04 May 2024 08:40
632
İQTİSADİYYAT
A- A+

Ekoloji problemlər bütün beynəlxalq tədbirlərin əsas mövzularından biri olur

 

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da istisna deyil

 

Mayın 1-də Bakı Konqres Mərkəzində açılış mərasimi keçirilən "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünən öz işini başa çatdırdı. Yarım ildən sonra isə Azərbaycan daha qlobal bir tədbirə - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcək. Bu səbəbdən  indi istər paytaxtımızda, istərsə də digər şəhərlərimizdə keçirilən tədbirlərin hər birində aparıcı mövzulardan biri məhz COP29-la bağlı olur.
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda da COP29 ətrafında geniş söhbət getdi. Prezident İlham Əliyev forumdakı çıxışında bu mövzu üzərində xüsusilə  dayandı. Azərbaycanın yekdil qərarla COP29-a evsahibliyi edən ölkə kimi seçildiyi bir daha vurğulandı.
Ölkəmiz bunu özü üçün böyük şərəf sayır. Lakin bu həm də məsuliyyətdir. İndi Azərbaycan bu qlobal tədbirə hazırlığın fəal mərhələsindədir. Artıq COP29-a az vaxt qalır. Odur ki, yaxşı nəticələrə nail olmaq üçün əlimizdən gələni edirik. 
"Yaşıl gündəliyimiz" də artıq dünyaya bəllidir. Əslində, Azərbaycanın bu gündəliyi hələ COP29 qərarından əvvəl icra olunmağa başlanıb. Xarici tərəfdaşlar və sərmayədarlarla "yaşıl keçid" üzrə nəhəng layihələrə start verilib. 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. 
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezidentimiz demişdir ki, "biz indi öz rolumuzu körpülərin salınmasında görürük. Mən tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə olan münasibətlərimiz, eyni zamanda coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz barədə söylədim ki, biz bu amillərlə çox iş görə bilərik. Hazırda biz qeyd edirik ki, əvvəlki sədrliyimiz zamanı olduğu kimi, körpülər salmağa çalışacağıq".
Məlumdur ki,  iqlim dəyişmələrinə aid olan məsələlərin həlli üçün  maliyyə vəsaiti lazımdır. Maliyyə məsələsi öz növbəsində COP29-un əsas mövzusu olacaq. Eyni zamanda  həmrəylik və qarşılıqlı etimad vacibdir. Lakin COP29-un keçirilməsinə qərar veriləndən dərhal sonra bəzi mətbuat orqanları bir məsələdən narazılıqlarını bildirdilər. Bundan əvvəlki - 28-ci sessiyanın Birləşmiş Ərəb Əmirliklərində keçirildiyini vurğulayaraq soruşdular ki, iqlim dəyişmələrinə həsr olunan bu mötəbər tədbirə nə üçün növbəti dəfə yenə neft-qaz ölkəsi evsahibliyi edəcək? Əslində isə neftlə, qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalı, onlar buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıdır. Çünki  həmin  ölkələr, o cümlədən Azərbaycandan əvvəl COP-u keçirmiş Misir və Birləşmiş Ərəb Əmirlikləri iqlim məsələlərinin həlli üçün böyük səylər göstərmişlər. Bu təbii sərvət Tanrıdan bir paydır və ölkələrə bu nemətə görə qiymət verilməlidir. Əsas məsələ sahib olduğun sərvətdən düzgün istifadə etməkdir. 
Azərbaycana gəldikdə, ölkəmizdə karbohidrogen ehtiyatlarından əldə olunan gəlirlərdən düzgün istifadə olunur. Buna görə də yoxsulluğun səviyyəsi son 20 il ərzində 50 faizdən 5 faizə enmişdir. Borcumuz ümumi daxili məhsulun cəmi 7,9 faizinə bərabərdir. Neftdən, qazdan gələn gəlirlər cəmiyyətdə ədalətli bölünür. Bu gün biz həm də erməni vandallarının 30 il ərzində xarabaya çevirdiyi Qarabağı və Şərqi Zəngəzuru yenidən tikib-qururuq. Azərbaycan dünyada neft və qaz təchizatçısı kimi tanınır. Bu gün ölkəmiz Gürcüstana, Türkiyəyə, Bolqarıstana, Yunanıstana, İtaliyaya, Rumıniyaya, Serbiyaya və Macarıstana təbii qaz ixrac edərək onların enerji təhlükəsizliyində mühüm rol oynayır. 
"Əgər biz bu gün məhz yol təchizatlarına, enerji təchizatlarına baxsaq görərik ki, onlar çox müxtəlifdir. Ona görə bizim səylərimiz körpülərin salınmasına yönələcək. Avropa-Qlobal Cənub istiqamətinə və həmrəyliyə gəldikdə, biz buna nail ola bilərik. Bunun üçün biz ürəkdən çalışmalıyıq, gündəliyimiz də buna köklənib", - deyə dövlətimizin başçısı bildirmişdir.
"Yaşıl gündəliyimiz" də  uğurla davam edir. Təkcə bu il 1300 meqavat günəş və külək enerjisini istehsal etmək gücü olan stansiyaların təməli qoyulacaq. 2027-ci ilin sonuna qədər isə 2000 meqavat "yaşıl enerji"miz olacaq. Həmin vaxta qədər 9 günəş və külək-elektrik stansiyası istismara veriləcək. 2030-cu ilə qədər isə əlavə olaraq 10 günəş və külək enerjisi stansiyası qurulacaq ki, onların da gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensial qaz istehlakının əksər hissəsini elektrik enerjisi ilə əvəzləməyə imkan verəcək. Nəticədə Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac etmək mümkün olacaq.
Sözügedən forumda Prezident İlham Əliyev  bunları bir daha xatırlatmışdır: "2027-ci ilə qədər bizdə 2 qiqavat günəş və külək enerjisi stansiyaları işə düşəcək və 2030-cu ilə qədər əlavə 5 qiqavat da istismara veriləcək. Bunun sayəsində bərpaolunan enerjini elektrik enerjisi istehsalında istifadə etmək üçün bizə imkan yaranacaqdır. Bütün bunlar üçün biz çox yaxşı sərmayə şəraiti yaratmışıq, sərmayədarlar var. Biz, həmçinin bərpaolunan enerji mənbələrindən istifadə edirik. Bu, elə bir faktdır ki, biz onun əsasında beynəlxalq ictimaiyyət tərəfindən dəyərləndirilməliyik, yalnız sırf neft-qazın olması ilə deyil".  Yəni Azərbaycan bununla bağlı hər hansı səhv addım atmır. İqlim dəyişmələrinə gəldikdə  isə onlar da nümunəvi hesab oluna bilər.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video