peşəsindən qürurlu Xəzər neftçisi
Onlara nə qar təsir edir, nə də boran. Yayın qızmarında olduğu kimi, qışın şaxtasında da açıq dənizin qoynundadırlar. Bax indi bu yağmurlu, sazaqlı günlərdə də Xəzərdəki adalarda, polad estakadalar üstündə, özül və platformalarda əmək növbəsindədirlər. Onlar dəniz neftçiləridir.
Dəniz neftçiləri cəsur və qorxmaz insanlardır. Belə ki, bu xüsusiyyətlərə malik olmayanlar Xəzərin qoynunda çox az qala bilirlər. Deyilənlərə görə, bəziləri buraya həvəslə gəlir, lakin elə birinci qasırğadan sonra həmişəlik çıxıb gedirlər.
Xəzərlə ülfət bağlayanlar isə daha da möhkəmlənir, mətinləşirlər. Belələri üçün Xəzər daimi iş yerinə, çörək təknəsinə, hünər meydanına çevrilir. Hünər demişkən, Azərbaycanın dəniz neftçisi peşəsinə könül verən neçə-neçə hünərvər oğlunun adı tariximizin şanlı səhifələrinə yazılıb. Təkcə neft tariximizin deyil, bütövlükdə xalqımızın qəhrəmanlıq salnaməsinin səhifələrində onlarca belə şərəfli ada rast gəlmək mümkündür.
Xəzər neftçisinin həyatı bəzən nağıllaşıb da - neftçi Qurban Abbasov haqqında rəvayət danışıb, usta Mixail Kaveroçkin haqqında heyrətlə söhbət açıb, qazmaçı İsrafil Hüseynov haqqında nəğmələr qoşublar. Xoşbəxt Yusifzadənin geoloq intuisiyası onilliklər boyu heyrətə səbəb olub.
Lakin Xəzər neftçisinin hünəri, işi-əməli nə qədər əfsanəyə, nağıla bənzəsə də, reallıqdır, həqiqətdir. Bu da bir həqiqətdir ki, hələ sovetlər dönəmində neçə-neçə Xəzər neftçisi dövlət mükafatı, əmək qəhrəmanı adını alıb, şan-şöhrət qazanıb, yüksək vəzifələrə irəli çəkilib.
Dənizimiz həmişə olub, neftçi də Azərbaycanda çoxdankı peşədir. Lakin "dəniz neftçisi" söz birləşməsi xalqımızın leksikonuna ötən əsrin ortalarında daxil olub. Yəni bu peşə həmin dövrdən - "Neft Daşları" kəşf olunandan, burada polad dirəklər üstündə şəhər salınmağa başlayandan sonra formalaşıb. Dənizdə kəşf edilən yataqlar artdıqca, Xəzər neftçilərinin sıraları da genişlənib. İllər keçdikcə "dənizdə işləyirəm" sözləri artıq heç kəsə qəribə görünməyib.
Xəzərin "üzü nə qədər boz olsa da", səxavəti də böyükdür. Onun bərkdən-boşdan çıxardığı mərd oğullarına bəxş etdiyi təkcə hörmət-izzət deyil, həm də xoş duyğular, kövrək hisslərdir. Maraqlıdır ki, dəniz neftçiləri insanlarla tez ünsiyyət qurmağı bacarır, sözübütöv və dostluqda möhkəm olurlar. Bununla yanaşı, onlara bir romantiklik də xasdır, şeiri, musiqini çox sevirlər.
Bu yaxınlarda təsadüfən bir köhnə jurnalı vərəqləyərkən keçən əsrin 60-cı illərinin ikinci yarısında Azərbaycanın neftçıxarma sənayesi naziri olmuş, bu vəzifəyə fəhləlikdən başlayaraq, pillə-pillə gəlib çatmış, dövrünün Sosialist Əməyi Qəhrəmanı kimi yüksək adına layiq görülmüş Bəxtiyar Məmmədovun "Bizim gözlərimiz qarşısında tamamilə yeni peşə - dəniz neftçisi peşəsi yaranır" adlı qeydlərinə rast gəldim. Neftçi qələmindən çıxsa da, əsl publisist duyğularla "yoğrulmuş" bu qeydləri olduğu kimi təqdim edərək yuxarıda söylədiyim fikirlərə söykək tuturam: "Bəşəriyyət minillər ərzində gəmilər yaratmış və onları təkmilləşdirmiş, minillər ərzində dənizçilik ustalığını cilalamışdır. Lakin dənizdə, qazma vışkasının polad əsasları üzərində, tufanla və böyük dalğaların zərbəsi ilə mübarizə aparmağa, sərt şəraitdə yaşamağa və işləməyə yalnız fövqəladə insanlar qadirdirlər. Mənə Neft Daşlarında dəniz neftçıxarma veteranları ilə işləmək şərəfi nəsib olmuşdur və mən bu insanları yaxşı tanıyıram.
Bugünkü dəniz neftçisi xarakteri nədən yaranır?
Hər şeydən əvvəl, məşğul olduqları işin onların xüsusi, şəxsi işi olduğunu dərk etməsindən. Həqiqətən də, bu dərketmədən başqa insanı həftələrlə dəniz vaxtını tərk etməməyə nə vadar edə bilər? Bu yüksək şüurdan başqa nə? Bəlkə məhəbbət... Biz neftçilər deyirik: insan öz işini sevir, işdən sonra biri ovla, digəri poçt markası, üçüncüsü isə idmanla məşğul olur. Bizim işimiz həm məhəbbət, iş, həm də vurğunluğumuzdur. Belə qəhrəman işə insan özünü bütövlüklə həsr etməyə bilməz.
Nəsil hisslərini, ənənə hisslərini də qeyd etmək olar. Əgər mədənləri gəzsəniz görərsiniz ki, burada atası, babası və ulu babası da neftçıxaran olmuş fəhlələr işləyirlər. Bizdə "neft" və "həyat" sözlərini vahid anlayış kimi qəbul edən nəsillər vardır. Və bu, rədd edilə bilməz. Bu gözəl varislik tükənməzdir.
Siz bəlkə də deyərsiniz: nazir obyektiv deyildir, o öz peşəsini, neftçilərini tərifləyir. Etiraz edə bilmərəm, siz haqlısınız. Lakin mənə elə bir adam göstərin ki, o, həyatda ona ən əziz olan, həyatının əsas amili haqda kənar adam obyektivliyi ilə, soyuq ürəklə danışsın. İnanmıram ki, belə bir adam ola bilsin".
Bir neçə kəlmə də bu sözlərin müəllifi Bəxtiyar Məmmədovun özü haqqında: çünki o, əsl dəniz neftçisi idi, bu peşəyə məhəbbət qanına-iliyinə hopmuşdu. Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası) oxuya-oxuya mədəndə işləmişdi. Sonra gənc mütəxəssis Qaraçuxurda usta, "Umbakı" mədənində rəis olmuşdu. Dənizə artıq püxtələşmiş mütəxəssis və səriştəli təşkilatçı kimi gəlmişdi. 27 yaşında o, Neft Daşlarında böyük bir mədənin müdiri, 30 yaşında isə neft-mədən idarəsinin rəisi olmuşdu. Bundan sonra "Başdənizneft"in rəisi vəzifəsinə irəli çəkilmişdi. Albaniya, Almaniya, Kolumbiya, Venesuellaya ezamiyyətə göndərilmiş, üç il layihə rəhbəri kimi Nigeriyada işləmişdi. 1965-1970-ci illərdə nazir kimi Azərbaycanın neftçıxarma sənayesinə rəhbərlik etmişdi.
Amma dəniz neftçisi heç vaxt tutduğu vəzifənin böyük-kiçikliyinə varmaz. Onun üçün ən böyük vəzifə kürsüsü də, fəaliyyət meydanı da elə dənizin özüdür. Odur ki, Bəxtiyar Məmmədov nazir postundan sonra idarə rəisi vəzifəsinə keçəndə də işə qəlbinin bütün odunu sərf edirdi. Bibiheybətdə köhnə quyuları həyata qaytarır, gücdən düşmüş laylarda ehtiyatlar axtarıb tapır, istehsalata yeniliklər tətbiq edirdi.
Belə idi onların hamısı - Azərbaycanın dəniz neftçilərinin ilk dəstələrinə daxil olan Ağaqurban Əliyev, Yusif Səfərov, Sabit Orucov, Süleyman Vəzirov, Əli Əmirov, Bəhmən Hacıyev və onlarla digərləri.
Ümummilli Lider Heydər Əliyev dəniz neftçilərinin böyük dostu idi, onların əməyini yüksək qiymətləndirirdi: "Azərbaycan neftçiləri Xəzər dənizinin neft-qaz yataqlarının kəşf edilməsində böyük xidmətlər göstərmiş və həmişə irəlidə getmişlər". Ulu Öndər dəfələrlə dəniz mədənlərində, özüllərində olmuş, buradakı görüş və söhbətlərində Azərbaycanın neft-qaz sənayesinin sabahının Xəzərlə bağlı olduğunu söyləmişdir.
Ümidlər doğrulur. Bu gün də mətin neftçilərimiz az deyil. XXI əsrin neftçisi yüksəkixtisaslı, savadlı, ən mürəkkəb qurğulardan baş çıxaran, ən müasir dəniz platformalarında çalışan mütəxəssisdir. Bu gün müasirlik ənənələrlə çulğalaşaraq dəniz mədənlərinə yeni bir əhvali-ruhiyyə və işgüzarlıq, yeni bir həyat gətirib.
Neçə-neçə dəniz neftçisinin həyatı canlanır gözüm önündə. Onlarla müxtəlif illərdə jurnalist taleyinin məni gətirib çıxardığı Pirallahı, Qum, Çilov adalarında, Neft Daşlarında, "Günəşli" və "Bahar" yataqlarındakı özüllərdə həmsöhbət olmuşam. Çox adlar qalıb yaddaşımda: Kamal Salahov, Zeynal Abdullayev, Azər Rüstəmov, Azər Aşurov, Firat Əliyev, Murad Adıgözəlov, Adil Abdullayev, Namiq Səmədov...
Müsahibim olan dəniz neftçisi İlqar Ağayev danışırdı ki, bir dəfə əmək növbəsi zamanı küləklər onu birbaşa coşan dalğaların qoynuna atıb. Qasırğanın vurub-uçurduğu polad qurğunun əyilmiş küncündən yapışaraq neçə saat Xəzərlə əlbəyaxa döyüşə girib və ondan güclü olduğunu sübut edib...
Bütün bunlarla belə, dəniz eşqini, peşəyə bağlılığı heç nə qopara bilmir bu insanların qəlbindən. Ömürlərinin yarısını Xəzərin qoynunda keçirirlər. Vaxt-vədə çatanda isə növbəni cavanlara verib ürəklərində də dəniz boyda bir sevgi aparırlar həyatlarının növbəti illərinə.
Bu günün Xəzər neftçisi həm də dünyaşöhrətli xarici neft şirkətləri ilə birlikdə yaradılan konsorsiumların həyata keçirdiyi qlobal layihələrdə çalışan, səriştəsini daim artıran, qabaqcıl təcrübələri əxz edən dünya səviyyəli mütəxəssisdir. Xəzərin Azərbaycan bölməsindəki "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarında belələri onlarladır. İndi bu yataqlardakı platformaların hamısına azərbaycanlı mütəxəssislər rəhbərlik edir. Siyahı bir qədər uzun olsa da, ürəyimdən onların hər birini təqdim etmək keçir. Çünki bu qürurludur. Beləliklə, "Çıraq" platformasına növbə ilə Vüqar Məmmədov və İlqar Qulubəyov, "Qərbi Çıraq"a Ruslan Dövlətov və Amal İbadzadə, "Şərqi Azəri"yə Fərman Ağaquliyev və Namiq Əliyev rəhbərlik edirlər. "Mərkəzi Azəri"də rəhbər Cavid İsgəndərli, "Qərbi Azəri"də Emin İbrahimov, "Dərinsulu Günəşli"də Emin Abdullazadədir. "Azəri Mərkəzi Şərqi" platformasına rəhbərlikdə isə Rəşad İsgəndərov və Bəhmən Quliyev növbələşirlər. "Şahdəniz Alfa" platformasına Fuad İsmayılov, "Şahdəniz Bravo" platformasına isə Cəlal Xalıqov rəhbərlik edir.
Dənizi seçən (və dənizin seçdiyi), "neft" və "həyat" sözlərini qoşa səsləndirən bu fədakar insanların Azərbaycanın inkişafına verdikləri töhfə ölçülməzdir. Ölkənin bugünkü yüksəlişində onların rolunu dövlət başçısı İlham Əliyev belə dəyərləndirir: "Bütün bunların təməlində, bir daha demək istəyirəm ki, neft sənayesidir, Azərbaycan neftçiləridir. Həmişə olduğu kimi, Azərbaycan neftçiləri çox böyük hörmətə malikdirlər. Bu hörməti onlar öz zəhməti hesabına, çətin, ağır şəraitdə Azərbaycanın inkişafı üçün çəkilən zəhmət hesabına qazanmışlar".
Şərəfli peşədir - qəlbi sular kimi təmiz, yaşamaq, qurub-yaratmaq eşqi Xəzərin özü qədər coşqun və dərin olan dəniz neftçisinin peşəsi!
Flora SADIQLI,
"Azərbaycan"