01 May 2024 08:45
825
SİYASƏT
A- A+

Almaniya Azərbaycanla əməkdaşlığa böyük önəm verir

 

Almaniya Avropa və dünya ölkələri arasında böyük siyasi nüfuza və güclü iqtisadiyyata sahib olan ölkələrdən biridir. Buna görə də Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmlənməsi və inkişaf etməsi həmişə Azərbaycanın maraq dairəsində olub. Təbiidr ki, maraqlar qarşılıqlıdır. 
Azərbaycan Almaniya üçün neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlardan biridir. Bu qarşılıqlı əlaqələrin tarixinə nəzər salanda görürük ki, hələ XIX əsrdə bir sıra alman tayfaları Azərbaycan ərazisinə köçmüşlər. Onlar ölkəmizdə üzümçülüyün və şərabçılığın inkişafına böyük töhfə vermişlər, yeniliklər gətirmişlər. Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub-saxlanılması istiqamətində mühüm addımlar atır.
Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 12-də tanıyıb. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 
2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə isə Almaniyanın Azərbaycandakı səfirliyi açılıb. Avropanın bu ölkəsi ilə diplomatik münasibətlərin qurulmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr yüksələn xətlə inkişaf edib.
Hazırda Azərbaycanda 100-ə yaxın alman müəssisəsi fəaliyyət göstərir. Bunlardan "Simens", "Ferrosstal", "İnterselekt", "Mersedes Bens" kimi iri şirkətlər ölkəmizdə uğurlu biznes fəaliyyəti ilə məşğuldurlar. Almaniya ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi təxminən 350-400 milyon avro təşkil edir. Almaniyadan Azərbaycana əsasən avtomobillər, dəmir və polad məmulatları, istehsal avadanlıqları gətirilir.
Prezident İlham Əliyev aprelin 26-da Almaniyada işgüzar səfərdə olub. Dövlət başçımız Almaniya Federal Kansleri Olaf Şolts ilə görüşüb. Prezident İlham Əliyev ölkənin paytaxtı Berlin şəhərində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"na qatılıb. Dövlət başçımızın çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. 
Artıq bütün dünya görür və bilir ki, Azərbaycan regional güc kimi özünü göstərir. Avropa da bu reallığı zaman-zaman qəbul etməyə məcbur olacaq. "15-ci Petersberq İqlim Dialoqu", Almaniya-Azərbaycan arasındakı yüksəksəviyyəli görüşlər, rəsmi Berlinin ölkəmizə verdiyi əhəmiyyəti ifadə etməsi, rəsmi Bakıya gərəkli tərəf müqabili kimi baxması da bunu bir daha sübut edir.
Son 14 ay ərzində dövlət başçımız Almaniyaya dörd dəfə səfər edib. Ötən ilin martında Berlində, iki ay əvvəl Münxendə Kansler ilə görüşdüyünü xatırladan dövlət başçısı çıxışı zamanı bildirib: "İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir".
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri, "15-ci Petersberq İqlim Dialoqu"nda iştirakı və bir-birindən əhəmiyyətli görüşləri sübut etdi ki, Avropa İttifaqının (Aİ) əsas iqtisadi lokomotivi olan Almaniya Azərbaycanla əlaqələrə böyük önəm verir.
Azərbaycan Avropa Birliyinə daxil olan bütün dövlətlərlə ikitərəfli əlaqələrə malikdir. Belə əlaqələrin yüksək səviyyədə olduğu ölkələr sırasında ilk yerlərdə Almaniya dayanır. 
Dövlət başçımız çıxışı zamanı Almaniyanın COP29-la bağlı Azərbaycana göstərdiyi dəstəyə də toxunub. Prezident İlham Əliyev deyib: "Bizim komandalarımızın üzvləri bir-biri ilə sıx təmasdadırlar. COP29-a evsahibliyini etmək bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Biz buna hazırıq və Azərbaycanın "yaşıl gündəliyi" artıq dünyaya bəllidir".
Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan rəsmi Berlin Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək və genişləndirmək üçün səylərini daim artırır. Rəsmi Berlin niyyətini dəfələrlə bəyan edib, bu istiqamətdə əməli addımlar da atıb. Almaniya Avropa İttifaqının aparıcı dövləti kimi Cənubi Qafqazda gedən prosesləri yaxından izləyir və vəziyyəti düzgün qiymətləndirərək zamanında reallığa uyğun qərarlar qəbul edir. Digər tərəfdən, Almaniya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarı, sülhün bərqərar olmasını istəyən əsas ölkələrdən biridir.
Prezident İlham Əliyev "15-ci Petersburq İqlim Dialoqunda çıxışı zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə toxunaraq ölkələrimiz arasında keçirilmiş ikitərəfli görüşləri müsbət qiymətləndirib. Ermənistanla sülh müqaviləsinin imzalanmasına daha yaxın olduğumuzu, Almaniyada keçirilmiş xarici işlər nazirlərinin rəhbərlərinin görüşünün bu prosesə töhfə verdiyini, 
4 kəndimizin qaytarılmasını, sərhədlərin delimitasiyası prosesinə start verildiyini və Qazaxıstanda yenidən görüşərək sülh müqaviləsi layihəsinin müzakirə ediləcəyini bildirib. 
Dövlət başçımızın Almaniyaya səfəri, keçirdiyi görüşlər siyasi ekspertlər tərəfindən çox yüksək qiymətləndirilir. Böyük əminliklə demək olar ki, bu səfər Cənubi Qafqazda sülh və əməkdaşlığın sürətlənməsinə güclü təkan verəcək. Almaniya ilə strateji tərəfdaşlıq əlaqələrimiz bu səfərlərdən sonra hərtərəfli inkişaf edərək daha da genişlənəcək və hər iki tərəfə böyük səmərə gətirəcək. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video