Son vaxtlar planetimiz çox ağır təbiət sınaqları ilə üzləşir. Bir tərəfdən dözülməz istilər və meşə yanğınları insan həyatını təhlükəyə atır, digər tərəfdən isə aramsız yağışlar və güclü daşqınlar böyük dağıntılara yol açır. Bu fəlakətlər artıq lokal problem olmaqdan çıxıb. İqlim dəyişikliyinin fəsadları həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrə mənfi təsir göstərir. İnsanlar həm istidən, həm də sel-sulardan eyni dərəcədə zərər çəkirlər.
Görünən odur ki, qlobal istiləşmə təbiətin müvazinətini tamamilə pozub. Təcili tədbirlər görülməsə, bu cür hadisələrin miqyası daha da genişlənəcək. Yanğınlar meşələri məhv edir, daşqınlar isə yaşayış məntəqələrini xarabalığa çevirir.
Avropa qitəsi hazırda dəhşətli meşə yanğınları ilə mübarizə aparır. Yüksək temperatur və güclü külək yanğınların qarşısını almağı həddindən artıq çətinləşdirir. Fransada bu il yanğın 44 min hektar meşə sahəsini külə çevirib. Hətta Parisin yaxınlığındakı məşhur Fontenblo meşəsinin 10 faizi tamamilə yanıb. İspaniyada da vəziyyət çox gərgindir. Saronqoza bölgəsində baş verən yanğın 16 min hektar ərazini məhv edib. Madrid yaxınlığındakı Quadalaxarada isə 13 min hektardan çox meşə yanğından zərər görüb. Mütəxəssislər bunu ölkədə ilin ən böyük yanğını adlandırırlar. Eyni zamanda İtaliyanın Siciliya adasında da yanğınlar yaşayış yerlərinə qədər çatıb. Palermo şəhəri yaxınlığında alovlar evləri bürüyüb və yolları bağlayıb. Xilasedicilər təhlükə altında olan sakinləri təcili təxliyə ediblər. Hətta bir yanğınsöndürən vəzifə başında həlak olub.
Oxşar fəlakətlər Norveç, Yunanıstan və Xorvatiyada da qeydə alınıb. Norveçdə 80 hektar meşə sahəsi yanıb. Yunanıstanda temperatur 40 dərəcəni keçib və bir çox bölgədə yeni yanğın ocaqları yaranıb. Böyük Britaniyanın Uels bölgəsində isə baş verən yanğına görə fövqəladə vəziyyət elan edilib. Həmçinin Şimali Afrika ölkələri də istilərdən ağır zərər çəkirlər. Əlcəzairdə 170 meşə yanğını baş verib və bəzi sahələrdə hərarət 49 dərəcəyə çatıb. Annaba şəhərində yanğına görə xəstəxana təxliyə olunub. Mərakeş və Tunisdə də yanğınların qarşısını almaq üçün böyük qüvvələr cəlb edilib.
Asiya ölkələri isə musson yağışları və qasırğalarla çarpışır. Belə ki, Hindistanın Assam ştatında daşqınlar səbəbindən 41 nəfər dünyasını dəyişib. Regionda 727 min insan bu fəlakətdən birbaşa təsirlənib və yüzdən çox şəxs itkin düşüb. Pakistanın müxtəlif əyalətlərində musson yağışları ani torpaq sürüşmələrinə səbəb olub. İldırım çaxması və evlərin uçması nəticəsində onlarca insan həyatını itirib. Çində güclü təsiri olan "Bavi" qasırğası yüz minlərlə insanın öz yerlərini tərk etməsinə səbəb olub. Liaonin əyalətində 260 mindən çox insan təhlükəsiz yerlərə köçürülüb. Fəlakətə görə bəzi şəhərlərdə təhsil və iş dayandırılıb. Ölkənin cənubunda yerləşən Lyoılan bəndində yarğan əmələ gəlib və yüzlərlə sakin evindən uzaqlaşıb. Bundan əlavə, Banqladeşdə də vəziyyət ürəkaçan deyil. Yeddi ayrı bölgədə bir çox yaşayış məntəqəsi su altında qalıb. Fəlakət zonasında 51 nəfər həlak olub, 1 milyondan çox insan zərər çəkib. Vyetnamda da ani sel insan itkisinə səbəb olub.
Güclü yağışlar Asiya ilə yanaşı, digər qitələri də öz çənginə alıb. Belə ki, Cənubi Amerika ölkəsi olan Çilidə şiddətli yağışlar böyük dağıntılar törədib. Məlumata görə, 13 nəfər həyatını itirib,
3 minə yaxın ev dağılıb. Ən acınacaqlısı isə odur ki, 60 mindən çox insanın xarici aləmlə əlaqəsi kəsilib. Həmçinin ABŞ-nin Texas ştatında da sel suları həyatı iflic edib. Sürücülər yollarda köməksiz vəziyyətdə qalıblar. Xilasedicilər helikopter və qayıqlarla 200-dən çox insanı xilas edə biliblər. Eyni zamanda Afrika qitəsində də sel fəlakəti insanları yurd-yuvasından edib. Qanada iyun ayından bəri davam edən yağışlar 34 nəfərin ölümünə səbəb olub. 10 mindən çox təsərrüfata ziyan dəyib və 90 minə yaxın insan evini tərk etmək məcburiyyətində qalıb. Fildişi sahilində şiddətli yağışlar 59 nəfərin həyatına son qoyub. Nigeriyada isə torpaq sürüşməsi nəticəsində uşaqlar da daxil olmaqla insanlar həyatını itirib. Göründüyü kimi, Afrika ölkələri infrastruktur zəifliyi səbəbindən bu fəlakətlərdən daha ağır zərbə alıblar.
Mərkəzi və Şərqi Avropa ölkələri də anomal hava şəraitindən əziyyət çəkirlər. Rumıniyada 40 dərəcəlik istilərin arxasınca ani fırtına və dəhşətli yağışlar başlayıb. Yüzlərlə bina və avtomobil zərər görüb, ağacların aşması nəticəsində ölüm faktları qeydə alınıb. Bolqarıstanın müxtəlif şəhərlərində şiddətli dolu həyatı dayandırıb. Kanalizasiya sistemləri su axınının qarşısında çöküb, küçələr gölə çevrilib. İnsanlar nəqliyyatın hərəkətində böyük çətinliklərlə qarşılaşıblar. Almaniyanın cənub bölgələrində fırtına böyük dağıntılara yol açıb. Bavyera və Baden-Vürtemberq əyalətlərində ağaclar aşıb, evləri su basıb. Nürnberq şəhərində xilasetmə xidmətinə 5 saat ərzində 3 minə yaxın zəng daxil olub.
Bütün bu hadisələrdən məlum olur ki, təbiətin fəlakətləri sərhəd tanımır. Yaşanan bu dağıdıcı hadisələr, əslində, bütün dünya üçün həyəcan təbilidir. Çünki baş verənlər planetimizin necə ağır bir böhran həddinə yaxınlaşdığını aydın göstərir. Məsələ, sadəcə, təbiətin dəyişməsi ilə bitmir. Bu böhranın həm səbəbləri, həm də fəsadları birbaşa verilən qərarlardan asılıdır. Dövlətlərin üzərinə böyük məsuliyyət düşür. Artıq hər bir dövlət, fərd, böyük şirkətlər və beynəlxalq təşkilatlar bu mübarizəyə qoşulmalıdırlar.
Təhminə VERDİYEVA,
"Azərbaycan"