Başa çatmaqda olan 2024-cü il demoqrafiyamızda da öz əksini bir sıra fakt və rəqəmlərdə tapır. Onlar göstərir ki, il ərzində sayımız neçə nəfər artdı, neçə cütlük toy-büsat qurdu. Neçə əzizimiz dünyasını dəyişdi. Azərbaycana daimi yaşamaq üçün neçə nəfər gəldi və əksinə, ölkəmizdən biryolluq köçüb-gedənlərin sayı neçə nəfər oldu.
Doğrudur, il hələ tamamlanmayıb. Lakin Dövlət Statistika Komitəsinin yanvar-sentyabr ayları üzrə açıqladığı rəqəmlər ilin demoqrafik mənzərəsini yarada bilir. Ölkə əhalisinin sayı ilin əvvəlindən 33 min 671 nəfər - 0,3 faiz artıb və beləliklə, oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 214 min 441 nəfərə çatıb. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir.
54,5 faizi şəhərlərdə yaşayan, 45,5 faizi kənd sakinləri olan əhalinin regionlar üzrə məskunlaşmasının coğrafiyası da maraq doğurur. Belə ki, əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23 faizi Bakı şəhərində yaşayır. Əhalinin qalan hissəsinin məskunlaşması belədir: Lənkəran-Astara - 9,2 faiz, Abşeron-Xızı - 8,6 faiz, Qarabağ - 7,3 faiz, Mərkəzi Aran - 7,1 faiz, Qazax-Tovuz - 6,7 faiz, Şəki-Zaqatala - 6,1 faiz, Gəncə-Daşkəsən - 5,9 faiz, Quba-Xaçmaz - 5,4 faiz, Mil-Muğan - 5,2 faiz, Şirvan-Salyan - 4,9 faiz, Dağlıq Şirvan - 3,1 faiz, Şərqi Zəngəzur - 2,9 faiz.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 9 ay ərzində ölkədə 77 min 172 körpənin doğulduğunu bildiriblər. Əhalinin 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2-dən 10,1-ə düşüb. Doğulan uşaqlar arasında oğlanların sayı yenə də üstünlük təşkil edir. Nisbət belədir: 53 faiz oğlanlar, 47 faiz qızlar.
İlin əvvəlindən 1257 ailə eyni vaxtda iki, 34 ailə isə üç övladla sevinib. Yəni doğulan körpələrin 2514-ü əkiz, 102-si üçəmdir.
Doğumun səviyyəsinə görə əhalinin hər 1000 nəfərinə hesabı ilə öndə olan 12,7 faizlə Dağlıq Şirvan, 12 faizlə Lənkəran-Astara, 11,9 faizlə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarıdır. Sonrakı yerlərdə Quba-Xaçmaz (11,8 faiz), Mil-Muğan (11,5 faiz), Mərkəzi Aran və Şirvan-Salyan (11,2 faiz), Qazax-Tovuz (11,1 faiz) dayanır. Bir daha xatırladaq ki, ölkə üzrə bu göstərici 10,1-dir.
Rəqəmlərdən biri də 9 ayda baş verən ölüm hallarının sayını göstərir: 43 min 932 nəfər. Əhalinin hər 1000 nəfərinə düşən göstəriciyə görə, ölümün səviyyəsi 5,9-dan 5,7-yə enib.
Prezident İlham Əliyev "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyir. Bu sözlərin arxasında Azərbaycan xalqının gündən-günə yüksələn rifah halını, dövlətin öz vətəndaşına sonsuz qayğısını ifadə edən böyük bir həqiqət dayanır. Bu həqiqəti bir çox fakt təsdiqləyir ki, onlardan biri də məhz ölüm hallarının azalmasıdır. Ötən müəyyən dövr ərzində koronavirus pandemiyası və erməni cəlladlarının cinayətləri nəticəsində yarımçıq qırılan ömürləri istisna etməklə, son illər ölkədə, ümumiyyətlə, ölümün səviyyəsi aşağı düşür, yaxud sabit qalır. Bunun səbəblərindən biri, əlbəttə ki, insanın gün-güzəranının yaxşılaşmasıdır. Bu mənada əhalinin gəlirlərinin çoxalması, əməkhaqqının getdikcə yüksəlməsi, pensiya və müavinətlərin artması böyük rol oynayır.
Azərbaycan vətəndaşının sağlamlığının qorunması dövlətin qarşıya qoyduğu ən mühüm vəzifələrdən biridir. Təsadüfi deyil ki, son illər əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlib, müayinələrin sayı artıb, xəstələrin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dövlət büdcəsində səhiyyənin inkişafına ayrılan vəsaitin məbləği ilbəil artır. Ölkədə yeni müasir müalicə ocaqları inşa edilib və əvvəlkilər yenidən qurulub, tibbi sığorta tətbiq olunub.
Bütün deyilənlərlə yanaşı, insanı yaşadan digər amillər də var. Bunlar xalqımızın milli-mənəvi dəyərləridir. Çətin gündə bir yerdə olmaq, bir-birinin dərdinə şərik çıxmaq, xoş hadisələr baş verəndə sevinci bölüşmək, yaşa dolmuş valideynlərə övladların qayğısı ömrü uzadan amillər sırasındadır.
Bu ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36 min 651 nikah və 15 min 964 boşanma qeydə alınıb. Təəssüf doğuran haldır ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb. Daha çox toy Şərqi Zəngəzur (5,7), Qarabağ (5,6), Dağlıq Şirvan (5,5), Mil-Muğan (5,3), Lənkəran-Astara (5,2), Şirvan-Salyan (5), Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və Qazax-Tovuz (4,9) iqtisadi rayonlarında çalınıb. Bu rayonlarda nikaha daxilolma səviyyəsi ölkə göstəricisindən (4,8) yüksək olub.
Boşanmaların sayı dəyişməyərək eyni səviyyədə (2,1) qalıb. Bu isə o deməkdir ki, boşanma halları səngimək bilmir. Dağılan ailələrin, atalı-analı ikən boynubükük qalan körpələrin sayı azalmır.
Miqrasiya saldomuz isə həmişə olduğu kimi müsbətdir. Belə ki, 2024-cü ilin 9 ayı ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2218 nəfər gələn, Azərbaycandan isə 1787 nəfər gedən qeydə alınıb, ölkə üzrə 431 nəfərlik müsbət miqrasiya saldosu yaranıb.
Deməli, insanlar üçün Azərbaycanda yaşamaq və işləmək xoşdur ki, bu da ölkəmizin hərtərəfli inkişafı ilə bağlıdır. Yeri gəlmişkən, qeyd edək ki, bunu COP29-da qonağımız olan minlərlə insan da gördü və yeri gəldikcə vurğuladı.
Flora SADIQLI,
"Azərbaycan"