30 İyul 2026 10:20
172
Mədəniyyət
A- A+
Qələmi ilə millətə xidmət edən ziyalı

Qələmi ilə millətə xidmət edən ziyalı


O, Azərbaycan mətbuatını qərq edildiyi sükutdan oyatdı. 1903-cü ildə böyük çətinliklərlə nəşrinə icazə alaraq "Şərqi-Rus" qəzetini yaratdı. Məhəmmədağa Şahtaxtlının (Şahtaxtinski) "Şərqi-Rus"u XX yüz İllikdə Azərbaycan mətbuatının birincisi və yeni mərhələnin başlanğıcı oldu...

Öyünüləcək, fəxr ediləcək, ad-sanına, nüfuzuna sığınılacaq soyadı vardı. Məhəmmədağa Şahtaxtlıların övladıydı. Bu soyadı ona qədər nəinki yurdu Naxçıvanda, məmləkəti Azərbaycanda nəhəng çar imperiyasında tanıdanların arasında siyasi, hərbi və maarif xadimləri vardı. Məhəmmədağa Şahtaxtlı yaşadığı dövrün çağırışlarına səs verərək yeni bir yol qət etdi.

Məhəmmədağa Şahtaxtlı 1846-cı ildə qədim Naxçıvan mahalının Şahtaxtı kəndində dünyaya gəlib. Maarif nuru ilə işıqlı ailəsində onun da təhsilinə kiçik yaşlarından diqqət göstərilib. Bir neçə il ev şəraitində təhsil alıb. Naxçıvanın hörmətli ziyalılarından olan Hacı Mirzə Məhəmmədəlidən dərs alıb. Ərəb, fars dillərini, hüsn-xətt, xəttatlıq sənətini öyrənib. Təhsilini Naxçıvandakı yeganə rus-tatar məktəbində,  daha sonra isə Tiflisdə kişi gimnaziyasında davam etdirib. Elmi biliklərə yiyələnməyi, təhsilə marağı oxuduğu məktəblərdə onu fərqləndirib.

Tiflis gimnaziyasını 1863-cü ildə müvəffəqiyyətlə bitirən Məhəmmədağa xəyalını qurduğu arzusunu gerçəkləşdirmək ümidi ilə Peterburqa yollanıb. Orada  alman dilini öyrənib. Sonra bir neçə rus ziyalısı ilə birlikdə Almaniyanın Leypsiq şəhərinə gedib. İmtahanlardan müvəffəqiyyətlə keçərək Leypsiq Universitetinə daxil olub. Həmin universitetin Fəlsəfə, Tarix və Hüquq fakültələrində oxuyub, dövrünün görkəmli alimlərindən dərs alıb.

Berlinə, sonra Parisə gedən Məhəmədağa Şahtaxtlı orada Şərq Dilləri Məktəbində mühazirələr dinləyib. İti hafizəsi, dil öyrənmək marağı yenə köməyinə çatıb. Fransız dilini öyrənib.

1873-1875-ci illərdə Parisdə yaşayan Məhəmmədağa Avropa elm və mədəniyyəti ilə yaxından tanış olub. Ona Parisin ali məktəblərindən birində dərs demək təklif edilib. Atası vəfat etdiyi üçün vətəninə qayıdıb.

Məhəmmədağanın yazıları hələ XIX əsrin 70-ci illərindən mətbu orqanlarda dərc olunmağa başlayıb. "Moskovskiy vedomosti", "Novoye vremya" və "Sankt-Peterburqskiye vedomosti" qəzetlərində jurnalist kimi fəaliyyət göstərib. Həmin qəzetlərin Yaxın Şərq müxbiri olub, dönə-dönə ərəb ölkələrində, İranda, Türkiyədə səfərdə olub. Bir müddət Türkiyə müxbiri kimi fəaliyyət göstərib. Məqalələri fransız, fars və ərəb qəzetlərində də dərc edilib.

1898-ci ildən Parisə dönən Məhəmmədağa məşhur Sarbonna Universitetində, Beynəlxalq Fonetika Cəmiyyətində və Fransa Akademiyasının "Asiya" Cəmiyyəti şöbəsində də fəaliyyət göstərib. 1902-ci ildə Rusiyaya qayıdıb.

Neçə illər idi ki, qəzet nəşr etmək niyyətindəydi. 1896-cı ildə bu məqsədlə etdiyi müraciətə rədd cavabı alsa da, məqsədindən dönməmişdi. Qəzet çıxarmağa icazə almaq üçün yenidən çarizmin müvafiq idarələrinə məktublar göndərmişdi. 

O, Şahtaxtı kəndindəki ata mülkünü satıb, Tiflisə köçüb. Tiflisdə mətbəə yaradıb. Cəhdləri, nəhayət - müsbət nəticələnib. 1903-cü ilin əvvəllərində çar Rusiyasının Qafqaz canişinliyi "Şərqi-Rus" qəzetinin çapına razılıq verib.

Qəzetin ilk sayı 1903-cü il martın 30-da işıq üzü görüb. "Şərqi-Rus" əvvəlcə həftədə üç dəfə, 1904-cü il iyunun 8-dən isə gündəlik çap olunub. Yeni mətbu orqanın məqsədi, məramı, ideya istiqaməti belə bəyan edilib: "Bizim borcumuz həqayiqnəvislikdir, yaxşılığı dediyimiz kimi yamanlığı da gizlətməyəcəyik. Biz meydana ona görə çıxdıq ki, xalqa doğru söz deyək və nəinki ona-buna vicdanfüruşanə mədhiyyələr oxuyaq".

XX əsrin ilk illərində inqilabi hərəkata, siyasi iğtişaşlara meyil göstərənlərin sayı gündən-günə artmağa başlayıb. Azərbaycanın azsaylı ziyalıları da xalqın geriliyinə, təhsildən, səhiyyədən, mətbuatdan uzaq salınmasına etiraz edir, soydaşlarını səfalətdən, ətalətdən qurtulmağa, tərəqqiyə, maariflənməyə səsləyirdilər. "Şərqi-Rus" belə bir vaxtda müqəddəs amalla yola çıxıb: "Məsləkimizi hər kəs bilir. Millətimizin mədəniyyətinə xidmətdir. Mədəniyyət ehtiyacımız felidir, həyatidir. Qonşularımızın həpisi mədəni olduqlarından kəsbü kar, ticarət, sənaye, ziraət, bir sözlə, məişət aləmində onlarla rəqabət edə bilib, qövmimizin, cinsimizin dünyada baqi qala bilməsini müdafiə edə bilməyimiz buna bağlıdır. Vəilla mədəni qonşularımız bizi əzib dünyadan qəti-nəsl edərlər. Necə ki, Amerikanın qədim qövmlərini Amerikaya hicrət edən Avropa qövmləri elədilər. Bir millətin həqiqətən təməddün edə bilməsi üçün ümdə şərt odur ki, ümumə aid məsələlərdə hər fikirlərini, rəy və əqidəsini kamali-azadlıq və hürriyyətlə bəyan edə bilsin. Bu azadlıqdan türk qövmini müstəfid etməkdən ötrü "Şərqi-Rus" meydana çıxmışdır"

Azərbaycanın mütərəqqi fikirli övladları "Şərqi-Rus" qəzetinin nəşrə başlamasını böyük sevinclə qarşılayıblar. "Şərqi-Rus"un yaradıcı heyəti məmləkətin dərdlərini, xalqın problemlərini öz yazılarında əks etdirib.

"Şərqi-Rus" qəzetinin son sayı 1905-ci il yanvarın 15-də buraxılıb. Baş redaktoru Məhəmmədağa Şahtaxtlının istəyi bu mətbu orqanın nəşrini Bakıda davam etdirmək idi. Ancaq bu arzusuna nail olmayıb. Bu barədə Cəlil Məmmədquluzadə "Xatiratım"da yazıb: "...sənə 1905-ci ilin yanvar ayında qəzetin təzə il abunəsi hər yandan şirin gəldiyi bir vaxtda Məhəmmədağa qəzeti yatırtdı və başladı Bakıya köçməyə hazırlaşmağa. Yanvardan fevraladək ancaq idarənin əşyasının qutulara dolmağı çəkdi və qutulara da dolub hazır olandan sonra haman yerdə qaldı ki, qaldı".

"Şərqi-Rus" bağlandıqdan sonra Məhəmmədağa Şahtaxtlı redaksiyanın mətbəəsini Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadəyə satıb. O, bir müddət Tiflis gimnaziyasında dərs deyib. 1907-ci ildə Naxçıvan mahalından Rusiyanın 

II Dövlət Dumasına deputat seçilib. Duma buraxıldıqdan sonra Peterburqda qalan Məhəmmədağa "Rosiyya" qəzeti ilə əməkdaşlıq edib. 

1908-1918-ci illərdə xaricdə - Türkiyə, İran, İraqda yaşayıb. 1919-cu ildə vətənə qayıdıb. Bakı Dövlət Universitetinin yaradılmasında fəal iştirak edib. O, Azərbaycanın ilk ali məktəbində Şərq dilləri və ədəbiyyatından mühazirələr oxuyub.

Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra da xalqının tərəqqisi yolunda fəaliyyətini davam etdirib. Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin işində yaxından iştirak edənlərdən biri də Məhəmmədağa Şahtaxtlı olub. Sovet hakimiyyəti illərində Azərbaycanda ilk professor adına layiq görülüb. Ona 1922-ci ildə ictimai-siyasi və pedaqoji fəaliyyəti nəzərə alınaraq fərdi pensiya təyin olunub. 

İctimai xadim, publisist, şərqşünas, dilçi, pedaqoq Məhəmmədağa Şahtaxtlı 1931-ci il dekabrın 12-də 85 yaşında Bakıda dünyasını dəyişib.

Məhəmmədağa Şahtaxtlı ömrünü xalqının maariflənməsinə, milli mətbuatın inkişafına və elmin tərəqqisinə həsr edən görkəmli ziyalılardan idi. Onun təsis etdiyi "Şərqi-Rus" qəzeti Azərbaycan mətbuatında yeni bir dövrün əsasını qoyub. İrəli sürdüyü maarifçilik ideyaları isə sonrakı nəsil ziyalıların fəaliyyətinə güclü təsir göstərib. Bu gün də Məhəmmədağa Şahtaxtlının zəngin irsi milli mətbuat tariximizin ən qiymətli səhifələrindən biri kimi dəyərləndirilir və adı Azərbaycan ictimai fikir tarixində böyük ehtiramla anılır.


Zöhrə FƏRƏCOVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Asiya-Azərbaycan: Tarixinin ən yüksək səviyyəsinə çatan Azərbaycan-Qırğızıstan münasibətləri 

11:17
30 İyul

Bu gün Beynəlxalq Dostluq Günüdür

11:10
30 İyul

Çempionlar Liqası: "Fənərbağça" növbəti mərhələyə vəsiqə qazanıb

11:03
30 İyul

Tramp: Zelenskiyə müharibəyə son qoymaq istədiyimi dedim

10:56
30 İyul

Dünya iqlim fəlakətləri ilə üz-üzədir

10:34
30 İyul

Kənd turizmi - əlçatan, rahat və səmərəli istirahət

10:27
30 İyul

Qələmi ilə millətə xidmət edən ziyalı

10:20
30 İyul

Tovuz fareli

10:13
30 İyul

Ənənə davam edir

10:06
30 İyul

İndiyədək Şəmkirdə 35,5 min tondan çox kartof yığılıb

09:59
30 İyul

Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına başlanılıb

09:52
30 İyul

Naxçıvanda fiber-optik şəbəkə qurulur

09:45
30 İyul

Vətəni qorumaq şərəfli peşədir

09:38
30 İyul

6 ayda ölkə üzrə 25,4 milyard kubmetr qaz hasil edilib

09:31
30 İyul

Müstəqil Azərbaycan dördüncü, amma bərpa olunmuş suveren ərazisində birinci siyahıyaalmaya hazırlaşır

09:24
30 İyul

Memarların şeyxi - Əcəmi Naxçıvani

09:17
30 İyul

Zəngin irsdən texnoloji gələcəyə

09:10
30 İyul

Qlobal güc balansını artıq texnologiya müəyyən edir

09:03
30 İyul

"Xeyriyyəçi" maskası altında törədilən transmilli cinayətlər

08:56
30 İyul

Ermənilərin çirkli kapitalı ilə muzdlu lobbiçilik fəaliyyəti davam edir

08:49
30 İyul

Mərakeş-Azərbaycan tərəfdaşlığı Afrika ölkələri üçün nümunədir

08:42
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!