27 Iyun 2024 15:51
510
Qəbullar
A- A+

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersonu qəbul edib.

AZƏRTAC xəbər verir ki, İnger Anderson COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, ölkəmiz qlobal iqlim dəyişiklikləri məsələsinin müzakirəsi baxımından bütün dünyanın toplaşdığı bir mərkəzə çevriləcək. O vurğuladı ki, Azərbaycanda keçiriləcək COP29 çox vacibdir. Belə ki, burada iqlim dəyişikliyi ilə əlaqədar istər maliyyə, istər şəffaflıq hesabatlarının təqdim olunması və digər parametrlər nöqteyi-nəzərindən çox ciddi və önəmli qərarların qəbul edilməsi gözlənilir.

Azərbaycanın COP29-a ev sahibliyi etməsinin həqiqətən də ölkəmizin iqlim dəyişikliyi məsələsində liderliyinin təcəssümü və nümunəsi olduğunu deyən qonaq “Troyka” mexanizminin yaradılmasını çox vacib bir addım kimi dəyərləndirdi və bu müdrik qərara görə təbriklərini çatdırdı.

İnger Anderson əlavə etdi ki, dünya qazıntı yanacağından yeni yanacaq növünə doğru keçid prosesindədir. O dedi ki, buna görə də neft və qaz ixrac edən ölkələrin tənqid olunması cəhdləri ədalətli deyil və şəxsən bunu ədalətli hesab etmir. Qonaq vurğuladı ki, dünyada hər bir insanın bu cür enerji formasına ehtiyacı var.

Azərbaycanın yaşıl iqlim və yaşıl keçid nöqteyi-nəzərindən qəti siyasi iradə nümayiş etdirdiyini vurğulayan İnger Anderson metan öhdəliyi, dekarbonizasiya, neft və qaz sənayesinin modernləşdirilməsi istiqamətində ölkəmizdə atılan addımların önəmli olduğunu qeyd etdi.

Azərbaycanda milli səviyyədə ətraf mühit istiqamətində həyata keçirilən tədbirləri çox təqdir edərək buna görə təbriklərini çatdıran qonaq xüsusilə rəqəmsal əsaslı və “ağıllı kənd təsərrüfatı” konsepsiyasının inkişaf etdirilməsi, tullantıların idarə edilməsi, ətraf mühitin, Xəzər dənizinin ekoloji mühitinin və biomüxtəlifliyin qorunması və digər istiqamətlərdə ölkəmizdə həyata keçirilən tədbirləri, Azərbaycanda bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini yüksək qiymətləndirdi.

İnger Anderson ölkəmizə səfəri çərçivəsində ətraf mühit sahəsində fəaliyyət göstərən gənclər təşkilatı - IDEA-nın ətraf mühit könüllüləri və gəncləri ilə görüşdüyünü, Şirvan milli qoruğunda olduğunu məmnunluqla qeyd etdi.

Rəhbərlik etdiyi qurumla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsini bildirən qonaq 2026-cı il iyunun 5-də Dünya Ətraf Mühit Günü münasibətilə UNEP-in xətti ilə Azərbaycanda Dünya Ətraf Mühit Gününün keçiriləcəyini və bunun da qlobal miqyasda ətraf mühit baxımından ən vacib tədbirlərdən biri olduğunu dedi.

Xoş sözlərə görə minnətdarlıq edən Prezident İlham Əliyev UNEP ilə Azərbaycan arasında əməkdaşlıqdan, İnger Andersonun regionlarımıza səfər edərək oradakı ekomühitlə tanış olmasından və gənclərlə görüşündən məmnunluğunu bildirdi.

Azərbaycanın neft və qaz ixrac edən ölkə olmasına baxmayaraq, yaşıl enerjiyə keçid sahəsində planlarına toxunan dövlətimizin başçısı dedi ki, bu, siyasi iradəmizin olduğunu göstərir.

Prezident İlham Əliyev 200-ə yaxın dövlətin Azərbaycanın COP29-a sədrliyini yekdilliklə dəstəkləməsini ölkəmizə olan etimadın göstəricisi kimi dəyərləndirdi.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan COP29-un sədri olaraq dünya ölkələri arasında körpülərin, etimadın və həmrəyliyin qurulmasına öz töhfəsini verəcək.

Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz Qlobal Cənubu təmsil edir və 2019-2023-cü illərdə Qoşulmama Hərəkatının sədri olan və Avropa İttifaqı ölkələri ilə də yaxşı əlaqələrə malik Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında da iqlim dəyişikliyi mövzusunda həmrəyliyin gücləndirilməsi prosesinə öz töhfəsini verəcək.

Dövlətimizin başçısı qeyd etdi ki, ölkəmiz kiçik ada dövlətlərinin problemlərini prioritet istiqamətlərdən biri kimi müəyyən edib və “Troyka” çərçivəsində digər həmkarlarla bu məsələ ilə bağlı da yaxından işləyir.

Azərbaycanın özünün də iqlim dəyişikliyi problemlərindən əziyyət çəkdiyini deyən Prezident İlham Əliyev qeyd etdi ki, bir dövrdə Azərbaycanda quraqlıq halları, yağıntının miqdarının azalması baş verirdisə, son dövrlərdə yağıntının miqdarının artdığı müşahidə olunmaqdadır.

Söhbət zamanı tullantıların idarə olunması, Xəzər dənizinin ətraf mühit məsələləri, onun suyunun azalması və bu istiqamətdə daha sistemli işin, həmçinin əməkdaşlığın həyata keçirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video