04 May 2024 08:00
866
Mədəniyyət
A- A+

Mədəniyyətlərarası dialoq sülhə və inkişafa xidmət edir

 

Bu, qlobal səviyyədə böyük nüfuz qazanmış dövlətimizin başçısının uğurlu təşəbbüsüdür

 

"Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər Azərbaycanın evsahibliyi ilə təşkil edilən ən mühüm beynəlxalq tədbirlərdən biri kimi yadda qaldı. Mühüm beynəlxalq platforma kimi qlobal çevrədə böyük nüfuz qazanmış bu forumda 110 ölkənin nümayəndəsinin iştirak etməsi tədbirin əhatə dairəsinin, təsir imkanlarının, burada aparılan müzakirələrin əhəmiyyətinin daha bir göstəricisidir.  
Yeni münaqişələrin alovlandığı, qeyri-sabitlik məkanlarının, təhdidlərin göründüyü müasir dünyamızda nizamın yaranması üçün belə sağlam düşüncə platformalarının rolu çox böyükdür. Məsələlərin həllində öz faydalı təcrübəsindən çıxış edən Azərbaycanın təşəbbüskarı olduğu "Bakı Prosesi" mədəniyyətlərarası dialoqun təşviqinə yönəlir. Ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirir. Ölkəmizin mədəniyyətlərarası dialoq, tolerantlıq sahəsində malik olduğu zəngin ənənələr bu tarixi missiyanın uğurlarına xidmət edir. 

 

Mədəniyyətlərin qovuşduğu məkan 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumdakı çıxışında əsrlər boyu Azərbaycanın mədəniyyətlərin qovuşduğu məkan olduğunu, ölkəmizin coğrafi mövqeyinin, Şərqlə Qərb arasında yerləşməsinin bu tendensiyaya imkan yaratdığını diqqətə çatdırdı. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyətinin əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub saxladıqlarını vurğuladı. Azərbaycanda yaşayan insanların, müxtəlif etnik qrupların və dinlərin təmsilçilərinin bir ailə kimi yaşadıqlarını, onların Azərbaycanın dəyərli vətəndaşları, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanları olduqlarını qeyd etdi.
Həqiqətən, dövlət rəhbərimizin də qeyd etdiyi kimi, mədəniyyətlərarası dialoq ölkəmizdə gündəlik həyat tərzidir. Müstəqilliyimizin ilk illərindəki çətin dövrlərdə milli birliyimizi pozmağa, Azərbaycanı parçalamaq cəhdlərinə, aqressiv separatçılığa hər nə qədər cəhd göstərilsə də, Azərbaycan xalqının həmrəyliyi, birliyi tarixin çətin sınaqlarından uğurla çıxdı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə milli birliyimizin təmin olunması, milli maraqlarımızın qorunması uğurlarımızın rəhninə çevrildi. 
Bu gün mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir. Bu məqsədlə ölkədə çoxsaylı tədbirlər təşkil olunur. Bu tədbirlərin mühüm bir qismi də məhz dinlərarası dialoqla bağlıdır. Bu da təsadüfi deyil. Çünki dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir. Bəşəriyyətin xoşbəxtliyi, firavanlığı, kəskin qarşıdurmalardan qurtuluşu üçün onlar həmin rəhbərlərdən sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajlar duymalıdırlar. 

 

Azərbaycan müstəmləkə tendensiyalarına qarşıdır

 

Azərbaycan Prezidenti ölkəmizin qəti şəkildə çoxtərəfliliyə sadiqliyini, bu çoxtərəflilik dəyərlərin 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər fəal şəkildə təşviq edildiyini bildirdi. 2019-2024-cü illərdə Qoşulmama Hərəkatının sədri olmuş və bu gün də qurumun aparıcı üzvlərindən biri kimi çıxış edən Azərbaycanın fəaliyyətində müstəmləkə tendensiyalarına qarşı mübarizə xüsusi yer tutur. Bu, obyektiv siyasi reallıqdır ki, bəzi ölkələrin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olub və həmin ölkələrin səsi dinlənilməli, onlar yaddan çıxarılmamalıdırlar. Avropa təsisatlarının Avropa məkanında olmayan ölkələrin daxili işlərinə müdaxilə cəhdləri, Avropa Parlamenti və AŞPA-nın bununla bağlı səssizliyi də xoş olmayan tendensiyalardan xəbər verir. Avropa təsisatlarının belə sükutu yeni müstəmləkə tendensiyalarının təzahürüdür. 
2019-cu ildən başlayaraq bütün dünyada yayılan koronavirus pandemiyası isə daha bir arzuedilməz halı - peyvənd millətçiliyini üzə çıxardı. Tarixi reallıq göstərdi ki, vaxtilə böyük müstəmləkələrə sahib olmuş bəzi ölkələr hələ də dünya əhalisinin böyük qisminə ikinci, üçüncü növ insanlar kimi baxırlar. Azərbaycan isə peyvənd millətçiliyinə qarşı fəal şəkildə çıxış edən, hər fürsətdə bu xoşagəlməz tendensiyaya qarşı səsini qaldıran, başqa həmfikirlərini də öz dəyərli təşəbbüsləri ətrafında bir araya gətirən ölkələrdən oldu. 
Azərbaycan bu gün də yeni müstəmləkə tendensiyalarına qarşı çıxır, XXI əsrdə bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşmasını yolverilməz sayır, dünyanı məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə göz yummamağa çağırır. Xüsusilə 10-dan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiyanın əsla qəbuledilməzliyini, buna son qoyulmasının zəruriliyini bütün dünyaya yetirir.  

 

Ölkəmiz "yaşıl gündəliy"ə malikdir

 

Prezident İlham Əliyev forumdakı çıxışında Azərbaycanın COP29 tədbirinə evsahibliyi məsələsinə də toxundu, ölkəmizin indi öz rolunu körpülərin salınmasında gördüyünü bildirdi. Qeyd etdi ki, maliyyə məsələsi COP29-un əsas mövzusu olsa da, bizə həmrəylik və qarşılıqlı etimad lazımdır: "Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq".  
Azərbaycan "yaşıl gündəliy"ə malikdir. Dövlət rəhbərimiz xatırlatdı ki, COP29-a sədrlik Azərbaycana tapşırılan zaman ölkəmizdə 2 qiqavat Günəş və külək enerjisi stansiyalarının işə düşəcəyi, 2030-cu ilə qədər əlavə 5 qiqavat da istismara veriləcəyi qeyd edilib. Bunun sayəsində bərpaolunan enerjidən elektrik enerjisi istehsalında istifadə imkanı yaranacaq. Bütün bunlar üçün çox yaxşı sərmayə şəraiti formalaşdırılıb. 
Sadalanan nəticələr Vətən müharibəsindəki zəfərimizdən sonra regionda yaranmış yeni reallıqlar fonunda baş verir. Azərbaycan suverenliyini və ərazi bütövlüyünü müharibə vasitəsilə təmin edən ölkədir. Torpaqlarımız düz 30 il ərzində işğal altında olub. Beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizi müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qalıb. Bir milyona yaxın vətəndaşımız qaçqın və məcburi köçkün şəraitində yaşayıb, xalqımız etnik təmizləməyə məruz qalıb. 
Forumda xüsusi vurğulandı ki, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə bu müddət ərzində işləməyib. İcra mexanizmi olmayan bu qətnamələrin işə düşməsi üçün o sənədləri qəbul edənlər heç bir addım atmayıblar. "Odur ki, biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik", - Azərbaycan Prezidenti bildirdi.
Azərbaycan hazırda münaqişədən sonrakı vəziyyətdədir. Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü məhz ölkəmiz irəli sürüb. Sülh sazişinin baza prinsiplərini, hətta sülh sazişinin layihəsini də məhz Azərbaycan hazırlayıb. İndi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar Azərbaycanın hazırladığı təkliflərin layihəsi üzərində aparılır.

 

Sülhə doğru

 

30 il ərzində insanlarımızın çəkdikləri əzab-əziyyətlərə, beynəlxalq hüququn pozulmasına, işğal altındakı ərazilərdə bütün mədəni, tarixi məkanlarımızın, o cümlədən 67 məsciddən 65-nin erməni vandalları tərəfindən tamamilə məhv edilməsinə rəğmən bəzi ölkələrin son proseslərdə də Ermənistana dəstək verməsi necə ədalətsiz dünyada, necə ikili standartların əhatəsində yaşadığımızı göstərir. Amma bütün maneələrə baxmayaraq, bu gün Azərbaycan və Ermənistan müsbət tendensiyaya, sülhə doğru gedir. Artıq sərhədlərin nəinki delimitasiyası, hətta demarkasiyası başlayıb. Buna iki ölkə öz arasında nail olub. Bu, bir daha göstərir ki, bizə vasitəçi lazım deyil.  "Bəzi insanlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər".
Azərbaycan Prezidenti İlham Əliyevin VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları və ümumən dünya ictimaiyyəti ilə bölüşdüyü fikirlər ölkəmizin liderliyi ilə Cənubi Qafqazda yeni bir gələcəyin başlandığını göstərir. Bu gələcəyin mənzərəsi sülh, rifah, dayanıqlı inkişaf olacaq.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video