Şirvanda cari ilin 9 ayı ərzində şəhərin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər müzakirə olunub.
Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək ölkəmizin hər yerində olduğu kimi, Şirvanda da ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, şəhərdə irimiqyaslı abadlıq-quruculuq işlərinin aparıldığını, "Yeni Şirvan" yaşayış kompleksinin tikintisini, su-kanalizasiya sisteminin yenidən qurulmasını, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində silsilə tədbirlərin, ağacəkmə aksiyalarının keçirilməsini qeyd edib. Bildirilib ki, ölkədə aparılan islahatlar Şirvanın iqtisadiyyatında da əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olub, dinamik iqtisadi inkişaf təmin edilib. Belə ki, şəhərdə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 2024-cü ilin 9 ayı ərzində 511 milyon 86,4 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Sənaye məhsullarının 56 faizi dövlət, 44 faizi qeyri-dövlət müəssisə və təşkilatları tərəfindən istehsal olunub. Qeyd edilib ki, bu dövr şəhərdə 163 min ton əmtəəlik neft, 3,6 milyon kubmetr əmtəəlik qaz və 4 milyard 163,2 milyon kilovavt/saat elektrik enerjisi istehsal olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 6,9, sərnişin daşınması 8,5 faiz artıb. Artım həmçinin pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin həcmində qeydə alınıb. Şirvan şəhərində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 850,9 manata çatıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz çoxdur.
Şəhər icra hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva hesabat dövründə keçirilmiş ictimai-siyasi və digər tədbirlər barədə məlumat verib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev ideyalarının gənclər arasında təbliği, yeni nəslin vətənpərvərlik, azərbaycançılıq və müstəqil dövlətçilik prinsipləri əsasında formalaşdırılması, tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda rolunun artırılması, onların intellektual və yaradıcı potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi işləri davam etdirilib. Qeyd edib ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, yaşıllıqların artırılması, ekoloji tarazlığın bərpa edilməsinə kömək göstərilməsi məqsədi ilə ağacəkmə aksiyaları və iməciliklər təşkil olunub.
Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Şaiq Şıxəliyev isə çıxışında şəhərdə görülmüş abadlıq-quruculuq, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, asfalt-beton örtüyünün vurulması, Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki "MİDA" MMC tərəfindən "Yeni Şirvan" yaşayış kompleksinin tikintisi, IDEA İB-nin "Bizim həyət" layihəsi çərçivəsində yeni "Abad məhəllə"lərin və yaşıllıqların salınmasından danışıb. Eyni zamanda bildirib ki, yaxın zamanda İsmət Qayıbov adına Mədəniyyət və İstirahət parkında əsaslı yenidənqurma işləri aparılacaq, Kür çayı sahilində bulvar salınacaq.
Sonra hesabat ətrafında müzakirələr aparılıb, aidiyyəti idarə və müəssisələrin rəhbərləri çıxış edərək görülən işlər və çətinliklər barədə məlumat veriblər.
Seyran CAVADOV,
"Azərbaycan"