04 May 2024 08:05
630
SİYASƏT
A- A+

Ermənistan və Gürcüstan çalxalanır, Azərbaycan isə...

 

Ölkəmiz regionun sabitlik və təhlükəsizlik məkanına çevrilib

 

Hazırda dünyanın müxtəlif yerlərində münaqişələr və müharibələr mövcuddur. Eyni zamanda bir sıra ölkələrin daxilində qarşıdurmalar, sabitliyə ciddi təhlükə olan proseslər cərəyan edir. Elə Azərbaycanın sərhəd qonşuları Gürcüstanın, Ermənistanın, İrandakı daxili qarşıdurmaların timsalında da bu mənfi tendensiyaları aydın görmək mümkündür. Adıçəkilən ölkələri etiraz dalğaları bürüyüb, polislə aksiya iştirakçıları arasında ciddi toqquşmalar baş verir, həbs olunanlar, yaralananlar, ölənlər olur.
Bu baxımdan, dünyada cərəyan edən mürəkkəb proseslər, qanlı toqquşmalar fonunda Azərbaycanda olan sabitlik, təhlükəsizlik xüsusi diqqət çəkir. Sözün əsl mənasında, hazırda qaynar qazana dönərək yanan dünyada Azərbaycan təhlükəsizlik adasını xatırladır. 2023-cü il mayın 10-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciət edən Prezident İlham Əliyev də Azərbaycanda təhlükəsizliyin təmin edildiyini, əmin-amanlığın hökm sürdüyünü xüsusi vurğulamışdı: "İndi dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük sərvətdir və Azərbaycan xalqı bunu yaxşı bilir".

 

Bölgədə sülhün təminatçısı 

 

Azərbaycan yürütdüyü məqsədyönlü və ölçülüb-biçilmiş siyasəti nəticəsində mövcud olduğu regionun münaqişə ocağına çevrilməsi potensialını da heçə endirib. Halbuki Qərb siyasi dairələrinin Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq, bölgəni müharibə meydanına çevirmək kimi planlarının olması da danılmaz faktdır. 
O da gerçəklikdir ki, məhz bölgə ilə bağlı çirkin məqsədlər güdən başda Fransa olmaqla, bəzi Qərb ölkələrinin səyləri sayəsində Ermənistan ilə Azərbaycan arasında aparılan danışıqlar üç onillik boyu sürmüş, riyakar vasitəçilər hələ bundan sonra da bu cür nəticəsiz danışıqların sürdürülməsi üçün çaba göstərmişdilər. Onlar Cənubi Qafqazda daimi gərginliyin, münaqişə ocağının, separatizmin var olması üçün münbit şərait yaratmışdılar. 
Ancaq Azərbaycanı bu hal qətiyyən qane edə bilməzdi və buna görə də özü qətiyyətli addımlar atdı. Güc yolu ilə hərb meydanında ərazilərini işğaldan azad etdi, suverenliyini tam təmin etdi. Qarabağ probleminin həlli ilə təhlükəsizliyini daha da möhkəmləndirərək bölgədə də dayanıqlı sülhün bərqərar olmasının qarantına çevrildi. 
Bakının apardığı çevik diplomatik siyasət sayəsində Cənubi Qafqazı qarşıdurma meydanına çevirmək istəyən bütün qərəzli qüvvələrin planları alt-üst oldu. 
Ermənistan ilə Azərbaycan arasında normallaşma istiqamətində mühüm addımlar atılması, heç bir vasitəçiyə ehtiyac görülmədən masa arxasında razılaşma əldə edilməsi və delimitasiya və demarkasiya prosesinə başlanılması, sərhəddə dirəklərin quraşdırılması Azərbaycanın sülh təşəbbüslərinin uğurlu bəhrəsini verdiyini göstərir. 
İki ölkə arasında əldə olunan razılaşmaya əsasən, Qazax rayonunun 4 kəndi azad edilir. Sülh sazişinin imzalanması istiqamətində bu cür mühüm irəliləyişlərin olması Azərbaycan ilə Ermənistan liderlərinin fevral ayında Almaniyada ikitərəfli görüşü, eyni zamanda Berlində iki ölkənin xarici işlər nazirlərinin görüşü vacib rol oynadı. Qarşıda isə Ermənistanla Azərbaycanın XİN rəhbərlərinin Qazaxıstanda görüşü gözlənilir. 
Mayın 1-də Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyev də vurğuladı ki, bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil: "Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik". 

 

Sarsılmaz iqtidar-xalq birliyi

 

Bütün bunlar bir daha Azərbaycanın bölgədə sabitləşdirici rol oynamasının, onilliklərin ardından Cənubi Qafqazı münaqişələrdən uzaq məkana çevirməsinin sübutlarıdır.  
Ərazi bütövlüyü və suverenliyi bərpa edilmiş Azərbaycanda uzun illərdir ki, sabitlik, dayanıqlı inkişaf mövcuddur və təhlükəsizlik yüksək səviyyədə təmin olunur. 
Güclü iqtisadiyyat, ölkədə hökm sürən siyasi-iqtisadi sabitlik, dövlətin yürütdüyü hərtərəfli siyasət, eləcə də çoxsaylı ölkələrlə qarşılıqlı diplomatik əlaqələrin qurulması bugünkü Azərbaycan reallığının əsasıdır. 
Xalq-dövlət birliyi isə Azərbaycanın gücünün əsas dayağıdır. Ölkədə var olan həmrəylik həm Vətən müharibəsi, həm də ondan sonrakı bütün proseslər zamanı özünü bariz şəkildə göstərdi. 
"Əsas səbəblərdən biri Azərbaycan cəmiyyətində məhz sülhün, sabitliyin, həmrəyliyin mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlı olmasıdır", - deyə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dövlət başçısı altını cızdı ki, əgər siz birincisi, bu məsələləri daxilən nəzərdən keçirsəniz, elə bir mühit yaranar ki, bütün etnik qrupların, dinlərin nümayəndələri özlərini ləyaqətli, təhlükəsiz şəraitdə hiss edərlər və onlara münasibət ədalətli olar. Əgər belə olmasa, bu, yalnız ayrı-seçkiliyə, etimadın çatışmazlığına aparıb çıxarar və sonda bu, sosial və bir çox hallarda siyasi çətinliklərlə nəticələnər. Bu, ölkə daxilində parçalanmaya səbəb olar.
Bu möhkəm birliyin nəticəsidir ki, xarici dağıdıcı güclərin bütün  həmlələri ölkəmizdə heçə endirilir. Daxili sabitliyimizə xələl gətirmək istəyən qüvvələr mənfur istəklərinə nail ola bilmirlər. Buna görə də ələ aldıqları bəzi beynəlxalq qərəzli qurum və media vasitələri ilə ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar.
Lakin onların ittihamlarının heç bir əsası yoxdur və içi boş tezisləri də bir-birinin ardınca çürüdülür. Son dövrlər həmin riyakar dəstələr Azərbaycanın Ermənistana hücum edəcəyi kimi sərsəm ittihamlar tirajlayırdılar, amma iki ölkə arasında birbaşa dialoqların aparılması ilə fiaskoya uğradılar. 

 

Qərbin  dağıdıcı fəaliyyəti

 

Gürcüstanda baş verən hadisələrin fonunda da bölgə ilə bağlı maraqları olan Qərb təsisatlarının bölücü, dağıdıcı fəaliyyətlərini açıq görmək mümkündür. 
Qonşu ölkədə etiraz aksiyaları keçirilir və son günlər hadisələr alovlanaraq pik həddə çatıb. Belə ki, Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası  ötən il "Xarici agentlər haqqında" qanun layihəsini qəbul etmək istəmiş, lakin iğtişaşlar səbəbindən onu ləğv etmək məcburiyyətində qalmışdı. Lakin bu il həmin qanun layihəsinin "Xarici təsirin şəffaflığı haqqında" adı ilə yenidən parlamentə təqdim edilməsi Tbilisidə kütləvi etirazlara səbəb olub. Qərbyönümlü partiya, QHT, KİV bu qanun layihəsinin ləğvinə nail olmaq üçün aksiyalar keçirirlər. Danılmaz reallıqdır ki, Gürcüstanda hadisələrin bu həddə çatmasında Qərbin barmağı var. Başda ABŞ olmaqla, bəzi Qərb ölkələri bu qanun layihəsinin əsl mahiyyətinin üstünü vurmayaraq, əllərində olan ruporlar vasitəsilə beynəlxalq aləmə fərqli formada təqdim edir, guya qanun qəbul olunarsa, Gürcüstanın  Rusiyanın təsiri altına düşəcəyi, Qərbdən - yəni dırnaqarası demokratiyadan uzaqlaşacağı görüntüsü yaradılır. Halbuki ABŞ-də müvafiq qanun az qala bir əsrdir ki, qəbul olunub. Amma bu məqamın üstü heç zaman vurulmur, eyni qanunun digər ölkələrdə qəbulu, yaxud buna cəhd edilməsi qətiyyən yolverilməz hesab olunur. Gürcüstanın daxili işlərinə qarışan Qərb özü xarici agent barədə normativ hüquqi aktlar qəbul etməsinə, xaricdən maliyyələşməni yasaqlamasına baxmayaraq, bu ölkədə həmin qanunu qadağan etməyə çalışır. Daxildəki əlaltıları vasitəsilə qızışdırıcı ritorika həyata keçirir. Bütün bunların nəticəsidir ki, hazırda Gürcüstan cəmiyyəti iki qütbə bölünüb, parçalanma ilə üz-üzədir. 

 

İlham ƏLİYEV: "Mən Azərbaycanın təhlükəsizliyinə, inkişafına və sabitliyinə cavabdehəm"

 

Dünyanın ikiyə bölündüyü, ayırıcı xətlərin cızıldığı bu təlatümlü dövrdə Azərbaycanın sabitlik, təhlükəsizlik, inkişaf baxımından qibtə ediləcək ölkə kimi ön plana çıxmasını şərtləndirən başlıca amil uzaqgörən, müdrik, dünya siyasətini dərindən bilən Prezident İlham Əliyev kimi rəhbərə malik olmasıdır. 
Azərbaycan geosiyasi maraqların toqquşduğu bir coğrafiyada yerləşir və burada balansı gözləmək, qonşularla münasibəti pozmadan tarazlığı saxlamaq olduqca çətindir.
"Mən Azərbaycanın təhlükəsizliyinə, inkişafına və sabitliyinə cavabdehəm. Bunun üçün nə lazımdırsa, prinsiplər əsasında edirəm və biz heç vaxt düzgün, doğru və qanuni hesab etmədiyimizi etmirik. Beynəlxalq hüquq baxımından mükəmməl hesab etmədiyimiz bir şey etmirik. Çünki başqalarının pozmamasını istədiyiniz qaydaları özünüz pozursunuzsa, bu, susuz səhraya aparan yolun, sadəcə, başlanğıcıdır və digər qonşularla da eynidir", deyə - Prezident İlham Əliyev bu çətin geosiyasi vəziyyətdə Azərbaycan dövləti, xalqı adına yürütdüyü müdrik siyasətin formulunu aprelin 23-də "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forumda bu sözlərlə açıqlayıb.
Dövlətimizin gördüyü daxili sabitlik, təhlükəsizlik istiqamətindəki yüksək tədbirlər sayəsində cəmiyyətimizin bütün üzvləri özlərini təhlükəsizlik şəraitində hiss edirlər. Daha geniş aspektdən yanaşanda o da xüsusi qeyd edilməlidir ki, Azərbaycanın atdığı qətiyyətli addımlar, ümumilikdə regiona dayanıqlı sülh imkanları gətirib, Cənubi Qafqazda təhlükəsizlik üçün mühüm dayaqlar formalaşdırıb. 

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video