Bu gün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə “Tələbələrin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin (ICPC) 20 illiyinə həsr olunmuş simpozium keçirilir.
AZƏRTAC xəbər verir ki, ADA Universitetində keçirilən tədbirdə universitet rektorları, dövlət qurumlarının nümayəndələri, olimpiada iştirakçıları, ICPC-nin keçmiş finalçıları və fərqli ölkələrdə yaşayan İKT üzrə yerli ekspertlər iştirak edirlər.
Simpoziumda çıxış edən İRİA-nın sədri İnarə Vəliyeva proqramlaşdırma müsabiqələrinin rolunun ölkənin rəqəmsallaşmasında vacib olduğunu qeyd edib.
“Bir müddət öncə beynəlxalq olimpiadalara hazırlıq üçün xüsusi proqrama start vermişik. Əsas məqsədimiz perspektivli şagird və tələbələri təlimlərə cəlb edərək olimpiadalarda yüksək nəticə əldə etmələrinə dəstək olmaq, bununla da ölkədə peşəkar İKT mütəxəssislərinin sayını artırmaqdır. “ICPC Azərbaycan” çərçivəsində mövcud tədbirləri dəstəkləmək, o cümlədən gənc nəslin texnologiyanın öyrənilməsinə, istifadəsinə və inkişafına cəlb olunmasına kömək edəcək yeni müsabiqələr və təlimlər təşkil etmək də üzərində çalışdığımız çox önəmli və məsuliyyətli işlərdəndir”, - deyə agentlik sədri vurğulayıb.
“Tələbələrin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin (ICPC) regional meneceri Etibar İsmayılzadə yerli universitetlərin beynəlxalq müsabiqələrdə göstərdiyi yüksək nəticələrdən danışıb. O bildirib ki, hazırda Azərbaycanın daxil olduğu regional qrup dünyada aparıcı yer tutur.
Tədbirin davamında proqramlaşdırma olimpiadalarının rolu barədə panel sessiyaları həyata keçirilir.
Qeyd edək ki, tədbir “Technest” təqaüd proqramının “Proqramlaşdırma üzrə beynəlxalq olimpiadalara hazırlıq sisteminin yaradılması” layihəsi çərçivəsində həyata keçirilir.