21 Iyun 2024 08:15
854
SİYASƏT
A- A+

Adın nədir - Daşdəmir...

 

Ermənistan revanşizm niyyətlərinə və sülh müqaviləsinin imzalanmasını uzatmaq cəhdlərinə son qoymalıdır

 

Məşhur Azərbaycan xalq məsəlidir:  "Adın nədir - Daşdəmir, yumşalısan, yumşalı!"
Yersiz, əsassız şəkildə  tərslik edərək sonradan məcburiyyət qarşısında güzəştə gedən  adamlar barəsində deyilir.
Qısa  şərhi belədir: 
* Haqlı deyilsən, amma tərsliyinə salaraq düz yola  gəlmirsən.
* Özünü ədalətli sayaraq nədənsə həqiqətən ədalətli olan tərəfi  əzmək istəyirsən.
* Düz olmadığını bilə-bilə,  güclü olduğunu hesab etməklə qarşındakının hüquqlarını pozaraq malik olduqlarını qamarlayıb əlindən almağa çalışırsan və alırsan.
* Ta o vaxta qədər ki, güc görüb,  təpki görüb, gücsüzlüyünü və zəifliyini dərk edərək güzəştə getmək, geriyə çəkilmək məcburiyyətində  qalırsan.
Yəni bu güzəşt və yumşalma alicənablıqdan deyil, məğlubiyyət hissindən,  uduzmaq qorxusundan baş verir!
Çox  hoppanıb-düşəndən sonra Ermənistanın Azərbaycan qarşısında  geri çəkilməsi, güzəştə getməsi də "Daşdəmirin  yumşalması" kimi bir şeydir!
***
Ermənistan  90-cı illərin əvvəllərində yaranmış vəziyyətdən - xalqın həqiqi rəhbərindən ayrı düşməsindən, Azərbaycana maymaq, qorxaq adamların başçılıq etməsindən, AXC-Müsavat cütlüyünün  xəyanətkar əməllərindən istifadə edərək ölkəmizin 20 faiz ərazisini  havadarlarının köməyi  sayəsində ələ keçirdi.
Torpaqlarımızı  30 il işğalda saxlamaqla heç bir güzəştə getmədi.
* BMT-nin Ermənistan qoşunlarının  işğal olunmuş Azərbaycan ərazilərindən  qeyd-şərtsiz  çıxarılması tələbinə əməl etmədi.
* Qarabağı  "müstəqil respublika"  elan etdi, Ermənistan  parlamenti ərazimizi  özlərinə birləşdirmək barədə  qərar çıxardı!
* ATƏT-in Minsk qrupu ilə əlbir  fəaliyyət göstərərək,  sülh danışıqlarını sonsuzadək uzatmaq, əslində, işğalı əbədiləşdirmək  yolunu tutdu!
* Keçmiş DQMV-yə  daxil olmayan  yeddi rayondan  beşini belə dinc yolla geri qaytarmadı!
* Azərbaycan tərəfinin təklif etdiyi  "dünyada mövcud olan  ən yüksək  muxtariyyət"  təklifi ilə razılaşmadı!  
* Beynəlxalq hüquqa, beynəlxalq qurumların çıxardıqları qətnamə və qərarlara məhəl qoymadı!
Qoçu  Nəcəfqulunun  keçisi kimi  istədiyini etdi!
Çünki  sözünü deyib, özünü müdafiə edənləri vardı!
Çünki beynəlxalq təşkilatlar və qurumlar nə ona təsir,  təzyiq göstərirdi, nə də  sanksiya tətbiq olunurdu!

***
Ermənistan  quduraraq arxalandıqlarına və müdafiəçilərinə o qədər güvənirdi ki, Azərbaycanın  hərbi yolla  öz ərazilərini azad edəcəyini ağlına belə  gətirmirdi!
Qarabağ xuntasının təmsilçiləri olan prezidentləri R.Koçaryan və S.Sarkisyan generallarla əl-ələ verərək orduya ayrılan vəsaiti və diasporun göndərdiyi yardımları oğurlamaqla  milyarderlərə və milyonçulara çevrilmişdilər.
Ordularını  "məğlubedilməz"  adlandırsalar da,  2016-cı ilin dördgünlük Aprel  müharibəsi onların  gücsüzlüyünü və zəifliyini  ortaya qoydu!
44 günlük Vətən  müharibəsi  başlayanda isə Ermənistan torpaqlarımızı işğalda saxlamaqdan ötrü bütün imkanlarını işə saldı, var gücü ilə müqavimət göstərdi,  axıradək döyüşdü...
* Otuz il ərzində  yaratdığı müdafiə qurğularına,  beton bunkerlərə,  "Ohanyan səddi"nə, xəndək və səngərlərə, mina sahələrinə və möhkəmləndirilmiş atəş nöqtələrinə güvənərək  Azərbaycan Ordusuna güclü zərbələr endirməyə, tələfatlar yaşatmağa can atdı.
* Hərbi əməliyyatlar davam edən müddətdə  İran vasitəsilə Rusiyadan, Fransadan, Hindistandan gecə-gündüz silah-sursat daşıdı!
* Arxa cəbhədə qarışıqlıq, iğtişaş və narazılıq yaratmaq məqsədilə Gəncə, Goranboy, Bərdə, Tərtər rayonlarına  raket zərbələri endirdi, qadağan edilmiş fosforlu, kassetli bombalardan, ballistik raketlərdən istifadə olundu,  dinc əhaliyə tələfatlar verildi!
* Erməni diasporu tərəfindən satın alınmış dünya KİV-ində, televiziya kanalları və informasiya  agentliklərində Azərbaycana qarşı informasiya müharibəsi aparıldı, feyk xəbərlərə, şər və böhtanlara rəvac verildi!
* Ermənistanın  havadarları  və dost dövlətləri tərəfindən bizə qarşı diplomatik təzyiqlər başlanıldı,  təsir, hədə  və təhdid cəhdləri baş verdi!
Lakin Müzəffər Ali Baş Komandan İlham  Əliyevin iradəsini heç nə sarsıda bilmədi, Baş Sərkərdəmiz heç nədən çəkinməyərək geri durmadı, hər üç cəbhənin - hərbi,  informasiya və  diplomatiya cəbhəsinin qəhrəmanına çevrildi! 
***
Bütün yalvarışları puça çıxandan və havadarlarının minnətçiliyi  nəticə verməyəndən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin tələbi əsasında  qoşunlarının Azərbaycan ərazisini  tərketmə qrafikini təqdim edən Ermənistan  Rusiyanın vasitəçiliyi və zaminliyi ilə təslim aktını - üçtərəfli  Bəyanatı imzalamalı oldu!
Lakin bir qədər keçmiş yenidən erməniliyi  tutdu.
Üçtərəfli Bəyanatın bir sıra bəndlərini yerinə yetirməməyə, sülh müqaviləsinin imzalanmasını da ATƏT-in  Minsk qrupunun sülh danışıqlarına  çevirməyə cəhdlər göstərdi:
* Bir neçə dəfə atəşkəsi pozaraq  bizə qarşı təxribatlar törətdi;
 * Qarabağdakı qanunsuz  silahlı birləşmələrini  və terrorçu qruplarını  könüllü şəkildə  tərksilah etmədi;
* Azərbaycan ekofəallarının faydalı qazıntı mədənlərində monitorinq keçirmələrinə yol vermədi;
* RSK-nın  səhlənkarlığından istifadə edərək Azərbaycan ərazilərinə gizli yolla silah-sursat, mina daşıdı;
* Qondarma  "Artsax"da  qondarma prezident seçkiləri keçirdi;
* Qarabağdakı ermənilər isə Azərbaycan  Konstitusiyasını  qəbul edərək  Azərbaycan bayrağı altında yaşamaq istəmədilər.
Belə vəziyyətdə Azərbaycan dövləti separatçıların və millətçilərin ərazilərimizi sakitliklə, dinc şəraitdə tərk etmələrinə hər cür şərait yaratdı!
***
Ermənistanın baş naziri Paşinyan və bütün ermənilər özlərini bic hesab edirlər və hamını aldada biləcəklərini  düşünürlər.
Lakin siyasətdə ağıl, bilik, təcrübə, uzaqgörənlik, qətiyyət və iradə öndə, biclik kimi keyfiyyətlər isə ən axırıncı yerdə dayanır.

Həm də erməni bicliyi ifşa olunmuş bicliklərdən sayıldığına görə   daha əvvəlkitək effektli deyil.
Paşinyan  "Soros uşağı",  Qərbyönümlü  siyasətçidir.
Məqsədi Ermənistanı  qərbə yönəltmək,  Moskvadan uzaqlaşdırmaqdır.

Özü də bütün strateji obyektləri,  sərhədləri Rusiyanın nəzarətində olduğu,  102-ci Rusiya ordusunun hərbi bazasının Gümrüdə  yerləşdiyi bir vaxtda...
Əcəb "bic siyasətçi"dir.
İndi isə Rusiyadan  möhkəm küsüb!  (Belarusdan isə bərk inciyib).
* Küsüb ki, niyə  44 günlük müharibədə  ordun, arsenalın,  canlı qüvvənlə  mənə kömək göstərmədin...
* Küsüb ki, niyə Azərbaycan  torpaqlarını əbədi işğalda saxlamaqda  yardım etmədin...
* Küsüb ki, niyə KTMT və orada söz sahibi olan Rusiya müharibədə  yanlarında dayanaraq Azərbaycan ordusuna qarşı  vuruşmayıb.
İndi bütün günü Rusiyanın əleyhinə danışaraq onu gözdən salmağa çalışır.
Hətta ABŞ-nin hərbi bazasını Ermənistan ərazisində yerləşdirmək barədə düşünür.
Hələ bu harasıdır...
Fransız  jandarmlarını  və təqaüddə olan  alman polislərini  Azərbaycanla sərhədə  gətirib, onlar da  bütün günü durbinlə bizə baxırlar.
Sülh müqaviləsinin  imzalanmasını,  deməli həm də ölkəsinin  blokadadan  çıxarılmasını müxtəlif bəhanələrlə uzadır, müxtəlif vasitələrlə silahlanır, revanşizmə qarşı mübarizə aparmır, əksinə rəvac verir.
Bu siyasətin, bu  "biclik"lərin, bu addımların nə ilə nəticələnəcəyini  "ağıllı", "bic" və "uzaqgörən"  siyasətçilər  irəlicədən hesablamağı və nələrə səbəb olacağını da  görməyi  bacarmalıdırlar.
Ən düzgün davranış isə II Qarabağ müharibəsinin dərslərindən doğru nəticələr çıxarmaqdır!
***
İtdən soruşurlar ki, niyə hürürsən?  Deyir, qorxuduram. Onda quyruğunu  niyə bulayırsan? Deyir,  axı özüm də qorxuram.
Bu ölkənin  başbilənləri də  eyni psixoloji durumu yaşayırlar!
II Qarabağ müharibəsinədək Ermənistan  nə istəyibsə,  edib.
Təbii ki,  kimlərinsə köməyi ilə!
44 günlük Zəfər müharibəsindən sonra isə Ermənistan yalnız Azərbaycanın istədiklərini edir!

* Üçtərəfli Bəyanata Müzəffər Ali Baş Komandan  İlham Əliyevin təkidi və iradəsi əsasında  Azərbaycanın bütün istək və tələbləri daxil edilib!
* Sülh danışıqları Azərbaycan  tərəfindən tərtib edilən və beynəlxalq hüquqa söykənən 5 prinsip  əsasında aparılır.
* Əvvəli Yevlaxdan başlayan və Azərbaycanın təkidi ilə  vasitəçilərsiz - təkbətək  danışıqlar formulu bərqərar olub.
* Strateji  yüksəkliklərə sahiblənərək hərbi təxribatların və atəşkəsin pozulmasının qarşısını almışıq!
* Qazaxın  4 kəndi  tələbimizlə sakit şəkildə  geri qaytarılıb!
Bu gün  ordumuz  ordularından qat-qat güclü,  iqtisadiyyatımız  müqayisə olunmayacaq dərəcədə  üstün,  siyasi nüfuzumuz və dünyadakı mövqeyimiz  dəfələrlə yüksəkdir!
Bütün bunlara baxmayaraq, sülh yolu tutmuşuq və istədiklərimizə dinc vasitələrlə  nail oluruq!

Ağlı olanlar dediklərimizi edər,  xam xəyallardan əl çəkər, mifik yox, real Ermənistan barədə düşünər, onun xilasına çalışar!
***
Məsəl var deyərlər:  yetim böyüyəcək, amma  pislik pisə qalacaq!
* Ermənistan torpaqlarımızı  hər vəchlə  xoşluqla geri qaytarmaq istəmədi...
"Dəmir yumruq"la başını əzərək bizə məxsus  olanı geri aldıq!
* Laçın yoluna  birlikdə  nəzarətə razılaşmadı...
Uğurlu əməliyyat  keçirməklə bu "şər və xəyanət"   yolunda  postumuzu  qurduq,  təkbaşına  nəzarətimizi təmin etdik!
* Qarabağdakı  Ermənistana məxsus  qanunsuz hərbi birləşmələrini,  terrorçu qruplaşmalarını  razılaşmaya  uyğun  şəkildə  xoşluqla çıxarmadı...
Cəmi 23 saat  çəkən  lokal tipli antiterror tədbirləri  keçirməklə hamısını tərk-silah edərək ərazimizdən qovduq!
* Birinci Qarabağ  müharibəsi və ondan  sonrakı dövrdə  əsir və girov  götürülmüş  azərbaycanlıların  basdırıldıqları kütləvi məzarlıqların  yerini  demədilər...
Özümüz müəyyənləşdirərək  şəhidlərimizə  sahib  çıxdıq, hörmət və  ehtiramla doğma el-obalarında dəfnini təşkil etdik və edirik.
* Mina xəritələrini  bizə  göstərmir, yaxud dəqiqliyi cəmi  25 faiz olanları verirlər...
Ərazilərimizi özümüz  təmizləyərək tikib-qurur, cənnətə çeviririk!
Ermənistanın başbilənləri bir vacib məqamı da heç zaman unutmamalıdırlar:
Müzəffər Ali Baş Komandan İlham Əliyev  dediyini edəndir və indiyədək  nə deyibsə, hamısını yerinə yetirib!

Bunu təkcə Ermənistan yox, bütün dünya bilir!
Yaddaşları bir daha  təzələyirik!
Azərbaycan Prezidenti İlham Əliyev  sözünün üstündə duraraq:
* 44 günlük müharibədə  Ermənistan ordusunun  Azərbaycan ərazisindən çıxarılması qrafikini  təqdim etməyənə qədər hərbi əməliyyatları  dayandırmadı!
* Ağdam, Laçın və Kəlbəcər rayonlarının  döyüşsüz geri  qaytarılması ilə razılaşdı, üstəlik güzəştə gedərək əlavə vaxt da  verdi!
* Yüksəksəviyyəli razılığa əsasən,  RSK-nın dinc şəkildə, mehribanlıqla getməsinə nail oldu!
* Qazaxın  4 kəndini bir güllə atılmadan geri qaytardı, beləliklə, sərhədlərin delimitasiya və demarkasiyasına  başlanıldı!
Yerdə qalır daha  bir neçə vacib məsələ:
* Ermənistanın Konstitusiyasında  müvafiq dəyişikliklər aparılmaqla  Azərbaycana  qarşı ərazi iddiaları aradan qaldırılmalıdır!
* Zəngəzur dəhlizi  açılaraq Naxçıvana quru yolla əlaqə  bərpa  edilməlidir!
* Azərbaycanın təqdim etdiyi baza prinsipləri əsasında sülh müqaviləsi yubadılmadan  imzalanmalıdır!
Xatırladırıq:
* Bütün strateji yüksəkliklər bizim əlimizdədir!
* Sərhədlərin  dəqiqləşdirilməsi və sülh müqaviləsinin imzalanması, kommunikasiyaların  açılması bizdən çox sizə gərəkdir!
* "Dəmir yumruq" isə  daim hazır vəziyyətdədir!
Daha bir məsələni də heç zaman yaddan çıxarmayın:
Səbrimiz sonsuz deyil!

 

Bəxtiyar  SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video