18 Mart 2026 08:05
157
PARLAMENT
A- A+
Süni intellektdən məsuliyyətli istifadə ilə bağlı hüquqi baza yaradılır

Süni intellektdən məsuliyyətli istifadə ilə bağlı hüquqi baza yaradılır


Martın 17-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasın gündəliyi qəbul edildikdən sonra cari məsələlərlə bağlı müzakirələr keçirilib. Parlamentin komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputatlar Sahib Alıyev, Razi Nurullayev, Qüdrət Həsənquliyev, Ceyhun Məmmədov, Hikmət Məmmədov, Tural Gəncəliyev, Bəhruz Məhərrəmov, Vüqar Bayramov gündəmdə olan bəzi məsələlərə dair öz fikirlərini bölüşüblər.

Deputatlar işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı quruculuq və abadlıq işlərinin uğurla davam etdirilməsini, bununla yanaşı, bu torpaqlarda milli-mənəvi dəyərlərimizin və ənənələrimizin də bərpasını yüksək qiymətləndiriblər. Vurğulanıb ki, bütün bu nailiyyətlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin uğurla davam etdirdiyi qətiyyətli siyasət, prinsipial mövqe, xalqımızın birliyi nəticəsində əldə edilib. Qeyd olunub ki, işğaldan azad olunmuş torpaqlara Böyük Qayıdış "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"dən biridir və ölkə Prezidentinin bu prosesə dövlət siyasəti və uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi yanaşması nəticəsində qayıdış zonasında infrastrukturun ən müasir səviyyədə yenidən qurulması, sosial obyektlərin fəaliyyətinin keyfiyyətli şəkildə təşkili öz yurdlarına qayıdan köçkünlərin sürətli adaptasiyasına imkan verir.

Çıxışlarda dövlətimizin beynəlxalq tədbirlərdə özünün işğala son qoymaq və sülh yaratmaq təcrübəsini bölüşdüyü diqqətə çatdırılaraq, bu gün dünyada mövcud olan qlobal problemlərin həlli baxımdan ötən həftə keçirilmiş "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusuna həsr olunmuş XIII Qlobal Bakı Forumunun mühüm əhəmiyyəti vurğulanıb.

Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin yeni səviyyəyə yüksəldiyini deyən millət vəkilləri ölkəmizlə enerji sahəsində əməkdaşlığın Avropa İttifaqı üçün Azərbaycanın nə qədər əhəmiyyətli tərəfdaş olduğunu göstərən amillərdən biri olduğunu bildiriblər.

Deputatlar habelə süni intellekt vasitəsilə yayılan informasiya və dezinformasiyaların cəmiyyətlərə təsirindən danışaraq, hazırda regionda baş verən hadisələr fonunda informasiya müharibəsinin daha da genişləndiyini qeyd edərək, bu sahədə təhlükəsizliyin təmin edilməsinin, bununla bağlı maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıblar.

Müzakirələrdə həmçinin əlillik təyinatı ilə bağlı, xüsusilə müharibə veteranlarının əlillik dərəcəsinin müəyyən edilməsi sahəsində mövcud vəziyyətlə bağlı fikirlər və bəzi təkliflər səsləndirilib. Vurğulanıb ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi və rifahının daha da yaxşılaşdırılması prinsipi dayanır. Son illər iqtisadiyyatda aparılan islahatların sosial göstəricilərə müsbət təsir göstərdiyi bildirilib.

İclasın gündəliyinə 9 məsələnin daxil edildiyini deyən parlamentin Sədri Sahibə Qafarova birinci məsələnin "2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş "Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə qanun layihəsi olduğunu diqqətə çatdırıb. Spiker qeyd edib ki, layihə beynəlxalq sənədlə bağlı olduğuna görə, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul edilməlidir.

Məsələ barədə məlumat verən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, "Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol" 13 oktyabr 2023-cü ildə Bişkek şəhərində imzalanıb. Protokola əsasən, adıçəkilən Əsasnaməyə bir neçə dəyişiklik edilib. Bunlar Əsasnamənin Müstəqil Dövlətlər Birliyinin vahid daimi icra, inzibati və əlaqələndirici orqanı olan İcraiyyə Komitəsinin fəaliyyətinin və funksiyalarının əsas istiqamətlərinə dair müxtəlif dəyişikliklərdir. Azərbaycan Respublikası bu Protokola dövlətlər və digər beynəlxalq hökumətlərarası təşkilatlarla siyasi əməkdaşlıq və qarşılıqlı fəaliyyət məsələlərində Baş katibin səlahiyyətlərini istisna edən qeyd-şərtlə qoşulur. 

Məsələ ilə bağlı deputat Qüdrət Həsənquliyev bəzi qeydlərini açıqlayıb. Komitə sədri Səməd Seyidov səsləndirilən fikirlərə münasibət bildirib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin Sədri növbəti məsələnin "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin olduğunu deyib. O, layihədə təklif olunan dəyişikliklərin uyğunlaşdırma xarakteri daşıdığını və "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini bildirib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov qanun layihəsinin mahiyyətini diqqətə çatdırıb. O qeyd edib ki, inzibati icraat proseslərinin elektronlaşdırılması, dövlət informasiya sistemlərinin geniş tətbiqi nəticəsində bəzi inzibati xətalar haqqında qərarların kağız daşıyıcıda tərtib edilməsinə və surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmasına zərurət qalmayıb. Hazırda inzibati xətalar haqqında məlumatların elektron informasiya sistemləri vasitəsilə qeydiyyatı və şəxslərə çatdırılması təmin edildiyindən bu prosedurun saxlanılması praktiki əhəmiyyət daşımır və onun qanunvericilikdən çıxarılması hüquqi münasibətlərin sadələşdirilməsinə və inzibati icraatın daha səmərəli təşkilinə xidmət edir. Bildirilib ki, layihədə bəzi texniki dəyişikliklər də nəzərdə tutulub.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda qəbul edilib. 

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri isə ikinci oxunuşda qəbul olunub.

Milli Məclisin Sədri gündəliyin qalan 3 məsələsinin birinci oxunuşda təqdim olunan qanun layihələri olduğunu bildirib. 

Gündəliyin yeddinci məsələsi - Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə məlumat verib. Qeyd edilib ki, layihə dövlət büdcəsi, məqsədli büdcə fondları və büdcədənkənar dövlət fondlarından ayrılan vəsaitlərin təyinatı üzrə istifadə edilməməsinə görə məsuliyyət mexanizminin təkmilləşdirilməsini, sanksiyaların fərdiləşdirilməsini və hüquqi tənzimləmənin dəqiqləşdirilməsini nəzərdə tutur.

Bildirilib ki, təklif olunan dəyişikliklərə əsasən, dövlət orqanları, eləcə də layihədə anlayışı verilən hüquqi şəxslər tərəfindən vəsaitlərin təyinatından kənar istifadəsi 50 min manata qədər olduqda inzibati xəta hesab ediləcək. Bu məbləğdən yuxarı, yəni xeyli miqdarda törədildikdə isə həmin əməllər cinayət məsuliyyəti yaradacaq. Həmçinin Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin adına "dövlətə məxsus olan hüquqi şəxslərin" sözlərinin əlavə edilməsi ilə həmin qurumlara ayrılan vəsaitlərin də təyinatından kənar istifadəsinin sanksiyalaşdırılması nəzərdə tutulub.

Əminə Ağazadə qeyd edib ki, son illərdə dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan institusional islahatlar və normativ tənzimləmənin təkmilləşdirilməsi fonunda dövlətə məxsus hüquqi şəxslərin və publik hüquqi şəxslərin dairəsi kifayət qədər genişlənib. Bununla belə son illərdə dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı yeni reallıqlar formalaşıb. Bu baxımdan təqdim edilən qanun layihəsi mövcud hüquqi tənzimləməni yenilənmiş institusional mühitə uyğunlaşdırmaqla dövlət vəsaitlərinin təyinatı üzrə istifadəsinə görə məsuliyyət mexanizmini daha sistemli və əhatəli şəkildə müəyyənləşdirməyə xidmət edir.

Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərdə cərimələrin sabit məbləğlə deyil, vurulmuş zərərə uyğun - təyinatından kənar istifadə edilən vəsaitin tam həcmində müəyyənləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda külli miqdarda törədilən əməllərə görə sanksiyalar sərtləşdirilərək azadlığın məhdudlaşdırılması cəzası da tətbiq edilən tədbirlər sırasına daxil edilir.

Bildirilib ki, bundan başqa bu əməli ilk dəfə törədən şəxsin vurduğu ziyanı tam ödədiyi halda məsuliyyətdən azad olunmasının nəzərdə tutulması isə cəza siyasətində dövlətin humanizm prinsipinin gücləndirilməsinə xidmət edir.

Layihənin müzakirəsində deputatlar Vüqar Bayramov və Aydın Hüseynov çıxış edərək qeydlərini və fikirlərini bildiriblər. Əminə Ağazadə deputatların fikirlərinə münasibət bildirəndən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub. 

Növbəti məsələni - Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Media haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov təqdim edib. Bildirilib ki, süni intellekt idarəçiliyinin ən mühüm komponenti ondan etik dəyərlər çərçivəsində məsuliyyətlə istifadənin təmin edilməsi və hüquqi tənzimlənməsidir. Qeyd edilib ki, Avropa İttifaqı tərəfindən 2025-ci ildə Süni İntellekt Aktı qəbul edilib. Həmin aktın 50-ci maddəsində süni intellektdən məsuliyyətli istifadənin dəqiq normaları müəyyən edilib. Ölkəmizdə də 2025-ci ildə süni intellekt sahəsində milli strategiya qəbul edilib. Bu qanun layihəsi də beynəlxalq təcrübəni nəzərə alaraq Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyasının 8.1.3-cü bəndinin icrası məqsədilə hazırlanıb. Bildirilib ki, süni intellektdən etik dəyərlər çərçivəsində, məsuliyyətlə istifadəni təmin etmək, vətəndaşlarımızın konstitusion hüquq və azadlıqlarını qorumaq üçün aydın qaydalar və normalarla bağlı müvafiq normativ hüquqi baza yaradılır. Bu məqsədlə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni 148-2 və 242-1-ci maddələrin əlavə edilməsi təklif olunur.

Belə ki, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə, süni intellekt texnologiyaları ilə reallığı əks etdirməyən materialları hazırlayan və ya yayan şəxslər 3 min manatdan 7 min manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Əgər bu əməllər qabaqcadan əlbir olan qrup tərəfindən törədildikdə və ya iki və daha çox şəxsə qarşı törədildikdə, o cümlədən şəxsin şərəf və ləyaqətini ləkələmək məqsədilə törədildikdə və ya zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədilərsə, cəza 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə olacaq. 

Eyni texnologiyalarla pornoqrafik və ya seksual məzmunlu materialların hazırlanması və yayılması isə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnəcək. 

Paralel olaraq, Cinayət-Prosessual Məcəlləsinin 37.3-cü maddəsinə təklif edilən dəyişikliklə məhz 148-2.1-ci maddə üzrə zərərçəkmiş şəxsin şikayəti olmadan belə, xüsusi hallarda prokurorluq orqanları tərəfindən müstəqil formada cinayət təqibi başlana bilər. 

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc layihə ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini təqdim edib, layihədə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Media haqqında" qanunlara təklif olunan dəyişikliklər barədə danışıb. 

Komitə sədri bildirib ki, Azərbaycanda süni intellekt strategiyası formalaşdırılır və bu sahədə institusional addımlar atılır və beynəlxalq təcrübəyə uyğun hüquqi baza yaradılır. Müzakirəyə təqdim olunan qanun layihəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Media haqqında" qanunlara təklif edilən dəyişikliklərdə süni intellekt vasitəsilə hazırlanmış saxta foto, video və audio materialların yayımını, xüsusilə şəxsin razılığı olmadan istifadəsini məhdudlaşdırmağa yönəlib. Qeyd olunub ki, əsas məqsəd vətəndaşların hüquq və azadlıqlarının qorunmasıdır. Başqa sözlə, layihə süni intellektin tətbiqini məhdudlaşdırmağa deyil, yalnız hüquq pozuntularına səbəb olan halları tənzimləməyə yönəlib. Yəni süni intellektdən istifadə etməklə qanunla qadağan edilməyən yaradıcılıq azadlığına məhdudiyyətlər qoyulmur. 

Layihənin müzakirəsində komitə sədri Əli Hüseynlinin, deputat Razi Nurullayevin fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Gündəliyin sonuncu məsələsi olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. Bildirilib ki, layihədə bir neçə istiqamət üzrə dəyişikliklər təklif olunub. İstiqamətlərin biri dövlət maliyyəsinə nəzarət və elektronlaşma ilə bağlıdır. 

Dövlət büdcəsindən və ya büdcədənkənar fondlardan maliyyələşən təşkilatların əhatə dairəsi genişləndirilir, həm də maliyyə qaydalarının pozulmasına görə cərimələr əvvəlki kimi sabit məbləğlərlə deyil, bilavasitə inzibati xətanın obyekti olmuş vəsaitin 100 faizi məbləğində müəyyən ediləcək. 

Kamal Cəfərovun sözlərinə görə, əvvəlki təcrübədə sabit məbləğli cərimələr böyük məbləğli maliyyə pozuntuları üçün adekvat deyildi və çəkindirici xarakter daşımırdı. Həm də qanunvericiliyimizdə cərimənin vurulmuş ziyana proporsional həddə müəyyən edilməsi təcrübəsi mövcuddur.

Dəyişikliklərin digər istiqaməti uşaq hüquqlarının və təhlükəsizliyinin təminatı ilə bağlıdır. Məruzəçi bildirib ki, bu yaxınlarda qəbul olunmuş "Uşaq hüquqları haqqında" qanunun tələblərindən irəli gələrək İnzibati Xətalar Məcəlləsinə 3 yeni maddənin əlavə edilməsi təklif olunur.

Təhsil, tibb, mədəniyyət, sosial xidmət, penitensiar müəssisələrinin işçiləri və ya valideynlər tərəfindən uşaqda zorakılıq əlamətləri aşkar edildikdə bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilməməsinə görə həm fiziki şəxslər, həm vəzifəli şəxslər üçün cərimələr müəyyən edilir. Eyni zamanda müvafiq müəssisələrdə uşaqlar arasında davamlı təzyiqin və aqressiv davranışın qarşısının alınmamasına görə də cərimələr nəzərdə tutulur. Valideynlər və müvafiq işçilər tərəfindən tərbiyə məqsədilə uşağa qarşı cismani cəzanın, yəni fiziki və psixoloji zorakılığın tətbiq edilməsinə görə də cərimə müəyyən edilir.

Başqa bir istiqamət süni intellektdən etik çərçivələr və məsuliyyətlə istifadə ilə bağlıdır. Süni intellekt vasitəsilə hazırlanan və kütləvi nümayiş etdirilən materialların nişanlanmadan yayılmasına, paylaşılmasına görə inzibati məsuliyyət tətbiq olunacaq.

Həmçinin layihədə müxtəlif istiqamətlər üzrə digər zəruri dəyişikliklər də təklif olunur. Belə ki, yeni qəbul olunan "Uşaq hüquqları haqqında" qanunun tələblərindən irəli gələrək, dilənçiliklə məşğul olma əməli avaralıq anlayışından ayrılır və uşaqların dilənçiliyə cəlb edilməsinə görə məsuliyyət müəyyən edilir. Bundan başqa, "Xüsusi icra məmurları haqqında" yeni qanuna əsasən, and içmədən xüsusi icra məmuru fəaliyyəti göstərmək, xüsusi geyim formasını qanunsuz daşımaq kimi əməllərə görə yeni məsuliyyət tədbirləri müəyyənləşdirilir. Sonuncu zəruri dəyişiklik isə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla bağlı təkmilləşdirmələri nəzərdə tutur. 

Müzakirədə komitə sədri Hicran Hüseynova, deputatlar Nigar Arpadarai, Bəhruz Məhərrəmov, Günay Ağamalı çıxış edərək qeydlərini və fikirlərini səsləndiriblər. Kamal Cəfərov müzakirədə qaldırılan məsələlərə aydınlıq gətirəndən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, bu gün (dünən-red.) ilaxır çərşənbədir, bir neçə gündən sonra da xalqımız Novruz və Ramazan bayramlarını qeyd edəcək. O deyib ki, xalqımızın milli-mənəvi dəyərləri arasında mühüm yeri olan Novruz yenilik və bolluq bayramıdır. Ülvi duyğuların daşıyıcısı olan Ramazan bayramı isə xeyirxahlığı və həmrəyliyi təcəssüm etdirir. Spiker təklif edib ki, bu gözəl bayramlar münasibətilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq, onlara xalqımızın və dövlətimizin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində yeni böyük uğurlar arzulayaq!

Təklif iclas iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Sahibə Qafarova qarşıdan gələn bayramlar münasibətilə deputatları, həmçinin iclası izləyən media nümayəndələrini səmimi-qəlbdən təbrik edib, onlara cansağlığı, firavanlıq və xoşbəxtlik arzulayıb.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!