Qazi jurnalistlərimizin İstanbul səfəri maraqlı görüşlər, xoş xatirələrlə yadda qaldı
DHA-da və "Türkiyə Qəzetçilər Cəmiyyəti"ndə yaddaqalan görüş
Səfərin ikinci günü də Türkiyənin məşhur media qurumlarında görüşlər keçirildi. Öncə mediamızın döyüşən simaları Türkiyənin məşhur Demirören Xəbər Agentliyini (DHA) ziyarət etdilər.
Qonaqları qarşılayan qurumun direktoru Cemal Coşkun DHA-nın gördüyü işlər, gələcək prioritetləri, sosial mediadakı fəaliyyəti haqda geniş məlumatlar verdi. İyul ayında Xankəndi şəhərində keçirilən III Şuşa Qlobal Media Forumunun da iştirakçısı olduğunu diqqətə çatdıran Cemal Coşkun Türkiyə və Azərbaycan mətbuatının fəaliyyətini yüksək qiymətləndirdi. Eyni zamanda qeyd etdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi, bu forumda da yüksək diplomatik məharəti ilə verilən suallara ətraflı cavablar verərək əsl həqiqətləri dünyaya çatdırdı.
Bu görüşdə də maraqlı anlar yaşandı. Bəlli oldu ki, sən demə, direktor Cemal Coşkun bu görüşü Azərbaycandan gəlmiş media nümayəndələri ilə görüş kimi qəbul edibmiş. 23 il xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş, Vətən müharibəsində yaralandıqdan sonra tərxis olunmuş Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin rəhbəri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Bəhruz Məmmədzadənin heyətlə bağlı təqdimatından sonra DHA-nın direktoruna bəlli oldu ki, görüş iştirakçıları savaşmış jurnalistlərdir. Bundan sonra bizlərlə lap səmimi olan Cemal Coşkun hansı istiqamətlərdə döyüş tapşırıqları yerinə yetirdiyimizlə maraqlandı, Azərbaycanın qazandığı haqq savaşı ilə bağlı çox dəyərli və maraqlı fikirlər səsləndirdi.
Görüşün sonunda qazi jurnalistlər adından agentliyə hədiyyələr təqdim etdik, eyni zamanda xatirə fotosu çəkdirdik.
DHA-nın ardınca heyətimizin növbəti ünvanı "Türkiyə Qəzetçilər Cəmiyyəti" oldu. Cəmiyyətin baş katibi Sibel Güneş Türkiyədə media mənsublarının fəaliyyəti, o cümlədən lazım gəldikdə onların hüquqlarının müdafiəsi haqda görülən işlərdən bəhs etdi.
Bizlərlə bu təması tarixi görüş adlandıran Sibel Güneş son illər dünyada, xüsusən də Yaxın Şərqdə, Qəzzada baş verən hərbi toqquşmalarda jurnalistlərin də həlak olduqlarını təəssüflə qeyd etdi.
Görüşün sonunda Sibel Güneşə də Azərbaycandan gətirilən hədiyyələr təqdim olundu və xatirə şəkli çəkdirildi.
Qazi jurnalistlərin həmin gün son dayanacağı isə Türkiyənin "Küresel Gazeteciler Konseyi" oldu. Görüşdə KGC-nin Xarici mətbuat üzrə məclis rəhbəri Ahmet Coşkunaydın, o cümlədən qurumun idarə heyətinin üzvü, Bakı Parlament Æurnalistləri Birliyinin rəhbəri Elşad Eyvazlı da iştirak edirdi.
Görüşdə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıldı, əməkdaşlıq məsələləri müzakirə edildi. Ahmet Coşkunaydın təşkilatın fəaliyyəti haqqında qazi jurnalistlərimizə ətraflı məlumat verdi.
Sonda Azərbaycandan gətirilən simvolik hədiyyələr konseyə təqdim edildi və xatirə şəkli çəkdirildi.
Keçmiş həmkar, bugünkü konsulla səmimi söhbət
Səfərin üçüncü günü qazi jurnalistlər Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunda oldular. Üçrəngli bayrağımızın dalğalandığı konsulluq binasında bizi çox səmimi qarşılayan baş konsul Nərminə Mustafayeva hər birimizin çalışdığımız mətbu orqan və keçdiyimiz döyüş yolu ilə maraqlandı.
Biz torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı qüdrətli ordumuzun hücum savaşından və şanlı Zəfərindən danışdıqca baş konsulun sevincindən gözləri dolurdu...
Sonra Nərminə Mustafayeva 44 günlük Vətən müharibəsi zamanı xalqın birliyindən və əldə olunan tarixi qələbənin əhəmiyyətindən danışdı. Bildirdi ki, bu Zəfər təkcə torpaqların azadlığı deyil, eyni zamanda Azərbaycanın dünyada güclü dövlət olduğunu bir daha sübut edib. Prezident İlham Əliyev həm savaş meydanında hərbi gücümüzlə düşmənin başını əzib, həm də yüksək diplomatik məharəti ilə Azərbaycana olan basqıları, təhdidləri zərərsizləşdirib. Bu Zəfərlə dünya Azərbaycanın hərbi və siyasi gücünə bir daha şahidlik edib.
Baş Konsul Nərminə Mustafayeva görüş zamanı müharibədə döyüşçü kimi iştirak edən media nümayəndələrinə minnətdarlıq edərək, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfalar dilədi.
Qeyd edək ki, Nərminə Mustafayeva 1990-cı illərin sonu - 2000-ci illərin əvvələrində jurnalist kimi fəaliyyət göstərib. Ölkəmizdəki televiziyalardan birində müxbir kimi çalışıb. 2020-ci ilin iyul ayında Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə Nərminə Mustafayeva Azərbaycanın İstanbulda baş konsulu təyin edilib.
Artıq 5 ildir ki, baş konsul kimi fəaliyyət göstərən Nərminə Mustafayeva ilə görüş qazi jurnalistlərimizdə xoş təəssürat yaratdı.
Görüşün sonunda iştirakçılara xatirə hədiyyələri təqdim olundu, başımız üstündə məğrur-məğrur dalğalanan üçrəngli bayrağımızın altında şəkil çəkdirdik.
"Bir bədəndə iki can - Türkiyə-Azərbaycan!", ruhu bizə doğma olan məkan
Qazi jurnalistlərimizin Türkiyə səfərinin son günündə baş vurduğumuz son məkan Türkiyə Qazilər və Şəhid Ailələri Vəqfinin İstanbul şöbəsi oldu.
Bizi vəqfin binası önündə qarşılayan qurumun idarə heyətinin üzvü, İstanbul şöbəsinin sədri qazi Ferhat Koçakın fiziki görkəmi, bizlərə doğma qardaş kimi isti münasibət göstərməsi onun əsl qəhrəman olduğunun əyani təzahürü idi.
Görüşüb salamlaşdıqdan sonra Vəqfin binasına daxil olarkən otaqda diqqətimizi çəkən ilk məqam divarlara vurulan şəhid şəkilləri, vətən uğrunda canından keçmiş qəhrəmanların ay-ulduzlu müqəddəs bayrağa bükülmüş tabutunu qucaqlayıb ağlayan anaların, qız-gəlinlərin ürəkdağlayan fotoları hər kəsdə duyğusal anlar yaşatdı.
Əvvəlcə Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə bir gün öncə şəhidlik zirvəsinə ucalan Türkiyə ordusu mənsubu - baş çavuş Servet Ökkeş Çakırın ailəsinə və yaxınlarına başsağlığı verdi. Onunla yanaşı, vətən uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi yad olundu.
Görüşdə iki ölkə arasında münasibətlərdən də söz açıldı, Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduğu bildirildi.
"Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir. Biz hər zaman, hər məsələdə qardaşlarımızın yanındayıq. Bugünkü görüşün bizim üçün çox böyük mənəvi yükü var", - deyə Bəhruz Məmmədzadə qeyd etdi.
Türkiyə Qazilər və Şəhid ailələri Vəqfinin İdarə Heyətinin üzvü, İstanbul şöbəsinin sədri Ferhat Koçak da öz növbəsində ölkələrimiz arasındakı münasibətləri, əlaqələri yüksək qiymətləndirib, eyni zamanda qazi jurnalistlərlə görüşdən məmnunluğunu ifadə etdi: "Azərbaycan hər zaman yanımızda olub və olacaq. Biz Azərbaycanı ikinci vətənimiz sayırıq. Türkiyə olaraq biz də həmişə qardaşlarımızın yanındayıq. Vətən uğrunda döyüşən qazi jurnalistlərlə görüşdən çox məmnunuq. Bu cür görüşlərin tez-tez olmasını arzu edirik".
Daha sonra Türkiyə Qazilər və Şəhid ailələri Vəqfi ilə Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi arasında münasibətlərin daha da dərinləşməsi, gələcəkdə bundan da geniş heyətlə görüşlərin olması perspektivi müzakirə edildi.
Görüşdə çıxış edən qazi jurnalistlərimiz keçdikləri döyüş yolundan, eləcə də Türkiyə-Azərbaycan qardaşlığından söz açdılar. Qeyd edildi ki, Azərbaycanla Türkiyəni bir-birindən ayırmaq və ya ayrı təsəvvür etmək mümkün deyildir. Bu ona bənzəyər ki, əkiz doğulmuş iki qardaşı bir-birindən ayrı tutursan. Tarix də göstərdi ki, bir damarın qanı iki yerə bölünə bilmir.
Ulu Öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" canyanğısı və Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" təəssübkeşliyi varlığımızın, birliyimizin əyani sübutudur.
Görüşün sonunda isə tərəflər bir-birinə hədiyyələr təqdim etdilər və xatirə fotosu çəkildi.
Bununla da qazi jurnalistlərimizin İstanbul səfərində nəzərdə tutulmuş rəsmi görüşləri yekunlaşdı.
Səfərin son günündə Türkiyə Media İş Sendikasının təşkilatçılığı ilə qazi jurnalistlərimiz "Kanal 3 TV"nin canlı yayımının qonağı oldular. Çıxış edən qazi jurnalistlərimiz qələmi süngü ilə əvəzləməyin səbəbi, keçdikləri döyüş yolları, savaşdan sonrakı dönəmdə media təmsilçisi kimi necə fəaliyyət göstərdikləri ilə bağlı suallara ətraflı cavab verdilər.
Beləliklə, qazi jurnalistlərimizin 27 iyul - 1 avqust tarixlərində İstanbul səfəri başa çatdı. Hava limanına yola düşmədən öncə bizi bu dövrdə qonaq edən, keçirdiyimiz görüşlərdə hər zaman yanımızda olan Media İş Sendikasının rəhbərliyi tərəfindən qazilərimizə xatirə hədiyyələri təqdim edildi. Genel Başkan Yardımcıları Cemal Sonsay və Dilek Atçekenə təşəkkürümüzü çatdırıb bir daha görüşmək diləyi ilə sağollaşdıq.
Qardaşlığın, diqqətin, qayğının və mənəvi birliyin təntənəsi
Bu səfər qazi jurnalistlərimizin hər birinin həyatında xüsisi iz buraxdı. Özəl, maraqlı və yaddaşlardan silinməyəcək qədər unudulmaz bir səfər, səmimi görüşlər və ruhumuzu isidən gəzintilər tarixi anlara çevrildi.
Bu, sadəcə bir görüş deyildi, qardaşlığın, diqqətin, qayğının və mənəvi birliyin təntənəsi idi.
Bu səfər, qardaş ölkədə geniş əks-səda doğurdu. 15 ölkədə yayımlanan Anadolu Agentliyinin səfərlə bağlı xəbər paylaşması bunu yaradan reallıq oldu.
Qardaş ölkədə bizə doğmalıq, isti münasibət və sonsuz diqqət göstərildi, bir an belə özümüzü yad ölkədə hiss etmədik. Səmimiyyət, mənəvi dəstək, hər zaman xüsusi diqqət bu səfərə daha yüksək dəyər qatdı...
Bu yolçuluq təkcə fiziki səfər deyildi, könüldən-könülə uzanan bir körpü, ruhumuzun birliyini təsdiqləyən bir yol idi...
Hər addımda bir isti baxış, səmimi söz, qürur dolu an vardı və bu yolda qazi həmkarlarımızla birlikdə olmaq bir şərəf idi...
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Bakı-İstanbul-Bakı