Hər təşəbbüs iqtisadiyyata əlavə dəyər qatır
Azərbaycanda sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının dinamikasına əhəmiyyətli təsir göstərən əsas amillərdəndir. Qeyri-neft sektorunun genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, dövlət dəstəyinin artırılması və rəqəmsal iqtisadiyyatın tətbiqi sahibkarlıq fəaliyyətinə yeni nəfəs verib. Bu proses həm iqtisadi artımın sürətlənməsinə və əlavə dəyərə, həm də məşğulluğun artırılmasına xidmət edir.
Bütün bu tədbirlər nəticəsində Azərbaycanın iqtisadi inkişafı daha dayanıqlı və çoxşaxəli istiqamətlər üzrə formalaşır ki, bu da ölkənin strateji hədəflərinə çatmaq üçün möhkəm zəmin yaradır. Azərbaycanın iqtisadi mənzərəsi çevik islahatlar, biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunun gücləndirilməsi ilə xarakterizə olunur. Şaxələndirmə siyasətinin hədəfləri təkcə iqtisadi stabilliyi möhkəmləndirmir, həm də yeni istehsal sahələrinin formalaşmasına şərait yaradır. İnfrastrukturun yenilənməsi, sahibkarlığa dövlət dəstəyinin genişlənməsi və innovasiyaların iqtisadi proseslərə inteqrasiyası ümumi iqtisadi dinamikanı müsbət istiqamətdə dəyişdirir. Bu meyillər 2025-ci ilin iqtisadi göstəricilərində özünü açıq şəkildə göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr ayları ölkə iqtisadiyyatında dinamik proseslərlə yadda qalıb. Bu dövrdə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar ümumilikdə 106,4 milyard manatlıq ümumi daxili məhsul istehsal ediblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyərin həcmi 2,1 faiz azalsa da, qeyri-neft-qaz sahələrində, əksinə, 3,1 faiz artım göstərilib.
Qeyd etdiyimiz iqtisadi dinamikanın fonunda qeyri-neft sektorunda müşahidə olunan artım sahibkarlığın inkişafı üçün əlverişli şəraitin formalaşdığını göstərir. Bu artım tendensiyası ölkədə biznes mühitinin liberallaşdırılması, sahibkarlıq fəaliyyətinə giriş maneələrinin azaldılması və yeni investisiya təşəbbüslərinin təşviqi üçün geniş imkanlar açır. Hazırkı mərhələdə iqtisadiyyatın real sektorunda baş verən struktur dəyişiklikləri mikro, kiçik və orta sahibkarlığın rolunu artırır və onların iqtisadi sistemdə daha fəal mövqe tutmasına şərait yaradır. Məhz bu proses isə sahibkarlığın inkişafını stimullaşdıran islahatların zəruriliyini ön plana çıxarır. Vergi yükünün azaldılması, biznes qeydiyyatının sadələşdirilməsi, lisenziyalaşdırma proseslərinin rəqəmsallaşdırılması və tənzimləyici mühitin liberallaşdırılması sahibkarlar üçün əlverişli şərait yaradıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Biznesin İnkişafı Fondu (BİF) və "ASAN xidmət" kimi qurumların fəaliyyəti biznes mühitinin çevikliyini artırıb. Bütün bu faktorlar iqtisadiyyatın şaxələndirilməsi strategiyasına uyğun olaraq, sahibkarlığın ölkənin uzunmüddətli inkişafında aparıcı qüvvəyə çevrildiyini təsdiqləyir.
Bu gün kiçik və orta biznes subyektləri (KOB) Azərbaycan iqtisadiyyatında mühüm paya malikdir və iqtisadiyyatın şaxələndirilməsində aparıcı rol oynayır. Ən çox da regionlarda KOB-lar istehsal potensialını gücləndirir, eləcə də əhalinin məşğulluğunun artırılmasına kömək edir. Bunun nəticəsində kənd təsərrüfatı, aqrar sənaye, turizm, xidmət sektoru və yüngül sənaye kimi sahələrdə minlərlə kiçik müəssisə fəaliyyətə başlayıb. Rəqəmsal alətlərin (məlumatların toplanması, işlənməsi, saxlanması və ötürülməsi üçün istifadə olunan elektron, proqram təminatına əsaslanan və ya internet üzərindən işləyən texnoloji vasitələr), e-ticarətin və elektron ödəniş sistemlərinin inkişafı KOB-ların bazarlara çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Unutmaq olmaz ki, sahibkarlıq fəaliyyəti üçün lazım olan G2B (Government to Business - dövlətin biznesə xidmətləri) və B2B (Business to Business - bir biznesin digər biznesə xidməti) xidmətlərinin vahid məkanda cəmləşdiyi KOB evləri də biznesin işini asanlaşdırır.
Bütün bu inkişaf meyilləri göstərir ki, ənənəvi biznes sahələri ilə yanaşı, müasir texnologiyalara əsaslanan yeni sahibkarlıq istiqamətlərinin də formalaşması sürətlənir. Hazırda iqtisadiyyatın rəqəmsallaşması KOB-ların fəaliyyətini genişləndirməklə yanaşı, innovativ biznes modellərinin meydana çıxmasına da zəmin yaradır ki, bu da innovasiyayönümlü sahibkarlığın, yəni startapların inkişafında mühüm rol oynayır. Startapların dövlət tərəfindən tanınması və dəstəklənməsi yeni texnoloji layihələr üçün əlverişli mühit formalaşdırıb. İnnovasiya mərkəzləri, texnoparklar, universitetlərdə fəaliyyət göstərən inkubasiya proqramları rəqəmsal iqtisadiyyatın formalaşmasına dəstək olur. Startap sertifikatı, vergi güzəştləri və investisiya cəlb etmək imkanları gənclərin bu sahəyə marağını daha da artırır. Bu isə ölkədə yeni texnoloji platformaların və rəqəmsal xidmətlərin vacibliyini göstərir.
Bütün bunlar deməyə əsas verir ki, sahibkarlıq ölkənin iqtisadi həyatında əsas hərəkətverici qüvvələrdən biridir və hər addımda əlavə dəyər gətirir. Onun iqtisadiyyata gətirdiyi əlavə dəyərdən bəhs edərkən öncə onu demək lazımdır ki, sahibkarlıq subyektlərinin fəaliyyəti ölkənin ümumi daxili məhsuluna (ÜDM) mühüm töhfə verir. Qeyri-neft sektorunun sürətlə inkişafı, yerli istehsalın güclənməsi və ixrac imkanlarının genişlənməsi iqtisadi dayanıqlılığın möhkəmlənməsinə xidmət edir. Bu proses yeni iş yerlərinin təsis olunmasına, istehsal və xidmət sahələrində rəqabətin artmasına, regionlar arasında iqtisadi tarazlığın bərqərar olmasına yol açır. Sahibkarlığın aktiv iştirakı ixrac strukturlarının şaxələndirilməsini də mümkün edir və ölkəmizi beynəlxalq bazarlarda daha rəqabətqabiliyyətli mövqeyə çıxarır. Əlavə edək ki, sahibkarlığın genişlənməsi xarici investorlar üçün də cəlbedicidir və bu, iqtisadiyyatın açıq, dinamik, innovativ olmasına təkan verir. Beləliklə, hər yeni biznes təşəbbüsü ölkəmizin iqtisadi gələcəyinə əlavə dəyər qatır.
Göründüyü kimi, qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin fəaliyyətə başlaması, rəqabətin artırılması və regionlararası iqtisadi balansın təmin olunması ölkənin dayanıqlı və dinamik iqtisadi mühitinin formalaşmasına xidmət edir. Üstəlik də daxili bazarın və beynəlxalq investisiya imkanlarının artmasına şərait yaradır. Beləliklə, hər yeni biznes təşəbbüsü yalnız sahibinə deyil, bütövlükdə ölkənin iqtisadi gələcəyinə əlavə dəyər gətirir və innovativ, rəqabətqabiliyyətli iqtisadiyyatın əsas dayağına çevrilir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"