02 May 2024 08:00
713
SİYASƏT
A- A+

Ölkəmiz bəşəriyyətin gələcəyinə böyük töhfələr verir

 

Bu, Azərbaycan Prezidentinin fədakar xidmətinin nəticəsidir

 

Dünyada sülhün, mədəniyyətlərarası dialoqun, insanı qorumağın və onun rifahı üçün çalışmağın alternativi yoxdur. Bundan ötrü ölkələrin, cəmiyyətlərin bir araya gəlməsinə, tanınmış dövlət xadimləri, alimlər, dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələri arasında dialoqların aparılmasına xüsusi ehtiyac var. Bununla Yer üzündə sağlam düşüncənin əhatəsi genişlənir. Xoş niyyətlər ətrafında birləşən insanların sayı artır. 
Bu gün reallıq ondan ibarətdir ki, hazırda dünyada sülhün qorunması, bütün təxribatlara, təhdidlərə, çətinliklərə rəğmən mədəniyyətlər arasında dialoqun təmin edilməsi, insanın rifahı naminə əldə edilmiş nailiyyətlər həm də bizim ölkəmizin, ölkə rəhbərliyinin fədakar xidmətlərinin nəticəsidir. Bəşəriyyət üçün bu nailiyyətləri yaradan faktlardan biri də, çoxumuzun əsl mahiyyətini, bəlkə də heç dərindən anlamadığımız, sadəcə ölkəmizdə keçirilən silsilə beynəlxalq tədbirlər kimi yanaşdığımız qlobal forumlardır. Bu forumlarda aparılan müzakirələrdir. Dünyanın nüfuzlu söz sahibləri arasında gedən fikir və ideya mübadilələridir. Əldə edilən razılaşmalardır. Azərbaycandan bütün bəşəriyyətə ünvanlanan çağırışlardır. 
Mayın 1-də Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başladı. Azərbaycan 2011-ci ildən indiyə qədər bu silsilədən 5 foruma evsahibliyi edib. Həmin il keçirilmiş ilk Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ardınca bu tədbir ölkəmizdə 2013, 2015, 2017 və 2019-cu illərdə uğurla baş tutub. Tədbirlərə ümumilikdə 10 mindən çox iştirakçı - hökumət rəsmiləri, beynəlxalq qurumların təmsilçiləri qatılıb. Eyni zamanda forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad mənbəyi kimi çıxış edib. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulmuş "Bakı Prosesi" çərçivəsində müntəzəm şəkildə təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sırf mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq səviyyədə keçirilən, ötən illər ərzində qlobal çevrədə çox böyük nüfuz qazanmış yeganə platformadır. Təsadüfi deyildir ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna strateji nəticələr kontekstindən yanaşan tədqiqatçılar bu beynəlxalq tədbiri  mədəniyyətlərarası məclis kimi dünya miqyaslı brend statusunda qəbul edirlər. Davos Forumu iqtisadi məsələlərin müzakirəsi üçün brendə çevrildiyi kimi, Bakı Forumu da mədəniyyətlərarası dialoq, sülh, əməkdaşlıq, irqi və dini dözümsüzlük hallarının aradan qaldırılması və bu kimi digər məsələlərin müzakirəsi üçün qlobal brend statusu qazanmaqdadır. Bu uğuru təmin edən Azərbaycan  Prezidentinin siyasi iradə və dəstəyi, dünyada sülh və dialoq ideyasına sadiqliyidir. "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusuna həsr edilmiş  VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu qlobal platformanın təsir imkanlarını daha da genişləndirəcəkdir.

 

Tarixi missiya

 

Müasir dünyamızın gərgin mənzərəsi mədəniyyətlərarası dialoq məsələsinin  bəşəriyyət üçün əhəmiyyətini daha da artırmaqdadır. Tarix boyu xalqlar, ayrı-ayrı insan qrupları müharibələri dayandırmaq, yeni faciələrin qarşısını almaq, sülh və quruculuğa nail olmaq üçün mədəniyyətin gücünə tapınıblar. Bu gün planetimizin bir çox məkanlarında hər kəsi təhdid edən qlobal problemlərin xalqların birgə səyləri ilə aradan qaldırılmasının, dünyada sülh və əmin-amanlığın təmin olunmasının əsas yolunun mədəniyyətlər  arasında qarşılıqlı dialoqdan keçdiyi dünyamızın gələcəyini düşünən hamının inandığı həqiqətdir.
Bu baxımdan, dövlətimiz çox böyük bir tarixi missiyanı yerinə yetirir və VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da eyni missiyanın davamıdır. Mədəniyyətlər arasında dialoq ideyasının reallaşaraq öz məqsədlərinə çatması, bu ideyanın doğurduğu sualların öz cavabını tapması bu istiqamətdə aparılan proseslərin dərk olunmuş şəkildə həyata keçirilməsi mütərəqqi qüvvələrin birgə səylərindən asılıdır.
Azərbaycan hələ ötən əsrin sonlarından bütün dünyada bu prosesi başlayan ilk ölkələrdən olmuşdur. Respublikamızın təşəbbüsü və həlledici tərəf kimi yaxından iştirakı ilə reallaşdırılan "İpək yolu" layihəsi mədəniyyətlər arasında dialoqun əldə edilməsinə doğru atılmış ilk mühüm addımlardan idi.    
Ümummilli Lider Heydər Əliyev "İpək yolu" layihəsinə sadəcə ölkəmizə gəlir gətirəcək sosial-iqtisadi bir layihə kimi baxmırdı, bu layihəni geniş miqyasda, daha uzaqgörən məqsədlərlə mədəniyyətləri bir-biri ilə əlaqələndirən bağlantı kimi dəyərləndirirdi. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı tarixi nailiyyətlər, qədim İpək yolunun bərpası istiqamətində əldə edilmiş möhtəşəm nəticələr, beynəlxalq neft-qaz kəmərlərinin, dəmir yollarının və digər enerji-kommunikasiya marşrutlarının Azərbaycandan keçməsi və sair bu kimi amillər Azərbaycanı iki sivilizasiya arasında sadəcə körpü rolunu oynamaq statusundan çıxararaq bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla onların vəhdətini təcəssüm etdirən ortaq dəyərə, dialoq məkanına çevirmişdir.
Bütün bu cəhətlərlə yanaşı, Azərbaycan indi dünya üçün həm də mədəniyyətlər arasında dialoqun uğurlu bir modelidir. Bu model qədim ənənələrə söykənir. Tarixi, coğrafi və siyasi baxımdan həmişə Şərq və Qərbin maraqlarının təmas və kəsişmə məkanı olan ölkəmizdə müxtəlif etnoslar, millətlər və dini icmalar əsrlər boyu dinc tolerantlıq şəraitində və qarşılıqlı əlaqələrdə yaşamışlar.
Bu nümunəvi həyat tərzi bir tərəfdən onların özünəməxsus spesifik mədəniyyətinin inkişafına müsbət təsir göstərmiş, digər tərəfdən isə xalqlar  arasında milli-mədəni dəyərlərin, mənəvi incilərin uğurlu mübadiləsini təmin etmiş, yəni xalqların, yerli mədəniyyətlərin bir-birindən görüb-götürməsinə şərait yaratmışdır.
Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizin sivilizasiyalararası dialoqda fəal və hərtərəfli iştirakını daha da genişləndirir və bu, daha intensiv formalar kəsb edir. Azərbaycanın etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində qazandığı nailiyyətlər bütün dünyada diqqətlə izlənir, təqdir olunur, başqa ölkələr və xalqlar üçün də uğurlu nümunə yaradır. 

 

"Bakı Prosesi"nin uğurları

 

2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən və tarixə "Bakı Prosesi" kimi düşən qlobal platformanın uğurları sübut edir ki, bəşəriyyətin xoşbəxt gələcəyi üçün səmimiyyətlə çalışanda, bu işə zəhmət sərf edəndə belə bir dialoq mütləq alınır. Mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platforma olan, BMT-nin ali rəhbərliyinin ən yüksək şəkildə qiymətləndirdiyi "Bakı Prosesi" xüsusilə xalqların mənəvi-mədəni dəyərlərinin təbliği baxımından xüsusi əhəmiyyətə malikdir. Bu da təsadüfi deyil, mədəniyyətlərin dialoqu, əslində, xalqların mədəni dəyərlərinin təmasıdır. "Bakı Prosesi" çərçivəsində indiyə qədər ölkəmizdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu keçirilib. Bu tədbirlərin ən yüksək səviyyədə təşkilində, beynəlxalq səviyyədə böyük uğur qazanmasında ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da əməyi çox böyükdür. Mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən "Bakı Prosesi" Azərbaycanın mədəni dəyərlərinin, ölkəmizin tarixən malik olduğu tolerantlıq ənənələrinin təbliği baxımından son dərəcə mühüm önəm daşıyır. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu platformanın mühüm tərkib hissəsi kimi Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin bütün dünyada təbliği baxımından çox yaxşı bir imkandır.
Sözügedən prosesdə xalqımızın mədəniyyətinin milli özünəməxsusluğu və unikallığını qorumaqla, beynəlxalq qlobal əlaqələrə və ümumi mədəniyyət məkanına cəlb olunması güclənir. Azərbaycan öz inkişafının tarixi spesifikliyi üzərində qədimlik və müasirliyi, ənənə ilə novatorluğu üzvi surətdə əlaqələndirir. Azərbaycanın dünya ölkələri ilə mədəni dialoqu və əməkdaşlığı yeni, daha mükəmməl formalar alır. 

 

Biz istəyirik ki…

 

Azərbaycan Respublikasının Prezidenti bu cür forumların təşkili məqsədini belə izah edir:  "Biz istəyirik ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini bildirsinlər. Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilmişdir. Əlbəttə, bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları vardır. Çünki əsrlər boyu Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamışlar. İctimai-siyasi quruluşdan asılı olmayaraq, heç vaxt Azərbaycanda milli, ya dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmamışdır. Bütün dövrlərdə Azərbaycanda xalqlar bir ailə kimi yaşamışlar, onları həmişə dostluq münasibətləri bağlamışdır. Biz çox şadıq ki, indi Azərbaycanın müstəqil ölkə kimi inkişaf etdiyi dövrdə bu müsbət meyillər daha da güclənir.
...Biz istəyirik ki, ölkəmizdə yaranmış bu təcrübə həm öyrənilsin, həm də bəlkə başqa ölkələr üçün maraq doğursun. Çünki bu, həqiqətən, nadir bir təcrübədir və "Bakı Prosesi"nin başlanması və uğurla davam etdirilməsi onu göstərir ki, biz ortaya siyasi iradə qoyduqda, məqsədə nail ola bilirik". VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da Azərbaycanı bəşəriyyətin gələcəyi naminə ali məqsədlərinə daha bir addım yaxınlaşdıracaq. 

 

Müasir çağırışlar qarşısında

 

Forumun gündəliyi də kifayət qədər zəngindir və müasir dünyamızın çağırışlarını əks etdirir. Üç gün davam edəcək forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulub. İştirakçılar müvafiq formatlar çərçivəsində  "Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət" mövzusunu müzakirə edəcəklər. Eləcə də "Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq" məsələsinə diqqət yönələcək. "Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi" də forumun əsas mövzularıdır. Həmçinin "Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət" mövzusu müzakirə olunur. Daha bir mövzu isə "Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu"dur. "Tənzimlənməyən miqrasiya və sosial təsirlər: beynəlxalq təhlükəsizlik üçün təhdid və imkanlar", "Süni intellekt - təhdid, yoxsa imkan?", "Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; Qlobal inkişafa doğru", "Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi" mövzuları da forumun gündəliyinə daxildir.  
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dünyanın 100-dən çox ölkəsindən 700 mötəbər qonaq iştirak edir. Hər silsilə tədbirdə iştirakçı sayının getdikcə artması bu platformanın beynəlxalq nüfuzunun yüksəlməsindən, qlobal çevrədə daha geniş tanınmasından xəbər verir.  İştirakçılar müxtəlif ölkələrin yüksəksəviyyəli dövlət xadimlərindən, parlament rəhbərlərindən, dini liderlərindən, alimlərindən, jurnalistlərindən, ayrı-ayrı etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarətdir. Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də planlaşdırılıb. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi torpaqlarımızın azadlığından sonra Azərbaycanda ilk dəfə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilklərindən olacaq. Bu, eyni zamanda Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma formalaşdırmaq imkanıdır. 
Beləliklə, coğrafi baxımdan Qərblə Şərqin təmas məkanında yerləşən Azərbaycan mədəniyyətlərarası dialoq ideyasının da reallaşdırıldığı qlobal mərkəzə çevrilib. Ölkəmiz mədəniyyətlər arasında dialoq ideyasının özünü doğrultması üçün müvafiq yollar tapır, bütün mümkün vasitələrin dəyərləndirilməsinə çalışır. 

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video