorxunc təhlükələrdən uğurla keçirərək ardıcıl inkişaf dövrünə çatdırdı.
Mübaliğəsiz demək olar ki, Heydər Əliyevin Ali Sovetin Sədri vəzifəsində çalışdığı qısa zaman kəsiyində Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyuldu. Onun təşəbbüsü ilə parlamentdə müstəqil dövlətimiz üçün həyati əhəmiyyətli qanunlar qəbul olundu. Tezliklə cənub bölgəsində "Talış-Muğan Respublikası" yaratmaq ideyasını ortaya atan və şimalda "Sadval"çı separatçıların respublikanı parçalamaq kimi məkrli niyyətlərinə layiqli cavablar verildi. Bundan sonra ordu quruculuğu sahəsində mühüm işlər görüldü. Cəbhədə atəşkəs elan olundu. Bütün türk dünyasının ən nadir tarixi simalarından sayılan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız dünyanın tanınmış neft şirkətləri ilə "Əsrin müqaviləsi"ni imzaladı, qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal təşəbbüskarına və iştirakçısına çevrildi. İqtisadiyyatın dirçəldilməsi üçün konkret addımlar atıldı. Sənayedə, kənd təsərrüfatında islahatlar aparıldı. Torpaq kəndliyə verildi. Ölkəmiz tezliklə vahid Avropa ailəsinə qəbul edildi, cəmiyyətin demokratikləşməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi, ilk parlament və bələdiyyə seçkiləri keçirildi.
Ulu Öndərin heyrətamiz xilaskarlıq missiyası nəticəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi. Onun bu qayıdışının dövlətçiliyimiz üçün misilsiz faydası oldu. Bu, sözün həqiqi mənasında, Azərbaycan dövlətinin və xalqımızın qurtuluşu oldu. Heç də təsadüfi deyil ki, sonralar xalqın müxtəlif təbəqələrinin nümayəndələri öz çıxışlarında bu günün Azərbaycan xalqının milli qurtuluş günü kimi elan edilməsini tələb edirdilər. Həmin vaxt mən Milli Məclisin deputatı idim və tale elə gətirdi ki, 1997-ci il iyunun 17-də parlamentdə çıxış edərək belə bir qərarın qəbul olunmasını təklif etdim. Bundan 10 gün sonra iyunun 27-də Milli Məclisin 45 deputatının çıxışında mənim təklifim dəstəkləndi və həmin gün Milli Məclisin qərarı ilə 15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü elan olundu və Azərbaycan Respublikasının bayram günləri siyahısına daxil edildi.
Milli Məclisin həmin tarixi qərarında deyilir: "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi".
Heydər Əliyevin 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyəti ölkəmizin inkişafında misli görünməmiş tarixi nailiyyətlərlə yaddaşlara həkk olundu. Prezident İlham Əli-yev Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi xidmətlər barədə belə deyir: "1993-cü ildən başlanmış və bu günə qədər davam edən iqtisadi və siyasi islahatlar ölkəmizin dünya birliyinə layiqli üzv kimi daxil edilməsində çox mühüm rol oynadı. Azərbaycanda güclü sosial siyasətin əsasları da məhz o illərdə qoyulubdur. Ona görə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar tarixi əhəmiyyət kəsb edir".
Qədirbilən xalqımız Ulu Öndərin xatirəsini həmişə əziz tutur. Müasir Azərbaycanın memarı və qurucusu dahi Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim nur ələyəcəkdir. Heydər Əliyev çox uzaqgörən dahi şəxsiyyət idi. Dahilərin böyüklüyü isə ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu da görür və dərk edirlər. Heydər Əliyev də məhz belə böyük şəxsiyyətlərdən idi. Bunu onun son qərarı bir daha təsdiq etdi. Bu qərar, əslində, Heydər Əliyevin Azərbaycana son borcu və xidməti idi. Çünki bu qərardan Azərbaycan dövlətinin gələcək taleyi asılı idi. Heydər Əliyev bu borcunu da şərəflə yerinə yetirdi.
Heydər Əliyevin 2003-cü il prezident seçkiləri ilə əlaqədar doğma xalqına ünvanladığı müraciəti vətənə ləyaqətlə xidmətin son nümunəsi idi. Ulu Öndər tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı da göstərdi: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Ulu Öndərin bu tarixi müraciətindən keçən 23 il onun dediklərinin reallıqla dərindən uzlaşdığını və söylədiyi fikirlərin yüksək dərəcədə həqiqət olduğunu bir daha göstərdi. Keçən dövr ərzində beş dəfə Azərbaycan xalqının əksəriyyətinin böyük dəstəyini qazanaraq prezident seçilən İlham Əliyev Ümummilli Liderin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını gündən-günə daha yaxşı gələcəyə apardığını sübut etdi.
Cənab İlham Əliyevin bu illər ərzində rəhbərliyi altında respublikamız çox uğurlu nəticələr əldə etmişdir. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi"ndən əldə edilən vəsaitlər respublikamızda iqtisadiyyatın möhkəmlənməsinə və şaxələnməsinə yönəlmiş, istehsalın genişlənməsi və yeni istehsal sahələrinin yaradılması təmin edilmişdir. Ölkəmizdə iqtisadiyyat dünyada çox az təsadüf olunan sürətlə inkişaf etmiş, işsizlik və yoxsulluq minimum həddə endirilmiş, əməkhaqları, pensiya və digər sosial təminatlar dəfələrlə çoxalmışdır. Həyata keçirilən davamlı xarici və daxili siyasət nəticəsində Azərbaycan Respublikası dünyanın siyasi və iqtisadi həyatına uğurla inteqrasiya olunmuşdur. Hazırda Azərbaycan bölgənin lider ölkəsi olmaqla dünya arenasında müstəqil siyasət yeridən bir ölkə kimi qəbul olunur və digər ölkələrlə birgə layihələrin həyata keçirilməsində etibarlı tərəfdaş kimi tanınır. Ona görə də qlobal tədbirlərin keçirilməsində seçim edilərkən respublikamıza daim üstünlük verilir.
Cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın əldə etdiyi möhtəşəm uğurların zirvəsində isə 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində qazanılan parlaq qələbə dayanır. Bununla da 30 ildən çox Ermənistanın işğalı altında olan doğma torpaqlarımız azad olunaraq, xalqımızın çoxdankı arzusu və dövlətin qarşısında duran ən ümdə vəzifə yerinə yetirildi. Hazırda Azərbaycan Respublikası öz ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə bərpa edən bir ölkə kimi tanınır. Bu qələbə həm də xalqımızın əvvəlki qürurunun bərpası ilə yekunlaşdı və hər bir vətəndaşımıza məğrurluq bəxş etdi. Məhz buna görə bütün xalqımız ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə borcludur.
Bütün bunlar onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev varis seçimində də özünün uzaqgörən dahi şəxsiyyət olduğunu bir daha göstərdi.
Odur ki, qədirbilən xalqımız Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əzəmətli xidmətlərini heç vaxt unutmur və şanlı tariximizin parlaq səhifəsi olan 15 İyun - Milli Qurtuluş Gününü böyük sevinclə qeyd edir.
Eldar İBRAHİMOV,
Milli Məclisin İntizam komissiyasının sədri, iqtisad üzrə elmlər doktoru, professor