25 Aprel 2024 08:55
388
Mədəniyyət
A- A+

Şuşa xanəndəlik məktəbinin nümayəndələrindən biri - Seyid Şuşinski

 

Əsl adı Mir Möhsün ağa idi. Ancaq adı Azərbaycan musiqi tarixində Seyid Şuşinski kimi qaldı...
O, 1889-cu ilin aprelində Şuşa qəzasının Horadiz kəndində dünyaya gəldi. Uşaq yaşlarında atası Seyid İbrahimi itirdi. Savadlı, açıq fikirli, gözəl səsli, Qarabağın qadın toylarında xanəndəlik edən xalası Məşədi Hürzadın himayəsində böyüdü.
İlk təhsilini Horadizdə mədrəsədə aldı. Ərəb və fars dillərini öyrəndi. Arabir dini mərasimlərdə, el şənliklərində çıxış etdi. Azərbaycan musiqi sənətinin beşiyi sayılan Şuşa mühiti onun peşəkar xanəndə kimi tanınmasında müstəsna rol oynadı.
Şuşada yaşayan əmisi Məşədi Seyidəli qardaşı oğlunu öz evinə apardı və onun muğamları öyrənməsi üçün bacarığını əsirgəmədi. Seyidin musiqi savadı almasına çalışdı. Qardaşı oğluna Sədinin, Hafizin, Füzulinin, Zakirin şeirlərini əzbərlədir, muğam üstündə oxudurdu.
1908-ci ildə "Yay klubu"nda konsert təşkil olundu. Şuşalılar Qarabağın bütün məşhur xanəndələrini dinlədilər. Azad bəy Əmirov gənc Seyidin də oxuyacağını elan etdi. Məşhur xanəndə İslam Abdullayev o günü belə yada salırdı: "Sonra Seyidə "Bayatı-Şiraz" oxutdular. Seyid "Bayatı-Şiraz"ın "Xavərən" şöbəsindən "Qatar"a keçəndə nəinki dinləyiciləri, hətta məşhur xanəndələri belə heyran etdi. Çünki "Xavərən"dən "Qatar"a keçmək xanəndədən zil səsdən başqa, həm ustalıq, həm də cəsarət tələb edirdi. Gənc Seyidin ustalıqla bir muğamdan başqa bir muğama keçməsi, doğrusu, mənə möcüzə kimi göründü. Seyid tarın son pərdələrindən aşağı enərək, təkrar zəngulələr vuranda, Cabbar əlindəki qavalı kənara qoyub, böyük bir heyrət içərisində Seyidə tamaşa edirdi". Seyid dəstgahı bitirib ayağa qalxdı. Tamaşaçılar onu uzun müddət alqışladılar. O gecə Keçəçioğlu Məhəmməd əlini göyə qaldırıb: "İlahi, şükür yaratdığına!.." dedi. Seyidə üçüncü dəfə "Şəkər oğulun şikəstəsi"ni oxutdular. Sonra səhnəyə çıxan Cabbar Qaryağdıoğlu Seyidi bağrına basaraq, gözləri yaşarmış halda dedi: "Camaat, indi mən ölsəm də, daha qəmim yoxdur, çünki məndən sonra Seyid vardır". Sonrakı çıxışlarının birində isə Cabbar Seyidin oxumağından təsirlənərək qavalını ona bağışladı. Bu böyük sənətkar onun istedadını belə qiymətləndirdi: "Seyid Şərq musiqisinin incisidir..."
Sənətin sirlərinə dərindən yiyələnməsi üçün iki il də Mir Möhsün Nəvvabdan dərs aldı. Xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun da böyük təsiri oldu.
Seyid Şuşinski Şuşanın musiqi sərrafı olan tələbkar dinləyicilərinin sevimli xanəndələrindən biri kimi tanındı. Bir müddət sonra toy məclislərindən birində Fikrət Əmirovun atası Məşədi Cəmil Əmirovla tanış oldu. Məşədi Cəmil onu özü ilə Gəncəyə apardı. Seyid Şuşinskinin səsi gəncəliləri də heyran etdi. Gündən-günə məşhurlaşan xanəndəni Tiflisə dəvər etdilər. 1911-ci ildə həmin şəhərə köçdü. 1919-cu ilədək orada yaşadı. Tiflis şəhərinin ədəbi mühiti gənc xanəndəyə böyük təsir göstərdi.
Tiflisdə o həm də xeyriyyəçi kimi tanındı. 1912-ci ildə "Molla Nəsrəddin" jurnalının redaktoru Cəlil Məmmədquluzadənin, Əlimirzə Nərimanovun, Yusifbəy Tahirovun təşəbbüsü və Seyid Şuşinskinin yaxından köməyi ilə Tiflisin azərbaycanlılar yaşayan hissəsində - Şeytanbazarda "Auditoriya" adlı yeni klub açıldı. Klubun nəzdindəki Müsəlman Dram Cəmiyyətinin aktyorlarına da Seyid yardım göstərdi. Bir sıra tamaşalarda iştirak etdi. Oynadığı rollara görə pul almaqdan yoxsul sənətçilərin xeyrinə imtina etdi. 
İstedadlı tarzənlərlə birgə çıxış edən ustad xanəndə nəinki Azərbaycanda, hətta qonşu ölkələrdə də məşhur idi. Azərbaycan muğamlarının və xalq mahnılarının təbliğində böyük xidmətlər göstərən Seyid Şuşinski "Şərq musiqi ansamblı" ilə keçmiş SSRİ-nin müxtəlif şəhərlərində konsertlər verirdi.
Muğamların incəliklərinə dərindən bələd olan, yüksək diapazonlu səsə malik Seyid Şuşinskini dahi bəstəkar Üzeyir bəy Hacıbəyli nadir və istedadlı xanəndə adlandırıb. Bəstəkar Fikrət Əmirov isə yazırdı: "Cabbar Qaryağdıoğlu xalq musiqisinin düşünən beyni idisə, Seyid Şuşinski çırpınan ürəyi olub". 
O, "Çahargah", "Nəva", "Bayatı-İsfahan", "Humayun", "Rast", "Mahur", "Zabul", "Kürdü-Şahnaz" və digər muğamların gözəl ifaçısı idi. Seyid Şuşinski muğamların bir çoxuna yeni guşələr, xallar, nəfəslər, hissələr əlavə etdi.
1919-cu ildən Bakıda yaşadı. 1926-cı ildə Üzeyir bəy Hacıbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasına dəvət edildi. Cabbar Qaryağdıoğlu və Keçəçioğlu Məhəmmədlə birlikdə yeni açılmış xanəndəlik sinfində dərs dedi. 
O, 1933-1938-ci illərdə Füzuli Rayon Dövlət Dram Teatrının bədii rəhbəri işlədi. 1939-1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Radiosunun solisti oldu. Ömrünün son illərində Opera və Balet Teatrında muğam operaları üzrə məsləhətçi işlədi.
Seyid Şuşinski 1965-ci il oktyabrın 1-də, yetmiş altı yaşında dünyasını dəyişdi. Görkəmli xanəndə lent yazılarında əbədiləşən ifası və xatirələri ilə yaddaşlarda yaşayır.  

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video