Vyetnam Dostluq Assosiasiyalar İttifaqında Azərbaycanın Hanoydakı səfirliyinin təşəbbüsü ilə vyetnamlı rəssamın çəkdiyi Ulu Öndər Heydər Əliyevin bədii portretinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ittifaqın rəhbərliyi, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri, fəxri sədri və üzvləri, dövlət qurumlarının nümayəndələri, Azərbaycanda təhsil almış vyetnamlılar, Vyetnamda səfərdə olan ölkəmizin Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti və jurnalistlər iştirak ediblər.
Səfir Şövqi Mehdizadə Azərbaycan və Vyetnam xalqlarının xoşbəxt xalqlar olduğunu, 20-ci əsrdə xalqlarımızın Heydər Əliyev və Ho Şi Min kimi liderlərinin olmasının bizim ölkələr və xalqlarla yanaşı, yerləşdiyimiz bölgələrin digər xalqları üçün də tarixi əhəmiyyət kəsb etdiyini bildirib.
Diplomat Azərbaycan dövlətinin başçısının müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması və Ulu Öndərin Vyetnama Sovet İttifaqı dövründə yüksək səviyyəli nümayəndə heyətinin rəhbəri qismində rəsmi səfərinin 40 illiyi ilə əlaqədar səfirliyin keçirdiyi tədbirlər və layihələr haqda məlumat verib, Heydər Əliyevin Vyetnama xüsusi diqqətini qeyd edib.
Bildirilib ki, səfirliyin təşəbbüsü ilə İctimai TV Heydər Əliyevin Vyetnama və Ho Şi Minin Bakıya səfərinə dair arxiv materialları əsasında “Vyetnam səfəri” sənədli filmini hazırlayıb, habelə elmi məqalələr və digər layihələr üzrə işlərə başlanılıb.
Bu il Prezident Ho Şi Minin Azərbaycana səfərinin 65 illik yubileyinin tamam olduğunu vurğulayan səfir, liderlərimiz tərəfindən əsası qoyulan bu dostluğun hazırda uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Danq Te Vin görkəmli dövlət xadimi Heydər Əliyev və onun Azərbaycan-Vyetnam münasibətlərinə verdiyi töhfələr, iki ölkə arasında tarixi əlaqələr barədə danışıb. O, Azərbaycanla Vyetnam arasında dostluq əlaqələrinin yaranmasında hər iki ölkənin liderlərinin rolu haqqında məlumat verərək, Ulu Öndərin Vyetnam xalqının yaxın dostu olduğunu və Vyetnamla əlaqələrə hər zaman böyük önəm verdiyini qeyd edib. Assosiasiya sərdi Heydər Əliyevin 1983-cü ildə Sovet İttifaqı nümayəndə heyətinin rəhbəri kimi Vyetnama rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynadığını, eləcə də minlərlə vyetnamlı tələbənin dövlət xətti ilə Azərbaycanda təhsil almasında və Vyetnamda neft sənayesinin qurulmasında Ulu Öndərin müstəsna rolunun olduğunu vurğulayıb.
Ümummilli Liderin fəaliyyətinin Vyetnamla bağlı dövrünə həsr olunmuş “Vyetnam səfəri” sənədli filmi yerli dildə nümayiş olunub. Bundan başqa, Prezident Ho Şi Minin Azərbaycana səfərinə dair arxiv sənədlərindən ibarət təqdimat iştirakçıların diqqətinə çatdırılıb.
Sonra Ulu Öndər Heydər Əliyevin bədii portretinin təqdimatı keçirilib. Vyetnam Dostluq Assosiasiyalar İttifaqının konfrans zalında digər ölkələrin görkəmli şəxslərinin bədii portretləri ilə yanaşı, Heydər Əliyevin portreti daim nümayiş etdiriləcək.
Tədbir iştirakçıları Ulu Öndərin Vyetnama tarixi səfərini əks etdirən fotosərgi ilə tanış olublar.