03 Dekabr 2024 08:05
354
CƏMİYYƏT
A- A+
Qəlbimizin qəlbisi

Qəlbimizin qəlbisi


  1. Yazıçının yol qeydləri 


Yolumuz - qibləmiz Şuşayadı... 

Maşınımız da bizim kimi Şuşanın eşqinə şövqlə, coşquyla nərildəyir, yolu-irizi kəmənd eləyib belinə bağlayır ki, birdən dumanın-çənin içindəcə səsi boğula, təntiyə bilər...

Oğlum deyir ki, qalxdıqca çiskin lap çoxalır, elə bilirsən göylər, göy üzü yerə, dağa-dərəyə tərəf enib gəlir.

Təbəssümlə dönüb, ucsuz-bucaqsız Qarabağ çöllərinə, bərəkətli torpaqlara, yol-yamaca, barlı-bəhrəli yurd yerlərinə, öz insanı, öz balası üçün darıxan zəmilərə, tarlalara, dağlara, meşələrə pərçimlənmiş nurlu yollara baxıram, ürəyimdəcə "Yox - deyirəm oğluma, - bizi gətirən yollar dırmaşır dağlara, başı dumanlı-çənli yurdlara və biz də elə bu duman-çənin alaşıq-dolaşıq ətəyindən tutub bir xoş ümidlə gedirik"...

Qəlbimizin qibləsi – Şuşaya!..


...Amma, heç nə demirəm, gözləri yol çəkən oğluma baxıram və fikirləşirəm ki, düşüncələrimiz eynidir, elə bil ki, azad Şuşanın göyləri bizə qucaq açıb səxavətlə aşağı enib gəlir, biz də qol qaldırıb, ucalar ucası Şuşaya qalxıb ziyarətə gedirik...

Nə gözəl!..

Dolanbac yollarda sevinc və həsrət bir-birinə qarışır, qəlbimizdə dilə gəlməz xoş ovqat yaradır...

Bu, göylərə bülənd olan Şuşamıza - qədim və müqəddəs şəhərimizə ikinci gedişimdir və yenə də həmin yolla gedirik... 

Yolumuzu qəsdən burdan - Qırmızı Bazar tərəfdən salmışam ki, əvvəlki həsrətimə, duyğularıma son qoyulsun, ötən səfərimdən yadımda qalan fərqləri görə bilim...

Və nə yaxşı ki, belə etdik...

Birinci dəfə - onda Şuşa yenicə azad olmuşdu, yol-iriz indilərdə özünə gəlib nəfəs alırdı, təzə-təzə quruculuq işləri başlamışdı və cənab Prezidentimizin, hörmətli Mehriban xanımın xeyir-duası ilə "Xarıbülbül" festivalının ilk tədbirinə qatılırdıq...

Elə o vaxtlar, o qəsəbənin həndəvərindəcə rus əsgərləri maşın karvanımızı saxladıb, çox gözlətdilər ki, bəs nədi-nədi sülhməramlıların komandiri (?!) gəlməlidi, sənədlərimiz birər-birər yoxlanmalıdır, icazə veriləndən sonra (?!) yolumuza davam edib, öz dədə-baba yurdlarımıza gedə bilərdik.

Nəsə...

Sözüm onda deyil...

***

O vaxtlar Şuşanın ətəyi, dərələr boyunca dədə-baba yurdlarımıza bit-birə kimi daraşmış ermənilər yolboyu bizə, azad yurdun qalib sakinlərinə necə həsrət və həsədlə baxırdılar. 

Qara-qartıq, qoca-qarı, baxışları sozalan, boyunları bükülmüş, əlləri hər yerdən üzülmüş, üz-gözləri saralıb ərpimiş ermənilər... 

Şamları sönmüş çıraq kimi...

Və hamımız bir ağızdan "Bunlar hələ buralardan rədd olub getməyiblər?!", - deyə gülüşürdük.

İndisə... dünya, kainat, ayağımız altında yer üzü, başımız üstündə gen-bol göy üzü... 

Azərbaycan, Qarabağ, Şuşa - qalibdir, azaddır, səfalıdır, nurludur...

Yerlə göyü bir-birinə çarpazlaşdırıb müqəddəs arzularımız kimi...

Ana və oğul kimi!...


Yağılar, yadlar, düşmənlər sovulmuş bostan tağları kimi quruyub, çürüyüb, viranə qalmış, əzilib, tapdanıb,  keçmişin qaranlığına qovuşub, ulu dağların, sirli dərələrin duman-çənində it-bata düşüb, rədd olmuşdular...

Bakirə dağların uca bətnindən, yelli-ballı əmcəklərindən süzülüb gələn şehin, sel-suyun, qəzəbli tufana, küləyə qarışıb yad çəkmələrin, saxta nəfəslərin izini-tozunu itirmiş, yuyub yellərə qərq eləmişdi...

Gözüm tutunca dərin ümmanlara, göy qübbəsinin dərinliklərinə baxıram...

Aman Allah!.. 

Yerlə göyün qovuşuğunda, yerlə göyün öpüşündə idi Şuşa!..

Və biz də bu sevgiylə, bu coşquyla, qəlbi atlana-atlana bu müqəddəs məkana çatmağa tələsirik...

Bu andaca nədənsə mənə elə gəldi ki, sanki, kainatın bu müqəddəs sevgisindən doğulan nurlu körpənin göbəkkəsdi nöqtəsində idi Şuşa!

Adam əl qaldırıb, dil uzadıb, güc yığıb, səsin-ünün yetincə, elə bu kainatın boyunca qışqırmaq istəyir...

Salam, Şuşa!

Əziz Şuşam!

Azad Şuşam!..


***

Yollar yolçunun belinə kəmənd dolayır, güc verib qaldırır, əhvalını saflaşdırır, ora, göylərin yeddi qatınacan - Şuşayacan dartıb aparır...

Döngələr fırlandıqca, yollar dolanıb qalxdıqca elə bilirsən əl uzatsan, Şuşa ovcunun içindədi... 

Amma görürsən ki, yox, Şuşa da qalxır, ucalır, öz müqəddəs zirvəsinə bələnir...

Sən çatdım deyirsən, qədim-qayım meşələrin, yeddi naxış düzlərin damarı kimi açılan dolanbac yollar elə hey qalxır... 

Ərşə dirənir, uzanıb gedir, əlçatmaz, ünyetməz ucalarda əriyib itir, yenidən peyda olur, üzünə bərəkətli süfrə kimi açılır...

“Yorulma, gəl, ay Vətən oğlu” deyir, “qədəmlərin mübarək” deyir, gör neçə illərdi həsrətəm siz doğmalarımın gəlişinə...

Yolboyu barı-bəhrəsi təzəcə sovulmuş bağ-bağat, al-qırmızı, sapsarı, min çeşidli meşələr, xınasını payızacan qoruyub saxlamış laləzar çöllər adamın ruhuna çökür.

Qızıl xınalı payızın şəninə tökülən xəzəllər şehini-damlasını canına hopdurub, öz doğma sahibinin gəlişinə şadyanalıq edirmiş kimi dayanmadan bu yurdların sahibinin xoş qədəmlərinə səpələnir, xoşallanırdı...

Bakirə dağların, sinə tağ düzlərin, barlı-bəhrəli çöllərin üstünə lağım atmış duman sağa-sola, eninə-boyuna dartınır...

Sanki sənə imkan verir ki, göylərin yeddi qatına ərməğan olmuş Şuşanı görə biləsən!

Seçə biləsən!

Sevə biləsən!..


***

Yadıma salıram, o birinci səfərimizdəcə, soyuq-sazaq günlərdəcə, yola qış hazırlığı ilə çıxmış bizlər çaşıb qaldıq... 

Şuşanın al Günəşi - qəlbi atlanmış kimi yerə-yurda nur ələyirdi və o anlardaca ruhuma yazılan "Şuşanın Günəşi" adlı yol qeydlərimdə dediyim kimi... 

“Sən demə, qədim-qayım yurduna qayıdan bu insanlardan, hamımızdan, hamımızdan daha çox sevinən elə uca Şuşanın al Günəşiydi və  alovlanıb yeddi rəngli şəfəqləri ilə pişvazımıza çıxmışdı sanki...”

Şuşada nələr görmədik, nələr?

Gecəsi-gündüzü bir-birinə qarışmış bu müqəddəs ocaqda hər yer tikinti, nəhəng bərpa və quruculuq  meydanıdır... 

Böyük qayıdışa nişan verən hasarlanmış rəngli reklam lövhələri, yaşıl şəkillər, cərgəsini tutub gedən ağaclar... 

Milli ornamentini saxlayan daş hasarlar, yerə, ayaq altına salınmış sal-sal, çaytağ yer daşları, bir-birinə çiyin verib söykək olan küçələr... 

Qaynaşan, amma növbə gözləyən sakit, intizamlı yük maşınları, haysız-küysüz kranlar... 

Geyimli-keçimli, üzü nurlu, təbəssümlü inşaatçılar... 

Saysız-hesabsız tikintilərin gedişinə, ağır yüklü maşınların hərəkətinə, basırıq olmamasına paralel kömək göstərib, əl tutan rəngli işıqforlar... 

Hər cür kömək və qayğı göstərən, gecəsi-gündüzü olmadan dözümlə keşik çəkən, asayişi qoruyan sərvaxt polislər - əziz qardaşlarımız...

Qonaqların təəccübünə səbəb olan geniş və rahat hotellər, məhlələrə paylanmış inzibati binalar, hər cür rahatlığı, infrastrukturu olan, yenicə öz doğma sakinlərinin nəfəsiylə isinmiş yaraşıqlı yaşayış binaları...

Və sevincdən qəlbi atlanan, gələnlərə, gedənlərə yarlı-yaraşıqlı eyvanlardan əl edib salamlayan qonaqpərvər şuşalılar...

Və hamının üz-gözündən, sözündən, dilindən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, hörmətli Mehriban xanıma əbədi minnətdarlıq duyğuları, duaları...


***

Ənənəvi, tarixi həqiqətləri yaşadan, insan qəlbinə saf duyğular aşılayan məscidlərimiz, hər yerdən eşidilən, ruhuna hopub səsiylə səni də göylərə ucaldan müqəddəs azan səsləri...

Qarabağın, Şuşanın adını tarixlərə həkk etdirən şəxsiyyətlərin ev-muzeyləri, etnoqrafik abidələr, ulu əcdadlarımızın ruhunu yaşadan ocaqlar...

Azərbaycanın qədim və məşhur şəcərəsindən olan Mehmandarovların ev-muzeyi...

Və yorulmadan, şövqlə bu tarixin səhifələrinə qəlbinin nurunu hopdurmuş bələdçilər, şəhər qoruğunun fədakar işçiləri, üzü-gözü nurlu, xoşovqatlı, qılıqlı, hər şeyi xırdalığına qədər izah edən savadlı, səbirli, təmkinli bələdçilər... 

Şirin-şəkər bacılar, dəyanətli qardaşlar, dəyərli ziyalılar - hamısı da Şuşanın yenicə pənah gətirmiş sakinləri...

Ya Rəbb! Qonaqpərvərlik, isti, şirin münasibət, sevgi və məhəbbət burda - qədim Şuşada dağa-bağa, yola-irizə, səkilərə, küçələrə, dalanlara, hər yerə, hər yerə elə çöküb ki...

Maşından düşən kimi hotellərin, qonaq evlərinin, istirahət məkanlarının ağzındaca pəsləyib, doğma insanlarını görcək ayağına yıxılıb xoşhallanan, nəvaziş göstərən, xoşqılıqlı məstan pişiklər...

Min cür palitralı, min cür kaloritli Şuşam!

Heç bilmirəm hansını qoyum, hansını yazım...

***

Qayıdırıq...

... Hamılıqla qərara gəldik ki, başqa bir yolla gedək, düşək Xankəndiyə, üzüaşağı, qədim yurdlarımıza ayaq açan təzə yollarla düşək...

Yarlı-yaraşıqlı, öz füsunkar görünüşü ilə, xoş iqlimi, barlı-bərəkətli qara torpaqları ilə, doğma insanlarının əliylə yenicə salınmış parkları, küçələri sevincək qaynaşan sakinləri ilə bizi heyran qoyan Xankəndi!..

Tələbələrinə qucaq açmış və geniş bir ərazidə yuva salmış işıqlı və nurlu Qarabağ Universiteti... 

Sevincək başımıza yığışmış doğma insanlarla çəkdirdiyimiz xatirə şəkilləri...

Nə qədər dost, tanış...

Aman Allah!..

Və birdən... birdən həmin məqamdaca baxdıq ki, dumanı-çəni çəkilib getmiş, saf günəş şəfəqlərinə bülənd olmuş göy üzündə böyük bir durna qatarı peyda oldu...

Qatarlanıb, sonalanıb, səslənib, köklənib sərhəd bilmədən, dayanmadan, öz qafiləsiylə yellənib, şellənib gedirdilər.

Hara gedirdilər və haracan gedəcəkdilər - bunu onlara bu göy üzünü, bu azadlığı bəxş edən Qoca Tarix bilərdi...

Sanki Böyük Yaradan bu yerlərə, bu qədim-qayım Qarabağ torpağına əzəl və özəl bir qələm çalmışdı...

Nəsə... Bu sonrakı mövzudur...

Gəlirik...

Yolboyu həyat qaynayır, sağı-solu tikinti meydançası, böyük və əzəmətli quruculuq işləri... 

Dərələrə-təpələrə dağılmış, sayını-hesabını itirdiyim maşınlar, ekskavatorlar...

Aşağılara, dərələrboyu çölə-düzə sallanan yollar, səsi yurdu başına götürmüş texnikalar tarixin minillik sirrini özündə saxlayan yeddi qat sal daşları yatağında çeşid-çeşid rənglər yığılmış nəhəng qayaları, lay-lay süxurları dağıdıb əzir, çala-çuxura tökür, nəhəng və möhtəşəm yollar çəkir... 

- Xocalı, Əsgəran, Ağdam - gəlib açılırıq Bərdə torpağına, sonra Yevlax və ... üzü Bakıya...

Oğlum deyir ki, adama nağıl kimi gəlir buralar, bu nədir, sanki göydən qalxdıq, yerdən çıxdıq, elə bil bir nağıl dünyasıdır Qarabağ, sirli-sehirli Qarabağ...

Maşında qəribə sükut... 

Hamının gözləri yol çəkir, hamı Vətən sevgisiylə öz aləmində, xoş duyğular aləmində...

Mənsə...

Mənsə xoş təəssüratlarımı götür-qoy edir, ürəyimdə yazacağım ilkin yol qeydlərinin vergülünü axtarır, nöqtəsini qoymağa çalışıram...


İmamverdi İSMAYILOV, 

Milli Məclisin deputatı, 

yazıçı


Bakı-Şuşa-Xankəndi-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçirilməsi məqsədilə kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən ötürülən səfər və operator barədə məlumatların siyahısı”nın təsdiq edilməsi haqqında

00:30
05 Dekabr

Britaniya rəsmisi: Xəzər regionu yaşıl enerji ixracında böyük potensiala malikdir  

23:55
04 Dekabr

Cahit Bağçı: Beynəlxalq Demokratlar Birliyi Azərbaycanın beynəlxalq platformada qarşılaşdığı vəziyyətlərə qarşı da bir platforma olacaq  

23:48
04 Dekabr

Aİ-nin ali nümayəndəsi Azərbaycan-Ermənistan normallaşma gündəliyi barədə məlumatlandırılıb  

23:45
04 Dekabr

Mövlud Çavuşoğlu: Ermənistanın Azərbaycanın səmimi xoş niyyətinə müsbət cavab verməsini gözləyirik 

23:42
04 Dekabr

Britaniya rəsmisi: COP-da razılaşmanın əldə olunmasından çox məmnunuq

23:41
04 Dekabr

Papa Fransisk Viktor Orbanla görüşüb

23:32
04 Dekabr

Gürcüstanın müxalifət liderləri Baş nazir ilə teledebatdan yayınıblar  

23:31
04 Dekabr

Qubada vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib  

23:30
04 Dekabr

Milli Məclis sədrinin müavini TBMM-in nümayəndə heyətinin rəhbəri ilə görüşüb  

22:29
04 Dekabr

Metronun “20 Yanvar” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir  

22:28
04 Dekabr

Azərbaycan və Belarus arasında dəmir yolu ilə müntəzəm yükdaşımaların təşkili müzakirə edilib  

22:27
04 Dekabr

Malta 2024-cü ildə Avropanın iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr siyahısına liderlik edir  

22:05
04 Dekabr

“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı ikinci beynəlxalq konfrans keçirilib 

19:56
04 Dekabr

Fərid Qayıbov: 2024-cü il Şuşa şəhəri üçün yaddaqalan oldu  

19:54
04 Dekabr

Paşinyan AİB sammitinin Ermənistanda keçirilməsini istəmir

19:34
04 Dekabr

Azərbaycan Kuboku, 1/8 final: "Kəpəz" -"İmişli"- 1:0

19:33
04 Dekabr

İmaməddin Xəlilov dünyanın ən yaxşı parataekvondoçusu seçilib

19:31
04 Dekabr

"Qarabağ" Azərbaycan Kubokunun 1/4 finalında

19:30
04 Dekabr

Özbəkistan Prezidenti MAQATE ilə tərəfdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib

19:29
04 Dekabr

Bayden köçkün afrikalılar üçün 1 milyard dollar yardım elan etdi

18:40
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!