03 May 2024 08:00
662
SİYASƏT
A- A+

110 ölkə, 700 mötəbər qonaq

 

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq mühüm qlobal platforma kimi qəbul edilir

 

"Mədəniyyətlərarası dialoq elə bir məfhumdur ki, biz onu güclü şəkildə təşviq edirik. Ölkəmizdə çoxsaylı tədbirlər təşkil edirik. Bunlar dinlərarası dialoqla bağlıdır. Müzakirələrin bir hissəsi olaraq məhz bunu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində həyata keçiririk və digər tədbirlərdə bu məsələyə toxunuruq. Bununla bağlı xüsusi müzakirə sessiyası və COP29 tədbiri də olacaqdır. Bu dialoq məsələsi orada da müzakirə olunacaqdır. Əminəm ki, bütün dünyadan gələn bu sahə üzrə rəhbərlər bu gün Bakıda həmrəylik nümayiş etdirəcəklər və liderlik göstərəcəklər".

 

Bəşəriyyəti narahat edən qlobal çağırışlar

 

Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bir daha dünyaya sülh, həmrəylik çağırışı etdi. Azərbaycanın bu yolda tutduğu mövqeyini, qarşıya qoyduğu məqsədini açıqlayan Prezident qlobal təhdidlərə qarşı birgə mübarizənin  konturlarını təqdim etdi. 
Tədbirin moderatoru, ABŞ-nin Corc Meyson Universitetinin Sülh və Münaqişələrin Həlli üzrə Cimmi və Rozalin Karter Məktəbinin dekanı, professor Alpaslan Özerdem də səmimi şəkildə vurğuladı ki, forum iştirakçıları Bakıda toplaşan zaman sərhədləri aşan, məfkurələri keçən dərin çağırışlarla və fürsətlərlə səciyyələnən qlobal duruma şahidlik edirlər. 
Onun fikrincə, bu gün bəşəriyyət iqlim dəyişmələri, pandemiya, terrorçuluq, kibertəhlükələr və geosiyasi gərginlik kimi mürəkkəb məsələlərlə üzləşir. Əlbəttə ki, dünya dövlətləri insanlıq naminə münaqişələri həll etməli və sülhü yaratmalıdırlar. 2011-ci ildən başlayaraq məhz "Bakı Prosesi" bu məqsədi vacib tutub. 
Xatırladaq ki, 2008-ci ildə İlham Əliyev tərəfindən irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi"nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı - hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda forumlar çərçivəsində 180 ölkədən olan iştirakçı 250-dən artıq müxtəlifformatlı tədbirlərə, plenar və panel müzakirələrə, təqdimatlara qatılıb. Keçirilən 250 tədbir bölgədə yeni mədəniyyətlərarası təşəbbüsləri ilhamlandırıb. 
Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və "Bakı Prosesi" mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.
Əsas məqsəd dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir. Forumun məqsədi yeni siyasət, sənədlər və razılaşmalar formalaşdırmaqdır.

 

Dünyada yeni münaqişələr, təhdidlər hələ də davam edir

 

İlham Əliyevin müəllifi olduğu "Bakı Prosesi" də dünyaya ədalət çağırışı edir - gəlin, bu yola birgə çıxaraq, qarşımızdakı fürsətdən yararlanaq, birləşək, müxtəlifliyi bayram edək, sülh, qarşılıqlı hörmət və anlaşma dünyasının yaradılmasına ümumi səylər, baxışlar və biliklər ilə töhfə verək!
İndiyədək bu istiqamətdə həyata keçirilən reallıqlardan söz açan İlham Əliyev iştirakçıların diqqətinə çatdırdı ki, 2019-cu ildə Bakıdakı görüşdən sonra əfsuslar olsun dünya təhlükəsiz olmayıb. Çox təəssüf ki, bu gün də dünyada yeni münaqişələr, qeyri-sabitlik məkanları, təhdidlər mövcuddur. Məhz buna görə də qlobal gündəlikdə olan məsələlərə ən təxirəsalınmaz həll variantları tapılmalıdır.
Azərbaycanın mədəniyyətlərarası dialoqu güclü şəkildə təşviq etdiyini deyən dövlət başçısı bildirdi ki, ölkəmizdə çoxsaylı tədbirlər təşkil edilir. Bunlar dinlərarası dialoqla bağlıdır. Müzakirələrin bir hissəsi olaraq məhz bu proses Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində həyata keçirilir və digər tədbirlərdə bu məsələyə toxunulur. Bununla bağlı xüsusi müzakirə sessiyası və COP29 tədbiri də olacaq. Bu dialoq məsələsi orada da müzakirə olunacaq. 
Əksər ekspertlər də hesab edirlər ki, COP29 Azərbaycan üçün həm də bir fürsət sayılır. Bu beynəlxalq toplantı Azərbaycan həqiqətlərinin, reallıqlarının və eləcə də ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə istiqamətində həyata keçirdiyi layihələrin dünyaya olduğu kimi çatdırılmasında mühüm platforma olacaq.

 

"Alova yenidən odun atmaq istəyirlər"

 

Azərbaycan Prezidenti həmçinin forum vasitəsilə Cənubi Qafqazda maraqları olan qüvvələrə də xəbərdarlıq etdi. Hazırda Ermənistanla Azərbaycan arasında proseslərin yumşaldığını, tərəflərin sülhə yaxın olduğunu deyən Müzəffər Ali Baş Komandan bəyan etdi ki, hər iki tərəfin sülh danışıqlarını aparması üçün vasitəçiyə ehtiyacı yoxdur: "Əslində, müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası başlayıb. Nəinki delimitasiyası, hətta demarkasiyası başlayıb... Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər", - deyə  Prezident qətiyyətli şəkildə vurğuladı ki, Azərbaycan Cənubi Qafqazda buna icazə və imkan belə verməyəcək. Çünki 30 illik toqquşmadan sonra Ermənistan da aydın şəkildə Azərbaycanın Cənubi Qafqazda sülh istədiyini anlayır və barış bölgədə yalnız iki ölkə arasında normallaşma vasitəsilə həll oluna bilər.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video