Prezident İlham Əliyevin Almaniya Federativ
Respublikasına həyata keçirdiyi rəsmi səfər Azərbaycanın xarici siyasətində
növbəti mühüm diplomatik uğur kimi qiymətləndirilməlidir. Səfər çərçivəsində
keçirilən yüksək səviyyəli görüşlər, verilən bəyanatlar və imzalanan sənədlər
bir daha göstərdi ki, Azərbaycan Avropanın aparıcı dövlətləri ilə münasibətlərini
qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və milli maraqlar prinsipi əsasında
ardıcıl şəkildə inkişaf etdirir.
Azərbaycan ilə Almaniya arasında “İkitərəfli tərəfdaşlıq
üçün Strateji Gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması münasibətlərimizin
keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu sənəd yalnız siyasi
iradənin ifadəsi deyil, eyni zamanda gələcək illər üçün konkret əməkdaşlıq
istiqamətlərini müəyyən edən mühüm yol xəritəsidir. Strateji gündəliyin
formalaşdırılması göstərir ki, Azərbaycan artıq Avropada etibarlı enerji tərəfdaşı
olmaqla yanaşı, siyasi və iqtisadi dialoqda da söz sahibi olan ölkələrdən birinə
çevrilib.
Almaniya Avropa İttifaqının iqtisadi və siyasi
baxımdan aparıcı dövlətlərindən biridir. Belə bir ölkə ilə münasibətlərin
strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Azərbaycanın beynəlxalq nüfuzunun
artmasının, ölkəmizə olan etimadın və cənab Prezident İlham Əliyevin həyata
keçirdiyi müstəqil xarici siyasətin real nəticəsidir. Bu əməkdaşlıq təkcə iki
dövlət üçün deyil, Avropa ilə Cənubi Qafqaz arasında etibarlı körpünün daha da
möhkəmlənməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
İqtisadi sahədə əldə olunan razılaşmalar da
diqqətəlayiqdir. Hazırda Azərbaycanda yüzlərlə Almaniya şirkətinin fəaliyyət
göstərməsi ölkəmizdə yaradılmış əlverişli investisiya mühitinin və biznesə
verilən dövlət dəstəyinin göstəricisidir. Qarşılıqlı sərmayələrin təşviqi, yeni
investisiya layihələrinin həyata keçirilməsi və Azərbaycan–Almaniya Biznes
Şurasının yaradılması iqtisadi əlaqələri daha da dərinləşdirəcək, yeni iş yerlərinin
açılmasına və texnologiya transferinə əlavə imkanlar yaradacaq.
Enerji əməkdaşlığı isə münasibətlərin əsas
sütunlarından biri olaraq qalır. Azərbaycanın Almaniyaya təbii qaz ixracına
başlaması ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rolun
daha bir təsdiqidir. Bu gün Azərbaycan Avropa İttifaqının onlarla tərəfdaşına
etibarlı enerji təminatı təqdim edir və eyni zamanda yaşıl enerji sahəsində də
böyük layihələr həyata keçirir. Xəzərin bərpa olunan enerji potensialının
Avropa bazarlarına çıxarılması istiqamətində görülən işlər gələcək əməkdaşlıq
üçün geniş perspektivlər açır.
Nəqliyyat və logistika sahəsində Azərbaycanın
qazandığı üstünlüklər də Almaniya ilə münasibətlərdə yeni imkanlar yaradır.
Orta Dəhlizin əhəmiyyətinin sürətlə artdığı bir dövrdə Azərbaycan Şərqlə Qərbi
birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevrilib. Bu gün ölkəmizin
müasir limanları, dəmir yolları və avtomobil magistralları Avropa ilə Mərkəzi
Asiya arasında etibarlı və təhlükəsiz daşımaların əsas hissəsini təmin edir.
Almaniyanın bu marşruta maraq göstərməsi Azərbaycanın geostrateji əhəmiyyətinin
daha da artdığını göstərir.
Prezident İlham Əliyevin səfər zamanı səsləndirdiyi
fikirlərdə Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması və
regionda davamlı sülhün qurulması məsələsi də xüsusi yer tutdu. Azərbaycan hərbi-siyasi
müstəvidə öz suverenliyini tam bərpa etdikdən sonra bölgədə qarşıdurma deyil, əməkdaşlıq
mühiti formalaşdırmaq üçün ardıcıl təşəbbüslərlə çıxış edir. Regionun gələcəyi
kommunikasiyaların açılmasından, iqtisadi inteqrasiyadan və qarşılıqlı etimadın
möhkəmlənməsindən keçir. Bu yanaşma Azərbaycanın məsuliyyətli dövlət mövqeyini
bir daha nümayiş etdirir.
Almaniyanın Azərbaycanla münasibətləri daha da
inkişaf etdirmək iradəsi, imzalanan sənədlər və əldə olunan razılaşmalar göstərir
ki, ölkəmiz Avropa ilə əməkdaşlığını qarşılıqlı fayda və etibarlı tərəfdaşlıq
prinsipləri əsasında daha da genişləndirəcək. Bu, həm iqtisadi inkişafımıza, həm
də regional sabitliyə mühüm töhfə verəcək.
Bu səfər bir daha nümayiş etdirdi ki, cənab
Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik, milli maraqlara söykənən və
uzaqgörən xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərini ardıcıl şəkildə
gücləndirir. Ölkəmiz bu gün təkcə enerji ixracatçısı deyil, eyni zamanda Avropa
ilə Asiyanı birləşdirən mühüm siyasi, iqtisadi və nəqliyyat platforması,
regionda sülhün və əməkdaşlığın təşəbbüskarı kimi qəbul olunur. Məhz bu reallıq
Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və dövlətimizin strateji baxışının
ən parlaq göstəricisidir.
Fatma Yıldırım,
Milli Məclisin deputatı