Azərbaycan son onillikdə enerji siyasətində yeni mərhələyə qədəm qoyub. Ölkəmiz bir tərəfdən neft və qaz ehtiyatlarından səmərəli istifadə etməklə enerji təhlükəsizliyini və iqtisadi inkişafını təmin edir, digər tərəfdən isə bərpaolunan enerji mənbələrinin inkişafını sürətləndirərək qlobal enerji keçidinin fəal iştirakçısına çevrilir. Bu istiqamətdə həyata keçirilən layihələrin bir hissəsi işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında cəmləşib. Təbii resurslarla zəngin olan bu ərazilər Azərbaycanın "yaşıl enerji" strategiyasının əsas dayaqlarından biri kimi formalaşır.
Azərbaycanın enerji sahəsində qazandığı uğurların təməlində uzun illər ərzində formalaşdırılmış strateji yanaşma dayanır. Ölkəmizin iqtisadi inkişafında əsas rol oynayan neft və qaz sektoru bu gün də mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, enerji bazarlarında baş verən dəyişikliklər, iqlim dəyişikliyi ilə bağlı qlobal çağırışlar və karbon emissiyalarının azaldılması istiqamətində beynəlxalq öhdəliklər Azərbaycanın enerji siyasətinə yeni istiqamətlər əlavə edib.
"Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən tədbirlər Azərbaycanın enerji sahəsində keçdiyi yolu və gələcək hədəflərini nümayiş etdirən mühüm platformaya çevrilib. Vaxtilə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan bu təşəbbüs illər ərzində genişlənərək qlobal enerji gündəliyinin vacib müzakirə platformalarından birinə çevrilib. Bu gün "Bakı Enerji Həftəsi" təkcə neft və qaz sənayesini deyil, həm də təmiz enerji texnologiyalarını, "yaşıl iqtisadiyyat" layihələrini və beynəlxalq enerji əməkdaşlığını əhatə edən nüfuzlu tədbir kimi tanınır.
İyunun 1-də "Bakı-Ekspo" Mərkəzində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"unun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin enerji siyasətinin fəlsəfəsini aydın şəkildə ifadə edib. Dövlət başçısı bildirib ki, hər bir ölkə öz təbii sərvətlərindən inkişaf naminə istifadə edir və Azərbaycan üçün də müstəqilliyin ilk illərində neft və qaz ehtiyatları iqtisadi sabitliyin təmin olunmasında mühüm rol oynayıb. Prezident vurğulayıb ki, ölkələrə sahib olduqları resurslara görə deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə görə qiymət verilməlidir. Azərbaycan enerji gəlirlərini infrastrukturun inkişafına, sosial rifahın yüksəldilməsinə və "yaşıl enerji" layihələrinə yönəltməklə bu sahədə uğurlu model formalaşdırıb.
Bu gün Azərbaycanın "yaşıl enerji" siyasətində Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" potensialı xüsusi yer tutur. İşğaldan azad edilmiş torpaqlarda quruculuq işləri ən müasir ekoloji standartlar əsasında həyata keçirilir. Məqsəd yalnız dağıdılmış yaşayış məntəqələrinin bərpası deyil, eyni zamanda gələcəyin "ağıllı" və dayanıqlı yaşayış məkanlarının yaradılmasıdır. Bu ərazilərin "yaşıl enerji" zonası elan edilməsi təsadüfi deyil. Konsepsiyanın ən uğurlu nümunələrindən biri Zəngilan rayonunun Ağalı kəndidir. Burada elektrik enerjisinin istehsalında günəş panelləri, Arximed turbinləri və istilik nasosları kimi müasir texnologiyalardan istifadə olunur. Kəndin enerji təminatında bərpaolunan mənbələrin tətbiqi göstərir ki, Azərbaycan azad edilmiş ərazilərdə ənənəvi yanaşmalardan deyil, innovativ və ekoloji cəhətdən dayanıqlı həllərdən istifadə etməyə üstünlük verir.
Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" potensialı olduqca böyükdür. Aparılmış hesablamalar göstərir ki, region həm günəş, həm külək, həm də hidroenerji ehtiyatları baxımından ölkənin ən perspektivli ərazilərindən biridir. Xüsusilə Cəbrayıl, Qubadlı, Zəngilan və Füzuli rayonları günəş radiasiyasının yüksək olması ilə seçilir. Bu amil irihəcmli günəş-elektrik stansiyalarının qurulması üçün əlverişli şərait yaradır.
Hazırda Cəbrayıl rayonunda ümumi gücü 340 meqavat olan üç günəş-elektrik stansiyasının inşası davam edir. Bunlardan biri 240 meqavat gücündə olmaqla azad edilmiş ərazilərdə həyata keçirilən ilk iri sənaye miqyaslı "yaşıl enerji" layihələrindən hesab olunur. Bu stansiyanın istifadəyə verilməsindən sonra hər il yüz milyonlarla kilovat-saat elektrik enerjisi istehsal ediləcəyi gözlənilir. İstehsal olunacaq enerji həm ölkənin daxili tələbatının ödənilməsinə xidmət edəcək, həm də təbii qazın daxili istehlakdan azad edilərək ixrac imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Külək enerjisi sahəsində də perspektivlər kifayət qədər genişdir. Laçın və Kəlbəcər rayonlarının yüksək dağlıq əraziləri əlverişli külək şəraiti ilə seçilir. Aparılmış araşdırmalar bu bölgədə təxminən 2000 meqavatlıq külək enerjisi potensialının olduğunu göstərir. Bu imkanların reallaşdırılması istiqamətində beynəlxalq tərəfdaşlarla əməkdaşlıq həyata keçirilir. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə imzalanmış sazişlər çərçivəsində Kəlbəcər-Laçın zonasında 100 meqavat gücündə külək-elektrik stansiyasının tikilməsi planlaşdırılır. Layihə reallaşdıqdan sonra regionun enerji balansında bərpaolunan mənbələrin payı daha da artacaq.
Qarabağ və Şərqi Zəngəzurun ən mühüm üstünlüklərindən biri isə zəngin hidroenerji ehtiyatlarıdır. Dağlıq relyef, çoxsaylı çaylar və su hövzələri bölgədə kiçik və orta güclü su-elektrik stansiyalarının qurulması üçün geniş imkanlar yaradıb. Son illərdə bu istiqamətdə mühüm nailiyyətlər əldə olunub. İşğaldan azad edilmiş ərazilərdə ümumi gücü 300 meqavatdan çox olan su-elektrik stansiyaları istismara verilib.
"Yaşıl enerji" layihələrinin uğuru yalnız istehsal güclərinin artırılması ilə məhdudlaşmır. İstehsal olunan enerjinin səmərəli şəkildə şəbəkəyə inteqrasiyası və ötürülməsi də mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə azad edilmiş ərazilərdə müasir enerji infrastrukturu yaradılır. "Cəbrayıl" qovşaq yarımstansiyası və digər enerji obyektləri regionun həm ölkədaxili enerji sisteminə, həm də beynəlxalq enerji dəhlizlərinə inteqrasiyasını təmin edir. Bu infrastruktur gələcəkdə "yaşıl enerji"nin ixracı üçün də mühüm baza rolunu oynayacaq.
Azərbaycanın "yaşıl enerji" sahəsində qarşıya qoyduğu hədəflər böyükdür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gələn ilin sonunadək ölkədə günəş və külək enerjisi üzrə ümumi quraşdırılmış gücün 2 giqavata çatdırılması nəzərdə tutulur. 2032-ci ilin sonunadək isə bu göstəricinin 8 giqavat səviyyəsinə yüksələcəyi gözlənilir.
Bu layihələrin iqtisadi əhəmiyyəti də böyükdür. Təmiz enerji istehsalının artması nəticəsində ölkənin daxili bazarında daha az təbii qaz istifadə olunacaq. Azad edilən qaz həcmləri isə ixraca yönəldilərək əlavə gəlir mənbəyi yaradacaq. Digər tərəfdən "yaşıl enerji" layihələri bölgədə yeni iş yerlərinin açılmasına, yerli iqtisadi fəallığın artmasına və müasir texnologiyaların tətbiqinə şərait yaradır.
Ekoloji baxımdan da əldə ediləcək nəticələr əhəmiyyətlidir. Bərpaolunan enerji mənbələrinin payının artması karbon emissiyalarının azalmasına, iqlim dəyişikliyinin mənfi təsirlərinin məhdudlaşdırılmasına və ətraf mühitin qorunmasına xidmət edir. Bu isə Azərbaycanın beynəlxalq ekoloji öhdəliklərinin yerinə yetirilməsinə və qlobal iqlim təşəbbüslərində daha fəal iştirakına imkan yaradır.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr təkcə regionun bərpası deyil, həm də Azərbaycanın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Burada qurulan enerji infrastrukturu, tətbiq edilən innovativ texnologiyalar və reallaşdırılan iri investisiya layihələri ölkənin "yaşıl iqtisadiyyat"a keçid prosesinin əsas elementləridir.
Azərbaycan enerji keçidini tədricən və balanslı şəkildə həyata keçirir. Mövcud karbohidrogen ehtiyatlarından əldə edilən gəlirlər "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsinə yönəldilir, yeni enerji mənbələri isə ölkənin iqtisadi dayanıqlığını daha da gücləndirir. Qarabağ və Şərqi Zəngəzurda aparılan işlər göstərir ki, yaxın illərdə Azərbaycan yalnız neft və qaz ixracatçısı kimi deyil, həm də təmiz enerji istehsalçısı və ixracatçısı kimi regionun aparıcı dövlətinə çevriləcək.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"