01 Sentyabr 2024 08:35
139
İQTİSADİYYAT
A- A+

Şərq də, Qərb də Azərbaycanın yükdaşımalarda mühüm qovşaq ölkə olduğunu qəbul edir

 

Azərbaycanı bu gün dünya üçün əhəmiyyətli edən həm də yerləşdiyi coğrafi məkan və mükəmməl nəqliyyat infrastrukturuna malik olmasıdır. Dünyanın iki cəbhəyə bölündüyü indiki vaxtda nəqliyyat dəhlizlərinə nəzarət ön plana keçib. O üzdən həm Qərb, həm də Şərq bloku Azərbaycanla münasibətləri yaxşılaşdırmağa çalışırlar. 
Dünyanın ən önəmli iki beynəlxalq marşrutunun qovuşduğu ərazidə yerləşən ölkəmizdə hələ illər öncə sözügedən istiqamətdə ciddi infrastruktur layihələri icra olunmuşdur. Üstəlik Azərbaycan ölkə ərazisində gördüyü işlərlə kifayətlənməyib, Gürcüstanda da dəmir yolu infrastrukturunun yenidən qurulmasına hər cür, o cümlədən maddi dəstək vermişdir. Qonşu ölkəyə simvolik faizlə uzunmüddətli kredit ayrılmış, tikintinin vaxtında başa çatması üçün texniki yardım göstərilmişdir.
İndi işğaldan azad olunan ərazilərdə yeni dəmir yolu xətləri inşa edilir. Bu ərazilərin əsasən dağlıq relyefini nəzərə alsaq, görülən işlərin nə qədər çətin olduğu anlaşılar. Buna baxmayaraq, işlər sürətlə davam edir. Məqsəd ölkənin bütün ərazisində dəmir yolu infrastrukturunu inkişaf etdirməkdir. Çünki ölkə iqtisadiyyatının inkişafında bu, mühüm amillərdən biridir.
Məlum olduğu kimi, Orta dəhlizdə yüklərin daşınmasına böyük tələbat yaranıb. Bu səbəbdən dəhlizin texniki imkanlarını müasir dövrün tələblərinə uyğunlaşdırmaq lazımdır. Dünyanın ən böyük istehsalçısı olan Çin yüklərini təhlükəsiz və qısa zamanda daşımaq üçün "Bir kəmər, bir yol" layihəsinə milyardlarla dollar investisiya qoyub. İndi isə layihədə önəmli rolu olan Orta dəhlizdə görülən işləri sürətləndirmək niyyətindədir. ÇXR bu məqsədlə dəhlizin keçdiyi region ölkələri ilə əməkdaşlığı dərinləşdirir. 
Prezident İlham Əliyevin Çinə son səfəri zamanı sözügedən sahədə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlinməsi də bunu sübut edir. Səfər zamanı imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın  qurulması haqqında" Birgə Bəyannamənin 2.3-cü bəndində deyilir: "Tərəflər iki ölkənin inkişaf strategiyalarının birləşdirilməsini gücləndirməyə, "Bir kəmər, bir yol" çərçivəsində bütün sahələrdə praktik əməkdaşlığı dərinləşdirməyə, Azərbaycan və Çin hökumətləri arasında beynəlxalq multimodal  daşımaların inkişafına dair saziş imzalanmasını sürətləndirməyə hazır olduqlarını bildirirlər". Həmin bəndin bu bəyannaməyə salınması onu göstərir ki, Çin ölkəmizlə Orta dəhlizdə əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir.
ÇXR strateji əməkdaşlıq bəyannaməsindən dərhal sonra "Azərbaycan Dəmir Yolları" QSC ilə yeni sahələrdə əməkdaşlığa başladı. İki ölkənin dəmiryolçularının görüş zamanı Orta dəhlizə yeni yüklərin cəlb olunması, qarşılıqlı əlaqələrin mövcud və gələcək inkişaf perspektivləri, hər iki tərəfi maraqlandıran aktual məsələlər və Azərbaycan ərazisindən keçən tranzit daşımaların Çin tərəfindən subsidiyalaşdırılması barədə fikir mübadiləsi aparıldı. Bundan sonra tərəflər arasında əməkdaşlığa dair memorandum imzalandı. Həmin sənəd iki ölkə arasında dəmir yolu nəqliyyatı sahəsində əlaqələrin inkişafına və Orta dəhliz üzərindən daşımaların həcminin artırılmasına xidmət edəcək.
Azərbaycanda infrastruktur layihələrinə maraq göstərən tərəf təkcə Çin deyil. Avropa İttifaqı da Çinlə ticarəti qarşılıqlı şəkildə inkişaf etdirmək üçün Orta dəhlizin önəmli ölkəsi olan Azərbaycanla əməkdaşlığa can atır. Aİ ilə Azərbaycan  Xəzər-aşırı yüklərin ləngiməməsi üçün Ələt Beynəlxalq Ticarət Limanının yük-aşırma qabiliyyətini artırmaq üçün danışıqlar da aparıb. Bu danışıqların nəticəsi olaraq Aİ sözügedən məqsədin reallaşması üçün bir neçə milyard avro investisiya qoymaq istədiyini bəyan edib. Bir sözlə, Şərq də, Qərb də Azərbaycandakı mövcud dəmir yolu infrastrukturunun inkişafı üçün sərmayə qoymağa və texniki dəstək verməyə hazırdır.
Xatırladaq ki, Azərbaycan da öz növbəsində Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsinin modernləşdirilməsinə və genişləndirilməsinə dəstək verib. Bu istiqamətdə ötən il mayın 16-dan başlanan işlər cari il mayın 20-də başa çatıb. Məqsəd həmin marşrut üzrə yükdaşımaların həcmini ildə 5 milyon tona çatdırmaqdır. Bu sahədə əməkdaşlıqda daha fəal olan tərəf isə Azərbaycandır. Ölkəmizin təşəbbüsü ilə Azərbaycanla Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolunun idarə olunması üçün birgə müəssisə yaradıb. Təşəbbüsə Qazaxıstan da qoşulub və üstəlik Türkiyə və Çin də buraya qatılmaq niyyətində olduğunu bildirib. Bir sözlə, ölkəmizin təşəbbüsü sayəsində geniş bir coğrafiyanı birləşdirən ölkələr əməkdaşlığı daha da genişləndirmək barədə qərarlı görünürlər. 
Azərbaycan "Şimal-Cənub" marşrutunda da önəmli işlər görür. Hədəf yolun ötürücülük qabiliyyətini daha da artırmaqdır. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana son səfəri zamanı mətbuata verdiyi bəyanatda bu barədə bildirmişdir: "Deməliyəm ki, Azərbaycanın ərazisində "Şimal-Cənub" dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox - 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər. Bir daha deməliyəm ki, biz bu il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində vəsait nəzərdə tutmuşuq".

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video