Ölkəmizin sosial müdafiə sisteminin mühüm komponentlərindən biri olan sosial xidmətlərin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün son illər mühüm addımlar atılıb.
Dövlətin sosial xidmətlər sistemi çətin həyat şəraitinə məruz qalan insanların daim yanında olaraq, onlara öz dəstəyini göstərən əvəzsiz xidmət sahəsidir. Bu xidmətlər çətin həyat şəraitinə düşənləri, həyat fəaliyyətini obyektiv surətdə pozan, təkbaşına aradan qaldıra bilmədiyi hallarla qarşılaşan şəxsləri, ailələri əhatə edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum şəxslər, əlilliyi olan şəxslər, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslər, məişət zorakılığından zərərçəkmişlər, insan alverinin qurbanları, müəyyən yaşayış yeri olmayanları və sair kateqoriyadan olan insanlar bu xidmətdən istifadə edir.
Əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllar, ahıl ər-arvadlar, əlilliyi olan şəxslər isə evdə (səyyar) sosial-məişət xidməti ilə əhatə olunurlar. Sosial xidmətçilər həmin şəxslərin (ailələrin) evinə gedərək onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərirlər. Hazırda Sosial Xidmətlər Agentliyi və DOST mərkəzləri tərəfindən ümumilikdə 4 minədək tənha ahıl və əlilliyi olan şəxsə evlərində (səyyar) sosial-məişət xidməti göstərilir.
Evdə sosial xidmət göstərilənlərin bir qismi də şəhid ailələridir. Onlardan biri olan Cəlilabad rayon sakini, şəhid anası Turə Şahbazovanın dediklərindən: "Sosial Xidmətlər Agentliyi tərəfindən mənə təyin olunmuş sosial xidmətçi Afət Ağazadə sayəsində ev işlərim, həyat fəaliyyətim xeyli asan olur. Şəhid anası kimi diqqət və qayğı ilə əhatə olunmuşam. Öz evimdəcə gəlib mənə xidmət göstərməkləri də dövlət başçımızın bizlərə olan daha bir qayğının nümunəsidir. Biz hər zaman dövlətimizin dəstəyini hiss edirik".
Sosial xidmət əməkdaşları tənha ahılların ad günlərində də onların yanında olurlar. Elə bu günlər agentliyin əməkdaşları Şirvan şəhər sakini, evində sosial xidmətlə təmin edilən Kvitkova Vera Kirilovnanı 100 yaşının tamam olduğu gün ziyarət edərək onu təbrik etdilər. Vera Kirilovna deyir: "Sosial xidmətçiyə mən artıq dost kimi baxıram. O mənim dostumdur. Çünki mən ondan yalnız dost münasibətini görürəm. 100 yaşım tamam olanda da sosial xidmətçimlə birgə agentliyin əməkdaşları məni təbrik etməyə gəlmişdilər. Bu doğma münasibət mənim üçün çox dəyərlidir".
Digər tənha ahıl şəxs, Gədəbəy rayon sakini Gülzə İlqar qızı Hüseynova da şəhid nənəsidir. Deyir ki, bu gün heç də özünü tək hiss etmir: "Çünki güclü, qüdrətli dövlətimiz, böyük Qələbə qazanmış dövlətimiz mənim kimi tənha ahıl insanlara daim dayaq olur, dəstək olur. Bu dəstəyi görəndə hiss edirsən ki, bəli, sən tək deyilsən, arxanda dövlət dayanıb!"
Agentlik tərəfindən həssas qruplara stasionar və yarımstasionar formalarda da sosial-məişət, sosial-hüquqi, sosial reabilitasiya, tibbi-sosial, sosial-pedaqoji və sosial-psixoloji xidmətlər göstərilir. Qurumun əlilliyi olan uşaqlar üçün, eləcə də psixonevroloji sosial xidmət müəssisələri, Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsi, Əlilliyi Olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi, həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi, uşaq evləri və digər müəssisələri fəaliyyət göstərir. Bu müəssisələrdə hazırda 2272 şəxs daimi dövlət himayəsində sosial və reabilitasiya yönümlü xidmətlərlə təmin edilir.
Qurumun tabeliyindəki uşaq evləri sosial xidmət müəssisələrində həssas əhali qruplarından olan uşaqlara yaşayış yeri, qida, geyim və tibbi xidmətlə yanaşı, psixoloji dəstək, sosial reabilitasiya və təhsil imkanları təqdim edilir. Uşaqların müəssisəyə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, həmin uşaqların psixo-sosial reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası və ailələrə psixo-sosial dəstəyin gücləndirilməsi işləri də aparılır.
Bu məqsədlə əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələrinin nəzdində yarımstasionar formada xidmət göstərən daimi Günərzi Qayğı mərkəzləri, həmçinin agentliyin sifarişi ilə icra olunan layihələr əsasında ölkəmizin bölgələrində (Sumqayıt, Mingəçevir və Naftalan şəhərlərində və Abşeron, Cəlilabad, Ağdaş, Xaçmaz, Ağstafa, Yardımlı, Masallı, Samux, Goranboy, Lənkəran, Bərdə, Şəmkir, Zaqatala və s.) 30 Günərzi Qayğı mərkəzi fəaliyyət göstərir. Qeyd edilən mərkəzlərdə həssas qruplara aid, o cümlədən əlilliyi olan uşaqların korreksiya, abilitasiya, reabilitasiya və s. xidmətlərlə, psixoloji dəstəklə təminatı həyata keçirilir.
Məişət zorakılığından zərərçəkmiş şəxslər də sosial xidmətlər çərçivəsində dəstəklə təmin olunanlar sırasındadır. Agentliyin müvafiq müəssisəsindəki sosial reabilitasiya şöbəsində müasir tələblərə uyğun şəraitlə həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə tədbirlər görülür. Bu il qurum məişət zorakılığından zərərçəkmiş 66 nəfəri reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edib.
Rüstəm KAMAL,
"Azərbaycan"