10 May 2024 09:45
922
SİYASƏT
A- A+

Heydər Əliyevin ideyaları işığında

 

Ölkələrin, xalqların taleyində mühüm rol oynayan böyük şəxsiyyətlərə ən dərin ehtiram nümunəsi onların ideyalarının davam etdirilməsi, tarixi missiyalarının real əməllərdə yaşadılmasıdır. Ümummilli Lider Heydər Əliyevin amalları işığında 20 il əvvəl - 2004-cü il mayın 10-da yaradılmış Heydər Əliyev Fondu da bunun bütün dünyadakı mükəmməl örnəyidir. 

 

İşıqlı məramlar

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış fond 20 il ərzində respublikamızda və ölkə hüdudlarından kənarda həyata keçirdiyi layihələrlə insanlığa mühüm töhfələr vermiş, böyük ictimai etimad qazanmışdır. 
Ümummilli Liderin zəngin mənəvi-siyasi irsinin öyrənilməsi, bu böyük dövlət adamının ideyalarının nəsillərdən-nəsillərə ötürülməsi məramı ilə yaradılmış fond Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, vətəndaşlarımızın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasəti öyrənərək təbliğ edir. Amma fəaliyyəti təkcə bununla da məhdudlaşmır, bu ideyaların həm də davam etdirilməsinə, müasir dünyamızın çağırışlarına uyğun real layihələrlə Azərbaycan və ümumilikdə bəşəriyyət üçün faydalar yaratmasına nail olur. Nüfuzlu qurum Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə nəcib əməllərin parlaq salnaməsini yazır.
Hər bir insanın həyatda yaşam fəlsəfəsinin olduğunu deyən fondun prezidenti Mehriban xanım Əliyevanın fikrincə, heç də vacib deyil ki, kimsə bu fəlsəfəni sözlərlə izah etsin. Bu həyat fəlsəfəsi istər-istəməz onun hərəkətlərində, əməllərində özünü büruzə verəcəkdir. Heydər Əliyev Fondunun fəaliyyət fəlsəfəsinin əsasında isə çox sadə bir ideya, əməl durur: insanlara yaxşılıq! Azərbaycanın birinci xanımı haqlı olaraq hesab edir ki, xoş əməllərlə dünyada çox şeyi yaxşılığa doğru dəyişdirmək mümkündür.
Heydər Əliyev Fondu bu illər ərzində ölkəmizdə və dünyada genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək göstərməkdədir. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr bu prosesdə mühüm yer tutur. Fond həm Azərbaycanın, həm də müxtəlif xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrini ildən-ilə genişləndirir. Elmi tədqiqatların aparılmasına dəstəyini əsirgəmir. Xarici ölkələrin nüfuzlu araşdırma və tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsinə fayda verir. Azərbaycanın yaradıcı və elmi potensialının artırılması istiqamətində mühüm layihələr reallaşdırır. İnsanların bilik və bacarıqlarının aşkara çıxarılmasına, istedadların inkişafına şərait yaradır. Uşaq müəssisələrinin malik olduğu infrastrukturun inkişafı istiqamətində davamlı işlər görür. Uşaq və gənclərimizin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir. 
Yerli əhəmiyyətli sosial problemlərin həllinə yardım göstərilməsi, xüsusi qayğıya ehtiyac duyan insanlara kömək, səhiyyə və tibbi təsisatların inkişafı, ekologiya sahəsində mühüm layihələrin dəstəklənməsi də bu 20 il ərzində Heydər Əliyev Fonduna rəğbət qazandıran fəaliyyətlərdəndir. 

 

İnsanın və cəmiyyətin sağlamlığı naminə

 

Azərbaycanın Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın təşəbbüskarı olduğu layihələrlə fond sağlam həyat tərzini təbliğ edir, Azərbaycan mədəniyyətinin inkişafı və dünyada tanıdılması, mənəvi dəyərlərimizin qorunması istiqamətində aparılan işlərə kömək göstərir. Azərbaycan dövlətinin həyata keçirdiyi mədəniyyət diplomatiyasının uğurlarında müstəsna rol oynayır. Tarixi həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasına, ölkəmizin sivilizasiyalar arasında dialoq, tolerantlıq məkanı kimi tanınmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyamıza inteqrasiya prosesində milli-mənəvi dəyərlərimizin mühafizəsinə böyük töhfələr verir.
Heydər Əliyev Fondu respublikamızda və ölkə xaricində fəaliyyət göstərən fondlarla, qeyri-hökumət təşkilatları, ictimai qurumlarla əməkdaşlığı genişləndirir. Onlarla birgə layihələr həyata keçirir. Azərbaycanda və xaricdə müasir dünyamız üçün aktual mövzularda tədbirlər, sağlam müzakirə platformaları təşkil edir. 
Fond gender problemlərinə, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına da xüsusi diqqət yetirir. Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda forumda çıxış edən Mehriban xanım Əliyeva Azərbaycan qadınlarının cəmiyyətin ictimai-siyasi və mədəni həyatında daim mühüm rola və mövqeyə malik olduqlarını xüsusi vurğulayıb.

 

Ümid qapısı

 

Bu nüfuzlu qurum Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ötən 20 il ərzində həyata keçirdiyi proqramların uğuru ilə, ölkəmizin və müasir dünyanın qabaqcıl ideyalarla fəaliyyət göstərən ən innovativ təsisatlarından biri kimi layihələrin icrasında yeni standartlar yaratmışdır. Qurumun yerinə yetirdiyi bütün layihələrdə ən kiçik detalların belə diqqətdən kənarda qalmadığını, qarşıya qoyulmuş məqsədlərin ən yüksək keyfiyyətlə yerinə yetirildiyini görürsən. 
Mehriban xanımın rəhbərliyi ilə görülən bütün təşkilati işlərdə, o cümlədən fondun layihələrinin icrasında yüksək məsuliyyət, mükəmməllik nəzərə çarpır. Bunun əsas səbəbi bəlkə də budur ki, həmin layihələr çərçivəsində yerinə yetirilən işlər hər hansı inzibati öhdəliklərin diktəsindən çox sevgi ilə görülür. Əslində, bu layihələri ərsəyə gətirən, onlara həyat qazandıran da elə insana olan sevgidir, insan həyatında mümkün qədər gözəlliklər yaratmaq duyğusudur. Ona görə də Heydər Əliyev Fondunun reallaşdırdığı bütün işlər bu qədər uğurlu alınır və böyük rəğbət doğurur.   
Düz 20 ildir ki, bu qurum köməyə, şəfqətə ehtiyacı olan insanların pənah qapısına, ümid ünvanına çevrilib. Əli bir çox yerdən üzülən insanların son çarə yeri kimi Heydər Əliyev Fonduna müraciət etməsinə, köməyi bu ünvanda axtarmasına və məhz burada ümidlərinin doğrulmasına az şahid olmamışıq. 
Əlbəttə, elə dərdlər, müşküllər var ki, onlara çarə tapılması hər hansı təsisatın imkanları xaricindədir və onlara hər hansı dəstəklə kömək etmək mümkün deyil. Bununla belə 20 il ərzində Heydər Əliyev Fonduna getdikcə daha da artan ictimai inam bu quruma üz tutan əksəriyyətin buradan naümid qayıtmadığını, hətta ən çarəsiz durumlarda belə mənəvi dəstək gördüyünü, onları həyata bağlayan, güclü olmağa sövq edən səbəblərlə təskinlik tapdıqlarını göstərir. Burada gördükləri isti, həssas münasibətlə vətəndaşlarımız Azərbaycan dövlətinin kömək əlini öz üzərlərində hiss edirlər.
İndiyə qədər Heydər Əliyev Fondunun gördüyü işlər haqqında çox qiymətli fikirlər deyilib, yazılıb. Ən yüksək qiymət isə Azərbaycan Respublikasının Prezidentinə məxsusdur: "Heydər Əliyev Fondu Azərbaycanı gələcəyə aparan gözəl bir vasitədir. Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, ölkəmizin dünyaya olduğu kimi təqdim edilməsi - bütün bu şərəfli funksiyalar bu fondun üzərinə düşübdür. Düşübdür deyəndə, fond və fondun rəhbərliyi bütün bu işləri öz təşəbbüsü ilə görür..."    

 

Bəşəri missiya

 

Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən birini də təhsil sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi təşkil edir. Bu məqsədlə 2005-ci ildən Mehriban xanım Əliyevanın rəhbərliyi ilə "Yeniləşən Azərbaycana yeni məktəb", "Uşaq evləri və internat məktəblərinin inkişafına dəstək" layihələrinin icrasına başlanmışdır. Layihə çərçivəsində ölkəmizin müxtəlif bölgələrində yüzlərlə yeni məktəb binaları tikilərək gənc nəslin istifadəsinə verilmişdir. Eləcə də ayrı-ayrı bölgələrimizdə təhsil və səhiyyə ocaqları bərpa olunmuş, yeniləri ilə əvəzlənmişdir. 
Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə artan tələbatı nəzərə alaraq, fond 10 il əvvəl - 2014-cü ildə "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramını həyata keçirməyə başlamış, həmçinin "Təhsilə dəstək" layihəsi çərçivəsində Gürcüstanda, Niderlandda, Misirdə, Pakistanda, Rumıniyada, Rusiyada bir sıra məktəbləri yenidən qurmuş, yaxud əsaslı təmir etmişdir. Fondun təhsillə bağlı fəaliyyətinə Azərbaycandakı və ölkə hüdudlarından kənardakı bir çox təhsil müəssisəsinin lazımi vəsaitlərlə təchizatına kömək məsələləri də daxildir. Bütün bu işlər dünyada Azərbaycanın dostlarının çevrəsini genişləndirir, ölkəmizi bu cür nəcib əməllərlə xatırlayanların, xalqımıza, dövlətimizə rəğbət bəsləyənlərin sayı artır.  
Yarandığı gündən Heydər Əliyev Fondunun təhsili və geniş mənada sosial tərbiyə məsələlərini fəaliyyətində ən mühüm istiqamətlərdən biri kimi seçməsi, 20 ildir bu məqsədə sadiq qalması elm və təhsilin cəmiyyətin bu günü, gələcəyi üçün müstəsna əhəmiyyətindən irəli gəlir. Fondun missiyası bəşəri missiyadır. Bu cür missiyaları isə yalnız elm və təhsilin gücü ilə yerinə yetirmək mümkündür. Məlumdur ki, dünyanın inkişaf etmiş bütün ölkələri müasir inkişaf səviyyəsinə məhz elmə, təhsilə zamanında qoyulan investisiyalar sayəsində, gənc nəslin təlim-tərbiyəsinə yaradılmış şərait, cəmiyyətdəki münbit mühit hesabına nail olmuşlar. Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi misilsiz layihələr, qurumun informasiya texnologiyalarının inkişafına, innovasiyalara etdiyi yatırımlar Azərbaycanda da eyni mərama xidmət edir. 
Elm, təhsil bir mühitdir və bunun yaradılması təkcə dövlət qurumlarının inzibati vəzifəsi deyil. Burada dövlət strukturları ilə yanaşı, biznes qurumları, ictimai təşkilatlar, imkanı çatan hər bir vətəndaş da kömək göstərməli, dəstək verməlidir. Çünki inkişafa şərait yaratmaqla, istedadlı insanlarımızı dəstəkləməklə birbaşa, yaxud dolayı şəkildə cəmiyyətimizin gələcəyinə töhfə vermiş oluruq. Güclü cəmiyyət isə bütün fərdləri gücləndirir. Heydər Əliyev Fondu öz fəaliyyəti ilə cəmiyyətimizdə həm də bu mədəniyyəti formalaşdırır, korporativ sosial məsuliyyət prinsiplərini geniş sferada təşviq edir, xalqımızın xeyriyyəçilik, ehtiyacı olanlara kömək, nəcib, saleh əməllər sahibi olmaq kimi dəyərlərini aktuallaşdırır, bununla bağlı parlaq nümunələr ortaya qoyur.  

 

Həyat bağışlayan təşkilat

 

Heydər Əliyev Fondu ötən 20 il ərzində səhiyyə sahəsindəki mövcud problemlərin həlli, tibbi xidmətlərin vətəndaşlarımız üçün əlçatan olması sahəsində də tarixi xidmətlər göstərmişdir. "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" layihəsi, Bakıda müasir avadanlıqla təchiz olunmuş Talassemiya Mərkəzi, regionlarda çoxsaylı tibb müəssisələrinin tikilərək, abadlaşdırılaraq, ən müasir avadanlıqlarla təchiz olunaraq sakinlərin istifadəsinə verilməsi, mütəmadi şəkildə paytaxtda və regionlarda təşkil edilən tibbi aksiyalarla Heydər Əliyev Fondu 100 minlərlə vətəndaşımıza həyat bağışlamışdır. 
Fondun səhiyyə sahəsindəki fəaliyyəti də ölkə hüdudlarını aşır, Azərbaycana böyük beynəlxalq rəğbət yaradır.

 

Mədəni dəyərlərin hamisi

 

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu milli mədəniyyət incilərimizin, musiqimizin, o cümlədən genetik kodlarımızdan olan muğamlarımızın qorunması, bütün dünyada təbliği istiqamətində tarixi işlər görmüşdür. Bəşəriyyətin mədəniyyət xəzinəsinə qiymətli incilər bəxş etmiş böyük şəxsiyyətlərimizə ölkəmizdə və Azərbaycandan kənarda xatirə abidələrinin ucaldılması, ev-muzeylərinin bərpası, yubileylərinin təşkili, əsərlərinin nəşrinə dəstək, müxtəlif regionlarımızda mədəniyyət mərkəzlərinin, kitabxanaların, rəsm qalereyalarının, musiqi məktəblərinin, qədim tarixi irsimizin qorunduğu məkanların yaradılması Heydər Əliyev Fondunun mədəniyyət layihələrinin yalnız bir hissəsidir. 
Fondun təşəbbüsü ilə inşa edilmiş Beynəlxalq Muğam Mərkəzi, Müasir İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi və bir sıra digər mədəniyyət obyektləri, dünyanın ayrı-ayrı ölkələrində yaradılmış Azərbaycan Mədəniyyət mərkəzləri, keçirilən musiqi festivalları, beynəlxalq humanitar tədbirlər mədəniyyətin gücü ilə insan düşüncəsinin saflığına, yaradıcı ruhun təntənəsinə, dünyamızda sülhün, əmin-amanlığın bərqərar olmasına xidmət edir.
Fond Azərbaycandan kənarda da mədəniyyət layihələrini uğurla davam etdirir, ümumbəşəri dəyər daşıyan abidələrin qorunmasına, bərpasına, təbliğinə öz dəyərli töhfələrini verir. Belə layihələrlə Azərbaycan özünü bütün dünyaya mədəniyyət işığında təqdim edir, Şərqlə Qərbin qovuşuğunda, sivilizasiyaların təmas məkanında yerləşən ölkəmizin qlobal nüfuzu, beynəlxalq ictimai rəyə təsir imkanları getdikcə artır. Qurum həm də öz fəaliyyəti ilə sivil dünyada sülhü, sabitliyi, sivilizasiyalararası dialoqu, bir sözlə, insanlığın tərəqqisinə yönələn ali ideyaların reallaşmasını, bu sahələrdə səylərin birləşdirilməsini əsas götürür. 
Prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Ulu Öndərin siyasi irsinin təbliği sahəsində böyük xidmətlərinə, mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycanın mədəni irsinin beynəlxalq miqyasda təbliğinə və I Avropa Oyunlarının təşkilində apardığı genişmiqyaslı işlərinə görə ölkənin ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edilib.

 

Dəyərlərimizə həssas münasibət

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, tarixi Zəfərimizdən dərhal sonra azad Qarabağda, Şərqi Zəngəzurda başlanan quruculuq-bərpa tədbirləri Heydər Əliyev Fondunun da fəaliyyətində yeni bir səhifə açmışdır. Bu gün işğaldan azad edilmiş yurdlarımızın dirçəlişi prosesində fəal iştirakı, bu torpaqlarda reallaşdırdığı tarixi layihələr fondun özünün 20 illik yubileyinə ən gözəl hədiyyəsidir. 
Qısa müddət ərzində  qurum işğal dövründə ermənilərin vandalcasına dağıtdıqları bir çox mədəniyyət abidəsinin bərpasını uğurla yekunlaşdırıb. Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Saatlı məscidi, İncəsənət qalereyası, Xalça muzeyi, Yuxarı Gövhər ağa məscidi, "Xan qızı" bulağı və digər tarixi dəyərlərin yenidən həyata qaytarılması Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun torpaqlarımızın azadlığına tarixi töhfəsidir. Fond hazırda Aşağı Gövhər ağa məscidinin, Mamayı məscidinin, Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin, Yeni Şuşa məscidinin, Ağdam Cümə məscidinin, Xocavənd rayonunun Susanlıq kəndindəki kilsənin bərpası işlərini uğurla davam etdirir. 
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri, "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Kulinariya Festivalı və digər tədbirlər bu qala şəhərinin əvvəlki cəlalını daha yüksək səviyyədə özünə qaytarır. 
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr eyni zamanda mühüm tarixi-ideoloji, siyasi məzmun kəsb edir. Qurumun 20 illik fəaliyyəti çox geniş və çoxşaxəlidir. Zaman keçəcək, Heydər Əliyev Fondunun hər layihəsinə irimiqyaslı tədqiqat işləri, sanballı kitablar, filmlər həsr olunacaq, amma bütün bunlar da görülmüş işlərin hüdudlarını tam əhatə etməyəcək. Çünki yazılanlar, çəkilənlər tarixin konkret səhifələridir. Heydər Əliyev Fondunun fəaliyyəti isə tarixin hüdudlarından da əhatəlidir. Necə ki, fondun fəaliyyətinin cəmi 20 ili bu müddət ərzində görülmüş işlərin, yaradılmış faydaların mahiyyəti ilə əsrlərə bərabərdir.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video