08 Noyabr 2024 08:05
1357
PARLAMENT
A- A+
Şanlı zəfərlə Azərbaycan dövlətçiliyinin tarixində yeni dövr başlandı

Şanlı zəfərlə Azərbaycan dövlətçiliyinin tarixində yeni dövr başlandı


Noyabrın 7-də parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin Sədri  Sahibə Qafarova əvvəlcə Vətən müharibəsində qazanılmış zəfərlə bağlı fikirlərini bölüşüb.


Ərazi bütövlüyünün bərpası nəticəsində Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu gerçəkləşdi


Milli Məclisin Sədri qeyd edib ki, dörd il bundan əvvəl noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz Vətən müharibəsində Zəfər yürüşünü qələbə ilə başa çatdırdı. 44 gün ərzində cəsur əsgər və zabitlərimizin Qarabağ torpağında hər addımı, azad edilmiş ərazilərdə yüksəldilən hər bayrağımız ilə Azərbaycanın qanuni hüquqları bərpa edildi. 

8 Noyabr Zəfəri sayəsində əzəli torpaqlarımızın 30 illik işğalına son qoyulması təkcə bizim ölkəmiz üçün deyil, həm də türk dövlətləri, bütün dünya üçün tarixi bir hadisədir. 

 Spiker bildirib ki, haqq-ədalətin və dövlətimizin ərazi bütövlüyünün bərpa edilməsi sayəsində Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu gerçəkləşdi. Son iki yüz ilə yaxın dövrdə davakar erməni millətçiliyinin həyata keçirdiyi qəsbkarlıq və etnik təmizləmələr silsiləsinə birdəfəlik son qoyuldu. Azərbaycan dövlətçiliyinin tarixində yeni dövr başlandı. 

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, Azərbaycan dövlətinə qarşı təhdidlərə son qoymaq üçün 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük antiterror əməliyyatı hərb tariximizin yeni şanlı səhifəsini təşkil edir. Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilib. Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu  olub. 

Azərbaycan BMT-nin və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinin icrasını öz gücü ilə təmin edərək Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini dəyişdirib.  

Spiker bununla əlaqədar möhtərəm cənab Prezidentin sözlərini xatırladıb: "Biz bu şanlı tarixi qəlbimizdə əbədi yaşadacağıq. Azərbaycan xalqı, bütün gələcək nəsillər bu şanlı qələbə ilə haqlı olaraq fəxr edəcəklər". 

Milli Məclisin Sədri bildirib ki, hazırda bölgədə daimi sülh və sabitlik yaradılması məqsədilə Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında Ermənistanla danışıqlar davam etdirilir. Göstərilən bütün təzyiqlərə, maneələrə, xüsusən bölgədən kənar qüvvələrin  cəhdlərinə baxmayaraq, sülh gündəliyi Azərbaycanın səyləri ilə addım-addım irəliyə aparılır. 

Bu gün öz həyatının yeni dövrünü yaşayan Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri getdikcə daha geniş vüsət alır. Məcburi köçkünlərimiz doğma yurdlarına dönərək dinc həyata başlayırlar. 

Xüsusi qeyd edilməlidir ki, dövlət başçısı cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva müntəzəm olaraq bu bölgəyə səfərlər edir, aparılan işləri diqqətdə saxlayırlar. 

Milli Məclisin Sədri  bu tarixi qələbələri Azərbaycana bəxş etmiş Ali Baş Komandana, Silahlı Qüvvələrin əsgər və zabitlərinə, qazilərimizə minnətdarlığını bildirib və onları ürəkdən təbrik edib.

Spiker təklif edib ki, Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. Azərbaycan xalqının və dövlətinin rifahı və tərəqqisi naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq. Spikerin təklifi alqışlarla qarşılanıb.

Sonra Milli Məclisin Sədri qeyd edib ki, biz həm Birinci, həm də İkinci Qarabağ müharibəsində, digər döyüş əməliyyatlarında Vətən və xalq yolunda canından keçmiş şəhidlərimizi, Ermənistanın soyqırımı və dövlət terrorizmi aktları nəticəsində qətlə yetirilmiş dinc soydaşlarımızı heç zaman unutmuruq, onların xatirəsini daim əziz tuturuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 

Spiker çıxışına yekun vuraraq onu da qeyd edib ki, Azərbaycanın tarixi qəhrəmanlıq, mərdlik və mətinlik tarixidir. Xalqımız bütün çətinliklərə sinə gərmiş və həlledici döyüşdə Zəfər qazanmışdır. Bu gün biz döyüş meydanında qələbə ilə birlikdə,  bütün xalqımızı birləşdirən, onu "dəmir yumruğ"a çevirən yenilməzlik ruhunu da qeyd edirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qorumaq, siyasi və iqtisadi qüdrətini artırmaq, mədəniyyətini inkişaf etdirmək, xalqın rifahını yüksəltmək əzmi ilə gələcəyə doğru inamla addımlayır. 


Azərbaycanın qələbəsi ölkəmizin çoxəsrlik tarixinin ən parlaq səhifələrindən biridir


Sonra cari məsələlərin müzakirəsi zamanı Milli Məclis Sədrinin birinci müavini Əli Əhmədov, Sədr müavini Musa Qasımlı, komitə sədrləri Fazil Mustafa, Zahid Oruc, Hicran Hüseynova, deputatlar Əli Məsimli, Bəhruz Məhərrəmov, Bəxtiyar Əliyev, Mübariz Qurbanlı, Aydın Hüseynov, Kamal Cəfərov, Günay Əfəndiyeva, Tural Gəncəliyev, Pərvin Kərimzadə, Sahib Alıyev, Jalə Əliyeva, Vüqar Rəhimzadə, Səyyad Salahlı, Qüdrət Həsənquliyev çıxış ediblər, aktual məsələlər barədə öz fikirlərini bölüşüblər.

Deputatlar xalqımızın tarixində əlamətdar hadisələrdən olan, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbə, 8 Noyabr - Zəfər Günü münasibətilə təbriklərini çatdırıblar.

Millət vəkilləri İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı möhtəşəm qələbənin nəinki müasir tariximizin, bütövlükdə ölkəmizin çox-əsrlik tarixinin ən parlaq səhifələrindən biri olduğunu vurğulayıblar. Deputatlar Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbəsinin, uzun illərdən bəri Ermənistanın işğalı altında olan əzəli torpaqlarımızın azad olunmasının, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsinin  önəmindən danışıblar. Bu qələbənin beynəlxalq əhəmiyyətindən, habelə bölgədə sülh və əmin-amanlığın bərpasında, region ölkələri arasında yeni münasibətlər sisteminin qurulmasında önəmli rolundan söhbət açıblar. Bildirilib ki, tariximizə yazılan şanlı səhifələrin arasında Vətən müharibəsi ilə yanaşı, lokal xarakterli antiterror tədbirlərin nəticəsində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edilməsi qürur hissi ilə qeyd olunmalıdır.

Çıxışlarda vurğulanıb ki, Qələbənin qazanılmasında Prezident İlham Əliyevin prinsipial mövqeyi, qətiyyəti, iradəsi, dövlətimizin iqtisadi gücü, milli birlik, müasir ordu quruculuğu, əsgər və zabitlərimizin döyüş əzmi, səmərəli xarici siyasət mühüm amillər oldu. Qalib dövlət olan Azərbaycanın regionda təhlükəsizliyin, sabitliyin təmin olunması naminə Ermənistana sülh razılaşması təklif etdiyi, lakin qarşı tərəfin hələ də bu təklifi düzgün qiymətləndirə bilmədiyi söylənilib. Qeyd edilib ki, öz gücü hesabına tarixi ədaləti bərpa edən Azərbaycan haqq yolundadır və fəaliyyətini bundan sonra da beynəlxalq hüquq normalarına uyğun uğurla davam etdirəcək.

Deputatlar bu gün işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işlərinin müvəffəqiyyətlə həyata keçirildiyini, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtdıqlarını bildiriblər. Artıq regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallığın yarandığını, ölkəmizin beynəlxalq arenadakı mövqelərinin daha da möhkəmləndiyini, bu gün reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələrdə Azərbaycanın iştirak etdiyini vurğulayıblar. Ölkəmizin evsahibliyi ilə keçiriləcək COP29-un da Azərbaycanın növbəti uğuru olacağını əminliklə qeyd ediblər. 

Parlamentin Sədri Sahibə Qafarova Zəfər Günü ərəfəsində Milli Məclisdə bir sıra tədbirlərin keçirildiyini bildirib və komitə sədri Şahin İsmayılova bununla bağlı danışmaq üçün söz verib.

Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Milli Məclis Sədrinin təşəbbüsü ilə Zəfər Günü ərəfəsində özünün, parlamentin komitə sədri Əli Hüseynli,  Parlament Aparatının rəhbəri Fərid Hacıyev, Aparat rəhbərinin müavini Rüstəm Mahmudov və Aparatın sektor müdiri Ruslan Hacıyevdən ibarət bir qrupun "Xarıbülbül zirvəsi"nə yürüş etdiyini diqqətə çatdırıb. O, 2783 metr hündürlükdə yerləşən "Xarıbülbül zirvəsi"nin şəhidlərimizin əziz xatirəsini ifadə etdiyini bildirib. Komitə sədri bununla yanaşı, Milli Məclisdə Gənclər və idman komitəsinin təşəbbüsü və Milli Məclis Sədrinin dəstəyi ilə şəhid övladı olan tələbələrlə görüş keçirildiyini, onların Milli Məclisin foyesində spiker Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış  Zəfər Guşəsi, Heydər Əliyev xatirə zalı, plenar iclas zalında deputatların fəaliyyəti üçün yaradılmış iş şəraiti ilə tanış olduqlarını və belə görüşlərin davamlı olacağını söyləyib.

Sonra parlamentin Sədri Sahibə Qafarova iclasın gündəliyinə 16 məsələnin daxil edildiyini və ilk 2 məsələnin Milli Məclisin qərar layihələri olduğunu deyib. Spiker bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1-ci hissəsinin 15-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən, Milli Məclis Mərkəzi Bankın İdarə Heyəti üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir. O qeyd edib ki, dövlət başçısı tərəfindən müvafiq təqdimatlar göndərilib və onların əsasında Milli Məclisin qərar layihələri hazırlanıb. 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında məsələ barədə məlumat verib. Bildirib ki, Prezident tərəfindən Toğrul Nəcəfəli oğlu Əliyevin, Gülər Azər qızı Paşayevanın, Əli İsmayıl oğlu Əhmədovun və Vüsal Cahangir oğlu Xəlilovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri təyin edilməsi ilə bağlı təqdimat daxil olub. Qeyd olunub ki, komitənin iclasında namizədlərin iştirakı ilə geniş müzakirə keçirilib, onlarla bağlı təqdimat komitə üzvləri tərəfindən dəstəklənib və məqsədəuyğun hesab edilib. Hər bir namizəd "Mərkəzi Bank haqqında" qanunla idarə heyətinin üzvü üçün müəyyən edilmiş tələblərə cavab verir.

Məsələ ətrafında aparılan müzakirələrdə komitə sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Əminə Ağazadə, Bəxtiyar Əliyev çıxış edərək namizədləri dəstəklədiklərini söyləyiblər, bank sistemində mövcud vəziyyətlə bağlı bəzi qeyd və təkliflərini açıqlayıblar.

Komitə sədri çıxışlara münasibət bildirdikdən sonra Milli Məclisin qərar layihəsi qəbul edilib.

Komitə sədri Azər Əmiraslanov R.T.Orucovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsindən azad edilməsi haqqında məsələni də nəzərə çatdırıb. O bildirib ki, komitə iclasında Rəşad Təmraz oğlu Orucovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsindən azad edilməsi ilə bağlı ölkə Prezidentinin təqdimatı nəzərə alınıb və məqsədəuyğun hesab edilib.

Milli Məclisin bu qərar layihəsi də səsə qoyularaq qəbul olunub.

İclasda "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında, "Kredit büroları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə  qanun layihələri səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.


Minatəmizləmə fəaliyyətinin hüquqi əsasları yaradılır


Spiker Sahibə Qafarova gündəliyin digər 6 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib. O, növbəti iki məsələnin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev "Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun layihəsini (ikinci oxunuş) təqdim edib. O diqqətə çatdırıb ki, qanun layihəsi  Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin hüquqi, iqtisadi, sosial və təşkilati əsaslarını müəyyən edir. 

Komitə sədri layihənin plenar iclasda birinci oxunuşu zamanı səsləndirilən fikirlərə münasibət bildirərək qeyd edib ki, sənəd humanitar minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi sahəsində ictimai münasibətləri tənzimləyir. O, beynəlxalq əməkdaşlığa dair təkliflərlə bağlı İkinci Qarabağ müharibəsindən sonra digər dövlətlərin Azərbaycanın bu sahədəki təcrübəsindən istifadə etmək istəyi olduğunu və bu istiqamətdə təkliflərin nəzərdən keçirildiyini söyləyib. Komitə sədri bu qanunun ölkəmizin təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə aparılan mina əleyhinə fəaliyyətin həyata keçirilməsində əhəmiyyətli rol oynayacağını söyləyib.

Layihədə qanunda istifadə olunan əsas anlayışların mənası, qanunvericilik və bu qanunun tətbiq dairəsi müəyyən edilir. Habelə mina əleyhinə fəaliyyətin təşkili və həyata keçirilməsi sahəsində dövlət siyasətinin istiqamətləri, minatəmizləmə fəaliyyətinin subyektləri və bu fəaliyyətə dair tədbirlər, təhlükəli ərazilərdə minatəmizləmə subyektləri və bununla bağlı tələblər öz əksini tapıb. Bununla yanaşı, minatəmizləyənlərin təminatları, mina əleyhinə fəaliyyətin maliyyələşdirilməsi, qanunun pozulmasına görə məsuliyyətlə bağlı maddələr ehtiva olunur.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun  layihəsinə dair məlumat verib. O bildirib ki, layihə "Minatəmizləmə fəaliyyəti haqqında" yeni qanun layihəsi ilə bağlıdır və uyğunlaşdırma xarakteri daşıyır. Deputat sənəddə  hər hansı dəyişikliyin olmadığını deyib və onun olduğu kimi səsə qoyulmasını xahiş edib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bu məsələ ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini diqqətə çatdırıb.

Müzakirələrdə çıxış edən komitə sədri Siyavuş Novruzov, deputatlar Vüqar Bayramov, Nizami Səfərov, Pərvanə Vəliyeva, Məlahət İbrahimqızı, Aydın Hüseynov öz fikirlərini və qeydlərini söyləyiblər.

Komitə sədri səsləndirilən bəzi fikirlərə aydınlıq gətirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.


Yaşıllıqların və heyvanlar aləminin mühafizəsi təkmilləşdirilir


Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, birinci oxunuşda məsələ barədə ətraflı məlumat verildiyini, deputatların bir sıra təkliflər səsləndirdiyini, bu təkliflərin qanunvericilik təşəbbüsü subyektinin nümayəndəsi ilə müzakirə edildiyini və hazırkı mərhələdə həmin təkliflərin layihədə əks olunmasının məqsədəmüvafiq olmadığını, onların konseptual olaraq nəzərə alındığını söyləyib. Millət vəkili layihədə hər hansı dəyişikliyin olmadığını deyib və səsə qoyulmasını xahiş edib. 

Qanun layihəsi yaşıllıqların və heyvanlar aləminin mühafizəsi ilə bağlıdır. Dəyişikliklərdə qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsməyə (götürməyə) görə Cinayət Məcəlləsində "xeyli miqdar", "külli miqdar" anlayışlarının hədləri artırılır və ilk dəfə olaraq  "xüsusilə külli miqdar" anlayışı müəyyən edilir. Habelə sanksiyalardakı cərimə cəzasının konkret pul məbləği ilə deyil, cinayət nəticəsində vurulmuş ziyanın müvafiq mislinədək miqdarda pul tənbehi ilə müəyyən olunması təklif edilir. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaları müəyyən edən müddəalar təkmilləşdirilir. 

İclasda Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev "Heyvanlar aləmi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında" və "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib. Komitə sədri diqqətə çatdırıb ki, layihədə qanunlara təklif olunan dəyişikliklər heyvanlar aləminin, ətraf mühitin və yaşıllıqların mühafizəsini, bu sahədə qaydaların və cərimələrin tətbiqini nəzərdə tutur. 

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov rəhbərlik etdiyi komitənin hər iki qanun layihəsi ilə bağlı müsbət rəyini diqqətə çatdırıb.

Müzakirələrdə deputatlar Sahib Alıyev, Qüdrət Həsənquliyev məsələ barədə öz fikirlərini  bildirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Gündəliyin növbəti məsələsi olan "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Büdcə sistemi haqqında" və "Nağdsız hesablaşmalar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

Komitə sədri bələdiyyə büdcəsinin formalaşmasında və icrasında şəffaflığın təmin olunmasına, yerli büdcənin icrasının və vəsaitlərdən istifadənin səmərəliliyinin artırılmasına xidmət edən bu qanun layihəsi ilə bağlı heç bir irad və təklif daxil olmadığı üçün sənədin səsə qoyulmasını xahiş edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov sənəd barədə bu komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) müzakirəyə təqdim edib. O vurğulayıb ki, qanun layihəsi hərbi xidmətin keyfiyyətini artırmaq və hərbi qulluqçuların hüquqlarını daha səmərəli qorumaq məqsədilə hazırlanıb, sənəddə hərbi xidmətin təkmilləşdirilməsi və hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılma prosedurlarının daha şəffaf həyata keçirilməsi nəzərdə tutulub.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

İclasda Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) də müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov diqqətə çatdırıb ki, sənəd qanunsuz miqrantların saxlanılması mərkəzlərində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerləşdirilməsi və saxlanılması qaydalarının təkmilləşdirilməsi, onların hüquq və mənafelərinin təmin edilməsi məqsədilə hazırlanıb. Qeyd olunub ki, sənəddə  qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsi təhlükəsizlik hüququ, yazışmaları, müraciətlərinin göndərilməsi, digər şəxslərlə əlaqələri, maddi-məişət şəraiti, mülki hüquq və ailə münasibətləri kimi  məsələlərlə bağlı tənzimləmələr öz əksini tapıb.

Müzakirələrdə komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, deputatlar Aydın Mirzəzadə, Aydın Hüseynov, Azər Allahverənov dəyişikliklərlə bağlı qeyd və təkliflərini səsləndirdikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov sonuncu məsələ - "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti barədə danışıb.

Bildirilib ki, layihədə qanunun yeni redaksiyada təqdim edilmiş və məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətə baxılma qaydası təsbit edilən 9-cu maddəsində məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərə baxılma proseduru daha ətraflı şəkildə təsbit olunub. Qeyd olunub ki, sənəddə məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətə baxılma müddəti, şikayətə baxmalı olan orqan, şikayətə baxılan zaman dəvət olunmalı şəxslərin əhatə dairəsi, o cümlədən vəkil, psixoloq, tərcüməçi və pedaqoqların xidmətindən istifadə kimi məsələlər ehtiva edilir.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova  dəyişikliklə bağlı qeydlərini və qanun layihəsi ilə bağlı komitələrin müsbət rəyini bildiriblər.

Müzakirələrdə komitə sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Azay Quliyev, Səbinə Salmanova, Gülşən Paşayeva, Məlahət İbrahimqızı çıxış ediblər, layihə ilə bağlı fikirlərini səsləndiriblər. Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

02:15
27 Dekabr

“Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:14
27 Dekabr

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında

02:13
27 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 488 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:12
27 Dekabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tabeliyində olan struktur idarələrə müxtəlif növ kabellərin satın alınması məqsədilə müsabiqə elan edir 

02:11
27 Dekabr

Vyanada təyyarə qəzası qurbanlarının xatirəsi anılır  

23:16
26 Dekabr

Zalsburq Azərbaycan Evində təyyarə qəzası ilə əlaqədar xatirə guşəsi yaradılıb  

22:38
26 Dekabr

Azərbaycanın Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb  

21:36
26 Dekabr

Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə ikinci “qara qutu” tapılıb

21:33
26 Dekabr

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib VİDEO  

21:08
26 Dekabr

AZAL: Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək VİDEO  

21:05
26 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Rumıniyada ehtiramla anılır  

21:02
26 Dekabr

Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb  

20:58
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb  

20:44
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarədən sağ çıxan sərnişin stüardessanın şücaətindən danışıb  

20:38
26 Dekabr

Səhiyyə nazirinin müavini: Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi Aktau şəhərində davam edir

20:27
26 Dekabr

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib  

20:16
26 Dekabr

Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək 

20:05
26 Dekabr

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan  

19:56
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!