Energetika naziri Pərviz Şahbazov 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində “Qlobal Enerji Xəritəsinin Yenidən Cızılması: Təhlükəsizlik və Qeyri-müəyyənlik” mövzusunda keçirilən nazirlər panelində çıxış edib.
AZƏRTAC xəbər verir ki, nazir enerji təhlükəsizliyinin hazırda ölkələrin ümumi təhlükəsizliyinin əsas elementi olaraq qaldığını, xam neft və neft-məhsulları üzrə gündəlik qlobal təklifin təxminən 10 faizdən çoxunun itirilməsi ilə müşayiət olunan mövcud vəziyyətin “ən böyük neft təchizatı pozuntusu” kimi qiymətləndirildiyini vurğulayıb. Bildirilib ki, Hörmüz boğazı vasitəsilə dünya üzrə neft və LNG tədarükünün təxminən 90 faizi Asiya bazarlarına yönəldilir, Avropa İttifaqının isə təyyarə yanacağı və dizelinin 40 faizi daşınır. Nazir Pərviz Şahbazov deyib ki, neft və qaz qiymətlərinin kəskin yüksəlişindən yalnız istehlakçılar deyil, ümumilikdə qlobal iqtisadiyyat təsirlənir. Bu kontekstdə balanslı neft qiymətləri həm istehsalçı, həm istehlakçı ölkələr, həm də neft-qaz sənayesi üçün mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, Azərbaycan uzun illərdir neft və qaz tədarük marşrutlarını şaxələndirərək qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir.
“Azərbaycanın enerji siyasəti bütün enerji növlərinin balanslı inkişafına əsaslanır və bu yanaşma dövlət başçısı İlham Əliyev tərəfindən müəyyən edilib. Ölkə həm ənənəvi enerji resurslarını, həm də bərpaolunan enerji potensialını paralel şəkildə inkişaf etdirir. Azərbaycan Avropa və Asiyanın 20 ölkəsinə neft təchiz edir. Orta gündəlik neft ixracı 436 min bareldir. Qısa müddətdə qaz təchizatı coğrafiyasını 16 ölkəyədək genişləndirib. Türkiyə ilə birgə reallaşdırdığımız Cənub Qaz Dəhlizi hazırda ildə 16 milyard kubmetrdən çox qaz nəql etsə də iki dəfə artıq ötürmə potensialına malikdir. Lakin müəyyən hallarda, xüsusilə Aİ-nin yaşıl siyasətləri fonunda, bu potensialın tam reallaşdırılması üçün kifayət qədər investisiya ayrılmayıb”,- deyə nazir əlavə edib.
Energetika naziri bildirib ki, Azərbaycanda 8 giqavatadək bərpaolunan enerji gücünün yaradılması nəzərdə tutulur. Bunun 2 giqavatı 2027-ci ilə qədər daxili enerji sisteminə inteqrasiya ediləcək, qalan hissəsi isə mərhələli şəkildə inkişaf etdirilərək ixrac olunacaq. Qeyd edilib ki, Azərbaycan Türkiyə vasitəsilə Avropa ilə enerji əlaqələrini gücləndirir, eyni zamanda, Qazaxıstan və Özbəkistanla birlikdə Asiya ilə Avropa arasında elektrik enerjisi üzrə interkonnektor layihələrini həyata keçirir. Bu layihələr istehsal və istehlak mərkəzlərini birləşdirərək enerji təhlükəsizliyi və təchizatın əlçatanlığını artıracaq.
Enerji keçidi prosesinə də toxunan nazir bildirib ki, bu gün də qlobal iqtisadiyyatın 80 faizdən çoxu ənənəvi enerji mənbələrindən asılı olaraq qalır. Dünyada bərpaolunan enerji sahəsində ötən il 15,5 faiz artım olsa da karbohidrogenlərə olan tələbat tam əvəz edilməyib. Bu səbəbdən enerji keçidi “əvəzləmə” deyil, daha çox “əlavə və optimallaşdırma” prosesi kimi qiymətləndirilməlidir və bu proses ağıllı şəkildə idarə olunmalıdır. Nazir vurğulayıb ki, enerji keçidi ilə bağlı tələsik və kifayət qədər əsaslandırılmamış qərarlar karbohidrogen sektoruna investisiyaların azalmasına və nəticədə enerji təhlükəsizliyinə risklər yarada bilər. Sonda vurğulanıb ki, qlobal enerji dilemması yalnız balanslı və inklüziv yanaşma ilə həll oluna bilər. Enerji sistemində hər hansı komponentin nəzərdən qaçırılması qlobal tarazlığı poza və bunun mənfi təsirləri bütün ölkələr tərəfindən hiss oluna bilər.
Qeyd edək ki, panel müzakirələrdə Azərbaycanın energetika naziri ilə yanaşı, Türkiyənin energetika naziri Alparslan Bayraktar, Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Francesco La Camera iştirak edib.