03 Dekabr 2024 08:00
427
SİYASƏT
A- A+
QƏRBİN “MÜASİR İNSAN" MODELİ

QƏRBİN “MÜASİR İNSAN" MODELİ


Azərbaycan Avropadan fərqli olaraq COP29-da bəşəriyyətin gələcəyini, xalqların rifahını düşündüyünü nümayiş etdirdi


Dünyada nə qədər insan varsa, bir o qədər də fikir var - belə söyləyirlər.

Yəni eyni hadisə, eyni məsələ barədə hər fərdin öz fikri, öz yanaşması, öz dəyərləndirməsinin olması təbiidir.

Bunlar üst-üstə düşə də bilər, düşməyə də.

Bu, insanların dünyagörüşündən, biliyindən, həyat təcrübəsindən və digər amillərdən asılıdır.

Misal  üçün, gözələ münasibətə, gözəllik anlayışına yanaşmaya  nəzər salaq.

Estetika aləmində indiyədək mübahisə doğuran və hələ də tam cavabı olmayan suallardan biri budur: həqiqi gözəl necə olmalıdır, onun əlamətləri hansılardır?

Hər xalqın, hər millətin öz gözəllik  etalonu var.

İrqindən, millətindən, ümumi inkişaf səviyyəsindən, tərbiyəsindən və dünyagörüşündən, milli adət-ənənələrindən,  habelə fərdi psixologiyasından asılı olaraq hərənin beynində öz gözəl  "modeli" olur.

Odur ki, bütün millətlər və xalqlar Afroditanı gözəllik etalonu kimi qəbul etmirlər.

Hətta "dünya gözəli" seçilənləri belə bəzən lağa qoyanlar, həmin titula layiq olmadığını söyləyənlər də  az olmur.

Dəfələrlə hamı tərəfindən qəbul edilən "nümunəvi gözəl" obrazının yaradılması da  uğursuz alınmışdır.

***

İkinci uğursuzluğa  sovet hakimiyyəti düçar oldu.

Kommunizm yeni  ictimai-iqtisadi formasiya, imperializmdən sonrakı mərhələ elan olunmuşdu.

Bu sistemi özündən əvvəlkilərdən və başqalarından fərqləndirməkdən ötrü bir sıra prinsiplər müəyyənləşdirilmişdi.

Məsələn, bütün ictimai-iqtisadi formasiyalarda dini dünyagörüşü qəbul edilirdi və insanlar sərbəst sürətdə dini məbədlərə gedərək Allaha  sitayiş  edə bilərdilər.

SSRİ-də isə ateizm təbliğ olunur, sovet adamının  Allaha inamı qadağan edilirdi.

Pionerin, komsomolun, Sov.İKP üzvünün kilsəyə, məscidə getməsi, Allaha inanması az qala vətənə xəyanət kimi qiymətləndirilir, hətta belələri komsomol, partiya sıralarından xaric olunurdular.

Müxtəlif millətlərə, dinlərə, adət-ənənələrə malik xalqları kommunizm  ideologiyası ətrafında, sovet bayrağı altında birləşdirən SSRİ  qırmızı imperiyanı əbədiliyə çevirmək, daim saxlamaq üçün  yeni bir insan modeli - "sovet adamı" obrazı da yaratmışdı.

Bu insanın başlıca xüsusiyyətləri "Sov.İKP-nın Proqramı"nda göstərilmiş, əlamətləri "Kommunizm qurucusunun əxlaq  kodeksində" təsvir edilmişdir.

Hətta Sov.İKP-nin XXIV qurultayında Sov.İKP MK-nin baş katibi L.Brejnev  "SSRİ-də insanların tarixi birliyinin" yeni formasının, "sovet xalqı"nın yarandığını bəyan etmişdi.

Artıq bütün fərdiliklər, keçmiş ənənə və əlamətlər kənara qoyularaq yeni nəslin  "tipik obrazı" formalaşdırılırdı.

Doğrudur, SSRİ-nın iflası ilə bütün bunlara son qoyuldu və bu gün "sovet xalqı" anlayışını təbəssümlə xatırlayırıq.

***

Müasir Qərbin  yaratdığı və dünyaya təqdim etmək istədiyi "Qərb düşüncəli insan"  modeli də eyni  şeydir.

Hər ikisində sünilik, güclünün maraqlarının təmini, fərdiliyin və fərqliliyin inkarı görünür.

Əgər qırmızı imperiya dövründə öz vətəndaşlarına qarşı daha sərt, hətta bəzən qəddar davranan SSRİ istədiyinə nail ola bilmədisə, demokratik  Qərb  təsir, təhdid və təzyiq yolu ilə digər müstəqil dövlətlərdə  "Avropa  təfəkkürlü" insanlar nəsli  tərbiyə edə  bilərmi?

Bu istəyə düşənlərin eyni aqibətlə üzləşəcəkləri heç bir şübhə doğurmur! 

Avropanın onunla bir sırada olmaq istəyənlər üçün yaratdığı "müasir insan modeli"nin əsas əlamət və tələbləri hansılardır?

Avropalı özünü hamıdan ağıllı, bilikli, mədəni, inkişaf etmiş sayır.

Olsun, bu əminlikdə müəyyən həqiqətlər də var. 

Elə həmin həqiqətlərə görə insanlar və dövlətlər Avropaya, Avropa ilə  əməkdaşlığa can atırlar.

Təəssüf ki, Avropanın belə dövlətlərə və insanlara yanaşması bir çox halda  özünün elan  etdiyi dəyərlərə və prinsiplərə  uyğun gəlmir.

Xüsusən də ayrı-seçkilik, ikili standartlı yanaşma, ədalət və humanizm prinsiplərinin tez-tez unudulması anlaşılan deyil!

Təbii, bütün bunların Avropanın öz maraqlarının təmininə xidmət etdiyi aydın duyulur.

Lakin kor-kor, gör-gör: baş verən ədalətsizliklər, ikili yanaşma, ögey-doğmalıq göz önündədir.

MƏSƏLƏN:

* Avropada tolerantlığın adı var, özü yoxdur, başqa dini inanclılara kəm baxırlar, məscidlərə vaxtaşırı  hücumlar baş verir, miqrantlarla amansız davranış,  qayıqlarının batırılması adi hal sayılır.

* Ailə institutları aradan çıxdığından, eynicinslilərin evlənmələri adi hal aldığından və bu qanuni şəklə salındığından başqalarından da bunları tələb edirlər.

* Yəni milli adət-ənənələri  unudun, bizim standart saydığımız qanunları siz də qəbul edin, LGBT-lərin  sərbəst fəaliyyətinə şərait yaradın.

Demokratiya sərbəst seçim, sərbəst düşüncə deməkdir.

Lakin digər ölkələrin  vətəndaşlarını qrant vasitəsilə ələ alaraq  mövcud iqtidarın  kütləvi aksiyalarla devrilməsinə yönləndirilməsinin  həmin demokratiyaya heç bir aidiyyəti yoxdur!

Bu, zorakılıqdır, qiyamdır!

Avropa isə bu üsuldan gen-bol istifadə edir, qanuni hakimiyyətini qəsdlərdən qoruyanları, qrant xatirinə dövlətə xəyanət edənləri cəzalandıranları isə haqsız sayır, onları qınayır, sanksiya ilə hədələyir.

Gürcüstanda baş verən son hadisələri  xatırlatmaq kifayətdir.

*** 

Maraqlıdır, görəsən, avropalılar niyə özlərini etalona çevirərək hamının onlara bənzəməli  olduğu qənaətindədirlər?

* Başqa sözlə, niyə  asiyalı, afrikalı avropalıdan  nümunə götürməlidir?

* Niyə koreyalı, çinli, yaponiyalı avropalıdan  aşağı səviyyəli hesab  olunmalıdır?

* Bu  yanaşmanı, bu qiymətləndirməni kim "kəşf" edib?

Hər xalqın özünün milli-mənəvi dəyərləri, özünəxas  xüsusiyyətləri, adət-ənənələri vardır.

Bunlar  əsrlər boyu yaranmış, tarixin sınaqlarından keçmiş və yaşamaq hüququ qazanmışdır.

Həmin xalqlar niyə özlərininkidən  əl çəkərək avropalınınkını qəbul etməlidirlər?

* Avropaya gələnlər  avropalıların  qanun və qaydalarını, dəyərlərini nəzərə alaraq onlara hörmətlə yanaşmalıdırlar.

* Avropaya gələnlər öz davranış və geyimlərini dəyişərək Avropasayağı geyinə bilərlər.

Elə tələblər var ki, başadüşüləndir:

* Avropaya gələnlər  Avropa qaydalarına uyğun  davranış nümayiş etdirməlidirlər.

Amma onların tam dəyişmələri, özününkülərə arxa çevirərək tam avropalaşmaları absurddur.

Onlardan bunu tələb etmək isə zorakılıq və qeyri-insani yanaşmadır.

Tanrı dünyanı  altı  qitəyə bölərək onlardan  beşinə həyat bəxş etmişdir.

Hərə coğrafi mövqeyinə, iqliminə, mədəni inkişafına və s. baxaraq öz həyatını qurmuşdur.

Ən əsası, insanlar ehtiyac duyduqları halda bir-birilərindən öyrənir, necə deyərlər, görüb-götürürlər.

Bunu tələbə, standarta çevirmək isə nə qədər ağıllı, məntiqli, humanizm cəhətdən doğrudur?

Xüsusən də məqsəd xeyirxah niyyətdən xəbər vermirsə!

Əslində, bu, üstüörtülü şəkildə, pərdələnmiş formada demokratiyanın  pozulmasıdır.

Öz iradəsini "demokratiya", "mədəniyyət", "sivilizasiya" adı ilə özgələrinə sırımaqdır.

Etiraz  etmirik, dünyanın digər yerlərində yaşayanlar Avropadan çox şey əxz ediblər, çox uğurundan bəhrələniblər və bu proses indi də davam edir.

Amma bütün  bunlar könüllü şəkildə  baş verib, faydalılığı dərk olunduğundan qəbul  edilib!

Avropasayağı zorakılıq isə  anlaşılan və qəbul  edilən deyil!

Bu, heç Avropanın özünə də xeyir  gətirməz!

Məgər Avropa öz dəyərlərini başqalarına  havayı verib?

* Bəs "geridə qalanlar" sırasına qatdıqlarından qazandıqları, onların təbii sərvətlərindən bəhrələnmələri?

* Bəs əsrlər boyu  müstəmləkəçi kimi  davranaraq xalqları istismar etmələri?

* Bəs müstəqil yanaşmaq, "mədəni dövlət" qurmaq fikrinə düşən koloniyalarında yaşayanları  qırıb öldürərək itaətdə saxlamaları?

* Bəs "demokratik Fransa"nın bu gün də neokolonializm siyasətindən əl çəkməməsi, özgə sərvətlərini zorakılıqla mənimsəyərək əvəzində həmin xalqlara soyqırımları bəxş  etməsi?

Bu da nümunədir?

Bunlar da öyrənilməlidir?

Avropa  İttifaqını yaradanlar yaramaz əməllərini davam etdirməkdən ötrü yeni formalar da tapıblar: xoşlarına gəlməyənlərə, onlara tabe olmayanlara  təzyiq göstərməkdən ötrü "bəyanatlar", "qərarlar" "istehsal edir", özgə vaxtlarda saya salmadıqları "beynəlxalq hüququ" xatırlayaraq ona istinad edirlər, sanksiyalarla hədələyirlər.

Guya digər qitələrdə  yaşayanlar  avropalıların bu oyunlarından baş  çıxarmırlar?

QƏTİYYƏN!

Avropadakılar isə  elə zənn edirlər ki, dünyadakı  ağıllı  insanların hamısı  burada  cəmləşib və  qalan  yerdə  yaşayanlar  ağlıdayazlardır. 

Bu sayaq yanaşmanın  özü  ağılda,  düşüncədə  və münasibətlərdə ciddi problem və çatışmazlıqların  mövcudluğundan xəbər verir.

Necə deyərlər, biz sizə  zorakılıq etmir, sizi özümüzə borclu  saymırıq!

Siz də  belə  davranışı bizdən  öyrənin,  bizim  kimi səbirli, təmkinli və ədalətli olmağı bacarın!

Axı dediyimiz kimi, dünya  gör-götür dünyasıdır, cənablar!

***

Bu gün seçkili qurum sayılan Avropa İttifaqı dövlətlərə necə  fəaliyyət  göstərməyi, insanlarla necə  davranmağı öyrədir.

Özünün "icad etdiyi"  qanunlar vasitəsilə.

Əslində, bu, Avropanın  bir  vaxtlar öz  koloniyalarını zorakılıqla idarə  etmələrinin  mədəniləşdirilmiş  formalarıdır.

Diqqət yetirək:

Avropa İttifaqındakı başbilənlərin  dediyi ilə oturub-duranda  milyonlarla avro  məbləğində  yardım  göstəriləcəyi  vəd edilir.

Bir balaca cızıqdan  çıxan kimi  vəd olunan yardım kəsilir.

Avropanın müstəqil  dövlətləri  "əl quzusu"na  çevirməyinin bir yolu da  onlara   ittifaqa üzv  götürəcəyini vəd  etməsidir.

Üzvlüyün  arxasında isə  məkrli niyyət  dayanır.

Məsələn, keçmiş SSRİ-dən qopan  respublikaların Avropa İttifaqına  üzvlüyünün şərti onların Rusiyanın orbitindən çıxarılması, Rusiya ilə  ziddiyyətə  girməsi, onun  əleyhinə fəaliyyət  göstərməsidir.

Yaxud xalqın öz  dəyərlərindən  imtina  edərək Avropa dəyər(sizlik)lərinə yiyələnməsini  şərt kimi irəli  sürmələridir.

Burada isə  məqsəd  özünün  yaratdığı  "5-ci kolon"un  sərbəst fəaliyyətinə   imkan verilməsinə nail  olmaqdır.

Bu isə həm də o deməkdir ki,  istənilən vaxt həmin  xəyanətkarlar vasitəsilə  ölkələri  qarışdıraraq hakimiyyət orqanlarına öz  iradələrini qəbul  etdirmək  üçün  real  təsir aləti yaradırlar.

İpə-sapa  yatmayanları isə "xalq inqilabı" vasitəsilə devirir, yerinə "özlərininki"ni gətirir, əslində, həmin dövləti "ən yeni  müstəmləkə" şəklinə salırlar.

***

Avropalı  özünü  hamıdan  üstün  bilir, yüksək tutur.

Odur ki, miqrantlara, başqa  dinə  mənsub olanlara yuxarıdan aşağı, həqarətlə baxırlar.

Onların "insan haqları"nın pozulmasına adi hal kimi yanaşırlar.

İş yerləri, əməkhaqları verilməsində  mənfi mənada  fərqləndirirlər.

Rusiya Prezidenti V.Putini Ukrayna hadisələrinə  görə  "cinayətkar"  sayaraq  həbsinə qərar verən Avropa Cinayət Məhkəməsi  Xocalı  soyqırımı törədən Ermənistan  prezidentləri olmuş Sarkisyanı və Koçaryanı işğalçı  saymır, onlara  qucaq açır.

Avropanın bu oyunları nə onlara  qoşulmaq istəyənlərə, nə də özlərinə xeyir gətirir.

Ukraynanı şirnikləndirdilər,  bu gün əvvəlki Ukraynadan yerdə nə qalıb və daha nə qalacaq aydın görünür.

Gürcüstanı yolundan etdilər, gürcü xalqı torpaq itkisinə, müxtəlif təlatümlərə məruz qaldıqdan sonra vaxtında ayıldı, müstəqilliyini, tarixi, milli ənənələrini daha yüksək  tutduğunu əyani şəkildə göstərdi.

Bu gün baş verən müxtəlif hadisələrdə "demokratik" Avropanın əsl siması aydın görünür.

Artıq Avropa İttifaqına qəbulun bir oyun, tələ olduğunu hamı əyani şəkildə görərək dərk edir.

Avropa İttifaqının özünün böhran keçirdiyi, ABŞ-nin əlində alət olduğu, üzvlərinin - Böyük Britaniyanın ona arxa  çevirdiyi bir vaxtda  bu quruma üzv olmaq naminə itkilərlə barışmaq mənasız və ağılsız hərəkətdir.

Bu gün Avropa bir vaxtlar özünün elan etdiyi dəyərlərdən  özü geri çəkilir.

Yaratdığı qurumlar həmin dəyərlərə deyil, korrupsiyaya, beynəlxalq hüququn tapdalanmasına xidmət edir.

Azərbaycan COP29-u keçirməklə dünyanın ekoloji fəlakətlərdən xilasına, insanların rahat və təhlükəsiz yaşamalarına yeni töhfələrin  verilməsi üçün  real addımlar atdı.

BMT-nin patronajlığı ilə keçirilən bu tədbir həm də Avropanın və Avropada yaşayanların maraqlarına xidmət etdi.

Lakin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tədbirə qatılmadı.

Dünya planeti ən çox çirkləndirən Avropa İttifaqından yeni iqlim maliyyəsi gözlədiyi halda məsuliyyətdən yayındı.

Avropa qurumlarına rəhbərlik edənlərin iç üzü budur!

Dünyanın ekoloji fəlakətlərə düçar olduğu bir zamanda insanları, planetin gələcəyini  düşünmək əvəzinə fərdi  korrupsiya maraqlarını üstün tuturlar.

Azərbaycan tədbiri yüksək səviyyədə keçirərək bəşəriyyətin xilası və rifahı naminə gərəkli addımlar atdı, bu yolda səmərəli fəaliyyət göstərməyə çalışanları toparlamaqla başladığı işi uğurla sona çatdırdı.

Avropa İttifaqı rəhbərliyinin növbəti addımı isə artıq Avropa dəyərlərinin də mənəvi aşınmaya uğradığından xəbər verir.



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçirilməsi məqsədilə kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən ötürülən səfər və operator barədə məlumatların siyahısı”nın təsdiq edilməsi haqqında

00:30
05 Dekabr

Britaniya rəsmisi: Xəzər regionu yaşıl enerji ixracında böyük potensiala malikdir  

23:55
04 Dekabr

Cahit Bağçı: Beynəlxalq Demokratlar Birliyi Azərbaycanın beynəlxalq platformada qarşılaşdığı vəziyyətlərə qarşı da bir platforma olacaq  

23:48
04 Dekabr

Aİ-nin ali nümayəndəsi Azərbaycan-Ermənistan normallaşma gündəliyi barədə məlumatlandırılıb  

23:45
04 Dekabr

Mövlud Çavuşoğlu: Ermənistanın Azərbaycanın səmimi xoş niyyətinə müsbət cavab verməsini gözləyirik 

23:42
04 Dekabr

Britaniya rəsmisi: COP-da razılaşmanın əldə olunmasından çox məmnunuq

23:41
04 Dekabr

Papa Fransisk Viktor Orbanla görüşüb

23:32
04 Dekabr

Gürcüstanın müxalifət liderləri Baş nazir ilə teledebatdan yayınıblar  

23:31
04 Dekabr

Qubada vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib  

23:30
04 Dekabr

Milli Məclis sədrinin müavini TBMM-in nümayəndə heyətinin rəhbəri ilə görüşüb  

22:29
04 Dekabr

Metronun “20 Yanvar” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir  

22:28
04 Dekabr

Azərbaycan və Belarus arasında dəmir yolu ilə müntəzəm yükdaşımaların təşkili müzakirə edilib  

22:27
04 Dekabr

Malta 2024-cü ildə Avropanın iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr siyahısına liderlik edir  

22:05
04 Dekabr

“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı ikinci beynəlxalq konfrans keçirilib 

19:56
04 Dekabr

Fərid Qayıbov: 2024-cü il Şuşa şəhəri üçün yaddaqalan oldu  

19:54
04 Dekabr

Paşinyan AİB sammitinin Ermənistanda keçirilməsini istəmir

19:34
04 Dekabr

Azərbaycan Kuboku, 1/8 final: "Kəpəz" -"İmişli"- 1:0

19:33
04 Dekabr

İmaməddin Xəlilov dünyanın ən yaxşı parataekvondoçusu seçilib

19:31
04 Dekabr

"Qarabağ" Azərbaycan Kubokunun 1/4 finalında

19:30
04 Dekabr

Özbəkistan Prezidenti MAQATE ilə tərəfdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib

19:29
04 Dekabr

Bayden köçkün afrikalılar üçün 1 milyard dollar yardım elan etdi

18:40
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!